Məti OSMANOĞLU
Filologiya elmləri doktoru Elnarə Akimova ədəbi düşüncədə gedən proseslər barədə bir ədəbiyyatşünas kimi özünəməxsus yanaşma və ifadə tərzi ilə fərqli düşünən və fərqli söz deməyə qadir alimdir. Bu fərqlilik həm onun qaldırdığı məsələlərdə, müraciət etdiyi mövzularda, həm də yazılarının məzmununda, təhlil üslubunda aydın görünür. Bu baxımdan, E.Akimovanın “Düşüncə zamanı – ədəbi tənqid diskurs kimi” adlı yeni kitabının içindəki yazılara keçməzdən əvvəl kitabın adının maraq və sual doğurması heç də təsadüf deyil, bu, necə deyərlər, müəllifin tərzindən irəli gəlir.
Ədəbiyyatşünaslıq elminin bir sahəsini, ədəbi tənqidi diskurs kimi təqdim etmək yeni olduğu üçün və yeni olduğu qədər də mülahizə yürütmək, diskussiya açmaq, “beyin fırtınası” əsdirmək üçün meydan verir. Öncə bu suala aydınlıq gətirmək lazım gəlir: diskurs nədir?
İlkin hərfi mənası mühakimə yürütmək, dəlil gətirmək olan diskurs anlayışının bizim filoloji fikirdə hələ tam vətəndaşlıq qazandığını deyə bilmərik. Bu termin bəzən bir-birinə uyğun gəlməyən müxtəlif mənalarda və yerlərdə işlədilir. İnsaf naminə, bu məsələdə Azərbaycan ədəbiyyatşünaslığını “əyalətçilikdə” ittiham etmək ədalətsizlik olardı. Dünya nəzəri fikrinin formalaşmasında xüsusi yeri və çəkisi olan rus ədəbiyyatşünaslığı da hələ bu anlayışı tam və birmənalı mənimsəyə bilməyib, bu terminin sərhədlərinin müəyyənləşdirilməsi ətrafında müzakirələr aparılır. Ümumi şəkildə bunu demək mümkündür ki, humanitar elmlərin müxtəlif sahələrində tətbiq olunan diskurs termini filologiyada linqvistik anlayış kimi daha çox işlənilir və bu anlayışın ədəbiyyatşünaslığa nüfuz etməsinin nəticəsi olaraq son vaxtlar filologiyanın “diskursiv poetika” deyilən ayrıca bir sahəsi formalaşmaqdadır. Diskursiv poetikada “diskurs” qulağımızın təzəcə alışdığı “mətn” anlayışının yerinə gətirilir, ancaq onunla eyniləşdirilmir, diskurs mətndən daha əhatəli, mətni içinə alan düşüncə tipi kimi götürülür.
Qazax alimi Temirqali Yesenbekovun fikrinə görə, mətnlə müqayisədə diskurs daha geniş anlayışdır. “Mətn linqvistik hadisədir, diskurs isə… mətnin yaranmasını, qiymətləndirilməsini və təhlil edilməsini ehtiva edən məqsədli sosioloji aktdır”.
Məsələyə bu mövqedən yanaşdıqda E.Akimovanın müasir ədəbiyyatımızın, demək olar ki, bütün təmayüllərini çevrələyən fundamental araşdırmaları və tənqidi məqalələri bədii mətnlərin yaranması, orada qoyulan məsələlərin həm cəmiyyətin və tarixin tələbləri, həm də bədii sözün estetik qanunauyğunluqları baxımından təhlilə cəlb edilməsi, ən əsası da mətnin oxucuya təqdim olunması kimi amilləri konseptual şəkildə əhatə etməsi ilə əlamətdardır. Bu keyfiyyətlər onun yaradıcılığında estetik meyarlara əsaslanan sistem təşkil edir.
Müəllifin “Düşüncə zamanı – ədəbi tənqid diskurs kimi” kitabı ədəbiyyatşünaslığımız üçün yeni termin və ya anlayış gətirməkdən daha çox (bu da olduqca vacibdir!), bədii mətnə və bütövlükdə ədəbi prosesə yeni səviyyədən baxmaq, təhlilin yeni üfüqlərini təklif etmək cəhdi kimi ciddi əhəmiyyət daşıyır. “Diskurs” anlayışına konkret tərif verməyən E.Akimovanın ədəbiyyata, o cümlədən də ədəbi tənqidə yanaşmasının təməlində mətn və müəllif düşüncəsi ilə oxucu ünsiyyəti dayanır. Onun qarşıya qoyduğu ali məqsəd əsər, eləcə də həmin əsəri yaradan müəlliflə oxucu arasında ünsiyyət qurmaqdır. İstənilən ünsiyyətin alınması, qarşılıqlı maraq doğurması isə səmimiyyətdən asılıdır.
E.Akimova-oxucu ünsiyyətinin başlıca keyfiyyəti ədəbiyyatda varisliyə sədaqətdir (qeyd edək ki, nəsillər arasındakı dialektik keçidin heç də həmişə hamar olmaması təkcə Azərbaycan ədəbiyyatına aid problem deyil). Bizim ədəbiyyatşünaslıqda xüsusilə Sovet dövrü ədəbiyyatının qiymətləndirilməsi xüsusi həssaslıq tələb edir. Mənə elə gəlir ki, 1930-cu illərin ədəbi prosesində tarazlığın pozulmasında siyasi amillərin başlıca səbəb kimi göstərilməsində bir ifratçılıq və şişirtmə var. O dövrün ədəbi düşüncəsində ifratçılıq olduğu kimi, indi həmin dövrə həsr olunan bəzi yazılarda nəzərə çarpan da ifratçılıq və primitivlik, keçmişdən intiqam almaq həvəsi heç də o dövrdən geri qalmır. O vaxtın vulqar sosiologiyasının yerinə vulqar “vətənpərvərliyin” gətirilməsi təəssüf və ağrı doğurur. Adını nə qoyursan-qoy, yaddaşa xəyanət milli dəyərləri zədələyir.
Yaxın keçmişimizdən qalan dəyərlərin bəzən bilərəkdən, bəzən də küyə düşüb amansızlıqla daşa tutulduğu zamanımızda E.Akimovanın kitabına dəyər gətirən keyfiyyətlərdən biri keçmişin üzündəki ləkələri göstərməklə yanaşı, ədəbiyyatdakı varisliyə doğma övlad mövqeyindən yanaşılmasıdır. Elnarə xanım istər elmi araşdırmalarında, istərsə də tənqidi məqalələrində nə ənənədən, nə də ənənəvi təhlil metodlarından imtina edir, əksinə, ən yaxşı ənənəvi təhlil metodlarını yeni yaradıcı keyfiyyətlərlə zənginləşdirir, onlara yaşadığımız zamanın ritmini gətirir. Bugünkü ədəbi və bədii sözümüzün ən ciddi çatışmazlığı isə zamanın ahənginə ayaq uydura bilməməsidir.
Kitabın “Mənəvi diskurs” bölümündə təqdim edilmiş yazılar müəllifin ədəbiyyatımızın müxtəlif dövrləri və nəsilləri barədə mükəmməl məlumata malik olduğunu əks etdirməklə yanaşı, yazı tərzinin, təqdimat texnikasının müasirliyi və təravəti ilə seçilir. Azərbaycan ədəbiyyatının bir-birinə bənzəməyən nurlu simaları – İmamverdi Əbilov, Gülrux Əlibəyova, Arif Əmrahoğlu haqqında məqalələr üçün aparıcı keyfiyyət bu şəxsiyyətlərin portretinin ön palana gətirilməsi, onların yaşadıqları tarix və özlərindən sonra gələn zaman içində yerini mülayim rənglərlə canlandırılmasıdır.
E.Akimovanın müəllif-mətn-oxucu arasında yaratdığı ünsiyyət həm də ona görə alınır ki, tənqidçi kimliyindən, təcrübəsindən asılı olmayaraq hər bir müəlliflə fərdi ünsiyyət qurur, müəllifi deyil, müəllifin yaratdıqlarını qiymətləndirməyə üstünlük verir. Ədəbiyyatımızın klassikləri Hüseyn Caviddən, Məhəmməd Hadidən, İsmayıl Şıxlıdan, İsa Hüseynovdan tutmuş imzası təzəcə tanınmağa başlayan Şəhriyar del Geraniyə, Hədiyyə Şəfaqətə, Ümid Nəccariyə, Həmid Piriyevə qədər bütün müəlliflərlə eyni məsafədən ünsiyyət saxlamağı bacarır. O, təhlil etmək istədiyi mətni əvvəlcədən əzbərlənmiş nəzəri hökmlərə, eni-uzunu bəlli çərçivəyə salıb, əsərə həmin çərçivəyə sığıb-sığmadığına əsasən hökm vermir, hər bir mətnə uyğun ölçü vahidi müəyyənləşdirir və buna görə də konkret nəticələrə gəlir. Bu yanaşma onun yazılarının adlarında da aydın ifadə olunur: “Dəli Kür”: dəyişən dəyərlər və roman texnologiyası kontekstində”, “Mübariz Örən: balıq gülüşü, böyümə anı, yaxud uşaqlığın son yuxusu”, “Yuxu ilə reallığın qovuşduğu məkan: “Arzulardan sonrakı şəhər”, “Əlabbasın hekayələri: yeni dünyanın yeni olmayan qəhrəmanları”, “Həmid Piriyevin balaca xoşbəxtlik axtaran qəhrəmanları” və s. Bu sərlövhələr mətnlə oxucu arasında ünsiyyətin – diskursun kursunu (yönünü) müəyyənləşdirir, hər bir əsər və müəllif haqqında söhbət sərlövhədə nişan verilmiş konkret məcrada və axarda davam etdirilir. Bu cür yanaşma ayrı-ayrı məqalələrdə qoyulan məsələlərin fraqmentlər şəklində deyil, ədəbi prosesin bütöv qavranılmasına şərait yaradır. Özünün dediyi kimi, o, təhlil etdiyi yazıları “yalnız sənət faktı olaraq deyil, həm də milli məfkurə və amal adına yazılan əsərlər kimi qəbul edir”.
E.Akimova hər hansı yazıçının yaradıcılığını və ya konkret əsərini təhlil etmək üçün oradakı səciyyəvi keyfiyyətləri önə çəkib, oxucu ilə ünsiyyəti həmin keyfiyyətlər üzərində qurmağa üstünlük verir. Azərbaycan ədəbiyyatının ən maraqlı simalarından olan Məhəmməd Hadinin taleyi və yaradıcılığı müxtəlif elmi müzakirələrin, bədii əsərlərin mövzusu ola bilər. Ancaq E.Akimova Məhəmməd Hadini “Cümhuriyyətə gedən yolun şairi” kimi təqdim etməklə, dövrün ədəbi panoramının ümumi cizgiləri fonunda M.Hadinin daha konkret və dolğun ədəbi portretini yaratmağa müvəffəq olub. Elçinin “Baş” romanı ilə bağlı düşüncələrini bölüşən E.Akimova söhbəti yazıçının yaradıcılığı üçün səciyyəvi olan iki başlıca məqam – Elçinin əsərlərdə hadisələrin baş verdiyi məkan və “əksər əsərlərinin əsas predmetini təşkil edən tarixilik” üzərində qurur. “İsa Hüseynov Azərbaycan nəsrində milli ruh və emosiya potensialını özünə qaytardı” tezisi ilə başlayan məqalədə məsələnin qoyuluşu konkret olduğuna görə müəllif diqqəti İsa Hüseynov yaradıcılığı ilə bağlı “hər şeyin” üzərinə deyil, böyük yazıçının yaradıcılığında məhz milli ruh və milli emosiya stixiyasının hansı səviyyədə reallaşması üzərində cəmləşdirə bilir. Bu isə onun təhlilinə nəticəlilik gətirir, müəllifin ədəbiyyatdan nə gözlədiyi və oxucuya nə çatdırmaq istədiyi qaranlıq qalmır. Burada ən mühüm fərqləndirici cəhət odur ki, E.Akimova yazıçının hər hansı əsərinin təhlilindən aldığı nəticəni həmin yazıçının bütöv yaradıcılığı kontekstində “əridərək” təqdim edir. Məsələn, “Hekayə diskurs kimi: tut budağı, ərik budağı və sarı bülbül” adlı məqalədə Elçinin hekayəsinin esse poetikasına əsaslanan diskursiv təhlili yazıçının nəsrinin ümumi kontekstində bir obraz kimi təqdim olunur və konkret hekayədə təzahür edən həmin obrazın təhlilinin rezonansı Elçinin bütün yaradıcılığı boyu əks-səda verir: “Ümumiyyətlə, Elçinin nəsrində həyatın panoram lövhələri, sosial mənzərələri, həyatın iztirabları, tarixin gedişatı, xalq taleyi kimi ali məqamların ifadəsi bütöv bir Obrazda təmərküzləşmiş və abstraksiya olunmuşdur. Ona görə onun mətnlərindəki əksər obrazlar bizə tanış görünür, sanki yazıçı bütün Missiya məqsədli məsələləri bir Obraza həvalə və etibar edir”.
Keçmişə sayğısızlıq ikrah doğurduğu kimi, bu günə laqeydlik də təqdir oluna bilməz və bu baxımdan E.Akimovanın cağdaş Azərbaycan şeirində yeni təfəkkür kultu axtarması, eləcə də düşüncənin inanc tərəddüdlərinin ictimai-psixoloji köklərini araşdırması tənqidçinin öz vəzifəsi və milli mədəniyyətimiz qarşısında məsuliyyət, mədəni sərvətlərimizə sahiblik hissindən gəlir.
Azər Turan Elnarə Akimovanın “Poeziyamızın yeni təfəkkür kultu – modernizm” silsiləsindən əsaslanaraq XXI yüzil Azərbaycan ədəbiyyatşünaslığı üçün cərəyanlar dövrünün tənqidçisi tipini yaratdığı qənaətindədir: “Cərəyanların funksionallığının ədəbiyyatımızda nə vaxtdan müşahidə olunduğunu ilk dəfə kompleks halında və yeni ədəbi mətnlərin təhlilləri fonunda dövriyyəyə qatan, cari ədəbi prosesi cərəyanlara nəzərən dəyərləndirən və bunu predmetləşdirən tənqidçilərimizdən biri də odur”.
E.Akimovanın kitabında polemik üslubu ilə seçilən “Poeziyamızın yeni təfəkkür kultu – modernizm” silsiləsinin diqqət mərkəzinə çəkilməsini şərtləndirən başlıca keyfiyyətlərdən biri bu yazılardakı polemik intonasiyadır. Onu da vurğulamağı zəruri sayıram ki, Elnarə xanımın polemikaya marağı düşüncə tərzi və yazı üslubu ilə məhdudlaşmır: “Ədəbiyyat qəzeti”nin müxtəlif mövzular ətrafında polemik diskussiyalarının təşkilatçısı və aparıcısı əksər hallarda E.Akimova olur. “Poeziyamızın yeni təfəkkür kultu – modernizm” silsiləsinin məziyyəti budur ki, XX əsrin 90-cı illərində yaranan müstəqillik dövrümüzün poeziyası barədə mütləq hökm verilmir, ədəbiyyatda gedən proses elmi düşüncənin gündəliyinə, müzakirə müstəvisinə gətirilir, diqqət yeni ictimai-siyasi mühitin öz ifadəsini poeziyada necə tapmasına və yeni zamanın poeziyasının necə dərk edilməsinə, qavranılmasına yönəldilir: “Çünki yeni təfəkkür yeni insanın dərki məsələsini qabardır və insan təfəkkürünün, psixologiya və mənəviyyatının yenidən qurulması prosesində bədii ədəbiyyat spesifik təsir qüvvəsinə malikdir”.
E.Akimova 1990-cı illərdə yaranan poeziyaya iki qütb ilə təmas xəttinin – dünya şeirinin poetik gücü və ənənəvi şeirin təsiri işığında baxır. Bu tezisin ana xəttini təşkil edən ideya budur ki, Sovet imperiyasının siyasi əsarətindən qurtaran cəmiyyətdə bədii sözün qarşısında yeni üfüqlər açıldı. Yeri gəlmişkən, bu məsələ ilə bağlı mən də öz mülahizəmi bildirməyi zəruri bilirəm və xüsusi vurğulamaq istəyirəm ki, məni polemikaya qoşmasını da gərək Elnarə xanımın yazı tərzinin üstünlüyü kimi qəbul edilməlidir. Azərbaycan ədəbiyyatının, xüsusilə poeziyamızın Sovet dövründə dünya poetik fikri ilə təmasının olmadığını iddia etmək çətindir. Ancaq bu təmasın rus dili vasitəsilə baş verməsi bədii düşüncədə ciddi məhdudiyyətlər yaradır, düşüncənin hüdudlarını daraldırdı. Təəssüflər olsun ki, müstəqillik illərində də bizim poeziyamızın dünya ədəbi düşüncəsi ilə təması əsas etibarilə vasitəli şəkildə – türk dili üzərindən baş verir ki, bunun da məhdudlaşdırıcı nəticələrini inkar etmək mümkün deyil. Ona görə də dünya poetik düşüncəsi ilə Azərbaycan şeirinin təması, Azərbaycan bədii düşüncəsinin dünya bədii düşüncəsinə inteqrasiyası məsələsinin polemika hədəfindən çıxdığını iddia etmək hələ tezdir.
“Avropa cərəyanlarının milli şeirimizə süni şəkildə tətbiqinin civarında yeni poeziya yarandımı ki?” sualına E.Akimova bir qədər tərəddüdlü olsa da, müsbət cavab verir: “Bütün uğursuz cəhdlərə, Qərb cərəyanlarına ifrat meyillərinə baxmayaraq, müstəqillik dönəminin poeziyası öz keçmişi, gələnəkləri, zəmin aldığı fəlsəfi-psixoloji notlara qədər yeni xarakterli poeziya idi”…
E.Akimovanın “Qərblə Şərqin arasında, yaxud əsl sənətə doğru” yazısı ictimai düşüncə tariximizin son dərəcədə ziddiyyətli bir prosesinin yeni zaman və meyarlar işığında qiymətləndirilməsini əhatə edir. Bu məsələnin gündəliyə gətirilməsi, müzakirəyə çıxarılması çox mühümdür: çünki Azərbaycan mədəniyyəti anlayışının Şərq mədəniyyəti anlayışı ilə eyniləşdirilməsi, XIX əsrdən başlayaraq Azərbaycan mədəniyyətinin rus və Avropa mədəni coğrafiyasına inteqrasiyası ilə əlaqədar mədəni sistemdə baş verən transformasiyalar suallara kifayət qədər açıqdır və bu sualların müzakirə olunması təqdir edilməlidir.
E.Akimova “Çağdaş Azərbaycan postmodern şeirində Tanrıya münasibət” adlı məqalələr silsiləsində “postmodern epoxasının özü ilə gətirdiyi yeni dünya modelinin nizamsızlığı”nı araşdıraraq bunu yeni epoxanın düşüncədə, əxlaqda, sənət meyarlarının dərkində gətirmiş olduğu çaşqınlıqlarla bağlayır. E.Akimovanın müşahidəsinə əsasən, 1990-cı illərdə “postmodernist gənclər yaşadıqları cəmiyyətin neqativ tərəflərini göstərməklə kifayətlənməyib, Tanrıya münasibətdə belə müqəddəslik pərdəsini yırtmağa cəhd etdilər, “yer üzünün əşrəfi insandır!” modelini yenidən, bu dəfə fərdi duyğularının qanadında poeziyaya gətirməyə, tətbiq etməyə başladılar. Həmin fərdi duyğuların, yaşanılan acıların arasında isə Tanrıya ayrılan yer çox cüzi idi. O yeri də şairlərin dua, tapınma xüsusiyyətlərindən daha çox, ironik, nihilist, yad yanaşmaları istila eləyirdi”.
Elnarə xanımın müşahidələri ilə tam razılaşmaqla yanaşı, bir qənaətimi də ifadə etməyi zəruri sayıram ki, 1990-cı illərdə Azərbaycan ədəbiyyatında özünü postmodernizm kimi təqdim edən təmayülün adını həmin təmayülün mətbu orqanı olan “Alatoran” daha düzgün ifadə edirdi. Estetik sistem səviyyəsinə gələ bilməyən, buna vaxtı və enerjisi çatmayan həmin alatoran təmayül Azərbaycan bədii düşüncəsinin mahiyyətini dərk edə bilmədiyi postmodernizm estetikasına məhəlli reaksiyası idi. Nihilizmin kökündə isə ictimai-siyasi prosesləri düzgün qavraya bilməmək və özünü cəmiyyətdən kənarlaşdırılmaq reallığı var idi. Həmin dövrün poeziyasındakı nihilist ifratçılıqdan biri də inamın və inancın sarsılmasından irəli gəlirdi. Azərbaycan poeziyasında inancın sarsılması estetik hadisə olmaqdan daha çox, toplumun (və ya çoxluğun) zehniyyətinə qarşı üsyanın ifadəsi idi. Mühafizəkar təfəkkür yeni peyğəmbər “yaratmağa”, üsyankar təmayül isə inancdan imtina etməyə cəhd göstərirdi.
Buradaca onu da qeyd etməyi məqsədəuyğun bilirəm ki, 1990-cı illər poeziyasında ürfani əhval-ruhiyyənin fəallaşması, akademik Nizami Cəfərovun ifadəsi ilə “neosufuzmin” dirçəlməsi də, müəyyən mənada, cəmiyyətdəki inanc sarsıntısı ilə bağlı idi…
“Düşüncə zamanı – ədəbi tənqid diskurs kimi” kitabında müxtəlif dövrlərdə yaranmış bədii ədəbiyyat hadisələrinin janr estetikası kontekstində təqdim və təhlil olunması da kitabının daha bir fərqli cəhəti kimi təqdir edilməlidir.
M.Baxtinə görə, “janr ədəbiyyatın hər yeni inkişaf mərhələsində, həmin janrın hər bir ayrıca əsərində doğulur və yenilənir. Janrın həyatı bundadır. Ona görə janrda qorunub saxlanılan arxaiklik də ölü deyil, daha doğrusu, yenilənməyə qadirdir. Janr indi də yaşayır, lakin daim öz keçmişini, öz başlanğıcını xatırlayır. Janr ədəbi inkişaf prosesində yaradıcı yaddaşı təmsil edir”.
E.Akimovanın elmi yanaşmasında janra yaradıcı yaddaşın prizmasından baxmaq aparıcı keyfiyyətdir. Məsələn, onun “Azərbaycan romançılığında itirilmiş zaman” adlı məqaləsi həcmcə kiçik olsa da, ədəbiyyat tariximizin yeni mövqedən nəzərdən keçirilməsi, xüsusilə 1930-40-cı illərdə roman janrında yaranan durğunluğun bədii sözün sonrakı təkamülünə təsiri barədə mülahizələri maraqlıdır və elmi diskussiya üçün impuls verir. Akademik Nizami Cəfərov bu məqaləyə münasibət bildirərkən roman janrındakı durğunluğu ideologiyanın ədəbiyyatın missiyasına müdaxiləsi ilə izah edir: “Düşüncə zamanı”nın müəllifi (və roman janrının tərcümeyi-halı) baxımından paradoksal olan odur ki, dövr bütün ictimai-siyasi kataklizmləri ilə əsl roman dövrüdür, ancaq nə edəsən ki, janrın (və ədəbiyyatın) missiyasını məhz ideologiya öz üzərinə götürür”.
Mənə elə gəlir ki, məsələyə “düşüncə zamanı” kontekstindən yanaşanda fərdi istedad amili də nəzərdən yayınmamalıdır. Romanı da, hekayəni də, şeiri də fərd yaradır. Ona görə də bu məsələdə “baş rolun” ifaçısı kimi yalnız ideologiyanı və tarixi şərtləri görmək azdır, burada həlledici fərdi istedad görür. Bir məsələni də xatırlatmağın yeridir ki, XX əsrin 30-cu illərində Azərbaycan ədəbiyyatında maraqlı bir hadisə – Səməd Vurğunun janrca mənzum roman kimi qələmə aldığı və elə mənzum roman kimi də təqdim etdiyi “Komsomol poeması” yaranmışdı və həmin əsər sonradan nəsrimizin və roman janrının yeni keyfiyyətlər qazanmasında mühüm rol oynadı. Elnarə xanımın roman sənətkarlığı texnologiyası kontekstində təhlil etdiyi və yüksək qiymətləndirdiyi “Dəli Kür”dəki Cahandar ağa obrazının “Komsomol poeması”ndakı Gəray bəyin varisi kimi yarandığını heç kəs inkar etmir.
XIX əsrdə Mirzə Fətəli Axundzadədən başlayan, “Əkinçi”də davam etdirilən düşüncə mübarizəsinin estetik hədəflərindən biri də divan şeiri kanonları, divan ədəbiyyatının janrları idi və XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatının əldə etdiyi yeniliklərdən biri divan ədəbiyyatının yüzillərlə davam edən janr kanonlarından qurtulmaq oldu. Bu qurtuluşdan sonra isə ədəbiyyatımızda hər şeirin öz janrı ilə doğulduğu dövr başladı.
Bu baxımdan, Elnarə xanımın poema janrına həsr etdiyi “Janrın qürubu, yoxsa ədəbi laqeydliyimiz” məqaləsində qoyulan məsələlər aktual olmaqla yanaşı, bədii yaddaşımızda böyük tarixi olan bir janrın bugünkü taleyi haqqında düşünmək, müzakirə aparmaq üçün kifayət qədər ciddi mövzu verir.
İspan nəzəriyyəçisi Xose Orteqa-Qasset “janrın qürubu” ilə tarix arasında yaxın əlaqə görür, janra tarixin sifarişi kimi baxırdı. O, tarixin müxtəlif dövrlərində ayrı-ayrı janrların önə çıxıb-arxaya çəkilməsini və ya hər hansı janrın oxucuların daha çox marağına səbəb olmasını tarixin həmin kəsiyinin insana münasibəti ilə izah edirdi. Sənətin əsas mövzusunun insan olduğu şərtinə əsaslanan alimin qənaətinə görə, janr insana baxışın ifadəsidir və bu baxış zamandan-zamana fərqləndiyi kimi, janra münasibət də dəyişir: “Necə olur-olsun, sənətin əsas mövzusu həmişə insandır. …Janrlar mahiyyətcə insanın ən mühüm cəhətlərinin baxıldığı geniş baxış bucaqlarından başqa bir şey deyildir. Hər bir dövr özü ilə insanın əvvəlki zəmanədə olduğundan əhəmiyyətli dərəcədə fərqlənən yeni yozumunu gətirir. Daha doğrusu, bunu özü ilə gətirmir, artıq həmin yozum mövcud olur. Elə buna görə də hər bir dövrün öz sevimli janrı olur”. Mənə elə gəlir ki, poema janrının “sevimlilər” siyahısından çıxmasının bir səbəbini də bu baxımdan araşdırmaq və qiymətləndirmək mümkündür.
Yekun olaraq bunu deməyi zəruri hesab edirəm ki, E.Akimovanın “Düşüncə zamanı” ədəbiyyatımız və ədəbiyyatımızı yaradanlar haqqında, ədəbiyyatımızın qaldırdığı və üzləşdiyi məsələlər barədə düşünmək üçün başlanğıc verir. Bu başlanğıcdan ruhlanıb mən də yeri gəldikcə müəllifin qaldırdığı məsələlər barədə öz mülahizələrimi bildirdim. Məncə, “Düşüncə zamanı”nın əsas missiyası da elə budur.(http://edebiyyatqazeti.az/)