Kulis.az Vaqif Yusiflinin yeni yazısını təqdim edir.
İkimininci illərdə ədəbiyyata gələn cavanların bir çoxu artıq gənclik yaşları ilə vidalaşıblar, ya da vidalaşmaq ərəfəsindədirlər. Bəziləri ədəbi prosesdə – şeirimizdə, nəsrimizdə etiraf olunmuşlar. Biz ikimininci illərdə ədəbiyyata gələn otuza yaxın gənc şairin, nasirin yaradıcılığı ilə bağlı məqalələr, resenziyalar qələmə almışıq. Çalışmışıq ki, onların hər birinin şeir, hekayə və romanlarında diqqəti çəkən özünəməxsusluğu nəzərə çarpdıraq. Məsələn, ədəbi prosesə fəallığı ilə seçilən Fərid Hüseyn bir şair, publisist, ədəbiyyatşünas və tərcüməçi kimi diqqəti cəlb edir, bu janrların hər birində söz sahibi olmağa çalışır. Xalq şairi Zəlimxan Yaqub vaxtilə Fərid Hüseynin şeirləri barədə yazmışdı: “Fərid Hüseyn müasir şeirimizdə ənənədən gələn çalarları modern təfəkkür tərzinə uyğunlaşdırmağı bacarır”. Burada qısaca da olsa, modern şeirə münasibətimizi bildirək.
Bizim fikrimizcə, modern şeirin ənənəvi şeir üslubundan fərqi ondadır ki, bütün köhnə, artıq istismardan düşmüş təsvir vasitələrindən imtina olunur, ənənəvi şeirin müəyyən kanonları dağıdılır, fikrin sərbəstliyi formaya da keçir. Modern şeirlə ənənəvi şeirin fərqini anlamaq üçün böyük türk şairi Nazim Hikmətin beş misradan ibarət kiçik bir şeirini misal gətirmək istəyirəm:
Sərçələr kimi yağış
dəmirlə örtülü dama səpdiyim
çörək qırıntılarını
yeyir təlaşlı-təlaşlı, tıq-tıq,
Sərçələr kimi yağış.
Bu beş misralıq şeirdə onun modern şeir olduğunu bəlirləyən bircə misra var -“sərçələr kimi yağış”. Ənənəvi şeirdə yağış heç vaxt sərçəyə bənzədilməzdi, çünki bənzəyənlə bənzədilən arasında zəmin-asiman uzaqlıq var. Modern şeirdə isə bu uzaqlıq assosiativ təfəkkürün köməyilə aradan qaldırılır, sərçə ilə yağış bənzətmə üçün predmetə çevrilir. Yeri gəlmişkən qeyd edək ki, 60-90-cı illərin, elə ikimininci illərin şairlərinin bir çoxu öz modern şeirlərində Nazim Hikmətdən xeyli dərəcədə bəhrələnmişlər. Modern şeirin fərqli xüsusiyyətini Nazim Hikmətin başqa bir şeirində də görə bilərik:
Sən ağaran dan yerini görürsən yalnız,
Mən gecəni də.
O gecəni görür yalnız
Mən ağaran dan yerini də.
Əlbəttə, bu xüsusda geniş söz açmaq istəmirik. Çünki modern şeir adıyla dərc olunmuş şeirlərin heç də hamısını bu sıraya daxil etmək mümkün deyil. Amma modern şeir nümunələrinə az-çox biz Qismətin, Ramil Əhmədin, Emin Pirinin, Könül Həsənqulunun, Aqşin Evrənin, Ulucay Akifin, Cavidanın, Məlik Atilayın şeirlərində rast gəlirik. Təfsilata varmadan gənc şair Ramil Əhmədin “Müharibə” silsiləsindən qələmə aldığı “Metamarfoz” şeirinə müraciət edək. Şeirdə atası müharibədə həlak olan bir uşaqdan söz açılır, bu uşaq atasının ayaqqabısını geyinib qaçır, amma ayaqqabının iplərini bağlaya bilmir, yıxılır üzü üstə, “yıxılır atasızlığa”. Və bu uşaq hər gün ataya məktub yazır, hərfsiz bir əlifbada. Tanrıdan, bir də mələklərdən başqa, kimsə bilməz bu əlifbanı.
Bir daşın üstünə çıxıb
Əllərini yuxarıya uzadan uşaq.
Allaha toxunacağını düşünər
Qalxar hündürə, lap hündürə –
Barmaqlarının ucuna.
Amma yenə toxuna bilməz,
Çatmaz əlləri ona.
Və bir gün
Bir gün hürkər
Görəndə çiynindən çıxan
Ağappaq, ağappaq lələkləri!
Lələklərinin ucundakı həsrətdən
Nə ölüsünü görən olar,
Yer üzündə bir də dirisini
Yer üzündə bir uşaq azalar,
Göy üzündə bir mələk çoxalar.
Biz ədəbi gəncliyin yaradıcılığını daha çox təklərin – ayrı-ayrı yazarların şeirlərindən, söz açanda çalışırıq ki, öncə qeyd etdiyimiz kimi, hər birinin özünəməxsusluğunu, fərdi dəst-xəttini nəzərə çarpdıraq, eyni zamanda, onları bir-birinə yaxınlaşdıran cəhətləri də qeyd edək. Bəli, həm mövzu, həm də sənətkarlıq baxımından bütün ədəbi nəsillərdə – xüsusən, onların gənclik çağlarında – bir-birilə uyuşan, hətta təkrara da yol açan məqamlar olub. Çünki hər bir ədəbi nəsil ədəbiyyata gələndə onları talecə birləşdirən məqamlar az deyil, həmçinin ədəbiyyatın hansı vadisindənsə təsirlənmələri də nəzərə çarpır. Onların içərisində qüssələnənlər, yaşadıqları mühitdə darıxanlar da az deyil, nə üçün və nədən ötrü darıxdıqlarını da gizlətmirlər. Onların şeirlərində DƏRD sözü sayına, kəmiyyətinə görə birinci sıradadır, amma çox şeirdə sözün özü görünür, dərdin reallıqdan doğduğuna inana bilmirsən. Onların içərisində müharibə əhval-ruhiyyəsinin doğurduğu hisslərin, həyəcanların ifadəsi də bəzən üst-üstə düşür. Onların içərisində sevgi şeirlərinin bəzən eyni sənsizlik motivləri üzərində kökləndiyinin də şahidiyik. Amma bununla yanaşı, nikbin qənaətdəyik ki, yeni nəsil ədəbi gəncliyin sıralarında yetkinlik mərhələsinə qədəm qoyan, şeirləri yaxud nəsr əsərləri barədə dolğun təsəvvürə malik olduğumuz gənc yazarlar az deyil.
Buludlar dən səpir yerə,
yollar göyərçin kimi
dənlər yağışı.
“Bayatı-Şiraz” kimi evlər
dinlər yağışı.
Bu misraların müəllifi Emin Piridir. O, artıq öz yaşıdları arasında seçilir, fərqlənir. Onun əksər şeirləri beləcə təşbihlər və metaforalar üzərində qurulub. Emin Piri İkinci Qarabağ müharibəsinin iştirakçısıdır, Azərbaycan Prezidentinin Sərəncamı ilə Vətən müharibəsi iştirakçısı”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Onun, Savaş qazisinin dilindən deyilən “Sən azadsan” şeirindən bu misralara üz tutaq:
Günlərdir danışmırıq,
bilirəm, narahatsan, ana.
Bəlkə, gecələri ağlayıb,
şəklimlə ovunursan, ana.
Səni Füzulidən eşidirəm, ana,
səni Cəbrayıldan görürəm, ana,
sənə Şuşadan əl yelləyirəm, ana.
Formada şəhid qardaşlarımın qanı,
gözlərimdə 44 gecənin yuxusuzluğu,
bir az həyəcan, bir az da
sevinc tərinə qarışan geyimim.
Qarabağ torpağıyla, palçığıyla
büsbütün vətənləşən bədənimiz
və
bizi gözləyən Azərbaycan
meydanlarda, ürəklərdə, gözləriylə
hayqırır;
Sən azadsan!
Sən azadsan!
Yeri gəlmişkən qeyd edək ki, gənc yazarlar arasında İkinci Qarabağ müharibəsinin digər iştirakçıları da var. Elvin İntiqamoğlu “On dördüncü qızılgül” ilk şeirlər kitabının “Müharibə xatirələri” silsiləsində döyüş təəssüratlarını qələmə alır. Onun tağım komandiri, şəhid baş leytenant Emil Əsədova ithafən yazdığı şeirdən hiss olunur ki, Elvin müharibədə təkcə döyüşçü kimi deyil, həm də kövrək qəlbli şair kimi iştirak etmişdir:
Biz Füzulidə üç saat mərmi altda qalanda,
Anan deyirdi: Allahım,
ağ-salamat gəlsin;
Atan qurban boyun aldı,
torpaq səni qurban boyun alanda!
Çıxartdın mühasirədən polkovniki,
üzün güldü
üzün əsgərlərə sarı dönəndə.
Oldun cənab baş leytenant –
Ulduzunun biri artdı,
bəxt ulduzun sönəndə!
Burada İradə Aytelin “Zəfər nəğməsi” şeirlər silsiləsini də xüsusi qeyd edirik və bu silsilədə qalib gələn ordumuzun zəfər nəğməsi səslənir. Yeri gəlmişkən qeyd edək ki, bu zəfər nəğməsini Elnur Uğurun, Elvin Əlizadənin, Adilə Nəzərin, Elşad Baratın, Elvin Nuri və digər gənc şairlərin də şeirlərində eşidirik. Gənc şairlərin əksəriyyəti şəhidlik mövzusuna da müraciət etmişlər və burada Sevinc Qəribin “Şəhidləşmişəm” şeirini ümumən gənc şairlərin kədəri, nisgili kimi qəbul edirik:
Güllənin altından keçib gəlmişəm,
ölümlə üz-üzə pəncələşmişəm.
Kim deyir ki, qorxub qaçıb gəlmişəm,
ruhum güllələnib şəhidləşmişəm.
İkinci Qarabağ müharibəsi təkcə igid döyüşçülər, qəhrəmanlar yetirmədi, həm də şəhid şairlər, qazi şairlər yetirdi. Keçən il “Azərbaycan” jurnalının 11-ci sayında jurnalist Aida Eyvazlı Göytürkün təqdimatı ilə 12 şəhid şairin, 13 qazi şairin şeirləri dərc edilib. Bundan başqa, İntiqam Yaşarın layihəsi, Əkbər Qoşalının ekspertliyi və Elvin İntiqamoğlunun tərtibi ilə “Əbədi sevgi – Vətən” şeirlər toplusu çap olunub ki, burada 16 qazi şairin şeirləri ilə tanış oluruq. İstər şəhid, istərsə də qazi şairlərin şeirlərində bir ideya – bir duyğu ifadə olunur. Böyük Vətən sevgisi! – Və qazi şair Nicat Ağayevin “Mən Vətənəm” şeirində deyildiyi kimi:
Mən Vətənəm –
Zəncan, Xoyam, Borçalıyam.
Şuşa mənəm!
Laçın mənəm!
Üfüqlərdə işıq saçan
Türk ulusu Turan mənəm:
Mən Vətənəm!
Vətən mənəm!
Bu yazıda biz gənc şairlərin yaradıcılığına müraciət edirik. Onların arasında öncə qeyd etdiyim kimi, müasir poeziyamızda öz dəst-xətti ilə seçilən, artıq ədəbi prosesdə də yeri olan, oxucu auditoriyası da əldə edən şairlər var. İkimininci illərin əvvəllərində Şabranda yaşayan Aybəniz Əliyarın yaşı iyirmini təzəcə keçmişdi. Amma o, iki şeir kitabının müəllifiydi. “Bir quş yuvasının yol çəkir gözü, Dualı əllərə bənzər hər budaq”. Yaxud: “Ayrılıq hardasa üşüyür düzü, Üşüyür bir qərib məzarı kimi”. Aybəniz Əliyarın əksər şeirlərində obrazlı fikirlər və bunları reallaşdıran təşbihlər, metaforalar orijinallığı ilə diqqəti cəlb edir. Lap bu yaxınlarda onun “Ədəbiyyat qəzeti”ndə 20 Yanvar şəhidlərinə həsr olunan silsilə şeirlərini izlədik. Aybəniz bu silsilədə kədərin, ağrının poeziyasını şeirlərinə gətirir. Lənkəranda yaşayan Tərlan Əbilov da ikimininci illərin əvvəllərində ədəbiyyata gəlib. Onun şeirləri ilk növbədə, istənilən hadisəyə, nəsnəyə fərqli münasibətilə diqqəti cəlb edir. Məsələn, o, payıza həsr etdiyi bir şeirində yazır: “Ağacların yaşıl günləri Sarı əskiyə bükülüb, Xəstə uşağa bənzəyir payız” Burada ikiminincilərlə bağlı – onların şeirlərində nəzərə çarpan bir məqamı qeyd edək. Təkcə Aybəniz Əliyarın və Tərlan Əbilovun deyil, digər ikiminincilərin şeirlərində də bədii təsvir vasitələri – orijinallığı ilə diqqəti cəlb edən təşbihlər, metaforalar – sözün, ifadənin adi mənasının poetik mənaya çevrilməsini müşahidə edirik. Taleh Mansur bir şəhidin on yaşlı oğluna həsr etdiyi şeirində yazır: “Göz yaşların Şuşanın yağışına bənzəyir”, Nilufər Şıxlı isə Şuşanın göz yaşları axıtdığını deyir: “Şuşada yağış var, Şuşada yağış, Nur üzlü şəhidə göz yaşı tökür”. Sevinc Qərib Göz yaşlarını süd rənginə oxşadırsa, Xəyalə Sevil “Bu gün bizim toyumuzdu, göz yaşlarım gəlin gedir” metaforasını işlədirsə və o, göz yaşlarını əllərinə bənzədirsə, Aysel Kərim bir sevgi həsrətini, ayrılığı kəpənəyin göz yaşına bənzədir, Günay Həsənli “Bu yağan yağışdımı, Göz yaşımdı, deyəsən” yazırsa … göründüyü kimi, göz yaşı ilə bağlı təşbihlər və metaforaların bir-birindən nə qədər fərqlidir. Biz təşbih və metaforalar doğuran digər söz və ifadələrin üzərində də dayana bilərik. Bu misallar, bəlkə də, sizə xırda bir məsələ təsiri bağışlaya bilər. Çünki fərqlilik daha geniş təhlil tələb edir və növbəti yazımızda əsas diqqəti buna yönəldəcəyik.