Azərbaycanda avtomobillərin şüşələrinə örtüklərin çəkilməsinə dair yeni qayda hazırlanacaq.
Müstəqil.Az bildirir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq sərəncamı imzalayıb.
Sənədə əsasən, Daxili İşlər Nazirliyi Ədliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, layihəni iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Ədliyyə Nazirliyi Daxili İşlər Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, qanunun tətbiqinin təmin edilməsi məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməlidirlər və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.
Bu Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Müstəqil.Az