Faiq BALABƏYLİ
… Onun həyatının böyük bir hissəsi ƏDƏBİYYATIN və “ƏDƏBİYYAT QƏZETİ”nin içində keçdi. Bir yaradıcı adam üçün əslində bundan gözəl nə ola bilər ki… Amma bir şey də var ki, həm ədəbiyyatın, həm də “Ədəbiyyat qəzeti”nin məsuliyyəti, yükü çoxdur. Bu yükü ancaq sözə şərəflə xidmət göstərənlər çəkə bilər, Ayaz Vəfalı kimi…
Mərdi qova-qova namərd ediblər-
Vəfalıyam, etmə vəfasız məni…
Bu beyt Ayaz Vəfalının yaddaşma hopub qalan şeirindəndir. Tez-tez bu misraları təkrar edirəm və xalq deyiminə söykənilərək yazılan bu şeirdə səmimiyyətdən və həqiqətdən kənar heç nə görmürəm. Ayaz Vəfalı sözün həqiqi mənasında vəfalı adamdır və gənclik illərində götürdüyü bu təxəllüsdə heç də səhv etməyib. İndi ömrünün 87-ci baharını qarşılayan şair-ədəbiyyatşünas, Füzuli yaradıcılığının araşdırıcılarından olan Ayaz müəllimin doğum günü ərəfəsində yazdığım bu yazıda sitat gətirəcəyim bütün şeir nümunələri yaddaşımın dərinliyində qalan və anında dilimdə ifadə olunan şeir parçalarıdır. Bu şairin, əlbəttə ki, xoşbəxtliyidir.
Mən Ayaz Vəfalını lap körpəliyimdən tanıyıram və doğulduğum kənddə bu adama qarşı böyük sevginin olmasını da elə məktəbli yaşlarımdan hiss etmişəm, duymuşam, sonralar isə görüb şahidi olmuşam; Kənd bütünlüklə onunla fəxr edirdi. Bu indi də belədir.
İlk əzbərlədiyim şeir də onun şeiri olub. Hələ onda heç məktəbə də getmirdim. Onun “İllər və nəsillər” adlı kitabı təzə dərc olunmuşdu. Atam o əl boyda olan kitabın şeirlərini ailə üzvlərimiz üçün bərkdən, intonasiya ilə oxuyardı.
Şeirin misraları az qala 50 ildən çox olan bu məsafədə, ola bilsin ki, təhrif olunsun, sürüşüb yaddaşmıdan silinsin, amma şeirin məğzi və misraları bütünlüklə yadımdadır:
Gəldi əcəl… Öldü biri-
baxa-baxa, diri-diri,
Pul topladı yoldaşları –
gül alsınlar, yaşıl, sarı…
Biridedi:kağız gül al
Xeyl qalsın
Biri:dedi dedi əsl gül al
ətir saçsın
Bir nəfər də gözündə yaş,
Nə fərqi var, dedi, qardaş,
ya kağız gül, ya da çiçək
ölən bunu bilməyəcək…
Düz desə də o, bu sözü,
xoşlamadım, sözün düzü…
Şeir bu misralarla bitmir, davamı var. Amma oxucuya verdiyim sözə xəyanət emirəm, axtarıb o şeiri tapmaq çox asandır, amma yaddaşıma güvənəcəyimi demişdim axı. Düzü, yazımı dəniz növbəmdə gecənin bu gecə vaxtı açıq dənizdə yazıram. Evdə şairin dolabımda düzülən kitabları ilə tutuşdurmağa saxlamaq istəmirəm. Qoy bu yazı da şairə hörmət nümunəsi kimi yaddaşımın gücünə yazılsın.
Hə, əzbərlədiyim ilk böyük həcmli əsər də elə Ayaz Vəfalıya məxsus olub. Onun, “4 yaşında fikir çəkdim” poemasını elə bu gün də həyəcansız oxumaq olmur, deyirəm, amma mən o poemanı da eşidərək əzbərləmişdim. Bircə hərf də tanımadığım, məktəbə getmədiyim zamanlar idi, poemanı atamın mütaliəsindən dinləmişdim. Bu əsəri həyəcansız dinləyə, dinlədikcə də yaddaşıma hopdura bilmirdim. Poema elanla başlayır və elə ilk elandan
Bir bacı itirmişəm –
davada
İtirmişəm tufanlı
havada…
Bacım düşdü qürbətə-
Vətəndə
üçcə yaşı olardı
itəndə.
İki xırda hörüyü
Varıydı
Bənizi ağ, saçları
Sarıydı.
Poema şairin uşaq yaddaşından süzülüb yazıldığı kimi, mənim də uşaq yaddaşıma eləcə köçürdü, əzbərimdə qalırdı. Bəlkə də ona görə ki, o poemada təsvir olunan yer, insanlar, ayaqlara batan tikan, könül oxşayan çiçəklər, kəndin sol kənarı ilə axan Qarayar çayı, əkin, örüş yerləri, qayğılı-qayğısız kənd uşaqları və sair poemanı dinlədiyim dövrdə mənim də müşahidələrimin süzgəcindən keçirmiş demək… yaddaşıma hopurmuş və bütün bunlar yaşımın bu çağında, indinin indisində kənddən, kəndimizdən söhbət düşərkən gözlərimin önünə gəlir.
Ayaz Vəfalı doğulduğu kəndə bağlı insandır, kəndə o qədər də davamlı getməsə də… Çoxlu sayda söhbətlərimiz olurdu, gənclik və yeniyetməlik dostlarından, sinif yoldaşlarından, kənddən ev-ev, küçə-küçə bəhs edərdi. O danışdıqca uzun illər şəhərdə yaşaması, kəndə çox az-az gəlməsinə baxmayaraq, onun daima bu kənd ilə nəfəs aldığı əminliyi yaranırdı məndə. O, kökünə, şəcərəsinə, elinə bağlı insandır. Özü necə deyib? Oxuyaq:
Kökdən ayrı düşüb, budaqdan qopan
Yerin də qoynunda yaşaya bilməz.
Ayaz Vəfalı heç vaxt kökdən ayrı düşmədi, budaqdan qopmadı, elə ona görə də doğma insanların qəlbində yaşayır, yazır, yaradır.
Uzun müddət “Ədəbiyyat qəzeti”ndə şöbə müdürü, məsul katib, baş redaktorun müavini və baş redaktor işləyib. Arada doğma qəzetdən bir qədər uzaq düşüb, ömrünün müəyyən vaxtını, səhv etmirəmsə 7 ayını “Ulduz” jurnalında çalışıb. Harda işləyibsə səbrli, sakit davranışlı, heç kəsin xətrinə dəyməyən adam kimi yaddaşda qalıb, xarakterizə olunub. Onunla eyni vaxtda bir redaksiyada işləyənlər heç vaxt onun haqqında mənfi fikirdə olmadılar. Bu gün də “Ədəbiyyat qəzeti”ində çalışanlar onunla bağlı söz düşəndə əlbəttə, xoş sözlər danışırlar. Azər Turan, Adil Cəmil, Südabə Məmmədova, Aydın Xanla dünyalarını dəyişmiş Atababa İsmayıloğlu, Xeyransa xanım və digər əməkdaşlarla onun şəxsiyyəti haqda çox danışmışıq. Bu anda Cabir Novruzun sözləri düşür yada: Sağlığında qiymət verək insanlara. Əlbəttə ki, bu qiymət onu yaxından tanıyanların qiymətidir. Dövlətin ad-san paylayan, layiqli-layiqsiz orden-medal, fəxri adlar verən şöbəsinin deyil. Oralara çıxmaq üçün istedadın olmağı, oxucuların və insanların səni sevməsi çox azdır, səni səndən bir pillə yuxarıda olanlar da tanımalı və tanıtmalıdır. Təkcə işinlə bağlı yox, əlbbəttə, başqa məziyyətlər də nəzərə alınmalıdır. Həm də hansısa dairənin üzvü olmalısan, hansısa içkili-içkisiz məclislərin tərkibində görünməlisən, yeri gələndə sərxoş olmalısan, yeri gələndə “söz deməyi”, üzə durmağı, dəyişməyi bacarmalısan. Əlbəttə, hər kəsə aid edilməyən bu bacarıqlar Ayaz Vəfalıda olmadı, ola bilmədi. Ola da bilməzdi. Körpə yaşlarından atasız qalan, işi – gücü ancaq dərslərini oxumaq, anası Ətlaz ananın gözüyaşlı bayatılarını dinləmək, Zərri nənənin hələm-hələm kişilərin təpərini, qürurunu heç eləyən zəhmqarışıq sevgisi ilə böyüyən, müharibənin acısından, ağrısından yaxasını qurtara bilməyən bir cocuğun içində daşıdıqları bu iztirab, çəkingənlik onu nə gənclik, nə tələbəlik illərində, nə də işlədiyi zamanlarda tərk etmədi. Atasız böyüdü, amma yetimçilik görmədi, dayısı Dünyamalı kişi, nənəsi Zərri nənə onu və qardaş bacısını gözləri və ruhu tox böyütdü. Bununla bərabər gizlində atasızlığının ağrısını özü çəkirmiş demək. Şeirlərinin birində yazır:
“Atam burda itkin düşüb, mən necə dincəlim, Krim”, deyir və müharibənin acılarını çəkə-çəkə yaşadığını bəyan edir bununla.
Əlbəttə, ədəbi mühütdə o, tək idi. Onun arxasında heç bir dəstə yox idi. Amma, xeyirxah insanlar da az deyildi. Başına əl gəzdirib sığal çəkməsələr də, Yazıçılar İttifaqının imtiyazlarını geninə-boluna ayaqları altına atmasalar da, işgüzarlığına, istedadına, əxlaqına qiymət verirdilər. Mirzə İbrahimov, Qasım Qasımzadə, Rəsul Rza, Məmməd Əkbər və söhbətlərində adlarını ötəri də olsa çəkdiyi digər allah haqqına danışanlar da olub. Bu kimsəsiz şairə pis münasibətlər bəslənməsə də, dost deyərək yaxınlıq edənlər də çox olmayıb; Tanıdıqlarım Qəzənfər Paşayev, Sabir Rüstəmxanlı, Əbdüllətif Bəndəroğlu, rəhmətlik Xeyrulla Əliyev,, Nizami Cəfərov … və əlbəttə ki, tanımadığım bir çoxları ona dost olanlar sırasındadır…
İşə tez gəlib, evə gec dönüb. Digərləri kimi yeməkxanalarda, içki və söz-söhbət məclislərində ləngiməyib, redaksiyaya gələn qalaq-qalaq yazıları oxumaqda keçib vaxtı, balalarının yanına – evinə ona görə gec gedib.
Xalq şairi Nəriman Həsənzadə AYB üzvü olmam üçün zəmanət verirdi. Ayaz müəllim ona zəng vurub xahiş etmişdi. Uzun müddət “Ədəbiyyat və İncəsənət” qəzetinin baş redaktoru olmuş Nəriman müəllim, o zaman Mətbuat və İnformasiya nazirliyində müavin vəzifəsində işləyirdi. Nəriman müəllim, mənimlə bir qədər söhbətdən sonra, apardığım ilk şeirlər kitabımı vərəqlədi, bir neçə şeir oxudu, sonra dedi: Əslində sənin şeirlərini oxumadan da zəmanət verə bilərdim. Ayaz heç vaxt layiq olmayana zəmanət verməz və ondan ötrü xahiş etməz, dedi. Ayaz çox məsuliyyətli adamdır, əsl qəzetçi, ədəbiyyat adamıdır…
Ayaz Vəfalı dost kimi özlərini tanıdanlara, iş yoldaşlarına, tanıdığı, ünsiyyətdə olduğu hər kəsə vəfalı bir insan olaraq qaldı. İndi təqaüddədir. Bu aralarda itirdikləri də az olmadı. 26 yaşlı nəvəsi, özündən yaşca kiçik olan qardaşı Aydın həkim, böyük bacısı Əzizə xala, həyat yoldaşı Həqiqət bibi və neçə-neçə doğması, iş yoldaşı, qələm dostu… Bütün bunlar onun həyatında acı bir iz buraxdı, əlbəttə. Ömrünün 87-ci baharına qədəm qoyur. Aprelin 1-də, zarafat günündə dünyaya göz açıb. Şeirlərinin birində yazır ki, mən dünyaya gələndə hava bir qədər soyuq olub, ayazlı yaz səhəri imiş. Elə ona görə də anam adımı Ayaz qoyub.
Onun bütün şeirlərini oxumuşam və çoxunu da əzbər bilirəm. Yadıma salıram, və şeirlərinin verdiyi informasiyaya görə, o, baharı çox sevir. Ona görə də şeirlərində yazın nəfəsi daha çox hiss olunur. A.Vəfalının çox sevdiyim “Növruzgülü” şeiri var. Bu şeir təbiətin cana gəlib oyanmasının poetik dillə təsviridir. Yanılmıram ki, görəsən? Baxın, yaddaşımı tərpədirəm, oxuyaq bir də, siz deyin, fikrimdə yanlışlıq yoxdur ki?
Qar içində, aləm bilir,
Yaşıl ortdü novruzgülü;
Mənə dedi bahar gəlir –
Dedi, ötdü novruzgülü.
Novruzgülü mənim də çox sevdiyim güldür: rəngi ilə, zərifliyi və bu zərifliyin içərisindəki qorxmazlığı, ilkinliyi ilə. Axı baharın gəlişini, hər şeydən öncə o xəbər verir. Qaranquşlar, uçub gələn durna qatarı, çiçəkləyən alça ağacları sonradan baharın müjdəçisi olur. Məhz qar laylarını yarıb kolların dibindən, açıq düzlərdən, tarlalardan, həyətlərdəki bağ-bağçadan o gül üzümüzə gülür, az yaşayır, amma baharı qarşılayın deməyə imkan tapır:
Bilmədim ki, bu nə işdi,
Özü yazdan ayrı düşdü;
Niyə belə tez gəlmişdi –
Tez də getdi novruzgülü.
Tərk edəndə dağı-daşı,
Ağ buludlar tökdü yaşı;
Az yaşadı… amma qışı –
Bahar etdi novruzgülü…
Qışın yaza keçişini qısa ömrü ilə sezdirə bilən Novruzgülünün “fədakarlığı” şair müşahidəsindən kənarda qalmır və şeirin son iki bəndi oxucuda bir əminlik yaradır; bütün bunlar Ayaz Vəfalının uşaqlıq illərinin müşahidəsi və özünün özünə verdiyi sual və əminlikdir:
Niyə belə tez gəlmişdi –
Tez də getdi novruzgülü.
Yaxud:
Az yaşadı… amma qışı –
Bahar etdi novruzgülü…
Ayaz müəllim baharda dünyaya gəlib. Baharın ilk günlərinin ayazlı havasını, çiçək ətirli havasını körpə vaxtlarından ciyərinə çəkib, ürəyinə köçürüb. Bahar fəslinə vurğunluğu şeirlərində daima hiss olunur, dedim axı yuxarıda. Yazılarının birində deyir:
“Baharı sevdim – səməniyə baxıb pıçıldayanda:
“Səməni,
Saxla məni;
İldə göyərdərəm səni”.
Düşündüm: necə yəni “saxla məni?” Səməni adamı necə saxlaya bilər? Onun əlindən nə gəlir ki?.. Sonra inandım ki, saxlayar. Bu hikmətə onda inandım ki, insana üzünü tutub: “Öldür məni, dirildim səni” deyən torpaq gördüm, insanı doğrudan da dirildir, yaşadır. Elə isə ümman zəmilərin bir damlası olan səməni insanı niyə də yaşatmasın?..
Baharı sevdim – oduna, istisinə, hərarətinə görə. Od – insan üçün həmişə əziz olub. İldırım vurmuş meşələrdə diri-diri bişən heyvanın əti qədim insanın ağzını dada gətirdi. Odu – az qala gözlərinin içində qoruyub saxladılar. İnsanlar nəinki ocaqlarını, hətta ürəklərini belə odsuz görmək istəmirlər. Od – demək olar ki, hər şeyi, o cümlədən ürəyi də paka çıxarmağa qadirdir”.
Bizim tərəflərin yaza çıxışı da bir qədər fərqlidir, desəm, bəlkə də yanlış olar. Lakin Azərbaycanımızın bütün bölgələrində bahar nəfəsli bayramların keçirildiyi rituallar eyni olsa da, nədənsə mənə elə gəlir ki, bizim kənddə bu daha təmtəraqlı, daha isti, daha yadda qalan və əsrlərin o tayından bu günə qədər gəlib çatan ənənəyə daha çox bağlılığı olan bayramdır, yazı elə yazın özünə layiq qarşılamadır.
Yazın gəlişində axşamüstü həyətlərdə qalanan ocaqlar, hər kəsin od üstündən o tərəf-bu tərəfə atılması, ağırlıqlarını, acılarını odun üstünə çırpmaları (yadımdadır, balaca idim, anam məni qucağına alıb həyətimizdə alovlanan yeddi ədəd tonqalın üstündən atladardı, ağırlığın, uğurluğun burda qalsın, deyərdi – müəllif), qonşu həyətlərin çəpərlərinin üstündən həyət-həyət, küçə-küçə, kənd-kənd gəzərək səslə-küylə keçirilən oyunlar, yaddan çıxmır ki… Bir də Ayaz Vəfalının təbirincə desək, kim deyir ki, bütün bunlar elə boş bir əyləncə olub:
Neçə-neçə belə bahar –
Gəldi keçdi ömürdən;
Aman ellər, nə sirri var –
Unutmadım onu mən?..
Deməyin ki, əylənmişik –
Duymamışıq heç nəyi;
Bəlkə onda öyrənmişik –
Od içindən keçməyi?!.
İndi ömrünün ahıl vaxtında, övladlarının, nəvə-nəticələrinin uğurları, gülüşləri ilə əhatələnən zamanında onun haqqında yazmaq istədim. İstədim ki, bilsin, o sözün həqiqi mənasında sevilən şairdir, ziyalıdır, alimdir. Mən bu sevginin rüşeymlərini onun doğulub boya-başa çatdığı, pərvazlanıb həyatın ağır sınaqları ilə üz-üzə gəldiyini, kəndin ilk alimi, şairi haqqında elə o kənddəki insanların dilindən eşitmişdim. Bütün analar ( mənim uşaqlıq illərimin nənələri-müəllif) onu özlərinə övlad bilirdi və bu sevgi bu gün da var.
Orta Asiya respublikalarının birində “Ayazqala” adlı bir qala var. Ayaz Vəfalı adaşı olan qalaya yazdığı şeirin son bəndində deyir:
Qalaların adaşıyam,
Gərək bu adı daşıyam,
Siz yaşadıqca yaşayam,
Siz tək qalam, Ayazqala,
Salam, salam, Ayaz qala.
Ayaz Vəfalı qala kimi dayanıqlı, yersiz zərbələrin aşındıra bilmədiyi qala ömrü yaşayıb – o qalanın adı SÖZ qalası, ƏDƏBİYYAT qalasıdır. O qalaya sığınanlardan biri kimi mən də həmişə du qalanı önümdə fəxarət, arxamda güvənc bilirəm.