Yaxşı yadımdadır, ötən ay prezidentin fərdi təqaüdünə layiq görüləndə sevincinin həddi-hüdudu yox idi. Öz “facebook” səhifəsində bu xoş xəbəri dostları ilə bölüşür, əməyinə dəyər verənlərə minnətdarlığını bildirirdi…
Deyir ki,- “Heç zaman nə mədhiyyə demişəm, nə də yazmışam. Həmişə inandığım məsələləri qələmə almışam, təqdir etmişəm. Mədhiyyə yarışına qoşulmamağa çalışmışam. Qəlbən inandığım adamları tərifləmişəm. Ola bilsin ki, ürəyimin məni aldatdığı məqamlar olub. Hər halda hesab edirəm ki, bununla da günah yox, səhv etmişəm. Çünki bayaq dediyim kimi, inanıb yazmışam. Kimsə məni ustalıqla aldada bilibsə bu onun günahıdı. Onsuz da Allah hər şeyi görür…”
Olduqca zəhmətkeş, əzmli, məsuliyyətli xanımdır. Çətinliklərə təslim olmağı xoşlamır. İncəliklərə varmaq, öyrənmək, araşdırmaq onun həyat tərzidir. Nəzakətli, həsas xarakterə malikdir. Hər parlaq görüntüyə allanmaz, təbii gözəlliyin aşiqidir. Səliqə-səhmana önəm verir. Evdə olmaq, ailəsi ilə vaxt keçirmək onun üçün ən böyük rahatlıqdır…
…İki oğul anası, bir neçə nəvənin nənəsidir…
-“Mənim ruhumda böyük Məmməd Araz var. Məmməd Araz şinelindən çıxan, Qulu Xəlilovdan dərs alan Flora Xəlilzadə başqa cür yaşaya bilməz. Bu iki böyük şəxsiyyət həmişə ürəklərinin hökmü ilə yazıb-yaradıblar. Qulu müəllim ədəbi tənqidimizin cəngavəri idi, təkcə məzmun, mükəmməllik yox, hərfin, sözün uğrunda döyüşürdü. Məmməd Araz və Qulu Xəlilov mənim həyat ideallarımdı. Bu gününün özündə də onları oxuyur, öyrənirəm. Onların mənəvi varisi bu iki şəxsiyyətə xəyanət edə bilərmi?
Bayaq qeyd elədiyim kimi, bu gün ədəbi tənqid nüfuzunu itirib. Yerində isə tost demək ənənəsi yaranıb. İstedadı olanı ən yaxşı halda yubileydən-yubileyə yada salırlar. Fəndgirliyi, fərasəti, maddi imkanı istedadından çox olanlar haqqında isə qalaq-qalaq kitablar yazılır, yalançı tərif dolu məqalələr dərc edilir. Bu gün falçı haqqında kitab yazan, onu mədh edən tənqidçilər var. Mənim də, sənin də tanıdığımız elələri var ki, ildə 10-15 kitabı çıxır. Bir insan başdan-ayağa istedaddan yoğrulsa belə ildə bu qədər kitab çap etdirməyə fiziki gücü yetməz. Həmişə belələrinə qarşı çıxmışam, ədəbiyyata səlib yürüşü elan edənlərə yazılarımda etirazımı bildirmişəm. Belə deyək də, gücüm çatan qədər vuruşmuşam.”- söyləyir…
Zahirən çox ciddi görünsə də şən xanımdır, gözəl yumor hissinə malikdir. Onunla həmsöhbət olmaq adama zövq verir. Ətrafında xeyli insanlar olsa da dostlarını diqqətlə seçir. Səy göstərməkdən yorulmur və heç vaxt bundan şikayət etmir. Qarşısına qoyduğu məqsədə, arzuladığı uğura çatana kimi dayanmadan çalışır. Diqqətli, dütüst, hissiyatlıdır. Mükəmməlliyi xoşlayır, elə buna görə də tələbkardır…
Deyir ki- “Düzdü, zamanın ən yaxşı hakim olduğunu deyirlər. Amma elə məsələlər var ki, seyrçi qalıb münasibət bildirməmək mümkün deyil. Bu gün yazmasaq, fikir bildirməsək gələcək nəsillər bizi qınamazmı? Susmaq razılıq əlaməti sayılır. Ona görə də susmaq olmaz. Zövqlərin korlanmasına, ədəbiyyatda baş alıb gedən bu hərc-mərcliyə biganə qalmaq mümkün deyil. Hamı bir-birini təkrarlayır, necə deyərlər, özgəsinin ayaqqabısını geyinir, amma uzağa gedə bilmirlər. Bu yaxınlarda teatrlarımızın birinin səhnəsində tamaşaya baxdım. Xalq artistləri özlərini oda-közə vurdular, lakin tamaşaçı heç bir zövq ala bilmədi. Çünki əsər çox zəif yazılmışdı. O qədər zəif əsər idi ki, səhnədəki bər-bəzək də onu xilas etmədi. Mən də öz fikirlərimi qəzetimiz vasitəsi ilə bildirdim. Müəlliflə münasibətlərimiz var idi, hər bayramda zəng edib təbriklərini çatdırırdı. Həmin tənqidi yazıdan sonra daha zəng etmir. İndi vəziyyət belədi, tənqid etdiyin adam səninlə düşmən olur. Bütün bunlara baxmayaraq ədəbi tənqidi yaşatmaq, ədəbi tənqidin itirilmiş nüfuzunu özünə qaytarmaq lazımdı. Telefon zənglərinin, təbriklərin sayının azalması faciə deyil. Faciə ədəbi tənqidin nüfuzdan düşməsidi. Mən onsuz da balıq üçün yox, Xaliq üçün yazıram. Ədəbi tənqid həmişə ədəbiyyatı çör-çöpdən təmizləyib…”
Nə qədər tələbkar olsa da mərhəmətli qadındır. Maddiyyata önəm vermir, amma rahat yaşamaq üçün ailə büdcəsinin güclü olmasını arzulayır. Yardıma hər zaman hazırdır, bu yolda əlindən gələni əsirgəməz…
Haqqında söhbət açdığım Flora Xəlilzadəni Azərbaycanda tanımayan az adam tapılar. Maraqlı söhbətləri ilə tez-tez “sehirli qutuda” tamaşaçılarla görüşə tələsir. Əməkdar jurnalist, publisist, eləcə də bir sıra mükafatların sahibidir. Və 20-yə yaxın kitabın müəllifidir…
Avqustun 23-ü Flora xanımın dünyaya gəldiyi gündür, yeni yaşına qədəm qoyur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram.
Ad gününüz mübarək, Flora xanım!
Elman Eldaroğlu