Əkbər Qoşalı: “Güney Azərbaycan deyəndə, bizə xəyalpərəst kimi baxırdılar”

Əkbər Qoşalı: “Güney Azərbaycan deyəndə, bizə xəyalpərəst kimi baxırdılar”

Kulis.az şair Əkbər Qoşalı ilə müsahibəni təqdim edir.


– Əkbər bəy, əvvəla sizi 50 illik yubileyiniz münasibətilə təbrik edirik.

– Təşəkkür edirəm!


Əlli yaşınız tamam oldu, bu yaşda özünüzü necə hiss edirsiniz, bu yaşa qədərki yaradıcılığınızdan razısınızmı?

– İlk dəfə və son dəfə olaraq əlli yaşa çatdığıma görə, böyük məsuliyyət hiss edirəm. Bəlkə də, bu sualınızla bağlı mən danışmamalıyam, susmalıyam. Desəm ki, razıyam, bir qədər təvazödən kənar yanaşma olardı, həm də əllidən sonra yaşamamaq və yazmamaq kimi də olar. Desəm ki, narazıyam, o zaman bu yubileyim ərəfəsində dəyərli aydınlarımız və istedadlarımız tərəfindən çox sayda mənim haqqımda yazılan yazıları görməməzdən gəlmiş ola bilərəm. Ona görə də, bu suala cavab verməmək hüququndan istifadə edirəm. Mən nə işlə məşğul olduğumu bilirəm, hansı ideyaya qulluq etdiyimi bilirəm. Mən onun fərqindəyəm ki, ideyalı ədəbiyyat nələrə qadirdir. Ayrıca, şəxsən mənim vaxtilə başqanlıq etdiyim Dünya Gənc Türk Yarazlar Birliyinin timsalında bizim gördüyümüz işlərin hansı sonuclara gətirib çıxardığını bilirəm. Mən yaradıcılıq deyəndə yalnız şeir, hekayə yazmağı nəzərdə tutmuram, ümumiyyətlə, ədəbiyyata, ədəbi əlaqələrdə bəlli bir keçmişə yiyələnə bilmişik.


– Gənclərə ədəbiyyatla məşğul olmağı tövsiyə edirsiniz, yoxsa türkçülüklə?

– Kaş ki, bu məsələlər tövsiyə ilə həll oluna bilsəydi. Mən bu iki mövzunu ayrıca təsəvvür edə bilmirəm. Ümumiyyətlə, türk xalqlarının taleyində, tarixində ədəbiyyat əlahiddə yerə sahib olub. Özəlliklə də şeir. Ayrıca türk dünyasının önəmli ədəbiyyat mənsublarının, şairlərinin dünya ədəbiyyatına verdiyi töhfələri nəzərə alaraq, bu iki mövzu biri-birini inkar etmir, bəlkə də, bir-birini tamamlayan hadisələrdir. Dünyada ideyasız ədəbiyyatın bir o qədər də uğur qazanmadığını görürük. Bizim qəbul edib, etməməyimizdən asılı olmayaraq, ideyalı ədəbiyyat daha yararlıdır. Günümüzə gəldikdə isə, son illər türk ölkələri və topluluqları arasında daha sıx işbirliyinin yarandığının şahidi oluruq. Birlik arzularımızın digər əməli sahələrdən sonra siyasət və strateji işbirliyi müstəvisində inikas etdiyini görürük. Bu mənada türk xalqların taleyində ədəbiyyatın böyük rol oynadığının şəkillənməsi kimi də şərh edə bilərik.

Bu nailiyyətlər ilk dəfə ədəbiyyat camiəsindən çıxmış kimi də şərh edə bilərik. Çox şükürlər ki, bu gün müstəqil türk dövlətləri bu sahədə ədəbi irsimizi yaratmış əcdadlarımızın ruhunu şad edən bir yoldadırlar. Söhbət ideyadan gedir, ideologiyadan getmir. Çünki türk dünyası coğrafiyası da böyükdür, fərqli təsirlər də var. Məsələn, coğrafi və siyasi amillərdən Saxa Yakutyaya təsir edən amillər balkanlar üçün keçərli deyil. Və yaxud, dediyimiz bu mövzuda Anadolu Qırğızıstan üçün keçərli olmaya bilər. Bu mənada, biz daha ümumi mövzuları ön plana çıxarmaqda maraqlıyıq.


Əkbər bəy, gələk dil məsələsinə, ortaq türkcə deyilən bir mövzu var. Ümumiyyətlə, türk dövlətləri arasında nə qədər bu arzu gerçəkləşə bilib, biz bu yolun harasındayıq?

– Bu mövzuda akademik araşdırmalar Özbəkistan alimi Bəxtiyar Kərimovun timsalında türküstanlı qardaşlarımıza aid edilə bilər. Nə yaxşı ki, hazırda Beynəlxalq Türk Akademiyası da elə məhz Türküstanda, böyük Qazaxıstanın paxtaxtı olan Astana şəhərində yerləşir. Dil mövzusunda orta asiyalı qardaşlarımızın bəzi məsələlərdə şansı bizdən daha çoxdur. Bilirsinizmi, bizim coğrafiyada –Anadoluda, otaylı bu taylı Azərbaycanda, Özbəkistanda ərəb-fars sözləri dilin ritmini pozan elementlərlə daxil olub. Ancaq qazaxlarda, qırğızlarda, Rusiya Federasiyasında yaşayan türk xalqlarında dil daha özünəməxsus şəkildə və öz ilkinliyini qoruyub saxlayıb.

Əlbəttə, dünyada başqa dillərdən söz almamış dil yoxdur, bütün dillər söz alış-verişində olublar. Ancaq biz bu gün görürük ki, öz türkcəmizdə başqa alternativ özgə sözlərdən istifadə edirik. Ortaq türkcə mövzusunda təkcə bizim respublika deyil, ondan öncəki dövrlərdə Anadoluda və başqa ölkələrdə türkologiya üzrə araşdırmalar da olub. 1926-cı ildə birinci türkologiya Qurultayı da Bakıda keçirilmişdir. Hazırda Beynəlxalq Türk Akademiyası dil mövzusunda çox yaxşı təhsil vəsaitləri və dərsliklər üzrə ciddi çalışır. Son vaxtlar görürük ki, bu bayraqdarlıq Azərbaycanın və Türkiyənin əlindədir. Biz bu məsələdə universal ortama gəlib çıxmışıq.

Biz yeni bir dil yaratmırıq, hələlik ən çox daşıyıcısı olan, təsərrüfat baxımından Türkiyə türkcəsi faktiki olaraq ortaq dil statusuna malikdir. Ancaq digər türkcələrimizin də zaman-zaman bir birinə söz alış-verişinin intensivləşməyinə, yeni söz yaradıcılığına, arxaikləşmiş sözlərin lüğət tərkibimizdən çıxarılmasına ehtiyac var. Bu məsələdə şairlərimizin, medialarımızın, filmlərimizin rolu çox böyükdür. Gəlin etiraf edək, türkiyəli qardaşlarımızın sayəsində türk sineması türk ölkələrinə xeyli yeni adlar, deyimlər, üslüblar bəxş edir. Biz o kino sənayesindən faydalanmalıyıq. Biz bu ortaq türkcə ideyamızı ortaq keçmişdən ortaq gələcəyə gedən yolumuza inkişaf etdirməliyik.

Sizin Dünya Gənc Türk Yazarlar Birliyində başqanlıq etdiyiniz dövrdə çox sayda tədbirlər, iclaslar, kitab təqdimatları olurdu. Pandemiya dövründən sonra hiss olunur ki, bu görüşlər azalıb, bunun səbəbi nə ola bilər?

– Özünüz qeyd etdiyiniz kimi, pandemiya digər fəaliyyət sahələri kimi Qeyri Hökumət Təşkilatlarına da mənfi təsirini bağışladı. Dünya Gənc Türk Yazarlar Birliyi də bu mənada öz nəsibini aldı. Ancaq sənin, İntiqam Yaşarın və digər sizin çiyin yoldaşlarınızın sayəsində hesab edirəm ki, bu təşkilat irəliləməkdədir. Zaman-zaman fəaliyyət artıb, azala bilər, əsas odur ki, qırılmasın. Mən şadam ki, təşkilatımız türk ölkələri və topluluqlarının yeni nəsil yazarları arasında inteqrasiyanın, əlaqələr qurulmasının, fikir mübadiləsi aparılmasının ən əsas ünvanlarının biri statusu kimi özünü qoruyub, saxlayır. Bilirsiniz ki, Dünya Gənc Türk yazarlar Birliyi Qırğızıstan Respublikasının milli Yazarlar Birliyi ilə Özbəkistanın Gənc İcadkarlar təşkilatı ilə memorandumlar imzalayıb. Ümid edirəm ki, gələcəkdə digər türk dövlətləri və topluluqlarında da müvafiq qurumlarla da belə bir müqavilələr imzalanacaq və bu təkcə kağızda üzərində qalmayacaq, reallaşacaqdır.


Sizin fəaliyyət etdiyiniz bu dövrdə Türk Dövlətləri mədəni baxımından nə qədər biri birinə yaxınlaşa bilib, nə töhfələr var?

Kaş ki, bu mövzuda bizim tədqiqatçılarımız, alimlərimiz söhbət edərdi, yeri gəlmişkən, mən bu sahədə çalışan alimlərimizə burdan təşəkkürümü bildirirəm. Dünya Gənc Türk Yazarlar Birliyi bir çox elmi tədqiqat əsərlərinə mövzu olub. Dünya Gənc Türk yazarlar Birliyinin adı bir çox monoqrafiyalarda keçir, həyata keçirdiyi fəaliyyətlər orada əks olunur. Bu təşkilat türk dövlətlərinin yaradıcı gəncləri arasında körpü olub. Bu xətlə biri birini tanıyan yazarlar ailə qurublar, onların Turan övladları dünyaya gəlib. Sizin sualın cavabında deyə bilərəm ki, türk dövlətləri və topluluqları arasındakı ədəbi əlaqələri nəzərə alaraq bizin bir neçə sayda antologiyalarımız çap olundu. Tatar, özbək, qazax, qırğız antologiyası və eyni zamanda qardaş Türkiyədə qazax və Azərbaycan şeiri antologiyası hazırlandı.

Hazırda Tatarıstanda Azərbaycan hekayələri antologiyası hazırlanmaqdadır. Ayrı-ayrı özəl müəlliflərin kitablarını da çap etməyə nail olduq. Mən hesab edirəm ki, bizim nəşr etdiyimiz kitablar, keçirdiyimiz konfranslar gənc nəsillər arasında xüsusi hadisəyə çevrildi. Əlbəttə, biz gördüyümüz işləri əlahiddə şəkildə, fövqəladə şəkildə fərqləndirməyin tərəfdarı deyilik. Bu bir mənəvi missiyadır, mənəvi borcdur. Keçmişdə bunu kimsə bizə məcbur etməyib və indiki cavanlarımıza da məcbur etməyiblər, bu bir könül işidir. Nə xoş olar ki, bu könül işi də peşəkarlıqla həyata keçə bilsin.


Fəaliyyət dövrünüzdə Güney Azərbaycanla bağlı bir çox işlər görmüsünüz. Güneyli gənc şair-yazarlarını Azərbaycan və digər türk xalqlarına tanış etmisiniz. Ümumi baxanda, sizcə, bu müstəvidə yetərincə işlər görülübmü, güneyli şairlər yetərincə təbliğ olunublarmı?

Nə qəribədir ki, biz türk dünyası deyəndə son illərə qədər Güneydən açıq danışılmırdı. Bəlkə də, bizim əlimizə çatmayan informasiyalar var. Ancaq bilgimiz daxilində Güney Azərbaycan yazarlarını türk dünyası yazarları sisteminə aid edən əsas qurumlardan biri Dünya Gənc Türk Yazarlar Birliyi olub. Ola bilər ki, Güneydəki mövcud ictimai-siyasi durumlardan dolayı bəzi yazarlarımızı təzyiqə məruz qoymamaq üçün belə addımlar da atılırdı, mən kiminsə işinə kölgə salmaq istəmirəm, ancaq, nəhayətdə, bu iş olmalıydı. Güney Azərbaycansız, Təbrizsiz, Ərdəbilsiz, Savalan ruhu olmadan, nə türk dünyası birliyi?

İndi güney və türk dünyası mövzusu bir çox öyrəşmədiyimiz adreslərdən də tirajlanmaqdadır, əlbəttə, mən daha çox yazarlar dünyasını nəzərdə tuturam. Ancaq bunu da təqdir edirəm, bir zaman biz Türk Dünyası deyəndə, Güney Azərbaycan deyəndə, bizə xəyalpərəst kimi baxan, lağlağı edənlərə, indi görürəm ki, daha çox güneyçi, türkçüdürlər. Qoy olsun, bu ziyanlı deyil, nəticə etibarilə, bəlkə, bir faydaları oldu, amma kaş ki, daha səmimi bir ortamda bu işi görsünlər. Hazırda bizə daha ruhlandıran, güc verən ən əsas amil dövlətin münasibətidir.

Xüsusilə, Türk Dövlətləri Təşkilatında dövlət başçımızın timsalında güney mövzusunun necə sabit qədəm şəkildə, tarixə irsə söykənərək, bu günün beynəlxalq vəziyyətini dəyərləndirərək, Azərbaycan xalqının arzu və istəklərini ifadə edərək və böyük gələcəyə baxışı açıqlayaraq necə münasibət bəslədiyini görməkdəyik. Bir qədər öncə bu Ankarada keçirilən Türk dövlətlər başçılarının Zirvə görüşlərində də oldu, Səmərqənddə keçirilən toplantıda da oldu. Ortaq türk qurumlarının rəhbərləri ilə dövlət başçımızın görüşlərində də meydana çıxdı. Bu mənada da meydan genişdir. Siyasi iradə var, tarixi zərurət var, milli ehtiyac var, şair və yazarlarımızın nəsilbənəsil biri birinə ötürdüyü həsrət var. Dünya Gənc Türk Yazarlar Birliyinin üzərinə də bu sahədə böyük məsuliyyət düşür.

Bizdə Elmlər Akademiyasında Güney Azərbaycan şöbəsi var, bu şöbənin tədqiqatları var, bizim bir xeyli alimlərimiz var ki, Güney Azərbaycan mövzusunu illərdir araşdırırlar, kitablar nəşr edilər. Pərvanə Məmmədli, Esmira Fuad və adını unutduğum aydınlarımız da məni bağışlasın, digər aydınlarımız da bu sahədə çalışır. Onların fəaliyyəti daha da genişlənməlidir, genişləndirilməldir, məsələn, kitablarının tirajının artırılması, KİV-lərə tez-tez dəvət olunmalıdırlar. Bircə sözlə etiraf edək ki, Güney Azərbaycanla mövzusunda maarifləndirməyə ehtiyac var. Biz sevdadan real işə keçməliyik, biz güneyi haqq etdiyi səviyyədə tanımalı və tanıtdırmalıyıq. Belə demək mümkündürsə, Güneyşünaslığımız gərəkən səviyyədə deyil. Doğrudur, vaxtilə Şərqşünaslıq institutu xətti ilə bəzi kitablar çıxmışdı, o cümlədən, güney doğumlu, güney əsilli bizim yazarlarımızın sənət nümunələrində biz o həsrəti və sevdanı görürdük. Biz artıq siyasi iradədən danışırıq, biz gələcəyə baxırıq. O mənada güney mövzusunda geniş işləməliyik.


Əlli illik yubileyinizi qeyd edirsiniz, bu yaşda nə arzularınız var?

– Bizim məşhur alimlərdən birinə, elə məhz əlli yaşında olanda, ona bu sual verildi. O da mənim indiki hissləri keçirərək, canlı efirdə dedi, “vallah, mən özümə o qədər şeylər arzu edirəm ki, amma onların heç birini efirdən deyə bilmərəm”. Mən indi o sözü təkrarlamaq istəmərəm. Pafoslu çıxmasın, mən əlli yaşda Tanrıdan Bütöv Azərbaycanı istəyərəm. Əgər mənə nəsib olsa, nə qədər xoşbəxt olaram, əgər mənə nəsib olmasa, övladlarım Bütöv Azərbaycanın vətəndaşı olsalar, o dünyada olsam, orada ruhum şad olar, bu dünyada olsam, ondan böyük bəxtiyarlığı bu gün təsəvvür edə bilmirəm.

– Şairlərin dilinin ucunda hansısa sevdiyi bir şeir olur. Sizin daim əzbərinizdə olan şeir hansıdır?

– Mənim dilimin ucunda olanlar özümə aid deyil, daha çox klassiklərin və başqalarının şeirləridir. Və yaxud mənim haqq dünyasında olan bir qədim dostum var, Hamlet Kazımoğlu, onun şeiri. Ancaq bu günlərdə mənim seçilmiş əsərlərimin birinci cildi işıq üzü gördü. Onun arxa qapağına vurulmuş şeir var, bir bənd deyil, qısa bir şeirdir.

Duyğuma yenildim,

Düşündüm, daşındım.

Fikr etdim, zikr etdim,

Dərd açdım, danışdım…

Yeridim, yüyürdüm,

Dəyişdim… və artdım.

Taleyim, taleyim,

Səni mən yaratdım.

Nəyim var – ömürdü..!

Öz yaxam, öz əlim…

Hər sabah, hər sabah

Qiyamət günüdü,

Mən yenə,

mən yenə,

Hər günün adına

Bir fidan dikəltdim…

Əkbər bəy, sağ olun ki, dəvətimizi qəbul etdiniz.

– Mən sizə təşəkkür edirəm, kollektivinizə sevgilərimi bildirirəm. Yaxşı ki, varsınız!

Share: