AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu kolumbiyalı şairə Kamila Çarri Noriyeqa ilə onlayn görüş təşkil edib. Görüşdə Kolumbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Antonio Dimate Cardenas, Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu da iştirak edib.
Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq həm səfiri, həm də qonağı salamlayıb. Bu görüşün qarşılıqlı elmi-ədəbi əlaqələrin gələcək inkişafına töhfə verəcəyini vurğulayıb. Akademik İsa Həbibbəyli bildirib ki, indiyə qədər Kolumbiyanın dünya şöhrətli yazıçısı Qabriel Qarsia Markes Azərbaycan-Kolumbiya ədəbi əlaqələrinin əsas siması idisə, artıq xanım Kamila Çarrinin timsalında yeni əlaqələr qurulur. Kamila Çarri haqqında iştirakçıları məlumatlandıran akademik qeyd edib ki, o, Kolumbiyanın Boqota şəhərində anadan olub və 2003-cü ildən Ədəbiyyat və İncəsənət müəllimi işləyir. Şeirləri və hekayələri milli və beynəlxalq jurnallarda dərc edilib. Los Conjurados Collection tərəfindən nəşr olunan “Detrás de la bruma” onun ilk şeirlər toplusudur. O, “Güllərin arxasında”, “Bugün”, “Başqa gözlər”, “Günəş və bədən”, “Arde Babel” kitablarının müəllifidir. “Arde Babel” 2018 və 2019-cu illərdə Meksika və Quatemalada nəşr olunub. Kamila Çarri Kolumbiyada qadınlar tərəfindən yazılmış poeziya və esselərə həsr olunmuş “La trenza” jurnalının həmmüəllifidir. Mədəniyyət Nazirliyi və “Elite Corporation”da Kolumbiya Yazıçılar Kitabxanasının redaktorunun köməkçisidir. O, Latın Amerika poeziyası və yaradıcı yazı müəllimidir.
Akademik həmçinin Ədəbiyyat İnstitutu, onun dünya ədəbiyyatını öyrənən bir neçə şöbəsi haqqında da məlumat verib. “Dünya ədəbiyyatı” jurnalının bir nömrəsinin Kolimbiya ədəbiyyatına həsr edilməsini, Kamila Çarriyə xüsusi yer ayrılmasını tövsiyə edib. Əlavə edib ki, bu nəşr keçirilən görüşün praktik nəticəsi olar.
Sonra səfir Antonio Dimate Cardenas çıxış edərək görüşə görə təşəkkürünü çatdırıb. Azərbaycanla Kolimbiya arasındakı diplomatik əlaqələrin 26 illik tarixi olduğunu, yeddi ildir ki, Bakıda Kolimbiya səfirliyi fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Səfir bu illər ərzində görülmüş işlərdən də söz açıb. Səfirliyin dəstəyi ilə Azərbaycan ədəbiyyatı antologiyasının ispan dilində, Kolumbiya ədəbiyyatı antologiyasının Azərbaycan dilində çap olduğunu xatırladıb.
Həmçinin kolumbiyalı şairə Kamila Çarri Noriyeqa müasir Kolimbiya ədəbi-mədəni mühiti haqqında mühazirə oxuyub.
AYB-nin Beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu çıxış edərək Kolimbiya ədəbiyyatının ispandilli mədəniyyət kontekstində yeri barədə danışıb. Təklif edib ki, Kamila Çarrinin redaktoru olduğu jurnalda azərbaycanlı qadın şairlərin də əsərlərinə yer ayrılsın. AYB-nin mətbu orqanı olan “Ədəbiyyat qəzeti”ndə isə kolimbiyalı qadın şairlərin şeirləri və onlar haqqında araşdırma yazıları çap olunsun.
Görüşdə institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli, direktor müavinləri, dosentlər Əlizadə Əsgərli və Aygün Bağırlı, Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri, professor Gülər Abdullabəyova, Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədov, Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Xanım Zairova və başqaları iştirak ediblər.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi
Müstəqil.AZ