Ədəbiyyat İnstitutunda “Türk şeirində milli istiqlalın möhtəşəm müqəddiməsi: Əhməd Cavad və Akif Ərsoy” mövzusunda konfrans
keçirilib
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Milli istiqlal şairləri Əhməd Cavad və Mehmet Akif Ərsoya həsr edilmiş “Türk şeirində milli istiqlalın möhtəşəm müqəddiməsi: Əhməd Cavad və Akif Ərsoy” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Konfansı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açıb. Qeyd edib ki, “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” 20 aprel 2022-ci il Sərəncamına uyğun olaraq ölkəmizdə və ölkəmizdən kənarda bu istiqamətdə geniş işlər aparılır. Bildiyimiz kimi, Əhməd Cavadın yaradıcılığı qardaş Türkiyə ilə də bağlıdır. Türkiyədə keçirilən tədbirlərlə yanaşı, Ankarada Əhməd Cavad parkı açılıb, geniş simpozium keçirilib. Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi birinci növbədə onun milli istiqlal uğrunda pardığı mübarizəyə və ədəbi irsinə dövlətimizin göstərdiyi qayğını, diqqəti ifadə edir. Həmin vətəndaş poeziyası ənənələrinin yeni nəslə çatdırılması üçün də bu Sərəncam bizə böyük imkanlar yaradır.
Əhməd Cavada həsr olunmuş bugünki konfarnsı qardaş Türkiyə Cümhuriyyətində milli istiqlal marşını yazmış Mehmet Akif Ərsoyla bərabər keçirmək haqqında qərar qəbul etdik. Türkiyə Cümhuriyyətində milli istiqlal marşını yazmış Mehmet Akif Ərsoyun yaradıcılığı və Azərbaycanın dövlət himnini yazmış Əhməd Cavadın yaradıcılığı həm qardaş Türkiyədə, həm Azərbaycanda milli istiqlal uğrunda aparılan mübarizənin ədəbiyyatdakı bədii əksinə dair paralellər aparmağa, ortaq məqamları üzrə çıxartmağa, ümumiləşdirmələr etməyə imkan yaradacaqdır.
Biz Ədəbiyyat İnstitutunda ayrıca bir Mehmet Akif Ərsoy Mərkəzi yaratmaq istəyirik. İnstitutumuzda fəaliyyət göstərən mərkəzlərin sırasına payızda Mehmet Akif Ərsoy Mərkəzini də əlavə etməyi nəzərdə tuturuq. Bu, bizim dostluğumuza, qardaşlığımıza, tək millət, iki dövlət strategiyasının daha da möhkəmlənməsinə töhfə verəcək”.
Sonra Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məmməd Əliyev “Əhməd Cavad və Mehmet Akif Ərsoy yaradıcılığında milli istiqlal mövzusu”nda əhatəli məruzə edib.
Konfransda Burdur Mehmet Akif Ərsoy Universiteti. M.A.Ərsoy Universiteti Araşdırma Mərkəzinin müdiri professor Zəfər Gölən “Mehmet Akif Ərsoyun həyatı” mövzusunda çıxış edərək, mərkəzin fəaliyyəti haqqında da bilgi verib: “Bizim universitet 2006-cı ildə yaradılıb. Gənc universitet olsaq da, çox sürətlə inkişaf edirik. Otuz minə yaxın tələbəmiz və bir çox fakultəmiz vardır. İnşallah bundan sonra iş birliyimiz daha da inkişaf edəcək. M.A.Ərsoy Universiteti Araşdırma Mərkəzi də universitetlə bağlı olaraq yaradıldı. Bilirsiniz ki, Mehmet Akif Ərsoy Burdur millət vəkili seçilib. Həm də həyat yoldaşı da Burdurludur. Burada Mehmet Akif Ərsoyla bağlı bilgi və sənədləri toplayıb araşdırırıq. Bakıda da belə bir mərkəzin açılacağı bizi çox məmnun etdi və biz hər cür dəstəyi verməyə hazırıq. Bizim mərkəzdəki nadir nüsxələri sizlərlə də paylaşacağıq”.
Burdur Mehmet Akif Ərsoy Universiteti Türk dili və ədəbiyyatı kafedrasının müdiri, M.A.Ərsoy Universiteti Araşdırma Mərkəzi müdirinin müavini doç.dr. Canan Olpak Koç “Türk ədəbiyyatında M.A.Ərsoy” adlı məruzəsi ilə mövzu haqqında geniş çıxış edib.
Tədbirdə Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov “Əhməd Cavad: yeni poetik yolun başlanğıcı”, filologiya elmləri doktorları Şahbaz Şamıoğlu “Əhməd Cavad poeziyasında milli-mənəvi dəyərlər və milli özünüdərk məsələsi”, Yaşar Qasımbəyli “Cümhuriyyət və azadlıq aşiqləri: Əhməd Cavad, Mehmet Akif Ərsoy və Əbdülhəmid Çolpan”, Xuraman Hümmətova “Əhməd Cavad və Mehmet Akif Ərsoy poeziyası azadlıq ideyaları müstəvisində”, Eşqanə Babayeva “Mehmet Akif Ərsoy və Azərbaycan ədəbiyyatı”, Əlizadə Əsgərli “Prezident Sərəncamının işığında Əhməd Cavad” və filologiya üzrə fəlsəfə doktoru Günay Qarayeva “Əhməd Cavad poeziyasında bədii simvollar” mövzusunda məruzə ediblər.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi