Xəyalın “gözqırpımında” getdiyi köhlən atında durub Türküstan ellərinə, oradan zirvəsində bulud əvəzi nağıllar, rəvayətlər dolaşmaqda olan Altay dağlarına, oradan Balkanlara, orada da qərar tutmayıb Qafqazlara- onun isti, cana can qatan doğma səmtinə, özümüzə dönürəm; bir Tərəkəmə məclisinə qonaq oluram. Nağıl söylənilir, nağılları sevirəm, indi də mütaliə edirəm, çünki nağılda şah qızı igid bir çobanla evlənib muradına çata bilir, nağılı sevirəm çünki sonu şadlıqla, sevinclə bitir… Amma oxucum, məni bağışla, bu hekayəm qəmlidir, qəm içində də bitir. Amma kədərlənmə, sonunda ümid var, güclü inam var.
M.X. Təkləli
Daş ürəkli oğlanın nağılı
Əziz oxucum, tələsmə, bu huş-guşla gözlədiyin heç bəlkə nağıl olmadı. Axı bayatılarımızın başında gələn “əzizinəm”, “mən aşiq”, “lələ” deyiminin əslində o parçaları qoşan müəlliflərin öz adı olduğu da söylənilir. Bizim də bu “nağılımız” Lələ – “daşqəlbli Lələ oğlan” haqqındadır.
…Bir gün Tovuz ana qapılarında bir-iki günlük işlərindən ötrü tutulan muzdur oğlanın gələndən gedənədək həmişə fikirli olduğunu, qəmgin oturuşunu-duruşunu görür. Nə qədər göz qoyursa bu cavan oğlanın heç öz yazıq tövrünü dəyişmədiyini, gülənə qoşulub gülmədiyini, atmacanı-zarafatı heç eşitmirmiş kimi eyninə almadığının fərqinə varır. Yaxına gəlir, oradan-buradan söz salır, qərəz çox çəkmir ki, məsələ əyan olur: oğlanın evdə gününün qara olduğunu öyrənir.
İndi Tovuz ananın müsahibi mənəm. Mən – günbatan tərəflərdən bu qəsəbəni dövrələyən boz dağların axşam-axşam əsən küləyinə sinəsini gərən qonaq, dili bayatılı, döşü nəğməli-ninnili ev sahibi də Tovuz ana.
Mən aşiq, dağa belə
Qorxuram yağa belə.
Sən duman ol, mən çiskin
Çəkilək dağa belə
Gözümün önündə həmən bu qara dağların küllü köksü bir anda şehli çəmənlər, rəngarəng çiçəklərlə örtülür. lap yaxındakı Şubanı dağının kələ-kötür bağrı bir göz qırpımında yaşıllanır, burnuma duman-çən rütübətinə bütün ətrini qatan süsənbərin, nərgizin qoxusu gəlir. Ömrü, bu ömrün gəlin çağları o uzaq, qərib, dumanlı-çənli gədiklərdə keçən bu ana sanki mənə heç nə yox, elə öz həyatını danışır, bütöv bir ömrün söhbətini bir neçə cümlə ilə nağıl edib bitirməyə çalışırdı. Sözün gerisinə bax:
O görükən Savalandı
Soltandı, Savalandı.
Nə dərdim kimi dərd var,
Nə yaram sağalandı
Ürəyimi oxudun, ay ana. Könlümü varaq-varaq çevirdin…
Bayatılar, nəğmələr ard-arda düzülür. Qırıq-kəsik misralar, kəlmələr sanki bir od olub hər şeyi qapıb qarsır. Amma ürəyimiz bu adı gözəl məhəbbətin hənirində, insana sevgi və sayğının isti ağuşunda uşaq kimi rahatlanıb nazlanır. Bu saat hər kəsdən artıq səxavətli, mehmannəvaz bir ev sahibinə çevrilən bu əlvan bağ hər tərəfdən – salam verir, xoş gəldin, nə yaxşı ki, sən gəldin deyib qucaq açır.
Nə deyim, nənə də öz nənəliyini biləndir. Çəkdiyi kədərli bir bayatıdan dolayı söhbəti yenə həmin muzdurun üstünə aparıb çıxardır. Sözün düzü, əvvəl-əvvəl o kədər və bir yetimin iztirabları bu xoşbəxt bağla tutmayırdı heç. Odur ki, bir ara az qaldı deyəm, siz allah, bu gözəlliyə heyfiniz gəlsin. Amma demədim, qorxdum ki, həm öz nəşəmi qaçırdaram, həm də bayaqdan mənə munis dost olan bağın. Təzə-təzə yetişməyə başlayan şaxlı-şəvəlli meynələrin arasından özünü göstərən gəlinbarmağı üzüm salxımları da sanki bu haqsızlıqdan rəngini, təravətini itirəcəkdi, bundan qorxurdum. Qəddarlığın, rəhmsizliyin qanlı divanı mənə bəlli…
Tovuz ana söhbəti muzdur oğlanın üstünə gətirmişdi. Deyirdi ki, qadını bu məzlum oğlana baxmır, çörək vermir, xoş dindirmir, amma pulunuca gəlib lap sahibindən özü alıb aparırmış…Ah fələk! Ah fələk…
Bizə fələk eylədi,
Qurdu kələk eylədi.
Girdi güllü bağıma
Yoldu lələk eylədi,
Ələk-vələk eylədi.
Keçən günlərdə, keçmiş əyyamda el içində hörməti çox, dövlətdə də varı çox bir kişi varmış. Amma bu kişinin dərdi varından da çox imiş; kişinin övladı olmazmış. Bu səbəbdən arvadına gün verib işıq verməz, niyə doğub-törəmədin, məni bir uşağa həsrət qoydun, deyə danlayıb dansayar, yazıq gəlinin gününü göy əsgiyə bükərmiş. Bir gün bu bədrəftar kişi durub: həccə gedirəm, gedəm yalvaram, dəxil düşəm ki, məni bir oğul payı ilə sevindirsin rəhim allah. Sonra qadına dönüb barmağını silkələyərək: mən gələnə əgər uşağın olmasa səni öldürəcəyəm, deyib həcc səfərinə çıxır. Gəlin ağlaya-ağlaya qalır. Canının dərdindən bilmir ki, nə etsin, başına haranın külünü töksün. Oturub hey vaxt-bivaxt ağlayır; gözünün yaşı olur, ətəyi olur. Nəhayət vaxt-vədə tamam olur, bir gün xəbər gəlir ki, kişi ziyarətdən qayıdır. Qadın daha ağlamağının bir çarə olmadığını görüb qorxusundan ora-bura vurnuxur. Götürüb tez yüyrük qurur, bir daşi əsgiyə büküb bələyir. Yüyrüyə qoyub yırğalayır. Kişinin evə yaxınlaşdığını duyunca daha ürək edib onun gözünə görünə bilmir, səhəngi qapıb nə ola-ola, deyib bulağa qaçır. Qapıya girən ərinə: yüyrüyü yellə, indi gəlirəm, uşağı qoyma ağlasın. Yetişir bulaq başına, səhəngi doldurur, əl-üzünü yuyur. Düşünür-daşınır, evə dönməyə ürək etmir. Bir də baxır ki, əri onu haray-həşir çağırır, çar-naçar səhəngi çiyninə, ölümü də gözaltına alıb evə qayıdır. Əri: niyə gec gəldin, uşaq bayaqdan durub, ağlayıb özünü öldürür. Ana eşitdiklərinə, nə də gördüyünə inana bilmir. Beşikdə həqiqətən qışqırmaqdan nəfəsi kəsilən çağa. Xoşbəxt ana əlləri əsə-əsə uşağı götürüb köksünə sıxır, körpə sakitləşir. Bu minvalla bir neçə gün keçir. Bir gün hacı qucağında uşağı əmizdirən arvadına üzünü tutub: yaxşı, oğlumuzun adını nə qoyaq? Qadın dərhal: Lələ (qadın bununla bu payın haqdan verildiyini nəzərdə tuturdu)
Ay dolanır, illər ötür, Lələ böyüyüb bir igid həddinə dolur, heç kimə heç nədə macal vermir; atan, vuran, asan-kəsən bir oğlan olur. Yetənə yetir, yetməyənə də daş atır. Heç kimdən də nə qorxur, nə də çəkinir. Qonşular şikayətə gəlir. Lələ nə ata təhdidinə, nə ana yalvarışına qulaq asır. Axır bezir, bir gün başını götürüb kənddən çıxır, özünə məskən axtarır, gedib bir qayaya sığınır. Orada özünə yer edib yaşamağa başlayır. Kəndin qolu güclü kişiləri bir gün köməkləşib onu tuturlar. Hər tərəfdən tökülüşüb Lələni danlayırlar, öyüd-nəsihət verirlər: Sənin atan var, anan var, onlara yazığın gəlsin, onlara xatir yola gəl, ağıllı övlad ol, daş ürəkli olma… elə bunu demişdilər ki, Lələ zülüm-zülüm ağlamağa başladı:
Lələyəm, başdan mən,
Yemədim hər aşdan mən.
Nə atam var, nə anam
Yaranmışam daşdan mən
…qoca nənəm vardı, atamın anası, deyə Tovuz ana söhbətin axırını lap şirinləşdirir. Mənə çox öyüd veribdı, adı Xeyrənnisə, atasının adı kərbəlayı Əsədullah. Müharibədə itkin düşən oğlunun təzminatını vermişdilər, yaxın durmamışdı; pulu neynirəm, oğlumu verin, oğlumu istəyirəm. Dava bitir. Gözü yollarda nisgil içində ölür. Səhərisi oğlu gəlib çıxır:
Mən aşiqəm ha səni,
Haqq saxlasın ha səni.
Xəstə könlü nar dilər,
Mənim könlüm ha səni
Dönüb bu Tərəkəmə nənəsinin yol çəkən gözlərinə baxıram. Bilirəm, çoxdan bilirəm Tovuz ananın da həsrəti var. Xeyrənnisa nənə kimi gizli bir həsrəti. Bir də yollardan yığılmayan gözlərində bir kiçicik ümid şöləsi var, bir göz qırpımımnda o həsrəti əridib yox edə biləcək ümid işığı. Bir vaxt qapısının ahəstə-ahəstə döyüləcəyinə, yerə dikilən günahkar baxışların üzrünə-təmənnasına bərk inamı var Tovuz ananın. Mən də yaman inanıram, daşürəkli bir oğlanın daş qəlbinin qəflətən yumşalmasına, birdən peşiman-peşiman yığışıb gecənin gecəsində təşvişlə qapını döyməsinə.
Minəxanım Təkəli