(NOSTALJİ)
Gənclik illərində olduğu kimi, anamın dilbər gəlini ilə hərdən uşaq kimi bir-birimizə qoşulub Bakı dəmir yolu vağzalına gedər, tünd-yaşılı qatarlara, qüssə və hüzn çökmüş boş perronlara, qarşısı növbəsiz bilet kassalarına, əvvəlki qələbəliyindən əsər-əlamət qalmayan gözləmə zalına baş çəkər, tək-tük və seyrək görünən sərnişinlərə göz qoyar və bir vaxtlar ömrümüzdən keçib gedən Bakı — Noraşen (Şərur) qatarının həyatımızda buraxdığı silinməz iz və xatirələri yad edə-edə getdiyimiz kimi də geri dönər, amma heç vaxt yuvamıza xoş ovqatla qayıtmarıq.
Amma özümüzü aldadıb, xatirələrlə baş qatdığımızı bilə-bilə aylar-illər sonra yenə uşaqlıq edər, yenə vağzala yollanar, ordan S.Vurğun bağına üz tutar, ordan da Dəniz kənarına, bulvara səmt sallanarıq. Hətta bəzən Bayraq meydanını arxada qoyduğumuz vaxtlar da olur, amma nə ediriksə, edək, heç vaxt gedib Naxçıvana çatmırıq ki, çatmırıq…
Qulağımızda da o unudulmaz səs: “Bakıdan Şərura gedən sərnişin qatarının yola düşməsinə beş dəqiqə qalır. Sərnişinlərdən xahiş olunur ki, vaqonlarda yerlərini tutsunlar… “
Sən nə qədər Böyük imişsən, İlahi?!
Sən nə qədər Adil İmişsən, ey ədalətinə hər zaman inandığım Ulu Yaradan?!
Sənə əl açan hər quluna yaxşılıq qismət etdin, gözəllik və xeyir bağışladın!
Son ümidlə də olsa bizləri bu günə gətirib çıxardın!
Qaranlıq gecələrimizi Qələbə sevinci ilə aydınlatdın!
Əlləri sənə uzalı qalmış bəndələrini yurd həsrətinə qovuşdurdun!
Bitməyən sevdaları bitirdin! Üzümüzə qapılar, qarşımıza yollar açdın!
Şükür Sənin Böyüklüyünə: məxsusi iyi, səslər aləmi və hər birini ömür dayanacağına bənzətdiyim stansiyalarla zəngin o qatarın sərnişini olmaq səadətini mənə və mınlərlə bədənə yenidən nəsib etdin…
Qismətdən heç nədə birinci olmadım bu dünyada! Amma axır ki, ömrümdə ilk dəfə 30 ildən sonra o qatara ilk bilet alan sərnişin olmaq fürsəti yaxaladım! Bir və son uşaqlıq da indi edəcəm! Bəlkə, mənimki bunda gətirə!…