Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş tədbir keçirilib. Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycanın vətən müharibəsində qələbəsindən sonra cənab Prezident İlham Əliyevin Şuşaya səfərini qələbəmizin zirvəsinin fəhti adlandırıb. “İndi biz ərazi bütövlüyünü təmin etmiş ölkənin ziyalıları kimi 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edirik. 20 Yanvar Azərbaycan tarixinin həm faciəvi günüdür, həm də müstəqilliyimizin qaçılmaz olduğunu ortaya qoyan hadisədir. Azərbaycan Prezidenti cənab İlham Əliyev hər il Azərbaycan xalqına bununla bağlı müraciət edir. Heydər Əliyev və İlham Əliyev birliyi Azərbaycan xalqını xilas etdi. Bu il həm 20 Yanvar, həm Qarabağ müharibəsi şəhidlərinin qisası alındı. Ermənistanın kapituliyasıya aktına imza atması ilə ərazi bütövlüyümüzün təmin olunması şəhidlərimizin qanının hədər getmədiyini sübut etdi” – deyə akademik bildirib.
Akademik İsa Həbibbəyli 20 Yanvar faciəsinə ilk dəfə olaraq Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin 21 yanvar 1990-cı ildə Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gəlib bəyanatla hüquqi-siyasi qiymət verməsindən də danışıb. Sonra Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli “20 Yanvar faciəsi ədəbiyyatda” adlı məruzə ilə çıxış edib. Filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı isə həmin hadisələrin canlı şahidi kimi xatirələrini danışıb.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi
Müstəqil.Az