“Son zamanlar sağlamlığımda yaranmış problemdən daha çox, ölkəmizin informasiya məkanında KİV adı altında fəaliyyət göstərən “yalan makinası”nın geniş meydan sulaması və içtimai rəyi vicdansızcasına çaşdırması məni narahat edir. Demək olar ki, içi mən qarışıq, ölkə içtimaiyyətinin yaxşı tanıdığı, dövlət idarəçilik sistemində uzun müddət xidmət göstərmiş, hazırda isə bu və ya digər səbəblər üzündən vəzifəsini tərk etmiş insanlar haqqında hər gün hansısa qondarma “məlumat” yayaraq, saxta gündəm yaratmağa çalışırlar. Yalan və böhtanın həddi-hüdudu yoxdur”.
Mü2stəqil.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin sabiq köməkçisi, hazırda Türkiyədə müalicə olunan Əli Həsənov özünün FB səhifəsində yazıb.
Onun sözlərinə görə, bəzi KİV-lər onunla bağlı demək olar ki, hər gün nəsə uydurub, insanları çaşdırmağa çalışırlar: “Bilmirəm, əgər onların çörəyi bu yalan makinasından çıxırsa, ailə-uşaqlarını göz önünə gətirərək, bunu da anlamağa çalışaram. Amma bir məsələ var ki, bunlar ölkə içtimaiyyətinin doğrunu bilmək haqqını tapdalayırlar. Bunların yalanlarını nə qədər təkzib etmək olar?
Bir aya yaxındır ki, mənimlə bağlı yaydıqları yalan və böhtanları beş dəfə təkzib etmişəm. Amma bunların “sehirli fantaziyaları” bitmək bilmir ki, bilmir! İndi də mənim şəxsi həyatımla bağlı öz çirkin yalanlarını tirajlamaqla özlərinə çörək qazanırlar. Yazırlar ki, mən Türkiyəyə müalicəyə deyil, dövlətimdən qaçaraq, guya siyasi sığınacaq almağa gəlmişəm, heç bir xəstəxanada olmamışam və s.”.
Ə. Həsənov yazıb ki, yalnız şəxsinə aid olan sağlamlıq vəziyyəti haqqında kiməsə geniş məlumat və hesabat vermək fikrində deyil: “Sadəcə, bunların yalan makinası olduğunu və içtimaiyyəti davamlı olaraq aldatdığını sübut etmək üçün sonuncu yalanlarını təkzib edən bəzi sənədlərin başlığını diqqətinizə təqdim etmək istəyirəm.
2013-cü ildə keçirdiyim geniş infarktdan sonra Almaniyada iki açıq ürək əməliyyatına məruz qaldığımı hər kəs bilir. O dövrdən başlayaraq mən hər il iki dəfə ya Berlində, ya da İstanbulda yoxlamadan keçirəm. İstanbulda mənim həkimim Siyami Ersek ürək-damar xəstəlikləri dövlət xəstəxanasının kardiologiya şöbəsinin dosenti Yalçın Velibeydir. Davamlı olaraq 7 ildir ki, mən onun yanına gəlirəm, əgər o tövsiyə edirsə, başqa klinikalardakı digər mütəxəssislərə də baş çəkirəm. Bu dəfə də mən vəziyyətimlə bağlı bu klinikaya gəlmişəm, bir həftə boyu hər gün kardioloji yoxlamada olmuşam, axşamlar klinikanın mövcud vəziyyətini də nəzərə alaraq, yaxınındakı hoteldə gecələmişəm. Sonrakı müalicəm və daha hansı klinikada ürək klapanı üzrə mütəxəssis professorla görüşməyim və s. haqqında danışmağı artıq hesab edirəm”.
Sabiq köməkçi qeyd edib ki, hazırda Abu-Dabidəki Klivlend xəstəxanasına getmək üçün bəlli zamanı gözləyir: “Bütün bunlar haqqında mən mütəmadi olaraq müvafiq kanallarla ölkə başçısına da məlumat vermişəm.
Beləliklə, qoy məni tanıyan və haqqımda müfəssəl məlumat almaq istəyən vətəndaşlarımız Azərbaycandakı bu yalan makinalarına inanmasınlar”.
Ə. Həsənov daha sonra 20-26 avqust tarixində İstanbulda Siyami Ersek xüsusi ürək-damar cərrahiyyəsi xəstəxanasında keçdiyi müayinələrin və müalicənin bəzi detallarını da təqdim edib: “Sağlamlıqla bağlı əsas məlumatlar mənim xüsusi sirrimə aid olduğu üçün, sənədlərin əsas açıqlama yerlərini bilərəkdən bağlamışam”.
Müstəqil.Az