Ədəbiyyat kafirləri

Ədəbiyyat kafirləri

Kafir sözünün əsl mənası “örtən”dir. Bulud Günəşin üstünü, taxılsəpən taxılın üstünü, anamız gecələr bizim üstümüzü örtəndə kafir olur. Çünki örtmək həmişə olub, dindən əvvəl, çox-çox əvvəl.

Kafir sözünün bugünkü mənası isə həqiqətin üstünü bilərəkdən örtəndir.

Kafir hökmü ağırdır. Çünki səmimi ateistlər, Allahın varlığını qəbul etməyənlərə də kafir demək olmur, axı onlar həqiqətin üstünü örtmürlər. Onlar dinin iddia etdiyi həqiqəti heç qəbul etmirlər.

Buradan qənaətə gəlmək olar, dində ən uzaq yanlış hədd kafirlikdirsə, demək gözəlliklərin üstünü bilərəkdən örtmək, onu basdırmağa çalışmaq, dünyada ən qəbuledilməz işlərdəndir.

Əmin olun, bu gün kifayət qədər istedadlı nümayəndəsinin olmasına baxmayaraq ədəbi mühitimizin professionallaşmaması, ədəbiyyatın prioritet kimi diqqət çəkməməsinin ilk səbəbi mühitimizin ədəbi kafirləridir. 

Bu günün ədəbi kafirlərinin isə bizim önümüzdəki nəsil olduğunu düşünürəm. Hansı ki, bu nəslin bir qismi illər əvvəl odlu-alovlu AYO (Azad Yazarlar Ocağı) yaratmışdı, digər qismi klassik ocağa – AYB-yə qısınmışdı. Bir qismi isə nə edəcəyini bilməmişdi… Bu nəsil hazırda 40-60 yaşarası seçilən ədəbiyyat nümayəndələrimizdən ibarət bir xaotik substansiyadır. Onlar zamanlarında o qədər Anara, Elçinə, Fikrət Qocaya nifrət etdilər ki, şüuraltı bu mövqeyə gəlib çatdılar: bizdən sonra gələn nəsil də bizə nifrət edəcək. 

Onlar özlərindən öncəki nəsillə mübarizəni vulqar müstəvidə apardılar deyə, düşündülər ki, biz də onları həmin müstəviyə çəkəcəyik. 

Onlar özlərindən qabaqdakıları vurdular deyə, ondan sonra gələnlərin də onları vuracaqlarından vahimələndilər, başladılar ardlarınca gələnləri basdırmağa. Mənə itaət etmirsənsə, məndən deyilsən, mənim cəbhəmdə deyilsənsə, düşmənimsən. Hərçənd ədəbiyyatda ümumilikdə bir cəbhə olmalı idi. Ədəbiyyatın yaranması üçün hər kəs yaxşı mətni sevməli, gözəl mətni özününkü kimi təbliğ etməli idi. Məhz belə olduğu halda ədəbiyyat cəbhəsi bu gün məğlub olduğu nəsnələrə sinə gərə bilərdi.

Onların istedadlarına, sənətkarlıqlarına qəti şübhəniz olmasın. Lakin eybəcər şeyləri gözəl göstərmək üçün verilən istedadı gözəl şeyləri eybəcər göstərməyə, basdırmağa sərf etdilər. Bunu isə bağışlayanların ən alisi də bağışlamır.

Onlar ustad ola bilmədilər, çünki ustad olmağın ən böyük nümunəsi dünyaya ustadlıq kultunu gətirən Çin fəlsəfəsində deyildiyi kimidir: Əsl ustad, müəlliminə qalib gəlib tələbəsinə uduzandır. Bu nəsil isə ustadına qalib gələ bilmədi, ona görə də tələbəsinə məğlub olmağı da bacarmır. Bunun bir səbəbi də az əvvəl qeyd etdiyim kimi, onların tatamilərinin vulqar olmasından irəli gəlir: sən məğlub etmək istədiyinin də qürurunu düşünməlisən, heç kəs kürəyini lilin, lıqqanın içinə qoymaq istəməz. Murdar müstəvilərdə gedən mübarizələr rəqabət yox, düşmənlikdir.

Təəssüf ki, bu ədəbi kafirlik bir ənənə kimi bizim nəslin bəzi üzvlərinə də keçdi.

Bu mətnin haqqında söz açdığım nəslə nə qədər yaraşdığını görmək istəyirsinizsə, onların gündəlik ədəbi fəaliyyətlərinə şamil edin. Baxın, onlar uzun müddətdir, istedadlı şəxslərin mətnləri haqqında heç bir müstəvidə söz açmır, söz açılanda isə müxtəlif səbəblərlə söhbəti başqa yönə aparır. Onlar uzun müddətdir başqalarına məxsus istedadla yazılmış mətnləri paylaşmır, paylaşılan mətnləri də görməzdən gəlir. Ancaq sayılmalarını istəyirlər, xeyir təşəbbüsləri yoxdur. Dartınıb yerlərində durublar, ətraflarında isə bir kölgəlik budaq yoxdur ki, kimsə durub pıçıltılarını dinləsin.

Əslində, hazırda oxuduğunuz bu mətn də xoş mənzərə deyil, böyük mənada tənqid etdiyim nəslin fəaliyyət nümunələri kimi kibirli, aşağılayıcıdır. Lakin bu mətnin yazılma səbəbi bir epoxanın bitməsini elan etmək istəyidir. Bu mətn həmin nəsildən əlimizi üzməli olduğumuzu göstərən bir manifestdir. Onların qurduğu ədəbi mühit göstərir ki, zərrə öndərlik qabiliyyətləri yoxdur, yarışərq-yarıqərb təcrübəyə dayanan ədəbi fəaliyyətləri bugünkü ədəbi mühitimizin güzgüsüdür, güzgüdə isə biz nəinki özümüzü, heç onları də görmürük. Güzgüdə intəhasız bir xarabalıq var. 

Artıq baharın onlardan ötdüyünü anlayan bu nəsil işığı basdırmağa çalışmaqla öz içlərindəki ziyanı gömdülər. İndi gözlərində bir zamankı parlaqlıqdan əsər qalmayıb, həmin parlaqlığın yatağında isə bir murdar nifrət dik durub, heç cür yuxuya getmir. İndən belə o gözlərə yalnız ağ bayraqların əksi yaraşar.

Ədəbi nəslimizin yaşı çox olmasa da, bugünkü ədəbi özbaşınalıq, xaos bizi məsləhət verməyə məcbur edir. Bu, 12 yaşlı yetim uşağın evi dolandırmaq üçün bazara atılmasına, üzündəki xırda sarı tükləri qırxıb özünü kişiyə oxşatmasına bənzəsə də, demək zorundayıq: Bu gün ədəbiyyatımız yiyəsizdir. Bu qeyri-peşəkar mühitdən sanballı ədəbiyyat nümayəndəsinin çıxacağını gözləmək diletantlıqdır. Yazıçını mühit yaradır. Biz bu mühiti yaratmaq üçün ilk növbədə anlamalıyıq ki, ədəbi iqtidar anlayışı yoxdur, ədəbiyyatın iqtidarda olduğu yerdə bütün istedadlı qələm adamlarının yaşamağa, söz deməyə, əsərlər ortaya qoymağa iqtidarı yaranır.

Ədəbiyyatın finişi yoxdur ki, ora gedən yolda bir-birimizə rəqib olaq. Ədəbiyyat bir kənddir, ora suyu da birlikdə çəkməliyik, yolu da, işığı da. Ədəbiyyatda bircə kürsü yoxdur ki, onun üstündə bir-birimizin ayağını çəkək, ədəbiyyat alp çəmənlikləri kimi çiçəkli bir xalıdır, hər kəsin bardaş qurmağa yeri var.

Yeganə xilas yolumuz içimizdəki istedadın qabıqları olan təkəbbürdən, qısqanclıqdan xilas olub bir-birimizin əlindən tutmaqdır, ayağından yox. Bir-birimizi sevdiyimiz halda bizə oxucu da, cəmiyyət də hörmət edəcək. Həmkarı tərəfindən sevilməyən peşəni məsələyə uzaq olan oxucu dünəndən sevmir. Biz həmkarlarımızı oxuyaraq, öyərək özümüzü, sənətimizi genişləndirir, populyarlaşdırırıq. Bu gün həmkarımız sevilirsə, bu, o deməkdir ki, əsər, mətn sevilir. Mətn isə hamımızındır, o ki sevildi, bütün xarabalıqlar gülüstana dönəcək.

Sərdar Amin, 

xüsusi olaraq “Qafqazinfo” üçün


Share: