Son xəbərlər

replica rolex watches within the quest for the best style simultaneously an ideal blend associated with resourcefulness distinctive daring style .

bodrum escort

Əbülfət MƏDƏTOĞLU : – Paralel yollar… Onu Faiq Balabəyli ilə yanaşı gedirik

Əbülfət MƏDƏTOĞLU : –  Paralel yollar…      Onu Faiq Balabəyli ilə yanaşı gedirik

Mənə görə dünyada hər şey öz varlığını yolla təsdiq edir. Yəni insan da dünyaya gəldiyi andan (elə gələndə də – Ə.M.) bir yolun yolçusu olur. Gəlir və sona qədər də gedir. Bax, bu mənada yolların hamısı başlanğıcdan sona getməklə bərabər bəzən şaxələnir də. bu şaxələnmə sonda yenə özünü hardasa bitirir. Deməli bu da qədər işidi, alın yazısıdı. Həm yolun, həm də o yolun yolçusunun.

Zamanından, məkanından asılı olmayaraq yolların ömür olduuğuna inana-inana həmişə gözüm yolda, elə özüm də yolda olmuşam. Özümdən-özümə, özümdən sözümə yol getmişəm. Əslində bunların iksi də sənə gələn yol olub və mən də bu paralelliyin içərisində bir BAŞ yol görmüşəm. Həmin yol  da səndən mənə, səndən sənə gələn yoldu. Deməli, yolun yozumu da, düzümü də səndən, məndən keçir, bizdən qaynaqlanır. Və bu mənada indi öz layihəmə uyğun olaraq «Bir şairin bir şeirinin» yoluna, izinə düşmüşəm. Bu yol da Faiq Balabəylinin yoludu. Əslində isə bütün ruh doğmalarının yolu həmişə daha çox bir müstəvidə olur, bir-biri ilə əl-ələ tutub gedir. O gedişi görmək, o gedişi görüb seyr etmək, o görüşə dəyər vermək də ruh adamının, şairin işidir. «İş» deyəndə ağlınıza daş daşımaq, yer şumlamaq, ağac budamaq gəlməsin. Çünki şairin işi ondan da qat-qat ağır, ondan da məşəqqətlidi. O ana qədər ki, qələm-kağızın üstündə nöqtəni qoyur. Bax, onda ağır bir iş başa çatır və yolun bir hissəsi də keçilmiş olur. Bu mənada Faiq Balabəylinin təəssüf hissi ilə pıçıldadığı misralar mənim düşüncəmin, duyğularımın ifadəçisi olmaqla yanaşı, həm də paralelidi. Axı biz «daha» deyəndə bir az əlimizi üzürük, bir az ümidsizləşirik. Amma…

Bəli, elə bu vurğuladığım «amma» məni də, sizi də bir anlıq dayanaıb düşünməyə məcbur edir. Bizə Faiq Balabəylinin dili ilə deyir ki:

 

Dönməz səndən gedən yollar,

Sis dumanda itən yollar.

Gözlərimdə bitən yollar

Bitməz bir də, bəsdi daha.

 

Gördünüzmü, şair dostum açıq şəkildə bəyan edir ki, harda itməyindən, harda haçalanıb şaxələnməyindən asılı olmayaraq yol bitməyəcək… yol itməyəcək… Çünki səndən başlayır, mənə gəlir və məndən də başlayıb sənə gedəcəkdir. Bu gedişin görüntüsünü göz önünə gətirmək hər kəsin öz işidi. Ən azından ona görə ki, bu tələsik gəliş-gediş neçə-neçə məhculluq yaratdı. Ürəyi, gözləri intizarda qoydu, duyğuları suallarla qarşılaşdırdı və onda da mən də qoşuldum Faiq Balabəyliyə və öz-özümə dedim ki:

 

Bir yazı yazılmadı,

Bir yuxu yozulmadı,

Nə vardı pozulmadı-

Qırıldı yarı yolda…

 

Böyük ümidlərin, böyük arzuların, böyük xəyalların, bir sözlə, böyüklüyə söykənən hər şeyin qəfil büdrəməsi, qəfil qırılması çox ağır olur. Daha doğrusu çox ağrı verir, ağrı gətirir. Ona dözmək, onu sinirmək özü də ağır olur. Bu mənada yarı yolda qırılıb ya şikəst, ya zəlil, ya da yararsız olmaq arzuolunan deyil. Şəxsən mən qırılmaqdansa ölməyi daha üstün tuturam. Çünki kiməsə yük olmaq, kiminsə əl-ayağına dolaşmaq və hər gün, hər an dünəni yaşamaq və yaxud üzünə çırpmaq əsl faciədi, anlayan üçün. Bax onda özün də bilmədən, könlünün səsini qulaqların eşidir. Əslində isə həmin vaxt şair dostumun misraları özü köməyə çatır. Bir təsəlli kimi, bir ümid işığı kimi. Və o təsəllidən, o ümiddən yapışıb qırıldığın yerdən qalxmaq istəyirsən. Özü də bu misraları Faiqin əvəzinə özün söyləyə-söyləyə:

 

Ümid təkcə bu yolamı

Bu yol keçilməz qalamı?

Aramızdan haqq-salamı

Bir dəfəlik kəsdi daha.

 

Heç də hər şeyin yaxşı olacağını yüzə-yüz bəyan etmək, onu möhürlü  sənət kimi üstündə gəzdirmək mümkün deyil. Çünki həyat təkcə məndən, səndən, bizdən ibarət deyil  axı? Bizimlə olanlarla bərabər bizə qarşı olanlar da var bu dünyada. Deməli, bu da mücadilə tələb edir. İstər-istəməz özünü bu oyunların iştirakçılarının arasında görmək zorunda qalırsan. Hətta salamı kəssən belə, hətta telefon zənginə cavab verməsən belə. Hətta yolunu dəyişsən belə. Onda mənim SƏNƏ yazdığım misralar hardasa bir şeh damlası kimi səpiləcək odun, közün üstünə –  təsəlli kimi, yanğını öləzilətmək üçün. Axı:

 

Bir ləpir iz olmadı,

Dolaşdı düz olmadı.

Bu ömür yüz olmadı –

Qırıldı yarı yolda.

 

Hə, yenə həmin məntiqə söykənərək birmənalı şəkildə sənə və özümə də təsəlli üçün deyirəm ki, bir ləpirin izi olmadığı, dolayların, dolanbacların düzü olmadığı kimi həyatın bir reallığı da var. O da bir ömrün ən azından yüz ömrə çevrilə bilməməsidir. Onun çevrilməsi, yəni davamlı olması ömürdən ömür istəyir. Bunu hər adam daşıya  bilmir. Ya da xəsislik edir, qıymır. Onda da bizim yükümüz daşıya biləcəyimizdən dəfələrlə ağır olur. Həmin ağırlıq da belimizi, qəddimizi vaxtından tez bükür, ümidlərimiz erkən budanır, arzularımız erkən yarpaqlarını tökür. Payız bizi elə sürətlə qolları arasına alır ki, əlimizi uzatdığımız bar çox uzağa düşür və biz onda nədən, kimdən və necə çəkdiklərimizi anlamağa çalışırıq. Özü də bu anlamaq istəyi də  gözlədiyimizdən daha ağır olur. Ən azından ona görə ki, öz günahlarımız ən böyük ittihamçıya çevrilir. Və biz suallar qarşısında yalnız susmağa, ürəyimizi ovcumuzun içərisində sıxmağa üstünlük veririk:

 

Qəm yoğurduq, daş daşıdıq

Biz qəm ilə həmyaşıdıq.

Səngərdən qardaş daşıdıq

Güllə bizdən bezdi daha.

 

Yəqin ki, Faiqin son bəndində mənimlə necə həmfikir olduğunu artıq qəbul etdiniz. Ən azından ona görə ki, yükümüz də, daşıdığımız da, bizimlə həmyaşıd olan da elə sizin  də  bəxtinizdə, həyatınızda var. Siz də onları azacıq fərqlə yaşayır və daşıyırsınız. Elə mən də bunu az-çox anladığımdan, öz həyatımda hiss etdiyimdən birmənalı etirafdan qaçmıram, çəkinmirəm. Əksinə, düşündüyüm kimi, yaşadığım kimi də sözə çevirirəm, şeirləşdirirəm. İstəyirəm ki, bu oxşarlıq, bu bənzərlik sabahlar üçün, çevrəmdəkilər üçün nəyisə etməməkdə, nədənsə çəkinməkdə yardımçı olsun. Amma inanmıram, çünki canında, qanında sevgi hakim olanlar hər şeyə də hazır olurlar. Baxmayaraq ki, bu yolda qırılmaq da, yarı yolda qalmaq da var. Odur ki:

 

Məni dərdə köklədi

Çox qovdu, çox təklədi.

Bu ürək çox kükrədi

Qırıldı yarı yolda.

 

İndi yoların yozumunu, daha doğrusu sizin yollarınızın yozumunu sizin öz ixtiyarınıza buraxıram. Mən isə Faiqlə hələ bundan sonra nə qədər paralel yol gedəcəyimi deyə bilmərəm. Çünki onu yalnız Allah bilir. Necə deyərlər, Allahın verdiyinə, Allahın bildiyinə şükürlər olsun. Həm də sevgimizə!

Share:

seo

-

isim değiştirme