Ədəbi aləmin xanım-xatunu – Xatirə Xatun!

Ədəbi aləmin xanım-xatunu – Xatirə Xatun!

 

Ədəbiyyat həyat fəlsəfəsinin, ilahi və insani duyğuların cəmləşdiyi məkandır. İnsan özünün, dünya və ilahi varlığın dərkini burada anlayır. Ədəbiyyat sahilsiz, sərhədsiz elmdir. Onun dərinliyinə vardıqca əzəmətini dərk edirik. Hər kəsi öz ağuşuna alaraq, çox az adamı buradan kamil çıxarır. Bədii aləm insan ömrünü uzadan, sağlam edən ilahi nemətdir. Bədii ədəbiyyatla tanış olmayan, oxuyub sevməyən insan kasıb və məğlubdur. O ürəkdən gələn elmdir. Ürəklə qidalanır və oradan bulaq kimi süzülür. Bədii aləm ürəklə yaşayır, dayanması ilə də sona yetir. Küləyin səsini, suyun şırıltısını, ildırımın çaxmasını və s. təbiət gözəlliklərini bizə sevdirən ədəbiyyatdır. Və təbii ki, ədəbiyyatın da hərəkətverici qüvvəsi də, onun lokomotivi də insandır. Yazıçı ilə oxucu arasındakı məkana sığan ədəbiyyat ürəyin məhsulu olaraq elə ürəklərə də axır, insanda duyğusal düşüncələr formalaşdırır və insan oğlunu ovqatdan ovqata kökləyərək saflaşdırır, duruldır.
Ədəbiyyatın tamlığı yazarın tamlığıdır. Bu günkü ədəbi aləmə nəzər salsaq ədəbi prosesi tam halda inkişafda görərik. Amma təbii ki, kəmiyyət göstəricilərinin keyfiyyət göstəricilərini üstələdiyinin fərqinə varsaq onda bu inkişafın heç də dinamik olmadığının fərqində olarıq. Xobbisi qələm olanların toplumunun içindən nə xoş ki, alın yazısına Tanrı qisməti olaraq yazar – şair olmaq yazılanlardandır Xatirə Xatun.
Başında qartallar uçan, bulaqları qaynayan, buludlara söykənən uca zirvəli Talış mahalı , Cənub ədəbi mühiti bədii aləmdə öz yeri ilə seçilir. Coğrafi mövqeyi ilə seçilən Lənkəran cənub bölgəsinin tacı sayılır. Bu bölgənin ədəbi həyatı da olduqca maraqlıdır. Bu bulaqdan su içən, güllərini qoxlayan, dağlarında gəzən insanlar heç söz qoşmaya bilərmi?! Beləcənə Lənkəran ədəbi mühiti şairlərin ilham qaynağı olmuş və onları poeziya aləmində yazıb-yaratmağa vadar etmişdir. Cənub zonası, Lənkəran rayonu sözün yurdu, məskəni və yaşadığı bir coğrafiyadır. Burada bir sıra tanınmış yazıçı və şairlər yetişmiş və xalq içərisində sevilərək xalq sənətkarlarına çevrilmişlər. Lənkəranın hələ XIX əsrin ortalarından başlanan fəal ədəbii mühiti olduqca rəngarəng inkişaf etmiş və gözəl qələm ustadları yetişmişdir. Həmin mühitin təsirində olan insanlar çoxlu əsərlər yazaraq Lənkəran ədəbi mühitini daha da zənginləşdirmişlər. 1850-ci ildə Lənkəranda fəaliyyətə başlayan “Fövcül-füsəha” adlı ədəbi məclisin təşkilatçısı Mirzə İsmayıl Qasir, Mirzə Əziz Əliyev, Molla Ələkbər Aciz, Mirzə İsa Xəyali, Usta Məmmədhəsən Nəccar, Molla Fəttah Şəhban, Məmmədhüseyn Əliyev, Şəkər Aslan, İltifat Saleh, Mirhaşım Talışlı, Ağamir Cavad və adını çəkmədiyim yüzlərlə yazar, söz adamı yetişdirib bu mühit.

Çayla qarşılayar əziz qonağı
Günün hər saatı, ilin hər çağı
İgidlər böyüdən eli, torpağı
Tanıyın, o mənim ürəyim, canım,
Mənim ana yurdum, Xan Lənkəranım!

– deyərək ürəkdən gələn bir coşqu, böyük ruh yüksəkliyi ilə doğulub boya başa çatdığı cənnət diyarı vəsf edən Xatirə Xatun da bu gün adıçəkilən ədəbi mühitin Söz “ordusuna” sədaqətlə “xidmət edən əsgərdir”.
Ədəbi mühitdə öz yolu, cığırı olanlardandır Xatirə Xatun. Yazı manerası da, dəst-xətti də, üslubu da avtoportretini cızmaqla məşğuldur onun. Şeirlərində o qədər axıcılıq, rəvanlıq, lakoniklik var ki, oxuduqca valeh olmaya bilmirsən.
Ay mənim üçün yaranıb
Amma mənim olmayan,
Şad günümdə sevincim,
Darda qəmim olmayan.
Ürəyimin başına.
Yazdım sənin adını,
Sənə verdim qəlbimin
Alovunu, odunu.
Nə qədər çəkim indi
Bu dərdi, bu möhnəti?
Axı necə gizlədim
Bu yasaq məhəbbəti?
Bəlkə peşman olarsan
Bəlkə də yox, mənə nə?
Başım ağırmı gəldi ?!
Sənin çiyinlərinə?

Şairlik bir başqa aləmdir. Sonu bilinməyən ümmandır. Xatirə Xatun da sonu bilinməyən bir ümmanın daxilində böyük söz xəzinəsi olan insandır. Bütün həqiqi Söz adamları kimi Xatirəyə də, İlahidən bir qüvvə verilib. Bu qüvvə ona ilham, həvəs verərək ümidlər yaradır. Şair olmaq asan deyil. Bu sənət böyük sənətdir. Hər insan şair ola bilməz.
Xatirə Xatun yazılarında sözü cilalayır, donnan-dona, biçimdən-biçimə salaraq rövnəqləndirir, gözəlləşdirir. Onun şeirlərində söz musiqiyə, palitraya çevrilir. Başqa biçimdə insan oğlunun zehninə, zəkasına dolur, yeni hisslər formalaşdırır.

Büküb bələmişdim arzularıma,
Elə bəsləyirdim ümid bu eşqə…
Onu qoruyurdum doğmadan, yaddan,
Vurmuşdum qırx yerdən kilid bu eşqə.

Açıb buraxmadim qəfəsdən onu,
Saldım ruhdan onu, həvəsdən onu.
Mən ki, gizlətmisdim hər kəsdən onu,
De, kimi çağırım şahid bu eşqə?

Yığıb xoş anları ada elədik,
Göz-gözə gəlmədən vida elədik.
Sən xoşbəxt ol deyə fəda elədik,
Mən necə deməyim şəhid bu eşqə?

Yenilik deyil, əlinə qələm alanların hamısı ilk olaraq “yana-yana” eşqdən, məhəbbətdən yazır. Amma gəlin etiraf edək ki, min illərlə yaşı ölçülən eşqin Xatirə xanım yaradıcılığında başqa dadı, tamı var. Təhkiyəsi, təvsir vasitəsi də original, özünəməxsusdur. Elə bu fərqliliyindəndir ki, Xatirə özünü “mən sərsəri bir küləyin dəli dalğası…”deyə adlandırır. Bu elə də gəlişi gözəl ifadə deyildir, bu fərqlilik Xatirənin yaradıcılığında altından qırmızı xəttlə cızılmış halda keçir. Öz şəxsiyyətinə, həyat idealına həmişə sadiqlik nümayiş etdirir Xatirə. “Bu dünyada səni olduğun kimi tanıyan tək insan güzgüdən sənə baxan o kəsdir”(yenə sitat onundur).
Xatirə Xatun dosta, yoldaşa, qohuma, yaxın-uzaq kim varsa hamısına necə sadiqdirsə ədəbiyyata, ədəbi aləmə, varağa və qələmə də eləcənə sadiqdir. Şeiriyyəti onun nə qədər ismətli bir Azəri qızı olduğunu bir daha təsdiqləyir. Həyat kredosuna çevirdiyi “Bütün mənəviyyatsizliqlarin anası həya hissinin olmamasıdır…Ən qorxulu insanlar isə utanc hissini itirmiş kəslərdi -onlardan hər şey gözləyin…” ifadəsi də dediyim müddəanın aksiomudur.

Naz eyləməyi tərk eləsə yar, pis olmaz,
Zülm eyləməsə bunca o dildar, pis olmaz.

Meykeş deyiləm,neynədi şəhla gözün etdi,
Olsam baxışınla yenə xummar, pis olmaz.

Sən naz elədikcə mən öpüm gül yanağından,
Görsəydi o dəmdə bizi əğyar, pis olmaz.

Əhvalı-dilim mən nə cürə eyləyim izhar,
Bilsən dili-zarımdə nələr var, pis olmaz.

Verdin yada dil, olmadın həmdəm mənə bir yol,
Salsan yadına əhd ilə ilqar, pis olmaz.

Sən tərk edəli səbrü-qərarım gedib əldən,
Bir dəfə utansan, eləsən ar, pis olmaz.

Qəvvas kimi inci yığırsan yenə, Xatun,
Qiymət sənə gər versə xiridar, pis olmaz.

Xatirə Xatun yaradıcılığında zərgər dəqiqliyi, rəssam müşahidəsi, bəstəkar bacarığı var. O, yazdıqca yaradır, elə bu mənada da, onu böyük bir rəssama bənzədirəm. Rəssam hansısa bir gözəlliyi görür və onu cansız təsvir edir. Xatirə isə Tanrı bəxşişi bu gözəlliyi görür və onu sözlə canlandırır. Gözlə görünən gözəllik daha ifadəli olur, daha cəlbedici xarakter daşıyır. Çünki onu bir şair canlandırır. Biz düşünürük, amma heç nəyi qələmə almırıq. Ancaq Xatirə xanım düşünür və bunu qələmə alır. Şairə bir pedaqoq kimidə fərqlidir .Çünki qarşısındakı şagirdi, tələbəni müəllimdən daha yaxşı heç kim tanıya bilməz. İnsanlarda şairlik,müəllimlik vəhdət təşkil etdikdə daha gözəl olur. Əgər insanda şairlik ruhu varsa, ətraf mühiti ondan yaxşı heç kim dərk edib qələmə ala bilməz. Onun daxilini, xaricini yalnız şair ruhu canlandıra bilər.

Eləmiş bunca şəfəq Xaliq əta gözlərinə,
Nəzər etsə eliyər Zöhrə həya gozlərinə.

Məni bimar elədi çeşmi-xumarın, sənəma,
Yixa könlüm evini, vermə riza gözlərinə.

Qəsdi etməkdi giriftar məni dərdü-qəmə,
Eləsın qoy, verirəm xeyir-dua gözlərinə.

Əksini həkk elədim könlümə,dilbər,hər gün,
Baxıram şamü-səhər, sübhü-məsa gözlərinə.

Səbr elə, tökmə gözün yaşını , əlbət gələcəm,
Haşalillah ki deyildir bu rəva gözlərinə

Xatuna, mehrü-vəfanı qoruyan yar olsa
Edərəm canımı vallahi, fəda gözlərinə.

Əbəs yerə dəyərlimiz Xatirə xanıma Azərbaycanın müasir dövrünün Natəvanı deyilmir.
Xatirə Xatuna yaradıcılıq uğurlarıyla:

Leyla Qadir qızı Məcidova
Tarix üzrə Fəlsəfə doktoru,
Lənkəran Dövlət Universitetinin baş müəllim

Share: