“Bərpa işlərinə qədər digər vacib bir məsələ də öz həllini tapmalıdır. Bu, dəymiş ziyanın hesablanmasıdır. Artıq müvafiq göstəriş verilib və İqtisadiyyat Nazirliyi bu məsələ ilə bağlı beynəlxalq tərəfdaşlarla da təmaslar qurub. Əlbəttə ki, bütün ilkin işləri biz özümüz görməliyik. Bütün şəhərlərin, bütün kəndlərin video və foto çəkilişləri aparılmalıdır, təsdiq edilməlidir, protokollaşdırılmalıdır.
Müstəqil.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformat müşavirəsində işğaldan azad olunmuş ərazilərlə bağlı danışarkən deyib.
Prezident bildirib ki, bununla yanaşı, dağıdılmış və azad edilmiş bütün torpaqların peyk vasitəsilə çəkilişi aparılmalıdır.
“Dronlardan da istifadə etməklə hər bir şəhərin, hər bir kəndin sənədləşdirilməsi, əgər belə demək mümkündürsə, pasportlaşdırılması aparılmalıdır. Bunu biz özümüz aparmalıyıq. Xarici mütəxəssislər, beynəlxalq şirkətlər gələndə artıq bu materiallar onlara təqdim ediləcək. Əlbəttə ki, onlar özləri də sərbəst şəkildə bütün tədqiqatları aparmalıdırlar. Burada, ilk növbədə, tarixi abidələrin məhv edilməsi, dağıdılması öz əksini tapmalıdır – ictimai binaların, dövlət binalarının, müəssisələrin, – o vaxt bütün müəssisələr dövlət mülkiyyətində idi, – fərdi evlərin və çoxmənzilli binaların dağıdılması. Bütün sənədləşmə işləri aparıldıqdan sonra bu əmlakların o vaxtkı qiyməti rubl ekvivalentində çıxarılmalıdır və bunun indiki qiymətləndirilməsi aparılmalıdır. Yəni, bu işləri biz özümüz görməliyik və bu, xaricdən gələn şirkətlərin işini də bir qədər yüngülləşdirəcək. Onlar bunun əsasında müstəqil şəkildə öz hesabatlarını hazırlayacaqlar. Bu, bizə mütləq lazımdır. Çünki təzminat davasının başlanması üçün bizdə mütləq tanınmış beynəlxalq şirkətlərin rəyi olmalıdır.
Dəymiş ziyana gəldikdə, eyni zamanda, biz itirilmiş gəliri də hesablamalıyıq. Çünki bu 30 il ərzində biz bu müəssisələrdən hansı gəliri götürə bilərdik. Orada bir çox müəssisələr və bu müəssisələrin böyük potensialı var idi. Onlar dağıdılıb və biz götürə biləcəyimiz o gəliri götürməmişik. O da hesablanmalıdır. Həmçinin ekologiyamıza vurulan ziyan hesablanmalıdır. Mən bəzi rəqəmləri səsləndirəcəyəm. Qırılan meşələr. Bu meşələr elə-belə qırılmayıb. Bu meşələr qırılıb və satılıb. Qırılmış o meşələrin, ağacların bazar qiyməti hesablanmalıdır. Çünki bunlar satılıb və qanunsuz gəlir mənbəyi olubdur. Bununla paralel olaraq, bizim torpaqlarımız qanunsuz yollarla istismar edilib. İndi Ermənistan mətbuatında gedən məlumata görə, o torpaqların böyük hissəsini kriminal rejimin başçıları zəbt etmişdilər. Orada Ermənistanın keçmiş prezidentləri Koçaryan və Sarkisyanın böyük torpaq sahələri var idi. Eyni zamanda, qanunsuz rejimə rəhbərlik edənlərin böyük torpaq sahələri var idi. Onlar hər il böyük gəlir əldə edirdilər. Çünki o torpaqlar çox münbitdir və çox məhsuldardır. Eyni zamanda, örüş sahələri, otlaq sahələri. Bütün bunların qanunsuz istismarı gərək qiymətləndirilsin və biz onu pul ekvivalentinə çevirməliyik.
Əlbəttə, oradakı təbii sərvətlərin qanunsuz istismarı artıq danılmaz faktdır. Bizdə şirkətlərin adları var. Bildirməliyəm ki, əgər bizim qızıl və digər yataqlarımızı qanunsuz istismar edən bu şirkətlər təzminat ödəməsələr, bu məsələ məhkəməyə gedəcək. Əgər bu təzminatı ödəməsələr, bütün işlər gedəcək beynəlxalq məhkəmələrə və onlar orada biabır olacaqlar. Bundan sonra onların biznes fəaliyyəti demək olar ki, dayandırılacaq. Çünki başqa ölkədə təbii sərvətləri qanunsuz istismar edib, ondan gəlir qazanıb varlanan şirkətlərə, insanlara müasir dünyada yer yoxdur. Ona görə onların qarşısında məsələ qoyulub, onların qanunsuz istismar etdikləri qızılın və digər təbii sərvətlərimizin dəyəri hesablanmalıdır, dəymiş ziyan hesablanmalıdır, əldə edilmiş gəlir hesablanmalıdır və bizə qaytarılmalıdır. O təqdirdə biz beynəlxalq məhkəmələrə müraciət etməyə bilərik.
Söz düşmüşkən, azad edilmiş torpaqlarda iqtisadi sahələrin biri də dağ-mədən sahəsi olacaqdır. Bizim artıq bu sahədə də təcrübəmiz var və biz bu işlərlə də məşğul olacağıq”.
Prezident qeyd edib ki, qiymətləndirmə aparmadan və eyni zamanda, xarici tərəfdaşlar, şirkətlər qiymətləndirmə aparmadan bərpa işlərinə başlaya bilmərik.
“Yəni, mən bərpa işləri deyəndə evlərin, şəhərlərin bərpasından söhbət açıram. Çünki indi infrastruktur layihələrinin icrasına start verilib və onların bir neçəsi artıq icradadır. Ancaq evlərin bərpasına, daha doğrusu, dağılmış o evlərin, onların yerində şəhərlərin yaradılmasına biz ancaq beynəlxalq qiymətləndirmə aparılandan sonra başlaya bilərik. Çünki əks təqdirdə, məhkəmələrdə qarşı tərəf bizi əsassız olaraq ittiham edə bilər ki, biz burada hansısa faktları saxtalaşdırırıq. Ona görə, ilk növbədə, biz özümüz bütün sənədləşməni aparmalıyıq, beynəlxalq şirkətlər gəlib bu sənədləşməni aparsınlar. Ondan sonra artıq şəhərlərin bərpası prosesinə start verə bilərik.
Eyni zamanda, şəhərlər bərpa olunarkən hesab edirəm, hər bir şəhərdə dağıdılmış yerlər qalmalıdır ki, bunu heç kim heç vaxt unutmasın. Şəhərsalma işləri aparılarkən müəyyənləşdirib, sonra mənə məruzə edin, misal üçün, Ağdam şəhərinin, Füzuli şəhərinin, digər şəhərlərin hansı hissəsi, hansı kvartalı dağıdılmış vəziyyətdə qalsın, Ermənistan işğalının açıq səma altında muzeyi kimi. Hesab edirəm ki, azad olunmuş bütün şəhərlərdə işğal muzeyləri də yaradılmalıdır. Memorial komplekslərlə, bizim Zəfərimizi əks etdirən abidələrlə bərabər, işğal muzeyləri də yaradılmalıdır. İndidən bu muzeylərin konsepsiyasını işləyin. Bu muzeylərdə Ermənistanın işğalçılıq siyasətinin ümumi mənzərəsi əks olunmalıdır. Eyni zamanda, hər bir şəhərin, hər bir rayonun öz təqdimatı orada göstərilməlidir ki, həm Azərbaycan vətəndaşları bunu heç vaxt unutmasınlar, həm də xaricdən gələn qonaqlar görsünlər biz hansı vəhşilərə qarşı müharibə aparmışıq, öz torpağımızı və Cənubi Qafqazı hansı bəladan xilas etmişik”.(Modern.az)