Ədəbiyyat İnstitutunda dərsliklərin müzakirəsi keçirildi

Ədəbiyyat İnstitutunda dərsliklərin müzakirəsi keçirildi

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan Respublikasının Təhsil İnstitutunun əməkdaşları ilə ədəbiyyat dərsliklərinin yenidən hazırlanmasına dair müazkirə keçirilib. Müzakirədə ARTİ-nin Təhsil Resursları mərkəzinin direktor müavini Əsgər Quliyev və Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov iştirak ediblər. Ədəbiyyat İnstitutunun əməkdaşlarından filologiya elmləri doktorları Ataəmi Mirzəyev, Əlizadə Əsgərli və filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı da fikir mübadiləsinə qatılıblar.
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli bu müzakirənin çox vacib olduğunu vurğulayıb. Bildirib ki, müzakirədə iştirak edən institut əməkdaşları da təhsillə birbaşa əlaqəsi olan alimlərdir.
Akademik İsa Həbibbəyli əlavə edib ki, “dərsliklər hazırlanarkən, fənn tədris olunarkən qarşıya məqsəd qoyulur. Dərsliklər hazırlanarkən dünyagörüşü və bilik verməsi əsas götürülür. Fikrimcə, dərs elə bilik verməlidir ki, onun əsasında dünyagörüşü formalaşsın. Ədəbiyyat fənninin bir böyük vəzifəsi də dövlətin strateji hədəflərini, milliliyi, vətənpərvərliyi, azərbaycançılığı aşılamasıdır. Bilik, ümumi dünyagörüşü, konkret ölkə maraqları nəzərə alınmalıdır. Dərsliklər sadə elmi dildə olsa, yaxşı olar. Beləliklə, dərslikdə bilik, dünyagörüşü, vətənpərvərlik və sadə elmi üslub ümumiləşməlidir.
Biz beşinci sinifdə oxuyan şagirdi yuxarı sinifdəki hədəfə dorğru konkret sistemlə gətirməliyik. Ənənə üzrə ədəbiyyat tarixi üç dövrə bölünür. Artıq yeni dövrləşdirmə konsepsiyası ilə aparılmalıdır. Hər bir xalqın ədəbiyyatının keçdiyi spesifik yol nəzərə alınmalıdır. İndiyə qədər ictimai elmlərin dövrləşməsinə marksist yanaşma əsas olub. Müstəqillik dövründə yaranan ədəbiyyat çoxmetodludur. Mübahisəli məsələlərin dərsliyə gətirilməsi lazım deyil.
Fikrimcə, on birinci sinfi bitirən şagird əgər filologiya fakultəsinə getmirsə, o, öz xalqının keçdiyi ədəbiyyat yolu əsasında bir şəxsiyyət kimi formalaşmalıdır. Filologiya fakultəsinə gedən üçün isə dünyagörüşü ilə yanaşı, sistemli bilik də lazımdır”.
Görüşdə ARTİ-nin mütəxəsisləri Əsgər Quliyevin və Mənsur Məhərrəmovun müzakirənin mövzusu ilə bağlı müxtəlif sualları cavablandırılıb. Müzakirələrin davam edəcəyi bildirilib.

Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi

Share: