Kulis.az tənqidçi Əsəd Cahangirin Xalq yazıçısı Anarla müsahibəsini təqdim edir.
– Anar müəllim, sizi “Söz dünyası” beşcildliyinizin yayınlanmasından dolayı təbrik edirəm. İlk iki cildin klassiklərə, üçüncünün 60-cılara, dördüncünün özgürlük dönəmi ədəbiyyatı nümayəndələrinə həsr olunduğu, beşincinin isə maarif və mədəniyyətdən bəhs edəcəyi bu layihəni sizin baxış bucağınızdan mədəniyyətimizin tarixi adlandırmaq olar. Müsaidənizlə, seriyanın üçüncü və dördüncü kitabları ilə bağlı sualları “Anara qırx sual” başlığı altında sizə ünvanlamaq istəyirəm. Nəzərə alın ki, suallar həm də oxucuları bu kitabların məzmunu ilə tanış eləmək məqsədi daşıyır. Qırx sualdan birincisi – layihə ilə bağlı ideya necə yarandı?
– “Söz dünyası”nın 4 cildinin çıxması dolayısıyla təbrikinə görə təşəkkür edirəm. Haqlısan ki, bu cildlər bir növ mənim ədəbiyyatımızın keçmişinə və bugününə özəl baxışlarımın ifadəsidir. “Söz dünyası” adlı cildlərin yaranma fikri mənim müxtəlif vaxtlarda yazdığım ədəbi portretləri, esseləri bir yerə toplamaq arzusundan doğuldu. Əksəriyyəti doğma dilimizdə yazılmış və sonralar bəziləri rus dilinə çevrilmiş məqalələr toplum halda öncə elə rus dilində “LİK (Literatura, İskusstvo, Kultura) Azerbaydjana” üçcildliyimin birinci cildində nəşr olundu. “Söz dünyası”nın cildləri isə həm LİK-dəki yazıları əhatə edir, həm də xeyli sayda orda olmayan mətnlərdən ibarətdir.
– Layihənin üçüncü cildi 1961-ci ildə yazdığınız, 60-cılardan danışan “Yeni nəsil, yeni nəsr” adlı ilk dəfə işıq üzü görən məqaləylə açılır. Bu məqaləni modern Azərbaycan nəsrinin manifesti kimi anladım. Məqalədə qoyulan əsas məsələ sovet ədəbiyyatına məxsus sxematik insandan özünün bütün mənfi-müsbətiylə canlı insan obrazı yaratmağa çağırış, yəni insanın taleyi ideyasıdır. O illərdə bu məqaləni heç bir mətbu orqanda yayınlaya bilməmisiniz. Maraqlıdır, yazını nə deyib dərc etmirdilər?
– 1961-ci ildə (ilini xüsusi vurğulayıram) 23 yaşlı gənc tərəfindən qələmə alınmış bu yazını “Modern Azərbaycan nəsrinin manifesti” adlandırdığın üçün minnətdaram. Bu yazını yazanda, doğrusu, belə bir iddiam olmayıb. Məqsəd sadəcə olaraq həm özümü, həm də nəsildaşım olan bir neçə gənc yazıçını haqsız tənqidlərdən qorumaq, anlamayanlara nəyisə anlatmaq idi. Mənim ilk mətbu hekayəmi – “Keçən ilin son gecəsi”ni o vaxtların nüfuzlu tənqidçisi hesab edilən Qulu Xəlilov şiddətli atəşlə qarşılamışdı. Yəqin ki, yazıma ilk impulsiv səbəb məhz bu tənqidə cavab vermək istəyi olub, amma yazı əsnasında tək özümü müdafiə etmək yox, ümumiyyətlə yeni nəslin yaradıcılıq xüsusiyyətlərini izah etmək – məqsədə çevrilib.
Təbii ki, bu yazı o vaxt çap oluna bilməzdi. Tək ona görə yox ki, ilk iki-üç hekayəsi çap olunmuş gənc müəllifin Qulu Xəlilov kimi mötəbərə cavabı məqbul sayılmazdı (ağlınız hər yerindən kal duranın yaşına-başına baxmadan ən nüfuzlu müəlliflər haqqında hədyan yağdıra biləcəyi indiki zamana getməsin) həm də ona görə ki, “yeni ədəbiyyat” anlayışı o vaxt (elə indi də) çoxlarını qıcıqlandırırdı.
61 il bundan əvvəl yazdığım bu məqaləni indi ilk dəfə üzə çıxararkən mənimçün vacib cəhət ordakı müəyyən sovet terminlərinin işlənməsi deyil, həqiqi ədəbi dəyərlərin bu gün olduğu kimi, o gün də müdafiəsinə qalxdığım üçün duyduğum qürurdur.
– “Yeni nəsil, yeni nəsr” Stalindən sonrakı nisbi yumşalma dönəmində yazılıb. Üstəlik də, siz məqalədə partiyanın proqramı və onun XX qurultayının qərarlarına söykənir, tənqidçiləri əsl “sovet tənqidçisinə” yaraşan tərzdə yazmağa, yazıçıları “sovet adamının dolğun obrazını” yaratmağa çağırırsınız. Bu məqalənin müəllifi bizim nəsil ədəbiyyaçıların tanımadığı bir Anardır. Məqalədəki “partiyalı” mövqeyiniz konspiroloji amac güdürdü, yoxsa kommunizmin xoşbəxtlik ideallarına inamını hələ itirməmiş bir gəncin düşüncəsinin ifadəsiydi?
– Düzdür ki, məqalə sistemin nisbətən yumşalma dövründə qələmə alınsa da, yazıda o dövrün müəyyən ideoloji ştampları – “sovet adamı”, “kommunizm idealları” kimi ifadələr də yer alıb. Bu ifadələr o dövrdəki hər yazıya xas olan trafaretlər idi. Amma diqqətini ona çəkmək istəyirəm ki, heç yerdə çap olunmamış bu yazını, indi müstəqilliyimiz və azad, senzurasız mətbuat dövründə ilk dəfə çap edərkən ən yüngül “kosmetik əməliyyatla” bütün bu ortodoksal ifadələri çıxarıb yazını sığallanmış, daranmış, “müasirləşmiş” şəkildə təqdim edə bilərdim… Amma bu mənim ədəbi əxlaqıma zidd hərəkət olardı. “Yazılana pozu yoxdur” – mənim də ədəbi prinsipimdir. Səhv, ya düz nə yazmışamsa, heç birinin dalından qaçmıram və saxtakarlıq edib heç bir mətnimdə o vaxtkı ifadələri bugünkü istilahlarla əvəz etmirəm.
O vaxt bu trafaretlərin işlənməsinə gəlincə… Bu məqalənin 1961-ci ildə yazıldığını əbəs yerə vurğulamıram. Çünki ta 1968-ci ildə Brejnev tanklarının Praqaya soxulub “gülər üzlü sosializm” idealını darmadağan edənə qədər bir çoxları kimi mənim də bu sistemin islah olunub insaniləşəcəyinə ümidlərim qırılmamışdı. Doğrudur, yaşadığımız cəmiyyətin bütün naqisliklərinə də göz yummurduq. Mənim ili adından bəlli olan “Molla Nəsrəddin – 66” satirik silsiləmlə tanışsansa, dediklərimin boş söz olmadığıyla yəqin, razılaşarsan.
– Məqalədə sonrakı yaradıcılığınızla uyuşmayan bir fikir var: “Mürtəce Qərb ədəbiyyatı “İnsan tənhalıq cəhənnəmində, yalqızlıq girdabında çabalayır. O bu cəhənnəmdən çıxa bilməz, təklik tilsimini qırıb başqa insanlara qovuşa bilməz” fikrini yürüdür”. Yanılmıramsa, bu çıxarış ekzistensializmin ideya başçısı, “başqaları insan üçün cəhənnəmdir” deyən Sartrdan gətirilib. Sonralar insanın içsəl tənhalığı və başqaları tərəfindən anlaşılmaması kimi ekzistensial mövzu-problematika sizin bir sıra roman, povest və hekayələriniz, özəlliklə də, ünlü “Anlamaq dərdi” essenizin özülündə durdu. Bu məqama gəlməyinizdə Sartrın özü və sözü ilə görüşünüzün rolu olubmu?
– “Mürtəce Qərb ədəbiyyatı” da elə o dövrün sovet leksikasına aid olan təbirlərdən, stereotiplərindəndir. Əlbəttə, onda da, indinin özündə də Qərb ədəbiyyatının ucdantutma bütün örnəklərini qeydsiz-şərtsiz qəbul etmirəm. Qərb, ya elə dünya ədəbiyyatında çox bəyəndiyim örnəklərlə bir sırada qətiyyən qəbul etmədiyim nümunələr də az deyil. Amma məsələ bunda deyil. Məsələ ondadır ki, sənin xatırladığın sözləri – Sartrın – “Cəhənnəm – başqalarıdır” kəlamını o vaxt təqdir edə bilməsəm də, insan xislətinə aid tam həqiqət kimi qavrayırdım. Heç vaxt görüşmədiyim Sartrın bəzi fikirləriylə razılaşmaya bilərdim və indi də bilərəm. Amma insanın əbədi tənhalığı haqqında ekzistensializm düşüncəsi ilk gənclik yazılarımdan başlayaraq bir çox əsərlərimdə əksini tapıb. Artıq xatırlatdığım ilk mətbu hekayəmin baş qəhrəmanı Həmidə xala – dörd övlad anası – yeni il gecəsində təkdir və “insana ömrün sonunda yalnız cihazlar qalır – radio, televizor, telefon” kimi “sovet insanına yaraşmayan” bədbin fikirlərə dalır, tənhalıq girdabında təsəllisini mərhum ərinin maqnitofon lentindən eşidilən səsində tapır. İlk iri nəsr əsərim “Ağ liman” povestinin bir fəsli “Təklik tilsimi” adlanır. Bu fəsildə tənhalığın son həddini yaşayan Səftər dayı özü-özünə telefon edir. Povestin başqa fəslində Məmməd Nəsir təkliyinin acısını özü-özüylə nərd oynamaqla ovudur. Əsərin digər personajları da hərəsi bir cür yalqızdır. Nemət də tənhadır, Təhminə də… O dövrdə yazdığım hekayələrin qəhrəmanları – “Mən, sən, o və telefon” hekayəsinin, “Gürcü familiyası”nın personajları da yalqızlığın əzabını çəkirlər. “Dantenin yubileyi”ndə Kəbirlinski də, “Anlamaq dərdi”ndə Mirzə Cəlil də yalqızdırlar. “Dərdimi kimə deyim, dünya dolu adamdır” misrasını yazan Rəsul Rza da tənha idi.
Bütün bu danılmaz faktları “sovet ədəbiyyatı” damğasıyla dışlamaq istəyənlərin heç olmasa bir qırnıq ədəbi vicdanları varmı?
Tənhalıq teması mənim bütün sovet dövrü yazılarımdan qırmızı xətt kimi keçir. O dövrdə sovet ideoloji ehkamlarına zidd əsərlər yalnız açıq dissidentlərin geniş oxucu zümrəsinə qapalı qalan yazıları deyildi, həm də diqqəti insanların tənhalığına, uğursuzluğuna çəkən, “xoşbəxt həyat” şəraitində darıxan, içində boğulan, özünə yer tapa bilməyən biçarələrin acı taleyindən bəhs edən əsərlər idi. Üzr istəyirəm ki, öz yazılarımdan danışıram. Amma başqa qələm dostlarımın da rəsmi ideologiyaya asi olan əsərləri haqqında elə o “Söz dünyası”nın cildlərində geniş bəhs olunub.
– Məqalədə yazırsınız ki, “yeni Azərbaycan nəsri”nin tarixi müharibə illərindən başlanır”. Bəs, sizcə, Qarabağ davasından necə, ən yeni ədəbiyyatımız doğulurmu?
– Şübhəsiz, artıq doğulur və gələcəkdə bu mövzuda daha sanballı örnəklər yaranacaq. Ədəbiyyatdan mətbuat operativliyini tələb etmək olmaz. Ədəbiyyat tarixi hadisələri dərindən dərk etməlidir və bunu etməsi üçün müəyyən zaman tələb olunur. Artıq bu misalı dəfələrlə çəkiblər ki, L.Tolstoyun “Hərb və sülh” epopeyası 1812-ci il müharibəsi iştirakçılarının nəvə-nəticələrinin yaşadıqları dövrdə yarandı.
– “Yeni nəsil, yeni nəsr” və ondan iyirmi il sonra yazdığınız ünlü “Nəsrin fəzası” məqalələrini 60-cıların ədəbi kimliyi adlandırmaq olar. Birincidə 60-cıların “doğulduğu” vaxtı, ikincidə isə yeri göstərmisiniz. Vaxt aşağı-yuxarı hamıda eynidir – İkinci Cahan savaşı sonrası! Yer isə hərədə bir cürdür – “Ə.Əylisli və İ.Hüseynov kəndi, İ.Məlikzadə kiçik rayon mərkəzini, Elçin şəhərətrafı qəsəbəni, Rüstəm və Maqsud İbrahimbəyovlar böyük şəhərin ucqar məhəllələrini”, Sabir Əhmədli isə bu bölgüdən çıxaraq həm kəndi, həm də urbanistik mühiti təsvir edir. Bəs, özünüzün bədii məkanınız haqda nə deyə bilərsiniz? Bunu böyük şəhərin mərkəzi adlandırmaq olarmı?
– Bu suala qismən özün cavab vermisən və mən bu cavabla razıyam. Mənim bədii məkanım şəhərin ziyalı mühitiylə bağlıdır (əlbəttə, tarixi mövzularda, satirik və publisistik yazılarımı istisna etməklə).
– “Nəsrin fəzası”nda görkəmli rus ədəbiyyatşünası Mixail Baxtindən gələn daxili məkan anlayışına söykənib yazırsınız: “əgər… yeni Azərbaycan nəsri nümunələrinin əksəriyyətində dünya insanla onu əhatə edən mühit şəklində çox geniş əlaqədədirsə, bizim bugünkü ədəbiyyatımızda elə əsərlər var ki, orada… xarici aləm elə bil personajın daxilində əks olunmuşdur”. Məsələni incələsək, birinci halda söhbət realizm, ikincidə isə modernizmdən gedir. Sizin ədəbiyyatda kənd-şəhər bölgüsünü o qədər də sevmədiyinizi bilirəm və bu, ilk baxışdan “şəhərli” bir yazıçının üstünlüyü əksərən kənd idilliyasına verən araşdırmaçılara etirazı kimi görünür. “Nəsrin fəzası” isə göstərir ki, bu daha çox dünyanı mənəvi-psixoloji yöndən qavrayan bir modernistin onu sadəcə coğrafi cəhətdən görən realistlərə etirazıdır. Yəni kənd və şəhər sözün müstəvisi üçün səciyyəvidir, onun fəzasının kəndi, şəhəri yoxdur. Necə fikirləşirsiniz, bu yozumla məqalənin ideya nüvəsinə yaxınlaşa bilirəmmi?
– Mülahizələrin maraqlıdır və belə yanaşmaq da sənin haqqındır. Amma mənim ədəbi haqqım da postmodernizmi, özəlliklə onun Azərbaycan versiyasını qəbul etməməkdir. Bəlkə də sənə qəribə gələcək və şübhəsiz, ədəbi tənqid (həm də tək bizm yox, işdi tanış olsalar ümumiyyyətlə, ədəbi tənqid) bu fikirlə razılaşmayacaq. Amma mənim rəyimcə, postmodernist deyil, XX əsrdə sadəcə modernist sayılan Marsel Prust və Frans Kafka – realist yazıçılardır. Keçən əsrin fransız marksist tənqidçisi (sovet təbliğatı sonralar onu revizionist kimi damğaladı). Roje Qarodinin dediyi kimi, “sərhədsiz realizm” mənasında deyil, bu təbirin müstəqim anlamında. Deyəcəksiniz ki, tutalım, Balzak, Stendal, Flober realizmi hara, M.Prust realizmi hara? Mən də cavab verəcəm ki, çox fərqli olsalar da, “Don Kixot” da realist əsərdir, Dostoyevskinin romanları da. Balzak insan xarakterini onun davranışında, hərəkətlərində, başqalarıyla münasibətlərində açır, ətraf aləmin əhatəsində təsvir edir. M.Prust isə insan varlığının daxili mahiyyətini ən incə realist detallarla verir. Paradoksal səslənsə də, mən Marsel Prustun “İtirilmiş vaxtın sorağında” romanlar silsiləsinə bizim Yunus Əmrənin misralarını epiqraf qoyardım: “Bir mən vardır məndə məndən içəri”.
Zənnimcə, real dünya qədər yuxular, xəyallar, təsəvvürlər, xatirələr dünyası da gerçəkdir. Belə olduqda nəyə görə məhz bu mövcud paralel dünyanı qələmə alan Frans Kafka realist sayılmasın?
O ki qaldı kənd və şəhər ədəbiyyatı anlayışlarına, mən bunu da yalnız şərti termin kimi qəbul edirəm. Həyatı yalnız kənd həyatı sayanlar da dar düşünürlər, şəhər ziyalısının intellektual aləmindən bəhs edən əsərləri yeganə həqiqi ədəbiyyat sayanlar da…
– “Nəsrin fəzası”nda çağdaşlarınızın nəsrindəki tərifəlayiq cəhətləri qeyd etməklə yanaşı, Sabir Əhmədlidə “ibtidai russoçuluğun bezikdirici təkrarını”, Əkrəm Əylislidə “şəhər və şəhərlilərin obrazlarınn alınmamasını”, Elçində “əhali artıqlığını”, “romantik aksesuarlardan bol-bol istifadəni” də vurğulayırsınız. Əksərən parlaq istedadı və bəzən həm də geniş erudisiyası ilə seçilən bu yazarlar tənqidlərinizi necə qarşılayırdılar?
– Mənə elə gəlir ki, adlarını çəkdiyin yazıçılar yetərincə geniş miqyasda düşünən insanlardır, odur ki, mənim xeyirxah mövqedən tənqid, irad da yox, sadəcə kiçik qeydlərimi normal qəbul etdilər. Hər halda, heç birindən bu qeydlərimə nə yazılı, nə şifahi etiraz görmədim, hətta barələrində bəhs etdiklərimdən bir çoxu məni bu yazıya görə təbrik etdilər, o cümlədən İsa Hüseynov və Sabir Əhmədov.
– “Nəsrin fəzası” məqaləsi nəzəri-estetik yöndən təsdiq edir ki, yarım əsr öncə dünya səviyyəli nəsrimiz olub. Məntiqlə, 90-lardan sonrakı ədəbiyyat irəliyə doğru növbəti addım olmalıydı – axı, bədii söz özgürlük qazanmış, qapalı sovet toplumundan açıq dünya kültürü alanına keçmişik. Amma bir-iki istisnanı çıxmaqla əksinə oldu. Sizcə, nə üçün? Nəhəng tarixi olayların bədii fakta çevrilməsi vaxt istəyirmi? İstedad amili yoxa çıxırmı? Sartrın dediyi kimi, yazıçı potensialının üzə çıxması üçün sovet dönəmində olduğu kimi maneə divarı lazımdırmı? Bir sözlə, özgürlük və ədəbiyyatın gəlişməsi tərs mütənasibdirmi?
– Doğrusu, bu suala cavab vermək mənimçün asan deyil. Mən də altmışıncılar nəslinə mənsubam və bu nəslin uğurlarından danışanda bunu subyektiv, təəssübkeş yanaşma sayanlar olur. Bəzən hətta daha əvvəlki və daha sonrakı nəsillərə mənsub olanlar altmışıncıların uğurlarına müəyyən qısqanclıqla yanaşırlar. Bu baxımdan altımıncıları sovet vaxtı “antisovet” müəlliflər kimi, müstəqillik dövründə isə “sovet yazıçıları” kimi qələmə verməyə cəhdlər olunub. (Örnəkləri o vaxtın və indinin qəzetlərində durur). Yalnız bir fakt. Hardasa Alber Kamyunun Nobel nitqində başqa bir nobelçi Andre Jiddən rəğbətlə və razılaşaraq gətirdiyi sözləri xatırlatmışdım: “Sənət əsarətdə canlanır, azadlıqda solur”.
Heç də mənim olmayan, amma qismən razılaşdığım bu sitata görə məni nələrdə ittiham etmədilər: az qala azadlığa düşmən kəsilməyimdə, senzuranı bərpa etmək niyyətində.
Andre Jidin və Alber Kamyunun bu şərikli qənaətində müəyyən ifrat olsa da, mühüm fikir budur ki, əsarət sənətin müqavimət, dirəniş gücünü artırır. Ölçüsüz-biçisiz azadlıq isə bəzən məsuliyyətsizliyə səbəb olur.
Doğrudan da, sərt sovet dövrünün ideoloji qadağaları, senzura yasaqları hökm sürərkən altmışıncı-yetmişinci illərdə həqiqi ədəbiyyatımızın müqavimət, dirəniş, etiraz gücü parlaq əsərlərin yaranmasıyla təsdiq olundu.
– İsa Muğanna, Sabir Əhmədli, Anar, Maqsud İbrahimbəyov, Elçin, Rüstəm İbrahimbəyov, Yusif Səmədoğlu, Əkrəm Əylisli, İsi Məlikzadə… Öz aralarındakı bütün umu-küsülərə, bəzən ictimailəşən dartışmalara baxmayaraq, ali insani dəyərlərə çağırış ideyası bu istedadlar pleyadasının yaradıcılığından qırmızı xətlə keçir. Bəs, necə oldu ki, 90-cı illərdən sonra həyatın sərt həqiqəti ilə toqquşanda bəzilərində hər şey öz yönünü dəyişdi? Sovet senzurasının qınağından çıxan modern bədii nəsrimiz, sizcə, zamanın sınağından da çıxa bildimi?
– Heç kəsin xətrinə dəymədən demək istəyirəm ki, müstəqillik illərində ayrı-ayrı uğurlu əsərlər meydana çıxsa da, küll halında böyük ədəbiyyat yaranmadı. Məsələ bundadır və bunu heç kəs inkar edə bilməz.
Bunun obyektiv səbəbləri çoxdur. Sovet dövründə yalnız ədəbiyyatın az-çox – deyə bildiyi həqiqətlərin indi mediada sərbəst çatdırılması, əyləncəli ucuz seriallarla baş qatan televiziya kanallarının, məsuliyyətsiz internetin, şok şou-şayiələrlə, birgünlük şlyagerlərlə dopdolu növbənöv saytların ciddi sənətlə rəqabəti, yeni nəsillərin “klip” şüuru, yəni uzun-uzadı əhvalatlardan bezib daycest şəklində sıxılmış mətnləri qəbul etməsi və s. və i. a.
Amma məsələ ondadır ki, bütün bu sadaladığım səbəblər, təbii ki, tək Azərbaycana deyil, Rusiyaya və ümumiyyətlə, çağdaş dünya ədəbiyyatına da şamil edilə bilər. Bu gün müasir ədəbiyyatda Çingiz Aytmatov, Şukşin, Trifonov, Rasputin, Aksyonov miqyaslı ədiblər yoxdur.
– “Söz dünyası”nın adı nə qədər sadə və iddiasızdırsa, daxili quruluşu bir o qədər orijinaldır. Burda həm özünüzün başqalarına dair yazıları, həm də onların sizin haqqınızda yazıları yer alıb. Seriyanın dördüncü cildində başqalarına bol-bol istinadların səbəbini belə səciyyələndirirsiniz.
“Hər kəs yazısının məsuliyyətini bilməlidir. Bu bir.
Ədəbi meyarları, bədii ölçüləri siyasi münasibətlərə qurban vermək olmaz. Bu iki.
Bu gün yazı yazanda dünən nə yazdığını da unutmamalısan, sabah nə yazacağını da düşünməlisən. Bu üç.
Hissə qapılıb bir şey yazmaq, sonra yazdığının peşmançılığını çəkmək, daha sonra vəziyyət dəyişəndə peşmançılığının peşmançılığını çəkmək mənəvi iflasdır. Bu dörd.
Yazılana pozu yoxdur. Bu da beş”.
Bu müddəaları kitabın əsas ideyası saymaq olarmı? Öz müddəalarınızda həddən artıq sərt, tələbkar deyilsinizmi? İnsanın öz suçunu anlayıb, peşmançılıq çəkməsi mənəvi təkamül göstəricisi ola bilməzmi?
– Cildlərin mahiyyətini dəqiq müəyyənləşdirmisən. Doğrudan da, bu cildlərdən çıxan yeganə olmasa da, mühüm nəticələrdən biri seçdiyin söz sənətinə məsuliyyətli yanaşmaq öhdəliyidir. Bu fikir kitabda gətirdiyim beş prinsipə əsaslanır. Bu gün bir şey yazanda dünən yazdığını da xatırla, sabahı da düşün… Çünki, doğrudan da, yazılana pozu yoxdur.
Təbii ki, insanın ömrü boyu fikirləri, hətta mövqeləri dəyişə də bilər. Amma bugünkü fikrinə görə dünənki fikrini büsbütün unutmaq, ya unutdurmağa çalışmaq insanın öz vicdanı qarşısında səbatsızlığıdır. Bu, xüsusilə siyasi mövqeyə aiddir. “Dünən elə düşünürdüm, bu gün belə düşünürəm” deyə münasib məqamda sifətini yüz səksən dərəcə dəyişmək konyukturçuluqdur.
– İsa Muğanna haqqında “Qəribə dünyanın adamı” adlı ümumən götürəndə çox maraqlı məqalənizdə yazıçının “İdeal”a qədərki yaradıcılığından imtinasını, “İdeal” romanında tarixi dekonstruksiya çabasını, elmiliyin bədiiliyi üstələməsini onun kəsirləri kimi göstərir, bir sözlə, Hüseynov İsanı qəbul edir, İsa Muğannanı isə əsasən etmirsiniz. Qəbul etmədiyiniz cəhətlər postmodernist nəsrə məxsus göstəricilərdir. Bu yanaşmanızı modernist bir yazıçının postmodernizmə keçən digər bir yazıçıya münasibəti kimi anlamaq olarmı?
– Postmodernizm haqqında nəzəri yazılardan da, bu cərəyana aid edilən dünya yazıçılarından da az-çox xəbərim var. Amma hələ də dəqiq müəyyənləşdirə bilməmişəm ki, bu cərəyanın mahiyyəti nədən ibarətdir. Hər şeyin inkarı, özündən əvvəlki bütün yazılara ironik, hətta aşağılayıcı münasibət? Bəs, inkar etdiyinin, ələ saldığının, güldüyünün yerinə sənin özünün qoyduğun, yaratdığın nədir? Məsələ bundadır. Əgər postmodernizmin əsas prinsipi destruksiya, yəni özün ortaya bir şey çıxarmadan mövcud məşhur mətnləri baş-ayaq etməkdirsə, lağa qoymaqdırsa, onda bizim ədəbiyyatda ilk postmodernist Mirzə Ələkbər Sabir olub. Böyük Füzulinn lirik qəzəllərini ironik şəkildə təqdim edən böyük Sabir. Amma, axı, Sabirin məqsədi Füzulini alçaltmaq, ələ salmaq deyildi, məqsəd Füzulinin məşhur əsərlərindən istifadə edərək cəhaləti, avamlığı qamçılamaq idi. Bizim postmodernistlərin məqsədi nədir, nəyə qarşı çıxırlar, kimlərəsə sataşmaqdan savayı mühüm ictimai qayələri varmı?
“İdeal”, şübhəsiz, ədəbiyyatımızın dəyərli romanlarından biridir. Amma mənimçün (bəlkə də bu, subyektiv yanaşmadır) məhz “Teleqram”, “Saz”, “Tütək səsi” nəsrimizdə dönüş yaratmış əsərlərdir.
– Sabir Əhmədliyə həsr etdiyiniz “Ağrılı ömür” adlı məqalənizdə yazırsınız ki, yazıçının kolxoz quruluşuna qarşı yazılmış “Dünyanın arşını” romanı dərc olunandan sonra əsər kəskin ideoloji tənqidə məruz qalıb, bu barədə DTK-ya arayış verilib, qocaman sovet yazıçılarından biri “Mən qoymaram ki, Sabir Əhmədov mənim qurduğum kolxozu dağıtsın” deyib. O ağsaqqal yazıçı kim idi və kolxoz quruluşunun dağıldığı vaxta kimi yaşadımı?
– Gəl bu sualın – cavab verməyəcəyim yeganə sual kimi qalsın.
– Bu kitablardakı yazılarınızı iki qismə bölərdim: İsa Muğanna, Sabir Əhmədli, Yusif Səmədoğlu, Fikrət Qoca, Maqsud və Rüstəm İbrahimbəyov qardaşları, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Afaq Məsud, Vaqif Bayatlı Odər haqda yazıçı Anar; Məmməd Araz, Xəlil Rza, Cabir Novruz, Tofiq Bayram, Nəriman Həsənzadə… və digər bir çoxları haqda isə sədr Anar yazıb. Adama elə gəlir ki, ikinci qrup yazıçılarla ayrı-ayrı zamanlar və fərqli planetlərdə yaşamış, birinci qrup adamlarla sözün fəzası, ikinci qrupla isə sözün müstəvisində qarşılaşmış, birincilərdən qəlbin istəyi, ikincilərdən isə ağlın hökmü ilə yazmısınız.
– Mən nə yazmışamsa, hətta yubileylərlə, ya rəsmi tədbirlərlə bağlı yazılar – səmimi yazmışam, yəni heç kəs haqqında boğazdan yuxarı söz söyləməmişəm. Amma bu yazıların təsnifatını vermək – hansını sadəcə yazıçı kimi, hansını sədr kimi yazdığımı bir-birindən ayırmaq mənlik deyil.
– Fikrət Qoca bir yazısında sizi belə səciyyələndirir: “Sizə elə gəlir ki, Anarı tanıyırsınız?.. Anar asan tanına biləcək insanlardan deyil. Adama elə gəlir ki, hamıya açıqdır, ancaq, əslində, öz içində dərindən dərində gizlənib. Ünsiyyətlidir, guya ki, çoxlu dostu var. Diqqət etsən, görəcəksən ki, yalqızdır, tənhadır. Nə qəm? Allah da tənhadır”. Bu arayışla razısınızmı? Məsələn, doğrudanmı, “dərindən dərinə” gedəndə Fikrət Qoca dostunuz deyildi?
– Fikrət Qoca ən yaxın, ən səmimi, ən etibarlı dostlarımdan idi. Və yəqin ki, məni ən yaxşı tanıyan adamlardandı. Odur ki, tənhalığım haqqında qənaəti də yəqin, doğrudur. Tənhalığın ən ağırı insanlar arasında yalqız olmaqdır. Bəyəm bu mənim əsərlərimdən aydın olmur?
– Arxivinizə qarşı çox diqqətlisiniz. Yəqin ki, ədəbiyyat tariximizdə sizin kimi səliqəli arxivi olan ikinci yazıçımız olmayıb. Mənim “O Adam” poemam haqqında on altı il qabaq yazdığınız məqalənin əlyazmasını saxladığınızı görəndə heyrət elədim. İnanıram ki, Yusif Səmədoğlunun vaxtilə “axır ki, sənin də bir keyfiyyəli qəlyanın olsun” deyə bağışladığı qəlyanı da saxlayırsınız. Yanılmıram ki?
– Yanılmırsan. Beş il bundan qabaq ağır ürək əməliyyatından sonra həkimlərin qəti hökmüylə qəlyan çəkməyi birdəfəlik atsam da, Yusifin hədiyyəsini onun xatirəsindən ən munis yadigar kim saxlayıram.
– Əkrəm Əylisli yazırdı: “Yusifin “Qətl günü” romanını mən realist Azərbaycan ədəbiyyatının bütün tarixi boyunca dilimizdə yaranmış ən maraqlı nəsr əsərlərindən biri hesab edirəm”. Həmişə hiss etmişəm ki, “izm” konusunu elə də sevmir, bunu ciddi önəmi olmayan ədəbiyyatşünaslıq məsələsi hesab edirsiniz. Buna baxmayaraq, sualın cavabı mənə maraqlı olduğu üçün verməli olacam. Ə.Əylislinin dediyi kimi, doğrudanmı, “Qətl günü” realist ədəbiyyat nümunəsidir? Yoxsa, sizcə, Ə.Əylisli bu termini konseptual planda, daha geniş anlamda işlədib?
– Əkrəm Əylislinin “Qətl günü” romanını Azərbaycan ədəbiyyatının bütün tarixi boyunca dilimizdə yaranmış ən maraqlı nəsr əsərlərindən” biri hesab etməsilə tamamilə razıyam. Bəlkə “biri” yox”, “birincisi” sözünü işlədərdim.
– Yusif Səmədoğlunun “Qətl günü” romanı adından göründüyü kimi, ölüm mövzusuna həsr olunub. Və siz haqlı olaraq yazırsınız: “…min illik poeziyamız tarixində ölümü Vaqif kimi ciddi qəbul eləyən, ölümlə bu qədər maraqlanan ikinci şairimiz olmayıb”. Sizcə, Səmədoğluların ölümə məhrəm münasbətində vaxtsız itirdikləri atalarına qovuşmaq kimi şüuraltı istəyin rolu varıydımı?
– Çətin cavab veriləsi sualdır. Ola bilsin haqlısan. Atalarını yetkinlik çağlarında itirmiş Yusifin də, Vaqifin də əsərlərində ölüm motivlərinin çoxluğu bu böyük itkinin təsirilə ola bilər. Bəlkə də, belədir. Amma bəlkə də, yox. Bəlkə, bu ovqat onların daxili dünyaduyumlarıyla bağlı idi. Hər ikisinin vaxtsız ölümlərinin öncədən vəhylə duyulmasındandı. Bunu kim dəqiq təyin edə bilər ki…
– Bu sözlər sizə məxsusdur: “…gənclikdə dostları daha çox qazanırsan, yaşlı vaxtında isə daha çox itirirsən. Dairə daralır, daralır. Və bu getdikcə daralan dairənin içində mənimçün Vaqif Səmədoğlu həmişə qalacaq”. Daralan dairənin içində daha kimər qalıb? Və dairəni son illər gənclər hesabına genişləndirdiyiniz də hiss olunur.
– İzahın düzdür. Daralan dairənin içində mənim nəslimdən tək-tüklər qalıb. Yeni nəsillərə mənsub olan insanlarla ünsiyyətim bir növ təskinlikdir. Amma o da var ki, heç kəs heç kəsi əvəz etmir. Bəzən düşünürəm. Bəlkə, Allahın mənə lütfkarlıqla bəxş etdiyi uzun ömrün bir mühüm mənası da varmış. Ömrümün uzadılması itirdiyim insanları yazılarımda yaşatmaq üçünmüş. Eyni zamanda, bir dəfə yaşanılmış ömrü bir daha xatirələrində, yazılarında yaşamaq üçün. Bu baxımdan Marsel Prustun həyat və yaradıcılıq təcrübəsi mənə təsəlli verir. Yaşanmış həyatın, qeyb olmuş illərin sorağını bir daha yazılarınla almaq olurmuş. Bu mövzuda mənim şeirim də var. “Yazıçı ömrünün iki vaxtı var, yaşamaq zamanı, yazmaq zamanı. Yaşamaq zamanı bitdi, tükəndi, gəldi yaşamaqdan yazmaq zamanı”.
– Vaqif Səmədoğluna həsr etdiyniz “Allahla söhbət” adlı qiymətli məqalənizdə yazırsınız: “Poeziya həyatın ölüm üzərində qələbəsidir”. Ölüm sizin üçün nədir – əbədi yoxluq, yoxsa bir dünyadan o birinə getmək? Əgər ikincidirsə, bir dünyadakı həyatı başqa dünyadakı həyat əvəzləyirsə, o, sadəcə ani bir körpü deyilmi və belə çıxmırmı ölüm deyilən şey yoxdur?
– Ölümün mahiyyəti və o dünyanın olub-olmaması o qədər ciddi məsələdir ki, bunu bir müsahibədə müzakirə edib əsaslandırmaq mümkün deyil. Mən bu barədə firiklərimi qismən “Gecə düşüncələri”ndə ifadə etməyə çalışmışam.
– Bir dəfə Rəsul Rza gənc Vaqifin şeirlərini oxuyub və zarafatla deyib: “Vaqif çox irəli gedib. Gərək özümü yığışdırım”. Bilirəm ki, söhbət iki görkəmli şairdən gedir, üstəlik, biri atanız, ikincisi yaxın dostunuzdur. Sizi dilemma qarşısında qoysam da, sualı verəcəm. Sizcə, Ustad bu sözlərlə öz ardıcılına münasibətdə təvazökarlıq eləmirdimi? Vaqif Səmədoğlunun elə bir şeiri varmı ki, Rəsul Rzanın “Vəsiyyət”indən irəli getsin:
…Ölülər geri dönə bilsəydi,
mən bu otağa bir də gələrdim,
burda uzun bir dəqiqə
dincələrdim…
Cənnətdə işim yoxdur,
getmərəm, dəvət etsələr belə,
Cəhənnəmi söndürüb,
bütün ölülər
ora getsələr belə…
Mən xoşbəxt olardım
tabutumu özüm apara bilsəm,
adımı, xatirəmi
yazılı nitqlərdən,
sərin ahlardan qopara bilsəm!
– Vaqifin hansısa şeirini (indi yadımda deyil) atama oxuyanda, doğrudan da, zarafatla o sözləri dedi. Atamın bu sözlərini olduğu kimi gətirərkən onu da əlavə etmişdim ki, heç bir vaxt atamdan başqa bir şairlə bağlı – istər nəsildaşları, istər daha cavanları olsun – belə bir söz eşitməmişdim. Elə bu da Vaqifin poeziyasını nə qədər yüksək qiymətləndirdiyinin göstəricisidir. Özü də bu sözləri elə vaxtda deyirdi ki, o zaman ədəbi əksəriyyət Vaqifi, ümumiyyətlə, şair saymırdı. Yəqin, Sizin nəsil bunu heç cür dərk edə bilməyəcək. Necə olub axı, “sazla yazı”, “canla qanı” qafiyələndirə bilən hər bir qrafoman şair sayılsın, Vaqif kimi unikal sənətkar şair sayılmasın? Atamın sitat gətirdiyin “Vəsiyyət” şeirini mən də çox yüksək qiymətləndirirəm. Amma bu şeiri də, başqa sevdiyim gözəl şeirlərini də Vaqifin şeirlərinə qarşı qoymaq istəməzdim, Hərənin ədəbiyyatda öz yeri var və heç kəs heç kəsin yerini dar eləmir. Əsas olur ki, ÖZ yerini biləsən.
– Yevgeni Yevtuşenko deyirdi: “Mən altmışıncılar nəslini qaralamağa çalışanlara nifrət edirəm. Belə inkarçı münasibətin əsasında bizim nəslə nifrət durur”. Bu fikrin, şübhəsiz ki, həqiqət payı var. Amma insan təbiətinə məxsus bu həsəddən altmışıncıların özlərində də yoxdurmu?
– Şübhəsiz, hər nəsildə olduğu kimi, altmışıncılar nəslindən olanların içində də başqasının uğuruna qısqananlar, ancaq özünü bəyənənlər və özlərini layiq olduğundan qat-qat uca görmək iddiasında olanlar var. Amma Yevtuşenkonun sözləri – onları elə bizim ədəbiyyata da aid etmək olar – daha çox sonrakılardan kütləvi şəkildə altımışıncılara nifrətlə yanaşanlara ünvanlanıb. Axı, bizim altmışıncılardan heç biri sonra gələn nəsillərdən heç kəs haqqında “filankəsin qanını şərbət kimi içərdim” deməyib, heç bir sonra gələnlə bağlı belə etiraflar etməyib: “Bilirəm ki, filankəsə böhtan atıram, onu şərləyirəm, amma bunu qəsdən edirəm ki, qanı qaralsın, şəkəri artsın, təzyiqi yüksəlsin, mən də bir az rahatlanım”.
Yaxşı rahat olmaq üsuludur.
Bizdə də bəziləri kumir saydıqları, pornoqrafik romanlar müəllifi Sorokin “altımışıncılarla mübarizə yalnız onları fiziki cəhətdən aradan götürməklə aparıla bilər” sözlərini həyat devizləri seçmişlər. Normal ədəbi yarışda uduzacaqlarını öncədən bildikləri üçün ümidləri yalnız kimlərinsə ölməsinədir.
– Bir dəfə əvəzsiz tənqidçimiz Yaşar Qarayevin yubileyində aparıcılıq eləyəndə unudub yubilyara söz verməmisiniz. Bu qeyri-adi olayı necə xatırlayırsınız?
– Utanc hissiylə. Bilmirəm necə oldu ki, dərin hörmət bəslədiyim və yubiley gecəsini məmnuniyyətlə apardığım Yaşara tədbirin sonunda söz verməyi unutdum. Düzdür, Yaşar alicənablıqla bu “qəribəliyin” üstünü vurmadı, amma mən bunu həmişə xəcalət duyğusuyla xatırlayıram.
– Məncə, “Söz dünyası”nda ən işıqlı yazı “köhnə dostunuz”, “təzə düşməniniz” Əkrəm Əylisliyə, öz təbirinizlə desək, “Əki balaya” həsr elədiyiniz və 1969-cu ildə “Komsomolskaya pravda”da dərc olunan “İşıqlı pəncərə”dir. Məqalədə yazırsınız: “Ədəbiyyat hər növ insanın bəraət qazanmasıdır”. Əkrəm Əylisli də, sizcə, ədəbiyyatın bəraət verdiyi adamlar sırasına daxildirmi? Yazıçı olmaq kollaborasionizmə haqq qazandırırmı?
– Yaxşı bildiyin kimi, vaxtilə Əkrəm Əylisliylə yaxın dost olmuşuq. Dost olduğumuz illərdə belə o mənim heç bir yazım haqqında xoş bir söz deməsə də, mən onun ilk yazılarını bəyənmişəm və Əkrəm haqqında Moskva və Bakı mətbuatında tərifli yazılar yazmışam. Münasibətlərimiz pozulandan, hətta “Daş yuxuları”ndan sonra da onun təklənməsini istəmədiyimə görə çox illər qabaq rus dilində yazdığım və “Komsomolskaya pravda” qəzetində çap olunmuş məqaləni ərinməyib dilimizə çevirdim, “Azərbaycan” jurnalında dərc edildi. Əkrəmdən, təbii ki, heç bir səs çıxmadı. “Daş yuxuları” da başqa mətbuat orqanlarından çox sonra çıxan və Əkrəmin əvvəlki uğurlarını danmadan bu povesti qınayan yazı Yazıçılar Birliyinin bəyanatı oldu. Bütün olub keçənlərə rəğmən, şübhəsiz, Əkrəm əvvəllər yazdığı bir çox uğurlu əsərləriylə ədəbiyyat tariximizdə qalacaq. Amma adının ləkəsiz qalması üçün gərək “Daş yuxuları” yazmasından peşman olduğunu etiraf etsin və ən azı qaçqınlardan onlar haqqında dedikləri üçün üzr istəsin. Xalqımızın qəlbi genişdi. Belə bir etirafdan sonra, bəlkə də, bu dönüklüyü ona bağışlar. “Yazıçı olmaq kollaborasionizmə haqq qazandırmır” fikrində isə haqlısan.
– Tanınmış şairə, vaxtilə ekranların gözəli olmuş Nurəngiz Günə həsr elədiyiniz “Şeirimizin Nurəngiz günü” adlı yazınız “Yaddaşımızın Nurəngiz günü…” cümləsiylə bitir. Nurəngiz xanımla bağlı yaddaşınızda nələr var?
– Nurəngiz xanımı şairə kimi tanınmaqdan əvvəl radio-televiziyada işlədiyim illərdən onu mahir diktor və gözəl bədii qiraət ustası kimi dəyərləndirirdim. Sonralar nəsr və şeir sahəsində maraqlı əsərlər yaratdı. İşıqlı, üzügülər, ünsiyyətli qadın idi. Ölümü hamımızı kədərləndirdi. Allah rəhmət eləsin. Məmnunam ki, qızı Jalə xanım anasının xatirəsini, adını yaşatmaq üçün əlindən gələni edir.
– Sizin ümumən söz dünyanızın ən əsas məqamlarından biri, bəlkə də birincisi insan və zaman qarşıdurmasıdır. “Söz dünyası”nın dördüncü cildində Rafael Hüseynova həsr etdiyiniz “Vaxt və baxt haqqında düşüncələr” məqaləsində deyirsiniz: “Vaxtın sınağından şərəflə keçmək Baxtın qapısının əbədiyyətə açılmasıdır”. Əbədiyyət sizin üçün nədir – bu dünyada insanın adının əbədiləşməsi, onun heykəlləşməsi, yoxsa ruhun axirətdəki xilası, əbədi cənnət səadəti?
– Ədəbiyyatın baqiliyi həyatın faniliyinə üsyandır. Bu çox ciddi mövzuda əlavə bir söz deməyə ehtiyac duymuram.
– Bu kitabların quruluşunun fəlsəfi altyapısında zamana qalib gələn və ya məğlub olan insan durur. Üçüncü cilddə olduğu kimi, dördüncü cilddə də bu insanlar bütöv bir qalereyadır: Aydın Məmmədov, Nüsrət Kəsəmənli, Arif Əmrahoğlu, Nisəbəyim, Adil Mirseyid, Sabir Bəşirov, Nizaməddin Şəmsizadə, Çingiz Abdullayev, Mövlud Süleymanlı, Çingiz Əlioğlu, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Afaq Məsud, Vaqif Bayatlı Odər, Kamal Abdulla, İsa Həbibbəyli, Vilayət Quliyev, Natiq Rəsulzadə, Elmira Axundova, Kamil Vəli Nərimanoğlu, Vahid Əziz, Nizami Cəfərov, Azər Turan, Elçin Hüseynbəyli, Tehran Əlişanoğlu, Rəşad Məcid, Elxan Zal Qaraxanlı, Salam, Əlizadə Nuri, Səlim Babullaoğlu, İlqar Fəhmi, Pərvin və nəhayət, övladlarınız – Günel və Tural! Kitabı oxuyub qapayıram və vəfatından artıq iki il keçən Nisəbəyimin səsi gəlir: “Ədəbiyyat sizə əmanət, Anar müəllim! Əlvida, ədəbiyyat, əlvida, Anar!”. Uzun sürən ağır xəstəlikdən tezliklə öləcəyini bilən, sanılı günləri qalan bir yazıçının digər yazıçıya ədəbiyyatı belə tapşırması nəinki Azərbaycan, bəlkə də, dünya ədəbiyyatında analoqu olmayan hadisədir. Bir təklifim var: dünyanı vaxtsız tərk eləmiş bu istedadlı şairənin xatirəsini yaşatmaq üçün onun adına poeziya mükafatı təsis etmək və bunu hər il ən yaxşı göstəricilərə nail olan şairələrə vermək olarmı?
– Nisəbəyim həqiqi qiymətini hələ də almamış çox istedadlı və nakam taleli şairə idi. O, ağır xəstə olan vaxtda yazdığı şeirlər çox təsirlidir. Təəssüratımı qələmə aldığım yazıda ifadə etməklə sağalmaz xəstəliyə düçar olmuş insana azacıq da olsa təsəlli vermək istədim. Onun ölümqabağı mənə ünvanladığı sözlər də, bəlkə, bu yazıma cavabdır. Təklifinlə razıyam, Nisəbəyimin adına nə şəkildəsə bir mükafat təsis etmək olar.
– “Söz dünyası”nı oxuyanda Rəsul Rzanın “İnsan şəkli” şeiri yada düşür. Amma bir fərqlə: o öz sərgisinə ancaq qəhrəmanların şəklini asırdı, siz isə həm də antiqəhrəmanları asırsınız. Bu antiqəhrəmanları bir neçə qismə bölmək olar: bəziləri nə vaxtsa sizinlə siyasi, bəziləri isə karyera müstəvisində qarşıdurmada olublar. Amma sırf ədəbi-estetik, uzaqbaşı ideoloji zəmində fikir ayrılığında olduqlarınız da var, məsələn, Kamal Abdulla, yaxud Azər Turan. Kamal Abdullanın “Yarımçıq əlyazma” romanında Dədə Qorqudun başından müqəddəslik haləsini çıxarması, yəni postmodernist əsər yazması sizi təəccübləndirir. Bu romanın yazılmasından 20 il keçib, Dədə Qorqud öz Dədəliyindən nəsə itiribmi? Sizcə, hər hansı mətnə onun yazıldığı metodun şərtləri daxilində yanaşmaq lazımdır, yoxsa bütün əsərlərə vahid, ümumi bir rakursdan baxmaq?
– Haqqında yazdıqlarımın heç birini antiqəhrəman saymıram. İntəhası bəziləriylə öz üslublarında bir qədər sərt, bəziləriylə nisbətən mülayim şəkildə mübahisə edirəm. Həmişə yazıçı və alim kimi yüksək qiymətləndirdiyim Kamal Abdulla mənim ən etibarlı dostlarımdandır və onun tək mənə deyil, oğlum Turala da xeyirxah münasibətini heç vaxt unutmuram. Kamal haqqında iki yazımda onun nəsrini, dramaturgiyasını və şair-tərcüməçilik fəaliyyətini yüksək qiymətləndirmişəm, Kamalı mükəmməl realist yazıçı hesab edirəm və hətta özü qəbul etsə belə, onu heç vəchlə postmodernist, illah da bu cərəyanın Azərbaycan variantına aid edə bilmərəm. Məqalələrimdən birində Kamalın Dədə Qorqudla bağlı bədii yazılarında məqbul saymadığım məqamları qeyd etmişdim, bunu şişirdib ara vurmağa çalışanlar olsa da, Kamal yetərincə müdrik və ədalətli ziyalı kimi hər şeyi düzgün dəyərləndirdi. Qədim yunanlar demiş Kamal dostumdur, amma həqiqət daha üstündür. Dədə Qorqud obrazına yanaşması haqqında əvvəlki fikrimdə qalıram.
– Azər Turanın “Kamança kompleksi” məqaləsində Qarabağ məğlubiyyətimizin səbəbini ermənilərə qarşı ifrat humanizmdə görməsinə etiraz edərək yazırsınız: “Azər Turan heç bir erməni yazıçısı “Kamança” pyesi yazmır deyəndə bundan utanmaq yox, bununla qürur duymaq lazımdır demək istəyirsən”. Sizcə, biz nəinki Cəlil Məmmədquluzadənin “Kamança” pyesini, hətta ədəbiyyatımızın “Dədə Qorqud”, “Xəmsə”, “Leyli və Məcnun” kimi şah əsərlərini əlimizdə tutub, ermənilərlə danışığa getsək, Qarabağı azad edə bilərdikmi? Hətta sülh müqaviləsi imzalanandan sonra da ermənilərin silahı yerə qoymaması təsdiq etmirmi ki, “Quran” oxumaqla donuz darıdan çıxmaz?
– Savadını, qələmini layiqincə dəyərləndirdiyim Azər Turanın bir fikriylə razılaşmamışdım. Azər Birinci Qarabağ savaşında uğursuzluğumuzu “Kamança kompleksi” ilə əlaqələndirərək, hardasa milli mərhəmət hissini zərərli sayırdı. Onun bu, zənnimcə, səhv qənaətinə 44 günlük zəfər müharibəmiz cavab verdi. Aydın oldu ki, Mirzə Cəlilin “Kamança” pyesində ifadə olunmuş humanizm, insanlıq prinsipləri xalqın qələbə əzmi üçün Zori Balayanların hay-küyçü “patriotizmindən” daha kəsərli imiş. Azərbaycan ədəbiyyatının, Azərbaycan kinosunun yetişdirdiyi gənclər canları, qanları bahasına Şuşanın sıldırım qayalıqlarıyla durmaşaraq düşməni məhv etdilər. Raffinin, Sero Xanzadyanın, Silva Kaputikyanın əsərləriylə yetişmiş erməni gənclərinin fərariliklərinə imkan verməmək üçün onları zəncirlə səngərlərə bağlayırmışlar. Yalançı və saxta “vətənpərvərlik”, başqa xalqlara nifrət aşılamaq nəticədə öz xalqının başına bəlalar açır. 44 günlük zəfər savaşımız həm də Azərbaycan ədəbiyyatının daşnak ədəbiyyatı üzərində qələbəsidir.
Davamı var…
“Ədəbiyyat” qəzeti