Əli Heydərovun qətli: silahlı cangüdən çölə çıxıb, az sonra killer atəş açıb

Əli Heydərovun qətli: silahlı cangüdən çölə çıxıb, az sonra killer atəş açıb

Aprelin 12-də Moskvanın Aviasiya küçəsində yerləşən “Al Yelkənlər” elit yaşayış kompleksinin fitnes-zalında baş vermiş səs-küylü qətl Rusiya mediasında Ukrayna mövzusundan sonra az qala ikinci yerdə qərarlaşıb. Virtualaz.org xəbər verir ki, bütün federal və yerli KİV-lər, telekanallar “Albert Rıjiy” ləqəbli azərbaycanlı kriminal avtoritet, 19 yaşında Gəncədən Rusiyanın Arxangelsk vilayətinə yollanan və orada reketliyə başlayan, özünə babat kriminal karyera quran və azı 3 sui-qəsddən salamat qurtara bilmiş Əli Heydərovun nümayişkarənə qətli barədə geniş reportajlar yayır.

 

Bu qətl qanlı-qadalı 90-cı illərdə Rusiyada qanqster dəstələri arasında az qala hər gün baş verən atışmaları xatırladıb. Qətl ona görə nümayişkarənə hesab edilir ki, killer Əli Heydərovu güllələdikdən sonra hadisə yerindən tələsik qaçıb uzaqlaşmayıb və sifətini videomüşahidə kameralarından gizlətməyə çalışmayıb-o, zaldakılara demək olar məhəl qoymadan iti, amma arxayın addımlarla öz qurbanından aralanıb, silahı çantaya qoyub və fitnes-zalını tərk edib. Kamera görüntülərinə əsasən killerin şəxsiyyəti tezliklə müəyyən olunub, xəbər verildiyi kimi, o Taleh Orucov adlı azərbaycanlıdır.

Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələr bildiriblər ki, ötən ilin iyununda növbəti həbs müddətini şərti cəza ilə vaxtından əvvəl başa vurub azadlığa çıxan Əli Heydərov Azərbaycan vətəndaşı olub. Və Rusiyadan qaçqın statusu alıb və həmin sənəd əsasında bu ölkədə yaşayıb. Yəni onun Rusiya vətəndaşlığı olmayıb.

 

 

Killer Taleh Orucov

“Albert Rıjiy” və ya “Kürən Alik” son vaxtlar həmin elit yaşayış kompleksindəki mənzilində yaşayırmış. Bu kompleksdə ən ucuz mənzilin qiyməti 200 min dollardan başlayır. O, müntəzəm olaraq kompleksin fitnes-zalından istifadə edirmiş və burada özünü arxayın hiss edirmiş. Çünki kompleks özəl mühafizə şirkəti tərəfindən mühafizə olunur, bir neçə nəzarət-buraxılış məntəqəsi ilə əhatələnib və içəri ancaq xüsusi buraxılış vərəqəsi ilə daxil olmaq mümkündür. Üstəlik Əli Heydərov daim silahlı mühafizəçinin müşaiyəti ilə gəzib.

Lakin bütün bunlar kriminal avtoriteti xilas edə bilməyib. Məlum olub ki, killer də bir müddət əvvəl həmin kompleksdə, Əli Heydərovla qonşuluqda mənzil kirayələyib. Şübhə doğurmamaq üçün orada öz rəfiqəsi ilə birlikdə yaşayıb, amma sakinlər deyirlər ki, Taleh Orucov birlikdə yaşadığı qadına onun fotosunu çəkməyi qadağan edibmiş və tez-tez harasa yoxa çıxırmış. Belə görünür ki, killer bir neçə dəfə Əli Heydərovla eyni vaxtda fitneslə məşğul olub, onun qrafikini öyrənib və qətl üçün əlverişli məqam seçib.

 

Qətl zamanı fitnes zalında olan şahid-Aleksandra Voyevoda adlı qadın deyir ki, güllələnən şəxs zala öz cangüdəni ilə gəlmişdi. O, soyunub-geyinmə otağına keçib, cangüdən zaldan çıxıb və qadın təxminən yarım saat sonra hadisə haqda eşidib.

“Mən bu adamı görmüşdüm, cangüdəni ilə gəldi. Sonra cangüdən çölə çıxdı, mən də onunla birlikdə çıxdım. Sözün əsl mənasında yarım saat sonra eşitdim ki, həmin adamı (“Albert Rıjiy”) güllələyiblər”,-qadın deyir.

Kriminal avtoritetin cangüdəninin nədən onu tək qoyub çölə çıxdığı müəmmalı görünür, amma ola bilsin ki, cangüdən içəridə “yad adam” olmadığından əmin olduğu üçün çölə çıxıb. Amma Heydərovla eyni vaxtda onun qatili də zalda idi, idmanla məşğul olurmuş kimi görüntü yaratmışdı.

 

 

Və kamera görüntülərindən də aydın olduğu kimi, killer arxadan Əli Heydərova yaxınlaşır, ona dalbadal atəş açır. Kriminal avtoritet üzü üstə yerə yıxılır, killer onun başından daha bir neçə güllə vurur və arxayın şəkildə uzaqlaşır. Ətrafdakılar isə təşviş içində ora-bura qaçırlar, silahlı adamdan xilas olmağa çalışırlar.

Hüquq-mühafizə orqanları müəyyən ediblər ki, killer ötən əsrin 60-cı illərindən istehsal edilən və əsasən xüsusi təyinatlıların yaxın döyüş aparmaq üçün istifadə etdikləri “Skorpion” tapança-pulemyotundan istifadə edib. Heydərovu güllələdikdən sonra silahı qırmızı çiyin çantasına qoyub və zaldan çıxıb. Sonrakı videomüşahidə kameraları görüntülərinə əsasən o, küçəyə çıxaraq yoldan keçən sərnişin avtobusuna minib.

Avtobusla son dayanacağa-Novopesçansk küçəsinə qədər gedib, orada düşüb taksiyə minib və nəzərlərdən itib. Sonradan avtobus sürücüsü salonda killerin qoyub getdiyi torbanı, onun içindəki “Glock” tapançasını aşkar edib. Belə görünür ki, bu killerin ehtiyat silahı idi. “Skorpion”u isə o, fitnes zalından çıxandan sonra küçəyə atıb. Sifarişli qətllər törədən killerlər ənənəyə görə, silahı hadisə yerində atıb gedirlər.

Əli Heydərov “vor zakon” titulunu 2012-ci ilin sentyabrında almışdı və “Ded Xasan”ın qruplaşmasına daxil idi. Kriminal karyerasına Arxangelsk bazarında alver edən azərbaycanlıları “sağmaqla” başlayıb, yəni reketlik yolu ilə onlardan haqq yığıb. 2002-ci ildə reketliyə görə ilk dəfə həbs olunub, şərti cəza ilə yaxasını qurtarıb. Sonradan daha iki dəfə həbs olunub, amma həbsxanada çox oturmayıb. Soyğunçuluq, xuliqanlıq, adam döymə kimi maddələrlə ittiham olunsa da qısa müddətli həbslərdən sonra azadlığa çıxıb və kriminal karyerası yüksəlib. “Ded Xasan”ın öldürülməsindən sonra onun klanı daxilində nüfuz dairəsi bölgüsü uğrunda qanlı hesablaşmalar başlayanda Ə.Heydərova iki dəfə sui-qəsd ediblər. Bir dəfə Peterburqda, bir dəfə Türkiyədə. Lakin hər iki halda o, xilas ola bilib. Sonradan ona daha bir sui-qəsd cəhdinin olduğu məlumdur.

Nəhayət 2016-cı ildə Əli Heydərov yenidən həbs olunub-bu dəfə sahibkara quldur hücumuna və saxta sənəd əldə etməyə görə. 6 il həbs veriblər və Mariy El həbsxanasına göndəriblər. Burada onun barəsində bir çox şaiyələr yayılıb-məsələn, deyilənə görə “Albert Rrıjiy” həbsxana administrasiyası ilə əməkdaşlıq edirdi və digər kriminal avtoritetlərin əleyhinə ifadə verirdi. Üstəlik o, həbsxanada tikiş tikməyi də öyrənibmiş.

İstintaqdakı mənbələr deyirlər ki, son illər Əli Heydərovun adı Moskvadakı “Food City” topdansatış ərzaq bazasından yığılan haqq uğrunda kriminal müharibələrdə də çəkilirdi. Onun bazarda öz payının, faizinin olduğu bildirilir. Hansı ki, bu bazara nəzarət uğrunda illərdir qanlı müharibələr gedir, bazarı əvvəlcə “Rövşən Lənkəranski” öz nəzarətinə ala bilmişdi. Sonra onu güllələdilər və bazar tam olmasa da “Lotu Quli”nin nəzarətinə keçdi, amma “Albert Rıjiy” də oradan öz payını alırmış.

“Kürən”in öldürülməsinə görə iki əsas versiya nəzərdən keçirilir-“paqona işləməyə” görə cəza və “Lotu Quli”nin ölümünə görə qisas. İndi isə daha bir versiya əlavə olunub ki, bu da “Food City”dən əldə edilən milyonların bölüşdürülməsi uğrunda qanlı hesablaşmadır…

Son məlumata görə Əli Heydərovu güllələyən Taleh Orucov artıq saxlanılıb. Rusiya İstintaq Komitəsinin Moskva üzrə istintaq İdarəsinin rəhbərinin baş köməkçisi Yuliya İvanova bildirib ki, o, kirayə qaldığı mənzildə yaxalanıb, hazırda onun dindirilməsi ilə bağlı zəruri istintaq tədbirləri həyata keçirilir, mənzildə axtarış aparılır.

Müstəqil.Az 

Share: