Ədəbiyyatın Əyyub Qiyas zirvəsi… – Leyla Məcidova yazır

Ədəbiyyatın Əyyub Qiyas zirvəsi… – Leyla Məcidova yazır

Ədəbiyyatın Əyyub Qiyas zirvəsi

“İnsan eşitdikləri və dedikləri ilə deyil,zəhməti və yaradıcılığı ilə kamilləşər”.

(Albert Eynşteyn)

Deyirlər insan yaratdıqca ucalır, ucaldıqca daha yaxşı yaradır. Dəyərli yazıçımız Əyyub Qiyas da yaratdıqca ucalan və ucaldıqca daha yaxşı yaradan yazıçılarımızdandır. Romen Rollanın dili ilə desək, Əyyub Qiyas həyatının bütün sevinci yaradıcılıqdadır. Yazıçı məhz həyatının məna çalarlarını yazmağı məhsuldar yaradıcılıqda görür.
Naşir, tərcüməçi, dramaturq, şair, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü Əyyub Qiyas 1968-ci il 14 dekabr tarixində Lənkəran şəhərində anadan olub. Orta təhsilini 1986-cı ildə Sumqayıtda başa vurub. 1986–1990-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Teatr sənəti” fakültəsində təhsilini davam etdirib. 1991–1993-cü illərdə Moskva Ümumittifaq Kinematoqrafıya İnstitutu nəzdində ali ssenari kursunda Yuri Nikolayeviç Arabovun sinfində qiyabi təhsil alıb. Azərbaycan Elmlər Akademyasının Memarlıq və İncəsənət İnstitutunun qiyabi asipranturasında təhsilini davam etdirib. “Azərbaycan televiziya tamaşaları” mövzusunda tədqiqat üzərində çalışır.
1988–1990-cı illərdə Sumqayıtda kimyaçıların Səməd Vurğun adına Mədəniyyət sarayında xalq teatrının rejissoru, 1990–1991-cı illərdə “Cığırdaş” gənclik mərkəzi yaradıcı gənclərin teatr birliyinin direktoru, 1991–1992-ci illərdə “168 saat” qəzetinin baş redaktorunun müavini, 1992–1993-cü illərdə “Xəzər” jurnalının redaktoru olub.
1993–1997-ci illərdə Azərbmətbuatyayımı İB-nin Sumqayıt şəhərində fəaliyyət göstərən “Ziya” mətbuat yayımı agentliyində direktor vəzifəsində çalışıb. 1997–2012-ci illərdə Sumqayıtdakı “İnter-Press” mətbuat ticarət şirkətinin təsisçisi və icraçı direktoru olub. 2004-cü ildən “Sahilsiz dəniz” dərgisinin baş redaktorudur, 2004–2014-cü illərdə “Ulduz”, 2011–2012-ci illərdə “Ulu çinar”, 2014-cü ildə “Qobustan” dərgilərinin redaksiya heyətinin və 2004–2014-cü illərdə AYB gənclər şurasının üzvü olan Əyyub Qiyas Prezident təqaüdçüsüdür.
Bədii yaradıcılığa 1990-cı illərdən başlayıb. 1996-cı ildə “Mən bir sapand daşıyam ki…” (şeirlər), “Qarışqa” (povest və hekayələr) kitabları nəşr olunub. Bədii tərcümələrini qəzet və jurnallarda çap etdirib. 2007–2008-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə EMM-ində kino bölməsinin müdiri, 2016-cı ilin may ayından 2017-ci ilin yanvar ayına qədər Azərbaycan Respublikası Nazirlər Kabineti yanında fəaliyyət göstərən Tərcümə mərkəzində və “Xəzər” dərgisində redaktor işləyib. 2017-ci ilin yanvar ayından həmin ilin oktyabr ayına qədər “Qanun” nəşriyyatında redaktor olub. İyirmidən artıq əsər müəllifidir.
“Qara işıq” romanı 2004-cü ildə “İlin romanı” ədəbi kulturoloji mükafata layiq görülüb. “Ədəbiyyat” qəzetində gedən “Ədəbiyyat üzrə Nobel mükafatçıları” silsiləsindən olan tərcümələrinə görə 2016-cı ildə Əlibəy Hüseynzadə mükafatına, Belorus yazıçısı, Nobel mükafatı laureatı Svetlana Aleksiyeviçin “Müharibənin qadın olmayan üzü” romanının tərcüməsinə görə 2017-ci ildə Mədəniyyət və Turizm nazirliyinin “Qızıl kəlmə” mükafatına layiq görülüb.
Əyyub Qiyas hələ orta məktəb illərindən ədəbiyyata, musiqiyə, idmana həvəs göstərib. N.Gəncəvi, M.Füzuli, H.Cavid, S.Vurğun, N.Hikmət, İ.Əfəndiyev, C.London, V.Hüqo kimi söz kəhkəşanlarının əsərlərini oxumağı çox sevib, onlardan bəhrələnib. Klassiklərin ədəbi irsindən bəhrələnsə də Əyyub Qiyas sadəcə özü olub, heç kəsi təqlid etməyib. Dahi ingilis alimi, fizik İsaak Nyuton demiş: “… Mən ona görə dahiyəm ki, özümdən öncə dahilərin çiynində dayanmışam.” Ən gözəl insani keyfiyyətləri özündə cəmləşdirən nasir, publisist, ictimaiyyətçi olan Əyyub Qiyasın həyat salnaməsinə, ömür yolundan keçən illərə qısa da olsa səyahət etdik. Onun yazı dili səlis, rəvan, poetik ifadələrlə zəngindir. Həqiqət gerçəkliyi ilə ifadə olunan bütün yazılarında öz dəst-xətti, öz üslubu və orijinallığı aydın seçilir. Öz qaynar söz çeşməsini toplayıb oxucularının ixtiyarına vermək mühüm və başlıca keyfiyyətdir Onun. Bəlkə də bu ona Tanrının verdiyi istedad paylarındandır.
Əyyub Qiyasın son illərdə çap olunan romanları müasir nəsrimizə prinsipial yeniliklər gətirir və ona şöhrət qazandırır. Bu da təsadüfü hal kimi qəbul edilə bilməz. Yazıçının bu əsərlərində yeni roman kolliziyaları, yeni qəhrəman tipləri ilə rastlaşırıq. Yaxşı nasirlər həmişə yeni həyat materialı və bu materiala bədii məna qazandıran məxsusi qəhrəman tipləri ilə seçilirlər. Bu cəhətin roman yaradıcılığı üçün prinsipial əhəmiyyəti var, çünki ədəbiyyat həmişə qəhrəmanlar vasitəsi ilə təzələnir. Hər təzə qəhrəman həyat dəyərlərinin, insanla mühitin yeni anlayışlarını ortaya gətirir.
Yazıçının daxili həyatında keçmişin xatirələri, onların təhlili mühüm yer tutur. Bunun səbəbi iki şeyin onun ovqatına kəskin təsir etməsidir. Bunlardan birincisi adamlardır. Onunla ünsiyyətə girən adamlar ani olaraq onun ovqatına sərt emosional ton verirlər. İkinci amil onun emosional təəssüratlarıdır. Bu təəssüratlar onun yaddaşında ardıcıl olaraq oyanır və xatirələr axını yaradır. Bunun da nəticəsi onun ovqatının müəyyən emosional tona bürünməsi olur. Əyyub Qiyası ilk növbədə bir çox müəlliflərdən fərqləndirən, əsərlərini daha da oxunaqlı edən nəsnə, Azərbaycan həqiqətlərini özünəxas şəkildə çatdırmağı ustalıqla bacarmağıdır. O, əsərlərində daha çox real həyat motivlərini qabarıqlaşdırır və müasir ədəbiyyata gənclərin diqqətini daha da artırmış olur.
Əyyub Qiyasın bədii əsərlərinin dili olduqca təbii, canlı və ritmikdir. Sadəlik, səmimilik və inandırıcılıq yazıçının dilinə məxsus əsas cəhətlərdəndir. Yazıçı bütün yaradıcılığı boyu nədən yazırsa yazsın, həmişə sadə olmuş, məzmunla formanın vəhdətinə daha çox diqqət yetirmişdir. Əyyub müəllim məzmunu bəsit olan, insanı və insan hisslərinin obrazını ifadə edə bilməyən əsəri əsər adlandırmır. Onun fikrincə, bədii əsər keçmiş həyatı yenidən canlandırıb oxucunun təsəvvüründə yaşadır, sənətkarın yaratmaq qabiliyyətinin, məharətinin, qələm gücünün əhəmiyyətini göstərir.
Sözsüz ki, kiçicik bir yazıda Əyyub Qiyasın yaradıcılığına küll halında yanaşmaq yazımın imkanlarından xaricdir. Sadəcə yazıçının yaradıcılığından bəzi məqamlara toxunmağı özümə borc bildim.Son olaraq dəyərli yazıçımız Əyyub Qiyasa yaradıcılıq uğurları, bol-bol oxucu sevgisi arzulayıram.

Leyla Qadir qızı Məcidova
Tarix üzrə Fəlsəfə doktoru,
Lənkəran Dövlət Universitetinin
baş müəllimi.

Share: