Əfqanıstanın qızılbaş azərbaycanlıları

Əfqanıstanın qızılbaş azərbaycanlıları

Əfqanıstan coğrafiyası eramızdan əvvəldən 1747-ci ilə – Nadir şahın ölümünə qədər olan türk idarəçilər tərəfindən idarə olunurdu. Ağ hunlar, Göytürklər, Qəznəvilər, Böyük Səlcuqlular, Əmir Teymur Dövləti, Şeybani Özbəklər, Xarəzmşahlar, Əfşarlar və Moğollar Əfqanıstanda qurulan əsas türk dövlətləri olublar.

Əfqanıstanda eramızdan əvvəl 125-eramızın 40-cı ilində saka türkləri, eramızın 40-425-ci illərində Kuşanlar, 425-566-cı illərdə Ağ Hunlar hökmranlıq etmişlər.

Əməvilər dövründə, VII əsrin sonlarına doğru islam burada çox sürətlə yayıldı. X əsrdə yenidən Qəznədə bir türk dövləti quruldu. Sultan Mahmud Qəznəvi dövründə (999-1030) Əfqanıstan müsəlmanları islam dinini bugünkü Hindistan, Pakistan və Banqladeşə yaydılar. 1040-cı ildə Qəznəvilərin hakimiyyəti başqa bir türk dövləti olan Səlcuqlarla əvəz edildi. XII əsrdə Əfqanıstanda Xarəzmşahlar və daha sonra Böyük Teymur Dövləti, Moğol Dövləti, Avşarlar, Türküstan bəylikləri, Həştərxanlarla birlikdə mütləq türk hakimiyyəti var idi. Lakin bölgədə son Türkistan bəylərindən olan Şərif Xan öldürüldükdən (1887) sonra türk hakimiyyəti zəifləməyə başladı.

Azərbaycanlı qızılbaşların Əfqanıstana köçməsinin birinci mərhələsi 11-ci əsr Səlcuqlar dövrü hesab olunur. Ehtimal olunur ki, türkmən tayfalarının Əfqanıstana ilk gəlişi 11-12-ci əsrlərdə Səlcuqlar dövründə olub.

İkinci gəliş isə nisbətən daha gec, 18-ci əsrdə olub. Güman olunur ki, qarabağlı tayfalar da, məhz 18-ci əsrdə, Nadir şah zamanında qızılbaş türkmən tayfaları Əfqanıstan ərazisinə köçürülüb. Ehtimal olunur ki, Nadir şahın təşəbbüsü ilə Qarabağ, Urmiya və Həmədan bölgələrindən qızılbaş türkmən tayfaları Əfqanıstanın Kabil, Herat, eləcə də Qəndəhar vilayətlərinə yerləşdirilib. Əfqanıstan qarabağlıları haqqında bilinən odur ki, bu ölkədə iki fərqli regionda Qarabağ adlı yaşayış məntəqəsi mövcuddur. Ümumilikdə isə Əfqanıstanda Qarabağ, Qarabağbazar, Qarabağpalan, Qarabağbibi kimi yer adları var.

Bundan başqa hazırda Əfqanıstanda Əfşar, Əfşar-təpə, Əfşar-nənəkçi, Bayat, Şahağası, Otuzikilər, Şahsevən kimi yer adları mövcuddur. Əfqanıstanda hazırda mövcud olan Qarabağ adlı iki yaşayış məntəqəsindən biri Kabil şəhərindən 60 km şimalda, Baqram aviabazasının 20 km cənub-şərqində yerləşir. Burada təxminən 20 min insan yaşayır. İkinci Qarabağ rayonu isə Kabildən cənub-şərqdə, Qəzni vilayətinin eyni adlı mərkəzindən cənubda yerləşir. Qəzni vilayətinin 19 rayonundan biri olan Qarabağ rayonunda 60 minə yaxın insan yaşayır. Əfqanıstanda məzhəbçilik və tayfa davaları başlayana qədər qızılbaşlar bu ölkədə əsas dövlət postlarında təmsil olunub, əhalinin savadlı və döyüşçü təbəqəsi hesab olunub. Hazırda da Əfqanıstan hökumətində orta və yuxarı məmur təbəqəsi içərisində qızılbaş əsilli şəxslər üstünlük təşkil edir.

Əmir Əbdürrəhman Xanın hakimiyyətinin başlanğıcınadək bütün məmurlar və zabitlər, möhtərəm vəzifələrin sahibləri rifah, rahatlıq içində idilər. Adı çəkilən əmirin dövründə bütün Əfqanlar yazmağı və işi öyrəndilər və yavaş-yavaş qızılbaşları işdən qovdular. Onlar bu ölkə hökmdarlarının basqı və zülmünə görə qırağa qoyuldular. Bu əzilən qızılbaşlar fərqli soydan olan topluluqlar ilə fərqli təbii və sosial şərtlərdə yaşadılar. Bu şərtlər sonucunda bunlar əsas irqi fərqlərinin çoxunu itirmişlər və sosial, maddi, coğrafi və müxtəlif siyasi şəraitlərin təsiri altında Əfqanıstan vətəndaşlığı vəsiqələrini alanda kimliklərini yaşadıqları məhəlləyə görə qeyd etdirmək məcburiyyətində qalmışlar.

Əfqanıstandakı soydaşlarımız Azərbaycanın müxtəlif bölgələrindən və imperiyanın digər yerlərindən toplanmış Cavanşir, Əfşar, Şahsevən, Bayat, Qaşqay, Köçəri, Kəbəri (Kəbirli), Şirvanlı türklərdən və başqa tayfa və tirələrdən ibarətdirlər. 1839-42-ci illər Əfqan-Britaniya münaqişəsindən sonra əfqanların məzhəbi hisslərinin də təsiri ilə qızılbaş topluluğu təqiyyə etməyə, yəni məzhəblərini gizlətməyə başlayırlar. Bununla əlaqədar olaraq bu gün oradakı soydaşlarımızın sayı ilə bağlı təxminlər çox fərqlidir, toplam əhalinin 1-3%-i qədər, yəni 0.3-0.9 milyon qədər olduqları güman olunur. Azərbaycan türkləri müasir dövrdə Əfqanıstanın bütün önəmli şəhərlərində yaşayırlar, bir çox yerdə kəndləri var, ancaq daha sıx olduqları yer Kabil ərazisidir.

“Sovet etnoqrafiyasına” görə

Qəndəhar şəhərinin sakinləri: tacirlər, sahibkarlar, marifçilər. Şiələr. Dari dilində danışırlar. Çox gözəl xatırlayırlar ki, onların əcdadları XVIII əsrdə Nadir şah Əfşar tərəfindən bura köçürülmüşdür. Ancaq Kabil əfşarlarından fərqli olaraq türkcə danışmırlar və əmin etməyə calışırlar ki, onların əcdadları türk dilini bilirdilər. “Qızılbaş” terminini qorxularından işlətmirlər. Əfqanıstan qızılbaşları islam şiə məzhəbinə etiqad edirlər.

Burada özbəklərdən sonra ən çox əhalisi olan türk tayfası qızılbaşlardı. Qızılbaşlar daha çox Cənubi Türküstan adlanan bölgələrdə, xüsusən Əfqanıstanın şimal hissəsində yaşayırlar. Əfqanıstandakı qızılbaşlar özlərini vətənpərvər sakin kimi təsnif edirlər. Əfqan qızılbaşları təhsilini fars və ərəb dillərində alırlar. Ərəb əlifbası yazışmalarda, nəşr olunan əsərlərdə və gündəlik həyatda istifadə olunur. Qızılbaş türkcəsi heç vaxt tədris dili olmamışdır. Qızılbaşlar öz dilini yalnız danışıq dilində istifadə etdikləri üçün dilin qrammatik qaydalarını bilmirlər. Bir sözün türkcə qarşılığı olsa da, fars və ərəb dillərindən çoxlu sözlər götürmüşlər. Bu vəziyyət ərəb və fars dillərinin qızılbaş türkcəsi üzərində hökmranlığına səbəb oldu.

Əfqanıstanın şimalından kənarda yaşayan qızılbaşların əksəriyyəti farslaşıb. Fars dillərinin təsiri altında dilini itirən bu qızılbaşlara öz aralarında dari (fars ləhcəsi) türkmənləri deyilir. Əfqanıstan qızılbaşları mədəniyyətlərinin bir hissəsini keçmişdən yaşatsa da, bəzi adət və ənənələrini unudublar. Qızılbaşlar Əfqanıstanda ayrı bölgələrdə yaşasalar da, adət və ənənələri bir-birindən çox fərqlənmir.

Bəli, bu gün Azərbaycan öz torpaqlarının böyük bir qismini itirib. Hətta tərəfli tarixçilər bu dövlətləri ”İran dövləti” adlandıraraq həqiqəti gizlədir. (Halbuki İran sözü 1925-ci ildə türk soylu Qacar dövlətinin dağılmasından və taxta fars soylu Pəhləvi sülaləsinin keçməsindən sonra yaranıb). Ancaq bütün bu nüanslara baxmayaraq, Azərbaycanın sərhədindən uzaqda yaşayan bu türklər bizim soydaşımızdır.

Qeyd edim ki, hazırda (Taliban hökumətinə qədər) qızılbaşların adı Əfqanıstan himnində keçir.

Zaur Əliyev

Share: