Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.
Müstəqil.az xəbər verir ki, sərəncama əsasən ümumilikdə 625 nəfər əfv olunub.
Onlar arasında azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 475 nəfər cəzanın çəkilməmiş hissəsindən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzası çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib, şərti olaraq məhkum edilmiş 2 nəfər isə cəzadan azad edilib.
Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 3 nəfər cəzadan tam, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər isə cəzanın çəkilməmiş hissəsindən azad edilib.
İslah işləri cəzasına məhkum edilmiş 12 şəxs cəzanın çəkilməmiş hissəsindən, 23 nəfər isə cərimə cəzasından azad edilib.
Qeyd edək ki, əfv edilənlər arasında Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilərək ömürlük azadlıqdan məhrum etmə cəzası almış Əliyev Vüqar İbrahim oğlu, Bakı metrosunun “28 May” və “Gənclik” stansiyaları arasında qatarda törədilən partlayışa görə ömürlük azadlıqdan məhrum edilmiş Aslanov Azər Məhərrəm oğlunun adları var. Onların hər ikisinin cəzası 25 il azadlıqdan mərhumetmə ilə əvəzlənib.
Əfv sərəncamı ilə azadlığa buraxılanlar arasında 4 nəfər AXCP üzvü də var. Onlar Orxan Baxışlı, Elçin İsmayıllı, Məhəmməd İmanlı və Babək Həsənovdur.
Azad olunanlar arasında “Gəncə hadisələri”ndə təqsirli bilinərək həbs olunmuş Allahverdiyev Elvin Nəriman oğlu və Xudiyev Vüqar Mənsur oğlu da var. Onları cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər.
Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncam 6 xarici ölkədən 23 şəxsə də şamil olunub.
Əfv olunanlar arasında “Nardaran hadisələri”nə görə həbs olunan Abbas Əbdülrəhman oğlu Quliyev və Qəhramanov Nahid Nəsib oğlu də var. Onlar Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırov ilə birgə həbs olunmuşdu.