Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkil etidyi “Ədəbi proses – 10 il” elmi-yaradıcılıq müşavirəsinin yubiley tədbiri Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilib. Tədbirdə ziyalılardan Teymur Kərimli, İntiqam Qasımzadə, Qulu Ağsəs, Seyfəddin Hüseynli, İlqar Fəhmi, Əkbər Qoşalı, İbrahim İlyaslı, Yusif Nəğməkar, Arif Buzovnalı, Pərvin, Adilə Nəzər, həmçinin ədəbiyyatşünas alimlər, media nümayəndələri və başqaları iştirak iştirak ediblər.
Yubiley tədbirində ötən 10 il ərzində “Ədəbi proses” elmi-yaradıcılıq müşavirəsi çərçivəsində Ədəbiyyat İnstitutunda işıq üzü görmüş əsərlərdən ibarət sərgi və slayd nümayiş olunub.
“Ədəbi proses – 2022” elmi-yaradıcılıq müşavirəsini giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açıb. Qeyd edib ki, XX əsrin 70-ci illərinin sonlarında və 80-ci illərin əvvəllərində Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü Yaşar Qarayevin təşəbbüsü ilə ilk dəfə “Ədəbi proses” müşavirələri keçirilib və materialları çap olunub.
Sonuncu dəfə “Ədəbi proses” elmi-yaradıcılıq müşavirəsinin 1984-cü ildə baş tutduğunu diqqətə çatdıran akademik İsa Həbibbəyli bundan yalnız 30 il sonra, müstəqillik dövrünün açdığı geniş imkanlar sayəsində sözügedən müşavirənin Ədəbiyyat İnstitutunda özünün rəhbərliyi ilə bərpa olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Sovet dövründə keçirilən müşavirələrdən fərqli olaraq, müstəqillik dövrünün elmi, mədəni, ictimai fikir sahəsində yaratdığı özünəməxsusluqlar ədəbi prosesin təntənəli şəkildə keçirilməsinə, ədəbi mühitin daha geniş şəkildə prosesə cəlb edilməsinə imkanlar yaradıb.
“Ədəbi proses” yaradıcılıq müşavirəsi hər il özündən əvvəlki ilin ədəbi prosesini janrlar üzrə təhlil edir və orada gedən dinamikanı, problemləri, çatışmazlıqları göstərməyə çalışır, alimlərimiz çıxış yolları haqqında öz təklif və tövsiyələrini irəli sürürlər. Ötən illərin “Ədəbi proses” müşavirələrində bəzi hallarda 31 məruzə dinlənilib. Sovet illərinin müşavirələrində poeziya, nəsr, dramaturgiya, tənqid və publisistika ətrafında müzakirələr aparılardı. Biz 2014-cü ildə bu prosesə yenidən başlayanda sözügedən 5 əsas təməli qeyd etməklə yanaşı, bir qədər kənara çıxaraq ədəbi əlaqələr və başqa sahələrdən də əlavə məruzələr dinləmiş, müzakirələr aparmışıq. Misal olaraq, roman, esse, hekayə, poemalar haqqında və başqa məruzələr dinlənilmişdir. Biz ədəbi proseslərin müxtəlif Qərb, Şərq, Türk dünyası ədəbi əlaqələri kimi, hər biri üzrə ayrıca məruzələr dinləyib təhlil etmişik. Buna birmənalı münasibət olmayıb. Bir sıra müzakirələrdə bəzi alimlərimiz ədəbi prosesin bu cür ayrı-ayrı janrlar üzrə təhlilinə birmənalı yanaşmayıblar. Buna baxmayaraq, biz hesab edirik ki, hər janr üzrə ayrıca dinlənilən məruzə konkret janrın təkamülünü, inkişaf dialektikasını, mövcud imkanlarını, nöqsanlarını və gələcək perspektivini göstərməyə imkan verdi. Ötən illərdə janrlar haqqında ümumi istiqamətlərdən başqa məruzələr də ədəbiyyat tariximizin, ədəbi prosesin xeyrinə olan, onu daha dərindən, daha konkret, daha fərqli şəkildə öyrənmək üçün böyük əhəmiyyətə malikdir”, – deyə akademik İsa Həbibbəyli vurğulayıb.
Ötən 10 il ərzində keçirilən yaradıcılıq müşavirələrinin kitablarda, toplularda, eləcə də məqalələr şəklində ictimaiyyətə təqdim olunduğunu deyən AMEA rəhbəri bildirib ki, həmin məruzələr M.F.Axundovun dövründən bu günə qədər Azərbaycanda geniş həcmə malik olan ən elmi nəzəri şəkildə yazılmış mükəmməl tənqid icmallarıdır: “Bu topluların hər biri mükəmməl monoqrafik tədqiqat əsəridir. Həmçinin həmin əsərləri ayrıca çap etsək, bu 10 ilin ən yaxşı dramaturgiyası olar. Bununla bir salnamə ortaya qoya bilərik. Bu 10 illik ədəbi dövrün bütün nəbzini, inkişaf meyllərini, yaradıcılıq nailiyyətlərini, eyni zamanda uğurlarını göstərən ədəbiyyat toplusudur. Hesab edirəm ki, ədəbi elmi hadisədir. Bu, ədəbiyyat baxımından da, elm baxımından da son dərəcə böyük bir qiymətə malikdir”.
“Ədəbi proses” elmi-yaradıcılıq müşavirəsinin hər il Azərbaycan Yazıçılar Birliyi ilə birgə keçirildiyini diqqətə çatdıran AMEA prezidenti verdiyi dəstəyə görə AYB-nin sədri Anara minnətdarlığını bildirib, görkəmli Xalq yazıçısının öz tövsiyələri və istiqamətverici fikirləri ilə “Ədəbi proses”i zənginləşdirdiyini söyləyib. Həmçinin qeyd edib ki, müşavirədə təqdim olunan məruzələr ötən illərdə Azərbaycan Yazıçılar Birliyinin “Ədəbiyyat qəzeti”ndə çap edilib: “Ədəbiyyat qəzeti” haqqında ayrıca danışmağı özümə borc bilirəm. Sözügedən qəzet beşinci dəfədir ki, “Ədəbi proses”in materiallarına həsr olunmuş xüsusi buraxılış çap edir. Bu funksiyanı, eyni zamanda “525-ci qəzet” də zaman-zaman həyata keçirir. “Azərbaycan” və “Ulduz” jurnallarında da bu məruzələrə yer verilib”.
Akademik İsa Həbibbəyli, o cümlədən Azərbaycan Yazıçılar Birliyi ilə Ədəbiyyat İnstitutu arasında əlaqələrin hazırda çox yüksək səviyyədə olduğunu və belə münasibətlərin yazıçılıq mühitinə müsbət təsir göstərdiyini deyib. Vurğulayıb ki, bu, həqiqi ədəbiyyata xidmət etməyi tənzimləyən əsas faktordur və nəticə etibarı ilə “Ədəbi proses”lə Yazıçılar Birliyinin qarşılıqlı əlaqəsi həm ədəbiyyatın inkişafı üçün faydalıdır, həm də ədəbiyyatşünaslıq elminə mühüm töhfələr verir: “Məhəmməd Füzulinin dediyi kimi, “Elmsiz şeir əsassız divar kimidir”. Son zamanlarda sosial şəbəkələrin də “Ədəbi proses”ə qoşulduğunu müşahidə etmişəm. Builki müşavirədə sosial şəbəkə ədəbiyyatından da ayrıca məruzənin dinlənilməsi planlaşdırılıb. Beləliklə, “Ədəbi proses” format olaraq elmi müşavirədən bir ədəbi hərəkata çevrilib. Ədəbi prosesçilər sözü meydana gəldi, gənclər arasında elmlər və fəlsəfə doktorları yetişdi. “Ədəbi proses” müzakirələri Azərbaycan elmində yeni bir cərəyanın yaranmasında iştirak etdi. Artıq bizim ədəbiyyatımızda yeni neolizm, realizm, postmodernizm olduğu kimi, defakto akademizm də müşahidə olunur. Bunun da öz yaradıcıları, təmsilçiləri vardır. Bunların sırasında İsa Həbibbəylini, Rafael Hüseynovu, Teymur Kərimlini, Hamlet İsaxanlını, Kamal Abdullanı, Məmməd Əliyevi qeyd etmək olar”.
Akademik İsa Həbibbəyli çıxışının sonunda builki “Ədəbi proses”in işinə uğurlar arzulayıb, bir daha yaratdığı şəraitə görə, AYB-nin sədri Anara minnətdarlığını bildirib.
Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar tədbirin Yazıçılar Birliyində keçirilməsini təqdir edib. Vurğulayıb ki, bədii yaradıcılıq və onun tədqiqi ədəbiyyatın iki qoludur. Həmişə Ədəbiyyat İnstitutu ilə AYB-nın sıx əlaqələri olub. İsa müəllim Ədəbiyyat İnstitutunun rəhbərliyinə gələndən sonra bu münasibətlər daha sıx və səmərəli şəkildə davam edib. Minnətdarlığımı bildirirəm ki, Ədəbi proses elmi-yaradıcılıq müşavirəsinin onuncu ildönümü Azərbaycan Yazıçılar Birliyində keçirilir.
“Ədəbi proses – 10 il” elmi-yaradıcılıq müşavirəsinin yubileyi münasibətilə müxtəlif mövzularda on üç məruzə hazırlanıb. Filologiya elmləri doktoru Elnarə Akimova “İlin ədəbi mənzərəsi”ni təqdim edib. Filologiya üzrə fəlsəfə doktorları Azər Turan “Poeziya”, Maral Yaqubova “Nəsr”, Aynurə Mustafayeva “Dramaturgiya” mövzularında məruzələrlə çıxış ediblər. AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu “Ədəbi tənqid”, filologiya elmləri doktoru Vaqif Yusifli “Ədəbi gənclik”, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı “Uşaq ədəbiyyatı” və digər mövzularda məruzələri təqdim ediblər.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi