Ədəbiyyatımızın söz cahangiri -Əsəd Cahangir

   Ədəbiyyatımızın söz cahangiri -Əsəd Cahangir

Aləm Kəngərli

Adətən, hansısa qələm adamının yaradıcılığı haqqında yazmaq ədəbiyyat tənqidçilərinin işi olduğundan bir yazıçının tənqidçi haqqında fikir söyləməsi məsuliyyətli olduğu qədər də çətindir. Söhbət bugünkü ədəbi tənqidimizin mərkəzi və parlaq simalarından olan Əsəd Cahangirdən gedir.

Əlbəttə, yazdığı poema və şeirlərini, digər bədii ədəbiyyat nümunələrini yada salmaq bəs edir ki, onun qələmi haqqında uzun-uzadı söhbət açasan. Elə son dövrdə yazdığı “Xarıgülnar” poeması kifayətdir ki, Əsədin necə duyğusal bir şair ruhuna, müşahidəçi yazıçı duyumuna sahib olduğunu anlayasan.

Ünüm ünlə,

Sözüm dinlə, Firəngistan,

Sənə salam var Firəngizdən!

Hə, düz eşitdin adın,

Xalqın sevilən sənətçisi

Firəngizdir,

Ağ alnını Şuşa torpağına qoyan bu qadın…

Onun bütün poetik düşüncə məhsulu olan yaradıcılığını bir kənara qoysaq belə, parlaq qələbəmizin ovqatını əks etdirən bu misralar Əsəd Cahangir qələminin necəliyini dolğun şəkildə ifadə edir.

Nəzərə alanda ki, Söz bütövlükdə ədəbiyyatşünaslığın predmetidir, “ədəbiyyatımızın söz cahangiri” adlı bu yazıda daha çox tənqidçi Əsəd Cahangirdən danışmaq istərdim. Çünki tənqidçinin də yazıçı kimi ən böyük titulu onun sözünün çəkisində, imzasının dəyərindədir.

Əsəd Cahangir olduqca savadlı, geniş mütaliəli və yüksək intellektli bir ziyalı, klassik ədəbiyyatımızdan tutmuş ən yeni ədəbi imzaya qədər hər bir yazarı eyni həvəslə oxuyan, müasir ədəbi prosesi daim diqqətdə saxlayan, əsərlərə öz xüsusi baxışı formalaşmış professional bir tənqidçidir. Onun baxış bucağı nə qloballaşmaya, nə milliləşməyə meyl etmir, bunların arasındakı qızıl ortanı tapır. Ədəbiyyatın fəlsəfi, estetik, ideoloji mahiyyətinini oxucu bu tənqidçinin qələmindən çıxan kanseptual əsərlərdə aydın şəkildə sezə bilir.

Əsəd mahiyyət etibarı ilə çox vaxt sakit, səbrli, nəzakətli görünsə də, bəzən “məşhur” bir imzanın ədəbiyyata dəxli olmamasını, şişirdilmiş bir qələm adamının  yaradıcılığındakı plagiat nümunələrini çox böyük cəsarətlə üzə çıxarır ki, bu da onun tənqidçi vicdanından, söz qarşısındakı ədalət borcundan irəli gəlir.

“Postmodernizm keçid mərhələsindən sonra qarşı sahıldə bizi post insan gözləyir” – deyən tənqidçimiz bu post insanın oxuyacağı ədəbiyyatı yaradacaq yazıçılar arasında yeni istedadların olacağına inanan pozitiv bir baxış sərgiləyir.

İnanıram ki, Əsəd Cahangir bu yeni dövrün də sayılıb-seçilən tənqidçilərindən biri olacaq, köhnə, vaxtıkeçmiş stereotiplərin dağıdılması və bədii düşüncənin yeni mərhələyə keçidi üçün körpü salmaqda əlindən gələni edəcəkdir.

Elə bu inamla da yazının sonunda tənqidçimizi 55 illiyi münasibəti ilə təbrik edir, ona həmişə ruhuna yaxın ovqatda olmağı, yazıb-yaratmağı və yeni üfüqlər aşmağı arzu edirərm.

 

Share: