Ədəbiyyatımızın fədaisi…

Ədəbiyyatımızın fədaisi…

Özünə çox əmin adamdır, güclü xarakterli və sarsılmazdır. Hadisələrə öz məntiqindən boylanıb qiymətləndirir və şərh edir. Zəhmətkeş, eləcə də məhsuldardır. Çalışmaqdan zövq alır. Vaxtının xeyli hissəsini yazıb yaratmaqla məşğul olur. Günün necə başlayıb, necə bitdiyini hiss etmir.

Deyir ki,- “Hərdən fikirləşirəm, kaş bir qaranlıq zirzəmi ola, ora işıq düşməyə və mən sakitcə uzanıb yatam. Gözlərim işığa çox həssasdır, hər gün beş saat yarım yatıram. Oyanan kimi kompüteri açıb tərcüməyə və ya növbəti əsərə başlayıram. Kaş elə imkanım ola ki, səkkiz, doqquz saat qaranlıq bir otaqda yata biləm…”
Qaydalara riayət olunmasını çox xoşlayır. Soyuqqanlı görünsə də mehriban rəftarlarıyla diqqəti özünə çəkməyi bacarır. Dostluqda sədaqətə önəm verir. Xəyanət onun gözünün düşmənidir. Maddiyyata vasitə kimi baxır və böyük işlərə imza atmaq naminə ona önəm verir. Bu səbəbdən də həyatındakı ən vacib nöqtə iş və qazanc, ikinci nöqtə isə sevgidir.
“Rusların belə bir atalar sözü var: Xoşbəxtlik pulda deyil, pulun məbləğindədir. Bizə də pul versələr, həyətdə gəzib-dolaşmaq daha xoş olar. Daha dərindən fikirləşərəm, hətta düşünürəm ki, Anar müəllim kimi qəlyan da alıb çəkərəm. Amma düzü, özümü yaxşı hiss etmirəm və mənə elə gəlir ki, bizim nəslimiz haqqında əfsanə gerçək olmayacaq. Nəvələrim yeniyetmədirlər. Məncə, onların toyunu görməyəcəm…”- söyləyir.
İdeal bir atadır. Uşaqlarını ən yaxşı şəkildə yetişdirmək naminə bütün imkanlardan istifadə edir. Üç övladı var. Böyük qızı Leyla jurnalistdir. AzTv-nin Kiyevdəki xüsusi müxbiridir. İkinci qızı Ayla Türkiyədə həkim işləyir. Oğlu Atilla isə ABŞ-ın Texas ştatında, NASSA-da mühəndis vəzifəsində çalışır…
Haqqında söhbət açdığım Ramiz Əsgər 10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində müəllim ailəsində dünyaya gəlib. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Beş il Azərbaycan radiosunda redaktor, on bir il türk, ərəb, fars, Azərbaycan, ingilis, fransız və alman dillərində çıxan “Azərbaycan bu gün” jurnalının baş redaktoru, yeddi il kiril, latın və ərəb əlifbaları ilə nəşr olunan “Odlar yurdu” qəzetinin baş redaktoru, on iki il İstanbulda nəşr olunan “Hürriyyət” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri, on bir il Xarıci Turizm Şurasının idarə rəisi, on iki il “XXI əsr” qəzetınin baş redaktoru, on dörd il “Yeni Forum” jurnalının (Ankara) Bakı təmsilçisi vəzifələrində çalışıb. 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin baş katibidir. 2003-ci ildən 2012-ci ilədək Bakı Dövlət Universitetinin müəllimi, bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi-müdiri vəzifəsində işləyib. 2012-ci ildən isə BDU-nun türk xalqları ədəbiyyatı kafedrasının müdiridir. Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professorudur…
Zamanı idarə etməyi olduqca yaxşı bacarır. Məqsədi həmişə qalib gəlməkdir. Özünə xas sistem də qurub. İnandığı və qoyduğu qaydalardan xaricə çıxmır. Üzərinə götürdüyü məsuliyyətin fərqindədir və ağır gəlsə belə bu məsuliyyətdən qaçmır…
Azərbaycanın “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Humay”, Türkiyənin “Türk dünyasına xidmət”, Türkmənistanın “Altın əsr” və TürkSOY-un “Özəl ödül” mükafatları laureatıdır. “Baburnamə”nin tərcüməsinə görə Özbəkistanın beynəlxalq Babur mükafatına, Bəkir Çobanzadənin əsərlərinin tərcüməsinə görə Ukraynanın beynəlxalq Bəkir Çobanzadə mükafatına, Abdulla Tukayın şeirlərinin tərcüməsinə görə Tatarıstanın “Mədəniyyət sahəsində uğurlar” medalına layiq görülüb. 2010-cu ildən Avrasiya Tərcüməçilər Birliyinin (Ankara) sədri seçilib. Yazıçılar və Jurnalistlər Birliklərinin, Beynəlxalq Mətbuat İnstitutunun (İPİ, Vyana) üzvü, Azərbaycanın Əməkdar jurnalistidir. 13 yanvar 2014-cü ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunub.
Deyir ki,- “Mən bütün türk dillərindən tərcümələr etmişəm. Bircə qaraqalpaqca birbaşa tərcüməm yoxdur. Məsələn, mən Əlişir Nəvaidən dərs deyirəm. 20 cild əsəri var, bizdə yoxdur. Mən araşdırıram, onun əsərlərinin tədrisində pdf-dən istifadə edirəm. Onlayn kitablar bizim üçün çox vacibdir…”
Türkologiya, ədəbiyyat, tarix və jurnalistıkaya dair kitablar yazıb. Türk, rus, özbək, qazax, uyğur, türkmən, tatar, başqırd, qaqauz və s. dillərindən tərcümələr edib. Bəlkə də ölkə üzrə ən çox kitabı çap olunan yeganə müəllifdir. İndiyədək 23 öz kitabı, 50-dən çox tərcümə kitabı nəşr olunub…
Maraqlı adamdır,- “Şimali Qafqazda doğum gününü ancaq uşaqlar üçün qeyd edirlər. Böyüklər isə yalnız 60-70 yaşında doğum günü qutlayır. Onlar da ya ictimai-siyasi xadim, ya da sənət adamı olmalıdır. Siravi vətəndaşlar bir kərə yubiley keçirirlər. 63 yaşında böyük bir heyvan – dəvə, yaxud da cöngə kəsib, camaata qonaqlıq verərlər. Yubilyara söz verildikdə isə deyər ki, Allah sevimli bəndəsi həzrəti Məhəmmədi 63 il yaşadıb. Mən də bu yaşıma qədər gəlib çıxmışamsa, demək, onun sevimli bəndəsiyəm. Bundan sonra nə yaşasam, qənimətdir.”- söyləyir…
Altmış səkkiz ildir ki yol gedir, inamla, əzmlə, iradə göstərərək. Çox uğurlara imza atıb, amma bütün bu nailiyyətləri hələ də az sayır. Qələmi yerə qoymur, yorulmadan çalışır. Hazırda Türkmən qəhrəmanlıq dastanı olan üç cilidlik “Koroğlu”nun, üç cilidlik “Ənvər paşa” kitabının tərcüməsiylə məşğuldur. Deyir ki, ömrü boşa vermək olmaz, son nəfəsədək işləmək lazımdır…
Elman Eldaroğlu
Share: