Əbülfət MƏDƏTOĞLU: – Bizi bir-birimizdən soruşa bilərlər Faiq Balabəylinin bir şeiri əsasında

Əbülfət MƏDƏTOĞLU: – Bizi bir-birimizdən soruşa bilərlər Faiq Balabəylinin bir şeiri əsasında

Hər dəfə ədəbiyyat ilə, əsasən də poeziya ilə bağlı düşüncələrimi dostlarla, oxucularla bölüşəndə təkrar olsa da vurğulayıram ki, şeir o vaxt uğurlu alınır, söz o vaxt dəyərli olur ki, o, insanın bütün iç dünyasını, bütün yaşadığı cizgiləri bir-bir kino lenti kimi oxucu gözlərinin önündən keçirir və söz sahibi ilə bir araya gələn oxucu həmin anda ən azı 70-80 faiz şairin özünə çevrilir, onun şəriki olur. Çünki yaşam gerçəkliyi   təsvirə  qalib gəlir.

Bax, bu mənada ruh   dostlarım, qələm yoldaşlarım arasında özəl yeri olan Faiq Balabəylinin şeirləri hər zaman məni özünə çəkib. Bu ÇƏKMƏK  gücü onun, mənim inancıma görə iç dünyasındakı həyatla mənim iç dünyamdakı yaşamın bənzərliyindən,  bəzən də bir-birini tamamlamasından irəli gəlir. Necə deyərlər, qarşılıqlı etimad, qarşılıqlı güvənc və qarşılıqlı sevgi bizim duyğularımızı elə bir formada araya-ərsəyə gətirir ki, bəzən onlar əkiz kimi görünürlər. Bu da o deməkdir ki, fikir, ruh doğmalığı şairin, müəllifin, bütövlükdə sözə könül verənin bir inanca, bir məsləkə xidməti həmişə sözün getdiyi, çatdığı ünvanda özünü ehtiva edir, təsdiqləyir.
Əlimin altındakı «Yaşıl yuxulu dəniz» kitabı bilmirəm sayca  Faiqin oxucularla neçənci görüşüdü. Və indiki məqamda heç bunu bilməyimin də elə bir önəmi yoxdur. Çünki həqiqi şeirin kitabda, qəzetdə, dərgidə çap olunması  o demək deyil ki, bu şeir uğurludu və uzun ömür yaşayacaq. Xeyr, mən yüzə-yüz bilirəm ki, minlərlə kitab var  ki,   elə  müəllifinin sağlığında artıq ömrünü başa vurub. Amma dillərdə dolaşan elə şeirlər var ki, mən onların bəzilərinə  kitablarda rast gəlməmişəm. Deməli, söhbət həqiqi ŞEİRDƏN gedir. Elə mən də bu gün əhvalıma uyğun olaraq bir ŞEİRLƏ dərdləşirəm. Ona görə bu şeir məni tutdu ki, burada Faiq öz-özü ilə danışır. Necə ki, mən də bu dünyada ən çox Allah, dörd divar və Sənlə danışıram. Faiq öz-özünə deyir ki:
Sevincinə şərik çıxan çox oldu
Bölmədilər heç vaxt qəmin Faiqin.
Xoş günlərə yadırğamış qəlbinə
Sevinc gəlib dola, çətin, Faiqin.
Doğru deyirsən Faiq, doğru yazırsan. Yaxşı günümüzə, xoş anlarımıza həsəd və riyakar «sevgi» ilə qoşulanlar, alqışlayanlar çox olub. Amma ağrılı-acılı anımızda,  kədərin qəddimizi bükdüyü məqamımıza isə  ən azından sadəcə  təsəlli verənlər barmaqla  sayılıblar. Bu da onu göstərib ki, sevinc payımız yorğun, kədər payımız yüyrəkdi və nəticədə könlümüz xoş günlərə, xoş anlara yadırğayıb. Və mən də bunu görə-görə, anlaya-anlaya dostlarıma, sevdiyimə üzümü tutub pıçıldamışam:
Daş da həmən, tərəzin də yerində
Sağalmayıb, mərəzin də yerində…
Ömür adlı çərəzin də yerində –
Əbülfət!
Hər şey yerindədi. Hər şey o qədər «yerində»di ki, heç adamın ruhunu da incitmir. Ona görə yerində sözünü dırnaq içərisində yazıram ki, sən də, mən də hər şeyin harada olduğunu, necə olduğunu daha yaxşı bilirik. Ən azından ona görə ki, vurğuladığımız həmin o hər şeylər bizim ömürlüyümüzün içimizdə cücərtdiyi ümidlər, arzular, xəyallar və daha nəsnələrdir. Bu isə nə zamanla, nə imkanla, nə də güclə düz gəlmir. Şairliyimiz bizi yola verir. Həmin o yola ki, sən də nə deyəcəyini, nə yazacağını, daha doğrusu necə deyib, necə yazacağını tərəddüdlə pıçıldayırsan:
Eh, nə deyək bu fələyin çarxına,
Salıb bizi qəm, kədərin arxına.
Görəcəksən bir gün çıxıb axrına –
Yaxşı bilir fələk çəmin Faiqin.
Belə olan halda başqa bir suala, başqa bir him-cimə yer qalmır. Ona görə ki, sən birmənalı şəkildə deyib təsdiqləmisən ki, fələk yaxşısını bilir! Əgər o bilirsə, bizim nəyisə dəyişəcəyimiz heç cür alınası iş deyil. Ona görə də mən sənin xatırlatdığına öz xatırlamamı da qoşuram, şərik edirəm. Və yazıram ki:
Qışı qışdı, yay yaydı – sənə nə
Önə çıxıb, çox da döymə sinənə…
Qurbanlıqsan ürəyinə – sinənə,
Əbülfət!
Bilmirəm, bu misralarla sənə qoşulmam düz gəldi yoxsa yox, amma həqiqətən qışı da, yayı da öz işində olan bu dünyada fələyin, eləcə də Allahın işinə qarışmaq ağılsızlıqdı. Çünki son söz onundu. Və mən elə sənin özün də istəyimizin, məqsədimizin, sevgimizin qurbanlarıyıq. Burda mütləq sən deməsən də, mən deyəcəm:
– Allah qəbul etsin!
Hə, sən onu da vurğulayırsan ki, doğmalar, eləcə də çevrəmizdəki olan hər kəs öz həyatını yaşamaqla, öz ömrünü idarə etməklə bizdən addım-addım  uzaqlaşırlar. Bu təbii bir prosesdir. Öncə ona görə ki, yollar «Ol!» ilə başlayır. Və nə ilə də bitdiyi hər kəsə məlumdur. Məsafə də beşik-məzar arasıdır. İtirdiyimiz, bizdən ayrılan hər kəs qəza deyil, bu yaşam qanunudur. Ona görə də pıçıltın nə qədər kövrək, duyğusal olsa da, özün də dediyin kimi, sən də, mən də artıq kölgə kimi qalırıq. O da sənin tərəfindən bu cür ifadə olunur:
Ata, əmi, Vəkil, Vüsal yanından –
Köç eyləyib, can ayrılıb canından.
Bu dünyada ömür sürür yalandan,
Kölgəsidi qalan həmin Faiqin.
Mən yaşımın bu kölgələnən vaxtında sənin dediklərini təkcə canımdan, qanımdan deyil, həm də özəl olaraq xəyalımdan keçirərək dünyasını vaxtlı-vaxtsız dəyişən neçə insanı gözümün önünə gətirdim. Və hiss etdim ki, o gedənlərlə birlikdə məndən də çox şeylər gedib. Ona görə də təəssüf hissini cilovlamaq, durdurmaq amacı ilə bir az fərqli bir şəkildə yazdım:
Bu dənizin adı Qara, günü ağ
İşlərinə qarışmağın bir günah!
Tutar səni çəkdirdiyin bir gün, ah! –
Əbülfət…
Deməli, insan, özü də müdrik, kamil insan heç vaxt yalnışlıq etmir. Ola bilsin ki, müəyyən yanılma olsun, amma yalnışlıq heç vaxt müdriklərin qələmindən gəlib keçməyib. Bunu ona görə xatırladıram ki, biz bəzən dözməyəcəyimizi, yaşamayacağımızı, daha nəbilim nələri dilə gətiririk. Amma sonra görürük ki, dözürük də, yaşayırıq da. Deməli, biz yanıldığımızı görür və bunun özünü də hissə, duyğuya çevirməyi bacarırıq. Bax, bu bizim Allahdan gələn duyğusallığımızın bəhrəsidi. Sən onun şeirində təkcə mərhumlarla bağlı yox, həm də üz tutduğun oğlun Vüsalın simasında da təsdiq edirsən. Daha doğrusu, etiraf edirsən. Bu böyüklük həm də yaşadığının gerçəkliyini bir daha sərgiləyir. Bir şair olaraq köynəyindən keçirtdiklərinin reallığını sözündə büruzə verir və…
Necə dözür, dözülməzdi bil, bu hal,
Ürəyini didir, sökür bu sual.
Atanı, ananı demirəm, Vüsal,
Belini qırmısan əmin Faiqin.
Mən də elə həmin o sözün, fikrin işığında yönümü sənin tutduğun ünvana çevirirəm. Mən də dolayısı ilə, həmin fikirləri qələmin ucunda, vərəqin yaxasında nişanlayıram:
Sözə qatma bu məscidi, kilsəni…
Oğul! – deyib anacaqdı kim səni?
Varlığınla ovutmadın kimsəni –
Əbülfət…
Bütün yazı boyu, əslində söhbət etdiyimiz bu vaxt ərzində bir ümid işığı nə ürəyimi, nə duyğularımı tərk etmədi. Bu işıq Allahın bəxş etdiyi sevgi və dostlar idi. Mən də həmin o sevginin və dostların varlığına şükürlər etməklə demək istəyirəm ki, nə Faiqin, nə Əbülfətin, nə də başqa bir kimsənin bu düzəndə, bu meydanda çapıb-talamaq, özgəsinin yerini tutmaq istəyi olmayıb və yoxdur. Biz sadəcə olaraq öz içimizi, öz sözümüzü bölüşürük. Bu bölüşmədə də qazandığımız yenə ağrı-acı və yenə oxucu diqqətidi. Əgər həqiqətən onu qazana bilmişiksə, biz bu dünyada olmağımızla öyünə bilərik. Axı:
Məhəbbətsiz, can dostlarsız ömür boş
Yığ dəftəri, at qələmi xoşaxoş!
Sən özünü yol istəkli köçə qoş –
Əbülfət!
Hə, Faiq Balabəyli, biz ikimiz neçə saat, neçə gün deyə bilmərəm, amma maraqlı bir yol getdik. İki şeiri bir-birinə qoşub, iki ürəyi bir-birinə həmsöhbət edib getdik. Zənnimcə daha bizi birmənalı şəkildə bir-birimizdən soruşa bilərlər. Axı biz yol yoldaşı olduq!

613 oxunub

Share: