Əkbər Qoşalının şeirlərinin əsas amalı türklüyün tərənnümüdür. Bu şeirlər içərisində “Altaylardan qopan atlar”, “Qız qalası”, “Üsküp lövhəsi”, “Qarabağ” və bir neçəsini xüsusilə fərqləndirmək lazımdır. Türklük müəllif üçün sadəcə milli mənsubiyyət deyil, qədim tarix, bəşəri xilaskar deməkdir. Qədimlik türkün gerçək tarixidir. Bəşərilik isə yalnız məcazi məna daşımır, reallıqda türk coğrafiyasını da əhatə edir. Bu coğrafiya Çin səddini də aşır, Altayları da adlayır, Çanaqqalada möcüzəyə ev sahibliyi edir. Bu coğrafiyanın insanları at belində fatehliyi kimsəyə təhvil vermədi:
Biz getdikcə Ay Yolu,
ayağımız üzəngidə əyildi;
Yay-oxumuz qırılanda,
Ay göylərdə bir yay kimi gərildi.
– bəndi verilən “Altaylardan qopan atlar” şeiri həmin fatehlərin törəsinə oxunan duadır. Təsadüfi deyil ki, şeir “Altaylardan qopan atlar Avropanı nə vaxt adlar?! – sualı ilə tamamlanır. Bu sətirlərdə atlar və adlar qafiyələri sadəcə poetik gözəllik naminə işlədilməyib. “Adlar” sözünün kökünü həm feil, həm də isim kimi yozmaq olar. İsim kimi, “ad” sözündən “ad qoymaq, adlandırmaq” mənasını verən “adla”maq sözü fikri öz üzərinə çəkir. Bununla yanaşı, “adlayar, fəth edər” mənasını verən “adla”maq sözü də gözdən qaçmır.
Bütövlükdə Əkbər Qoşalının bu sətirlərini onun həm əməli fəaliyyətinin, həm də dünyagörüşünün poetik ümumiləşdirilməsi hesab edə bilərik:
Gəmiləri sudan çəkib quru ilə sürərəm
İstanbulun eşqinə
Qılıncımı suvararam
“Babək!” deyən bir cüt qolun eşqinə
Böyüdərəm doğma yurdu
Xətainin başladığı ulu yolun eşqinə
Yaşayaram TURAN adlı bir acunun eşqinə
Yad sözlərə tövbə deyib
Öz dilimdə danışaram
Dədə Qorqud eşqinə
Bu duyğudan kənar türkün yaşamı nə,
Eşqi nə?!
Nümunədə İstanbulun fəthindən, Babək Xürrəmi hərəkatından, Xətainin yaratdığı türk Səfəvi dövlətindən, Dədə Qorqudun danışdığı türkcədən tutmuş, gerçəkləşəcəyinə inandığı Turanın eşqi üçün yaşamaq ömrün mənası hesab edilir. Turan uğrunda çabanın tarixi izlərində əksər şeirlərində işarə edir: “Daşlar bu dünyada, bəlkə də, ən gözəl yaddaşdı – GÜL-TƏKİN misalı” – misarlarında olduğu kimi. Orxon-Yenisey, Gültegin daş abidələrinin elmə məlum olması ilə qədim türklər haqqında yeni faktlar üzə çıxdı. Əkbər Qoşalı bu elmi əsaslı mənbələri “ən gözəl yadDAŞ” hesab edir. Daşın yaddaşı bir xalqın tarixinin qoruyucusu olaraq misal çəkilir.
Türkçülük, turançılıq onun yaradıcılığında həm də öz doğma yurdunun tarixi sınaqları ilə sintez şəklində təzahür edir. Bütöv Turanın bir parçası olan Azərbaycanın erməni vəhşiliyinə tuş gəlməsi həmin böyük hədəfə gedən yolun maneələri hesab edilir. Amma bu süni maneələrin ötəri olduğuna da əmindir: “Torpağı hər yerdə şəhid məzarıyla möhürlənmiş millətin bayrağı əbədidir…” – fikrinə şüar kimi inanır. Hər şəhid məzarı da bütöv nəşə sahib ola bilmir. Bu zaman sadəcə bu pıçıltılara sığınırsan: “Tanrım, özün səbr göndər boş tabutun anasına…” Bu, qəbul edilməsi işğəncələr işgəncəsi olan reallığı Azərbaycan anası erməni namərdliyi ucbatından dəfələrlə yaşamalı oldu. Amma dözdü bu qadın, ana kimi də dözdü, vətən qızı kimi də. Dözülməyən isə vətən oğullarının bu reallıqla barışa bilməməsi idi. Şair bu özünəqəsdin çəklini belə çəkirdi:
Arzulara yetirməyən uzun saçın
əsirlikdə asılmağa yaradımı,
Vətənqızı?!
Ayağının altında kətil də olammadım,
Məni bağışlama…
Şeirin hər sətrindəki ağırlığın şərhindənsə, düşmən üzərində qazandığımız tarixi Zəfərlə həmin əzabları tarixə gömə bildiyimizə şükür etmək daha qürurvericidir. Yenə də tarixin türkün hökmünə tabe olan zamanları gəldi və “Qadınlar türkü deyə-deyə bayraq tikir, kişilər bayraq uğrunda gedir”.
Əkbər Qoşalı poeziyasında sevgi mövzusunu milli özünü dərklə məhdudlaşdırmaq olmaz. Bu sevinin yolu şeirin ən gözəl nümunələri yaşayan küçələrdən də düşür. “Mən eşqin əlinə havayı düşdüm, Onunçün yandırıb-yaxırlar məni” – misralarında “əziyyətin keçməyibsə, qədrini bilməzsən” gerçəkliyi əks olunub. Eşq bilib təmənnasız ələ keçərsən, könüllü təslim olarsan, lakin səni havayı qazanıblarsa, dəyərini bilməzlər. Bu elə bir qanunauyğunluqdur ki, eşqin gücü də bu yerdə acizdir. Eləcə də, şair həsrətin hekayətini nağıl edərkən heç kimi təkrarlamır:
Bilmirəm, həsrəti necə keçirib,
Bilmirəm, o zalım nə yeyib-içib?
Özümə çəkilib o aylar boyu,
İçimi yemişdim mən gizlin-gizlin.
Görüşdən öncə aşiq özünü suallar burulğanında yeyib-bitirir. “O zalım nə yeyib-içib” – deyə düşündükcə özünün gizlin-gizlin içini yediyini gizlətmir. Və ayrılığın ən təkrarsız sualı “Bilmirəm, həsrəti necə keçirib” – bu sualın bənzərini başqa ayrılıqlarda gördüyümü xatırlamıram. Eləcə də, görüşə gələnin “Qapqara geymişdi günü ağ olmuş” – sətirləri ilə təsviri təsvirə gəlməzdir. Şair sevginin hər üzündən yazıb: “Sevgisizdin, nigahlıydın – yaşadın, indi isə sevgi gəlib – bəlgəsiz…” Bu misralar ədəbiyyatın kök salmış mövzusunu heç kimi təkrar etmədən yenidən gündəmə gətirir. Birini sevib başqası ilə ailə quranların ittiham edilməsi az qala ədəbiyyatda daşlaşmış mövzu halına gəlib. Amma bu mövzuya təkrar dönüş müəllifdən xüsusi məharət tələb edir. Əkbər Qoşalı da həmin məharətin haqqını verib.
Qadın xarakterinin, qadın ürəyinin o qədər bənzətmələri var ki… Amma Əkbər Qoşalı mövzunu bənzərsiz etməyi bacarıb. “mənim Bakılığım qoy hələ qalsın. sənsə dəqiq Daşkəndsən – həsrətin daş kimi düşür ürəyə”. Bəzi gerçəkliklər elə bir zamanda şairin hoyuna yetir ki, qazanan yalnız ədəbiyyat olur. Sadəcə daşla başlayan şəhər adı yazmağa qalsa, Daşkəsən də yazmaq olardı.
Mövzu rəngarəngliyinin ən bariz nümunələrindən biri kimi şairin “Suyun şərhi” şeirini göstərə bilərik:
Deyirəm ki, “su dili”ylə danışdıq bəzən:
Atıldınsa bir gözəlin yalın ayağına –
sevgi oldun sən bir igidin arxasınca atıldınsa –
uğur oldun,
çırpıldığın sifətlərdə … – soyuq oldun…
Misralarda suyun əşyavi yazı, ideoqrafik yazı kimi mənalandırılması çox mükəmməldir. Suyun dilini tapan insanlar onun uğur formulunu da yaradıblar. Bəlkə də, kor-koranə. Bir igidi və ya hər hansı bir insanı səfərə yola salanda arxasınca su atırıq. Bu həm bir etnoqrafik göstəricidir, həm də “su dili” ilə danışmaq. Ola bilər ki, öz dilinlə uğur olsun sözünü deyə bilməzsən, amma su ilə başa sala bilərsən.
Ümumiyyətlə, Əkbər Qoşalı poeziyasında janr seçimi çoxsaylıdır. Müasir şeirin hər ritmini tuta bilir. Eyni zamanda klassik şeir janrlarını da sınaqdan keçirir. Onun divani, cinaslı şeirlər kimi yaratdığı nümunələrlə yanaşı, orijinal ifadə tərzi də diqqətdən yayınmır. Məsələn: “Şubatın son günü yazılan şeir”də bir-birini tamamlayan çoxlu poetik fikirlər olsa da, bu toplananların cəmi şairin bir kəşfində əks olunur: Sən fırçan! – bu and, bu xitab kəşfin fövqündədir, yeniliyin özünü yeniləyir:
Üzünü görmədiyim rəssam qardaş,
Odandan heç nə götürmədik,
Amma
Sən yenə də
Bağışla bizi,
Könül qoyma, sən fırçan!
Eyni zamanda şairin şeir dili ilə türk dilinin məharətini ortaya çıxarmaq bacarığı heyrətamizdir: “Sözü bəlkə tutub, bax, o saxlayır, gahında üç, gahında bir nöqtə var”. Nöqtə və üç nöqtəyə olan münasibətdən əlavə “gah, gah da” bağlayıcısını köməkçi nitq hissəsi olmaqdan xilas edib, onu əsas nitq hissəsi kimi şəkilçilər əhatəsinə almaq məharəti şairin sözünün gücündən asılıdır.
Əkbər Qoşalının şeirlərində məşhur ifadənin müxtəlif şəkillərdə və bir-birini təkrarlamadan istifadə edilməsinə də rast gəlirik: “Onsuz da olanlar olmayacaq, olmayanlar olacaq…”, “Olumların ötəsində ölüm var. Ölümlərin ötəsində olum var” və “Bir daha olum gəlməz, gəlsə də, Ölüm gələr” fikirləri “Olum ya ölüm” polemikasının günümüzdə də davam etdiyini göstərir.
Gülnar Səma