Cənub bölgəsinin pir şairi Seyyid Miryusif ağa (1887-1975) bütün Kərbəla şəhidlərinin dilindən mərsiyələr, nohələr, sinəzənlər, dübeytlər və cuşilər yazmışdır. Uzun müddət bölgədə (xüsusən Alar kəndində) təşkil olunan Şəbih mərasinlərində Seyyid Miryusif ağanın şeirlərindən istifadə olunmuşdur. Bu böyük qələm sahibini “Raci təravətli şair” də adlandırırlar.
Çətin bir həyat yaşamış və dəfələrlə təzyiqlərə məruz qalmış Seyyid Miryusif ağa şəxsi həyatındakı problemlərə baxmayaraq, tutduğu haqq yolundan dönməmiş, yazmış və yaratmışdır. Çox təəssüf ki, nə Seyyid Miryusif ağanın, nə də bölgədə yaşayan digər din ədəbiyyatı yaradıcılarının ədəbi fəaliyyəti yetərincə öyrənilməmişdir. Bölgənin din şairlərinin ədəbi fəaliyyətini ayrıca araşdırmağın, bu barədə elmi əsərlər yazmağın vaxtıdır. Yeri gəlmişkən deyim ki, Zeynəb Alıhüseynqızının şeirlərində Seyyid Miryusif ağanın nəfəsini hiss etmək mümkündür. Mövzu eyni olduğu kimi, dilin dialektoloji xüsusiyyətləri də yaxındır, mən deyərdim ki, eynidir. Bunu sadə tutuşdurma aprdıqda çox aydın şəkildə görürük:
Seyyid Miryusif ağa:
Ağlaram, əmma, aman ağlaram
Əkbərim ölmüş cavan ağlaram.
Quru yerlərdə, torpaq üstündə
Yoxdur halimə yanan ağlaram,
Qılıb göz yaşın rəvan ağlaram.
Zeynəb Alıhüseynqızı:
Zeynəb ağlar, mən ağlaram,
Hər gün sinəmi dağlaram.
Yerdən, göydən soraqlaram,
Gülsüm deyər yana-yana,
Yadımda qalmayan ana.
Kərbəla vaqiəsini daha canlı çatdırmaq üçün obrazlı ifadələrə üz tutan din şairləri bir-birini təkrarlamır, əksinə, müraciət etdikləri mövzuya yeniliklər gətirirlər. Seyyid Miryusif ağa İmam Hüseyn faciəsini “Vay” deyə xatırlayır:
Solub güllər çəməndə güllərim yox,
Qalub məşgim yaramda əllərim yox.
Başım parə, bədəndə qollarım yox,
Üzüm qan, gözlərim qan,
Can Hüseyncan, vay Hüseyncan.
Şair bu sözləri Əbəlfəzin dilindən söyləyir, buna görə də “Vay” ifadəsi faciəni daha qabarıq şəkildə çatdırır. Eyni ovqatı Zeynəb Alıhüseynqızı “Lay-lay” deyə təsvir edir. Artıq bu təsvir hadisəyə daha kövrək münasibət bəsləyən qadın söyləyici tərəfindən obrazlaşdırılır:
Əbəlfəzim də öz balam,
Ona da mən lay-lay çallam.
Yurdum, yuvam oldu talan,
Lay-lay Hüseynim, Abbasım…
Mələkləri bu mənzərə
Endirmişdi göydən yerə.
Ki, o xanıma səs verə,
Lay-lay Hüseynim, Abbasım.
Bölgənin din şairlərinin hamısı İmam Hüseyn haqqında ayrıca şeirlər yazmışlar. Sadə dildə gözəl şeirlər yazan və daha çox “Ya Rəsulallah” şeiri ilə tanınan Almas Yanarqəlb (Fərziyev Almas Sərdar oğlu) bu faciəni belə qələmə alır:
Gəl, ey bəlalı dəştidə
Bəlaya tuş olan Hüseyn.
Peyğəmbər ağuşa alan,
Gül cismi doğranan Hüseyn.
Dini şeirləri ilə bölgədə məşhur olan şairlərdən biri mərhum Kərbəlayı Misirxan Abdul oğlu Rəsulovdur. Onun “Üç kimsənə” poetik hədisləri Əli, Hüseyn və Əbəlfəzl haqqındadır. Şairin “Xeybər” adlı poeması isə Peyğəmbərin idealları uğrunda mübarizə aparan İmam Əlinin şücaətləri haqqındadır. Şairin 1998-ci ildə çap olunmuş “Məni dinləyin” adlı poetik toplusunda dini şeirlər ayrıca bölmədə verilmişdir. “Əbəlfəzl”, “Ya Əli”, “Aşura günü” şeirləri sonralar dillər əzbəri oldu. “Aşura günü” şeiri axıcılığına və ahəngdarlığına görə adamı heyran edir. Digər tərəfdən bu şeirdə Aşura gününün məziyyətləri poetik şəkildə öz ifadəsini tapır:
Ya Əli, bəzənib Kərbübəla Aşura günü,
Eylədin Kərbübəlada nalə Aşura günü.
Axtarırdın qətlgahı, səsləyirdin ya Hüseyn,
Səs verən yox idi sənə, eylərdin şivəni-şin.
Bir tərəfdə sən görəndə Əbəlfəzlin bu qəmin,
Eylədin Kərbübəlada nalə Aşura günü.
Bölgədə bədahətən dini şeirlər söyləyən, olduğu dini məclisin ahənginə, ab-havasına uyğun mövzular seçən və məlahətli avazı ilə yerindəcə gözəl şeirlər qoşub-düzən şairlərdən biri Yeganə Qarayevadır. Cəlilabad rayonunun Alar kəndində dünyaya göz açan Yeganə Qarayevanın dini şeirləri oxucu qəlbinə ona görə tez yol tapır ki, bu şeirlər həddindən artıq sadədir. Yeganə onları bədahətən yaradır və öz gözəl səsiylə o qədər oxuyub ki, artıq dinləyicilər bu şeirləri əzbər bilirlər:
Əlim əldən üzüldü,
Karvan yola düzüldü.
Gözüm yaşı süzüldü,
Ağla, bibi, sən ağla.
Bu sadəliyin arxasında Yeganənin hamını kövrəldən səsi dayanır. Şəxsi həyatında çətinliklər görmüş Yeganə yazdığı və bəzən bədahətən qoşub-düzdüyü mərsiyələri yanıqlı bir səslə, ürək dağlayan bir avazla deyir.
Çəkdin dərdə, qəmə məni,
Dərdin de, Zeynəb ağlasın.
Anamın əsir gəlini,
Dərdin de, Zeynəb ağlasın.
Onun “Mirməmməd ağa”, “Miryusif ağa”, “Mirkərim ağa” kimi şeirləri ilə yanaşı, ürəkləri parçalayan avazla oxuduğu mərsiyələri və nohələri də var. Yeganənin dili o qədər sadədir ki, hətta bəzən burada dilimizdə vətəndaşlıq hüququ qazanmamış ərəb mənşəli söz tapmaq olmur:
Quru yerdə qalıb nəşin,
Susuz kəsilibdir başın.
Avara qalıb qardaşım,
Qardaşı ölən ağlasın.
Qulaq asın, dərdim çoxdu,
Bədənimdə nizə, oxdu.
Durmağa təbim yoxdu,
Qəribi ölən ağlasın.
Çox yamandı qardaş dağı,
Necə çəkim bu fərağı?
Bağlı qaldı toy otağı,
Dərdimi bilən ağlasın.
Ürəyimə vurdun yara,
Bacıların geyib qara.
Gəlinin qalıb avara,
Gözümü silən ağlasın.
Göz dolanır yana-yana,
Oda qalanıb Yeganə.
Hənası dönübdü qana,
Halımı bilən ağlasın.
Dini şeirlər yazan Mirkamil Mirxəliloğlunun da dili sadədir. Onun İmam Əliyə, İmam Hüseynə, Əliəsgərə, Xaliqə, Zeynəbə yazdığı şeirlər olduqca maraqlıdır. Şeirlərini Kamil, Mirkamil, Seyid təxəllüsləri ilə yazan Mirkamil Mirxəliloğlu klassik ənənələrə sadiq qalaraq “Divan” yaratmış, əruz vəznində olan qəzəlləri, qəsidələri, müxəmməsləri, rübailəri və digər janrlarda olan şeirləri ilə daha çox tanınmışdır. Mərsiyələrindən birində yazır:
Zülmün əzabı çox dolanıb canıma, Zeynəb,
Düşmən susayıb, bil ki, daha qanıma, Zeynəb.
Abbas çağırır, getməliyəm, yox daha fürsət,
Mütləq yetişəm harayına, qalmayım həsrət.
Salarım olan Abbasıma qoymaram minnət,
Zülmün əzabı çox dolanıb canıma, Zeynəb,
Düşmən susayıb, bil ki, daha qanıma, Zeynəb.
Cəlilabadda dini şeirlər yazan şairlərin içərisində öz yeri olan sənətkarlardan biri el şairi Misir Alarlıdır. Hüseynov Misir Hidayət oğlu daha çox el şənliklərində müxtəlif müğənnilərin muğam üstə ifa etdikləri “Ana” şeiri ilə məşhurdur. Amma Misirin şah əsəri “Kərbəla qəhrəmanları” poemasıdır. Misir Alarlı qələmə aldığı “Kərbəla qəhrəmanları” adlı poemasında İmam Hüseynin, Əbəlfəzin, Qasımın, Səkinənin, Zeynəbin, Əliəkbərin poetik obrazlarını yarada bilmişdir. Onun bu poemasını özündən əvvəl dini mövzuda yazılmış əsərlərdən fərqləndirən cəhət poemanın dilinin çağdaş Azərbaycan ədəbi dilinin tələbləri səviyyəsində olmasıdır. Poemanın yazılmasında qəzəllərdən, qoşmalardan, hətta bayatılardan istifadə olunması əsəri oxunaqlı etmişdir. oxucu poemanın hər hansı bir hissəsindən mərsiyə kimi də istifadə edə bilir. Poetik lövhələr olduqca cəlbedicidir. Poema şairin “Əfqan” və “Fədailər” poemaları ilə birlikdə 1997-ci ildə “Kərbəla qəhrəmanları” kitabında yer alıb. Poemadakı ayrı-ayrı qəzəl və mərsiyələr sonralar dindarlar tərəfindən müxtəlif dini mərasimlərdə söylənilməyə başlanıldı və mərhum şairin sağlığında şöhrət tapdı:
Mən ki, gəldim, haqq bilir, Kufəyə mehman, ya Hüseyn,
Olmadım gəlməyimə əsla peşiman, ya Hüseyn.
Yaxud:
Nə üçün qopmadı tufan, ağamız Qasım, haray?!
Sən dəyəndə yerə atdan, ağamız Qasım, haray?!
Yaxud da:
Qalmışdı gözləri sənin yolunda,
Allahın yolunda, dinin yolunda.
Ayrıldın meydandan qoşa qolundan,
Qurban qollarına ümmət, Əbəlfəz!
Bu misralar Misir Alarlınındır. Zeynəb Alıhüseynqızı isə bu el şairinin ədəbi varisi kimi çıxış edir. Əbəlfəz haqqında daha kövrək misralara imza atır, özü qadın olduğu üçün Kərbəla faciəsində şəhid olanlara onların bacılarının, analarının, qız övladlarının dilindən müraciət edir. “Bacın qurban, Əbəlfəzim” şeiri bu qəbildəndir:
Bacun qurban, Əbəlfəzim,
Bu halına necə dözüm?
Qolların düşüb yanına,
Boyanmısan al qanına.
Zeynəbün qurban canına,
Bacın qurban, Əbəlfəzim,
Bu halına necə dözüm?
Ay atam oğlu, amandır,
Sənsiz halımız yamandır.
Yumma gözünü dayan, dur,
Bacun qurban, Əbəlfəzim,
Bu halına necə dözüm?
Qan dolub ala gözünə,
Baxammıram gül üzünə.
Dillən, deyim, can səsinə,
Bacın qurban, Əbəlfəzim,
Bu halına necə dözüm?
Sözüm vardır dayan, deyim,
Huşa gəl bir, oyan deyim.
Abdullaha nə söyləyim,
Bacın qurban, Əbəlfəzim,
Bu hallna necə dözüm?
Dur, yaranı mən bağlaram,
Qiyamətəcən ağlaram.
Bir kəlmə de, sirr saxlaram,
Bacun qurban, Əbəlfəzim,
Bu halına necə dözüm?
Fəratı qarğaram, qardaş,
Fəratcan ağlaram, qardaş.
Suyuna qataram qan yaş,
Bacun qurban, Əvəlfəzim,
Bu halına necə dözüm?
Bu gününü bilən qardaş,
Meydana tək gələn qardaş.
Qeyrətindən ölən qardaş,
Bacun qurban, Əbəlfəzim,
Bu halına necə dözüm?
Zeynəb Alıhüseynqızının obrazlı ifadələri də güclü və təsirlidir. Məsələn, şair qəhrəmanının dilindən deyir: “Fəratı qarğaram, qardaş, Fəratcan ağlaram, qardaş”. Şeirdəki “Qan dolub ala gözünə, Baxammıram gül üzünə” deyimi real səhnəni zəngin boyalarla təqdim edir.
Bölgənin din şairlərinin yaradıcılıq nümunələrinin ayrı-ayrılıqda nəzərdən keçirilməsinə böyük ehtiyac var.
Bilal Alarlı HÜSEYNOV,
filologiya üzrə fəlsəfə doktoru