BİR ŞƏCƏRƏNİN ARAYIŞI
(Əfşan Yusifqızının “Əli dağı” romanı haqqında)
Şəcərə bir millətin keçmişi ilə bağlı vacib məlumatları özündə cəmləşdirir. Bütün türk xalqlarında olduğu kimi Azərbaycan mədəniyyətində də nəsil şəcərəsi mühüm yer tutur.
Əfşan Yusifqızının “Əli dağı” romanını da bu baxımdan dəyərləndirmək doğru olar. Əsər Qara Mustafaya miras qalan, üzərində atası Əlinin adı yazılan damğa ilə əlaqələndirilərək “Əli dağı” adlandırılıb. Övliya nəslindən gələn Qara Mustafanın şəcərəsinin köçəri həyatından bəhs edən əsərdə obrazların keşməkeşli həyatının ağırlığından çox, onların yaşadığı möcüzələr, öncəgörmələr, qeyri-adi hissetmə qabiliyyətləri oxucunu heyrətləndirir. Elə ilk səhifələrdə bu övliyanın bir fikrini oxuyuruq: “Qara Mustafa Əslidən ayrılmazdan əvvəl bacısı qızıyla bağlı ona belə demişdi: “Onun sağ ayağında ilan gözü qalıb.”
Bir gün yolda huşunu itirən Pərini dua oxuyaraq sağaldan Qara Mustafa bu bir cümlə ilə ona tezliklə başına gələcək təhlükədən də xəbər vermişdi. Sabahı gün həqiqətən də, Pərinin ayağından ilan vurmuşdu. Qızın köməyinə gələn Mustafa onu xilas edərkən, ilana nə vaxtsa ziyanlıq vurduğunu bildirmişdi. Pəri də etiraf etmişdi ki, bir dəfə ilanın yuvasını dağıdıb və sağ dabanı ilə ilan yumurtalarını əzib. Naməhrəm olduğu qızın ayağına toxunduğu üçün vicdanı qarşısında borclu qalan Mustafa Pəriyə evlənmə təklif etmiş, onunla nigahlanmışdır. Bu bir tale yazısı olmaqla bərabər, həm də cəmiyyətdə insan əxlaqına verilən dəyər ölçüsü olaraq qəbul olunur.
Şəcərə milli şüurun qavranılmasında istinad mənbəyi rolunu oynayır, Azərbaycan tarixi romanlarında həm də, əcdadların mənəvi dəyərlərinin, adət-ənənələrinin gələcək nəslə mirası sayılır.
“Əli dağı” romanında Qara Mustafa ilə başlayan şəcərə sonadək o nəslin qutsal dəyərlərini qoruyur. Bu dəyərlərdən biri də vəsiyyətdir. Mustafa kişi oğullarına vəsiyyət edir ki, onun məzarını çöl-biyabandakı bataqlıq yerə salsınlar. Vaxt gələcək ki, o çöl-biyabanda ucu-bucağı görünməyən gözəl kənd salınacaq. Həmin bataqlıq yer əkin-biçinə yararsız olduğu üçün məzarlıq kimi istifadə olunsun. Oğullar bu vəsiyyətə əməl edirlər və hər şey eynilə atalarının dediyi kimi olur. Nəslin davamçıları övliya Mustafanın məzarını ziyarətgaha çevirirlər. Bu bir daha təsdiq edir ki, “vəsiyyət” tarixi roman janrının əsas funksiyalarından biridir və nəsillər arasında əlaqə yaratmaq fəaliyyətini öz üzərinə götürür. Ümumiyyətlə, vəsiyyət tarixi şəxsiyyətlərin “son sözü” – qərar olaraq əhəmiyyət daşıyır. Demək olar ki, bu əsərdə müəllifin təqdim etdiyi obrazların həyat təcrübəsi və cəmiyyətdəki yerinin əhəmiyyəti bu əsərin tərbiyəvi xüsusiyyətləridir. Belə ki, vəsiyyətin yerinə yetirilməsi bir sıra sosial problemlərinin həllinə, ailə qanunlarına əməl etməklə nəticələnir.
Tarixi-bioqrafik romanlarda, nağıllarda, dastanlarda ən çox rast gəlinən motiv bulaq başında görüş və oğlanın qıza sevgi bəyannaməsidir. Bu, eyni zamanda ilk tanışlıqda özlərindən əvvəlkilərin təcrübəsinə əsaslanmaqdır.
Əsərin oxucu qəlbinə ən çox təsir edən tərəfi Abusalamla Gülsümün nakam məhəbbətləridir ki, müəllif bu iki gəncin bulaq başında görüşmələrini, Abusalamın özü və atı Alaca üçün Gülsümdən su istəməsi səhnəsini tarixi romanlardakı ənənəyə sadiq qalaraq qələmə alıb. Uzun hörükləri böyürtkən kollarına dolaşan Gülsümün saçlarını kəsilməkdən xilas edən Abusalam eynən babasının yolu ilə gedərək, qızın saçlarına toxunduğuna görə onu özünə məhrəm hesab edir və Gülsümə aşiq olur. Həmin gündən sevdiyi qızı “Saçlı” deyə çağıran Abusalamın Gülsümlə daimi görüş yeri bulaq başı olur. Olduqca maraqlı və həyəcanlı görüşlər bir-birini izləyir. Lakin sonda Abusalamın sevgisindən xəbərsiz olan valideynlərinin ona başqa bir qız seçməsi və oğlundan xəbərsiz onları nişanlaması bu sevginin yarım qalmasına, gənclərin taleyinin faciə ilə nəticələnməsinə səbəb olur.
Maraqlıdır ki, müəllif bilərəkdən və ya bilməyərəkdən, əsərdə bu obrazları yaratmaqla, şəcərəsinin müsbət tərəfdən üstün adət-ənənələrini göstərdiyi kimi, o adətlərin bəzilərinin zərərli olduğunu da diqqətə çatdırır. İnsanlara seçim haqqının verilməsini, xüsusilə evlilik mövzusunda onların fikirlərinin alınmasının daha doğru və vacib olduğunu göstərir.
Azərbaycan-türk mədəniyyətində şəcərəni qoruyub saxlamağın vacib tərəflərindən biri də müxtəlif folklor motivlərdən – bayatı, ağı, dua, alqış və s. istifadə etməkdir. Bu motivlər arasında “arzulama” – dilək motivi və folklor motivləri tarixi romanlarda mühüm yer tutur.
Ailəsinin onu başqa bir qızla nişanladığından xəbər tutan Abusalamın Gülsümə bunu izah edə bilməyəcəyi fikri, izah etsə belə bu dönüklüyü öz şərəfinə sığışdıra bilmədiyi üçün qəlbindən keçirdiyi ölüm arzusunun qəbul olunması, oxucunu inancın ən dərin qatlarınadək endirir. Atı Alacanı ən yaxın dostu hesab edən Abusalam, “Alaca, kaş mən öləydim, amma Gülsümün üzünə baxmaq xəcalətini çəkməyəydim. Mənə kömək et”- deyə atından imdad diləyir. Təbii ki, at burada subyektdir. Dilək Allahdan edilir və qəbul olunur. Diləyin qəbul olunmasından sonra fəaliyyət – icra etmək isə Alacanın öhdəsinə düşür. Alacanın Abusalamı Gülsümün yanında xəcalətdən qurtarması üçün, onu ölüncəyədək yerdən-yerə çırparaq sürüməsi səhnəsi oxucunun qanını dondurur. Gülsümün gözləri qarşısında baş verən bu hadisə onu dəli edir. Sevgilisinin ölüsünü köksünə sıxaraq, susub bayqın düşən qız bir müddət sonra özünə gəlir və onun başını dizləri üstə alıb, lay-lay deyir, ağı oxuyur:
Lay-lay, atam-anam laylay,
Qərib ölən balam laylay.
Ölümü mənə sevdirən,
Qaragöz Abusalam laylay.
Ağlını itirən Gülsüm hörüklərini Abusalamın xəncəri ilə kəsərək, onun meyidi üzərinə qoyur. Qızın sonrakı taleyinin bilinməməsi də oxucunun nəzərində onun həyatının tamamilə puç olmasını dəqiqləşdirir. Bu da bir türk qızının sevisi uğrunda fədakarlığını bir daha sübut edir.
Ölümdən əvvəl yuxu görmək və dua etmək kimi motivlər də tarixi hadisəni qiymətləndirmək və təhlil etmək funksiyasını öz üzərinə götürür. Azərbaycan tarixi romanlarında yuxu mövzusu roman janrının vazgeçilməz elementlərindəndir və təkcə sözügedən dövrdə yox, bütün dövrlərdə mistikanın, inancın qiymətləndirilməsi dinamikasını da ortaya qoyur.
“Əli dağı” romanında “Şıx” Mustafanın ölümündən sonra oğlu Aslanın gördüyü yuxu oxucunu düşündürür. Yuxuda atası oğluna: “Aslan, ay oğul, mən burda darıxıram, məni tək qoyma. Orda sənin balalarından qardaşın muğayyat olar. Sən gəl yanıma.”- deyir. Bir neçə gün atasının məzarını ziyarət edən Aslanın rənginin solduğunu görən qardaşı İslam bunun səbəbini soruşur. Aslan yuxusunu danışanda qardaşı: “Ay qağa, canım sənə fəda, yuxudu da. Atamız deyərdi ki, yuxu yozmanı Xudavəndi-aləm Yusif peyğəmbərə verib. Biz bəndələrə onun düşər-düşməzi olar.” – deyib ciddiyə almır, onu bu fikirdən uzaqlaşdırmağa çalışır. Amma bir neçə gün sonra Aslan həqiqətən də dünyasını dəyişir.
Əsərdəki hadisələr dövrün bəzi tarixi həqiqətlərini də özündə cəmləşdirir. Belə ki, əsərdə müsbət və əsas qəhrəmanlardan biri olan Molla Məhəmməd təhsil aldığı Qori Seminariyasında tanış olduğu, o dövrün sayılan ziyalılarından Mirzə Cəlil Məmmədquluzadə və onun ədib dostları Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Nəcəfovla olan dostluğundan, əməkdaşlığından bəhs edilir.
Romanın II fəsli Çar Rusiyası dağıldıqdan sonra Şura hökumətinin dinc əhali üzərindəki hegemonluğunu, kəndlilərə edilən haqsızlıqları təsvir edir. Bu haqsızlıqlara məruz qalanlardan biri də Molla Məhəmməddir. Hökumət adamlarının şərləyib tutdurmaq istədiyi Məhəmmədin sonrakı taleyində Mirzə Cəlilin və dostlarının böyük rolu olur. Bu dostluğun, xeyirxahlığın yaratdığı müsbət obrazlar milli şüurun dərk edilməsində və əsərdəki urus Temir, Sarı kişi kimi mənfi qəhrəmanlar arasındakı ziddiyyətlərdə müqayisə mənbəyi rolunu oynayır.
Romanda yaşananlar tarixi həqiqəti və ədəbi həqiqəti sintez edir. Gələcək nəsilləri tarixi şəxsiyyətlər və tarixi hadisələr haqqında yazılan gerçəklər və genetik yaddaş yetişdirir.
Məlumdur ki, tarixçilər tarixi şəxsiyyətlərin həyat tərzini, mədəniyyətini tam olaraq çatdıra bilmir. Hətta onların yaşadığı şəhərdə bir günlük həyatı belə təxmini də olsa təsvir edə bilmir. Tarixçi əldə etdiyi məlumatlardan problemləri şərh etmək üçün lazım olanı seçir, sonra da seçdiyini öz dünyagörüşünə və məlumatın ideoloji quruluşuna görə şərh edir. Amma yazıçı qəhrəmanının ideologiyasına görə onun günlük yaşamını olduğu kimi, tam olaraq təsvir edə bilir. Bu səbəbdən tarixi, tarixi şəxsiyyətləri ədəbiyyatlardan daha yaxşı öyrənmək olur. Əsərdə Cəlil Məmmədquluzadənin dostcanlılığı, mərdliyi, hakim dairələr yanında sözünün keçərli olması onu müsbət keyfiyyərləri ilə oxucuya bir daha təqdim edir. Eləcə də Mircəfər Bağırovun kitabların arxasında gizlətdiyi “Quran”ı çıxarıb orijinaldan oxuması səhnəsi olduqca düşündürücüdür. Repressiya dövründə adı Azərbaycan tarixinə qara ləkə kimi düşən bu adamın İslama münasibəti, dini inancının olması oxucuda sual doğurur və onun fikrini qismən də olsa dəyişir. Daha dəqiq desək, müəllif oxucuya bilinməyən tərəfləri ilə yeni bir M.Bağırov obrazı təqdim edir.
“Əli dağı” romanında müəllif Əfşan Yusifqızı öz şəcərəsini tanıtmağa ulu babası ilə başlasa da, “Müqəddimə”də bu soyun İmam Hüseynin otuz dördüncü nəslindən olduğunu söyləyir və nəslinin övliya nəsil kimi tanınmasını imamın qutsal soyuna bağlılığı ilə əlaqələndirir. Əsərə bir şəcərənin arayışı da deyə bilərik. Hadisələr bu şəcərənin davamçısı olan müəllifin atası Yusif müəllimin xatirələri kimi təqdim edilsə də, qələmə almaq Əfşan xanıma bir borc olaraq ötürülür. Müəllif bu borcu yerinə yetirərkən, fürsətdən istifadə edib, atasının son günlərdə mübahisəyə səbəb olan bir şeirini də şairin adına yenidən qazandırmış oldu. Təkcə buna görə müəllifin bu qutsal şəcərənin layiqli davamçısı olduğunu deyə bilərik.
Kitabda bəzi kiçik səhvlər, texniki qüsurlar var, amma bu əsərin keyfiyyətinə xələl gətirmir. Əfşan Yusifqızı ərsəyə gətirdiyi bu əsərlə təkcə şəcərəsinin həyat yolunu yazmamış, eyni zamanda Azərbaycan nəsrinə yeni, dəyərli bir roman töhfə etmişdir.
Adilə Nəzər
Filologiya üzrə fəlsəfə doktoru
Müstəqil.Az