Əli İnsanov ermənidirmi? – Nəhayət, üzə çıxdı…

Əli İnsanov ermənidirmi? – Nəhayət, üzə çıxdı…

“Azadlıq” radiosu ruhən, cismən, fikrən və düşəncə etibarilə artıq çoxdan pensiyada olan keçmiş səhiyyə naziri Əli İnsanovla müsahibə edib.

Məqsəd nədir və ümumiyyətlə, bütün dünyanın gözünün bizdə olduğu, qələbəmizi qeyd-şərtsiz etiraf etdiyi və hətta erməni cəmiyyətinin Azərbaycan Prezidentinin sözünə kökləndiyi bir məqamda Əli İnsanovu dövlət və Prezident əleyhinə danışdırmağın adı nədir?

Əlbəttə, böyük məmnuniyyətlə əhəmiyyət verməmək olardı bu absurdlara, ancaq şərhlər olmasaydı. Təəssüf ki, şərhlərdə insanların manipulyasiya edildiyi aşkar göründü və ona görə də başlayaq…

Əli İnsanovun “tarixi” savadı

Əli İnsanov müsahibəsinin əvvəlindəcə Göyçə və ətrafındakı ərazilərin “sovetlərin qurulmasından 10 il sonra ermənilərə verildiyini” deyir.

Adam, Allah qoymasa, qərbi azərbaycanlıların ağsaqqalıdır, bu bölgənin tarixini bilir və yaxud bilməlidir və müdrikcəsinə “tarixi faktları” dilə gətirir. Bunun heç Göyçənin, Zəngəzurun Ermənistana verilmə tarixindən və proseslərdən xəbəri yoxmuş ki! Tarixi – mənsub olduğu bölgənin verilməsi faktlarını bilməyən bir adamın bu mövzuda digər danışıqlarını şərh edəkmi?

Hə, kimsə deyə bilər ki, tarixi qarışdırdığı üçün ağsaqqalın digər fikirlərinin üstündən xətt çəkmək doğru deyil!

Haqlıdır! Onda davam edək…

Ermənilər muxtariyyəti belə alacaq!

Əli İnsanov deyir ki, ermənilər Qarabağa qaytarılır və Rusiya orda bir oyun qurur: daha sonra ermənilər orda mitinq keçirəcək, muxtariyyət istəyəcək, Rusiya sülhməramlıları isə qondarma qurum istədiyi üçün 5 ildən sonra ordan getməmək üçün bəhanə tapacaq və nəhayət, istədiyinə nail olacaq…

Keçmiş nazir inadla ermənilərə muxtariyyət verilməməsi gərəkdiyini bildirir.

Özü baxmayıb, qoca kişidir, ola bilər, bəs, bu müddət ərzində Prezident İlham Əliyevin sosial şəbəkələrdə belə trendə çevrilən “status olmayacaq” sözləri ona çatdırılmayıbmı? Prezidentin prinsipial mövqeyindən xəbərsizdirmi?

O xəbərsizdir, bəs, ətrafındakı nainsaflara nə gəlib, niyə bu ağsaqqala başa salmırlar ki, Prezident nə deyib, necə deyib, mövqeyi nədir?

Rusiya sülhməramlıları bura üçtərəfli bəyanatla gəliblər və lazım olduqda da gedəcəklər – ola bilər 5 ilə, ola bilər 15 ilə… Bunu zaman və Azərbaycanın apardığı siyasət həll edəcək.

Rus sülhməramlılarının gəlişinə icazə verən Azərbaycandır, Putin də Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu iki dəfə elan edib. Hansı qondarma qurumla müqavilə bağlayıb qala bilərlər ki?

Digər tərəfdən, Əli İnsanov ya ermənilərə “öz ağlı ilə” yol göstərir, ya da 1988-dən üzü bəri bir addım da atmayıb. Ermənilərin mitinq keçirməsi və status tələb etməsi 1988-ci ilin fevralında baş verib və o proses bitib. İndi ermənilər Xankəndidə evlərini satışa qoyublar, çünki bu iddiaları ilə Azərbaycanda yaşaya bilməyəcəklərini anlayırlar.

Əli müəllim, hərdən başınızı qaldırıb, proseslərə də baxın!

Fədakar Rəhim Qazıyev?

Əli İnsanov Prezident İlham Əliyevin çıxışında AXC-Müsavat dövrünü tənqid etməsinə qayıdır və deyir ki, fədakar Rəhim Qazıyevi necə tənqid etmək olar?

“Fədakar” ha…

Sitata baxın: “Rəhim Qazıyev zəbt olunmuş torpaqların 60 faizini işğaldan azad etmişdi. Sən nə etmisən?”

Əvvəla, Rəhim Qazıyev zəbt olunmuş torpaqların 60 faizini azad edə bilmədi, əlində saxlamağı da bacarmadı.

İkincisi, Rəhim Qazıyevin müdafiə naziri olduğu vaxt Şuşa və Laçın işğal olundu.

Üçüncüsü, insan nə qədər həyasız olmalıdır ki, “Rəhim Qazıyev zəbt olunmuş torpaqların 60 faizini işğaldan azad etmişdi. Sən nə etmisən?” sualını versin! Necə yəni nə edib? “Fədakar” Rəhimin verdiyi Şuşa da daxil olmaqla, zəbt edilən torpaqlarımızın ən azı 75 faizində hazırda Azərbaycan ordusu dayanır, digər ərazilərin isə tədricən Azərbaycanın qanunvericiliyi altına keçməsi prosesini başladıb. Ermənilər “mıkk” edən kimi DTX əməliyyatı ilə 4 kəndi dərhal götürüb, 170 ermənini də əsir aldı – cəmi 2 saata!

Sən hansı üzlə İlham Əliyevə “sən nə etmisən” sualını ünvanlaya bilərsən?

Korrupsiyanı bağışlayıram, amma…

Əli İnsanov bu müsahibədə Prezidentin ünvanına səsləndirdiyi “korrupsiyanı ona bağışlayıram, ancaq rus ordusunun gətirilməsini yox” deyir.

“Korrupsiyanı bağışlayıram” deyən Əli İnsanovun 2005-ci ildə həbs edildiyi zaman bağ evlərindən, mənzillərindən tonlarla qızıl, brilyant, dollar çıxmışdı… Qalaq-qalaq, sayı bilinmirdi. Sənmi korrupsiyadan danışırsan?

İkincisi və ən önəmlisi, rus ordusunun gəlməsi məsələsidir.

Bu, artıq sosial şəbəkədə Azərbaycan hakimiyyətinə qarşı kampaniyanın əsas elementinə çevrildiyi üçün gərəkdir bu məsələyə azca geniş yer verək.

Rus ordusu niyə gəldi?

Xankəndini götürməyə bir neçə saat qalmış niyə Bəyanat imzalamalıydıq? Niyə Rusiyanın təzyiqinə boyun əyməliydik?

Əsas suallar bunlardır və çox qəribədir: Xankəndini götürməyə bir neçə saat qaldığını anlayanlar nədənsə Ağdamı, Laçını və Kəlbəcəri götürməyə nə qədər qaldığını demirlər!

Laçın və Kəlbəcər – Ermənistanla sərhəddə yerləşən rayonlardır və bu rayonlar qaytarılmadan Ermənistanla sərhəd bərpa edilə bilməzdi. Bu Bəyanatla 3 strateji rayon bir güllə belə atılmadan, şəhid verilmədən qaytarıldı.

Həmin rayonlarda Ermənistanın sərhədi bəzi yerlərdə 12 km-ya qədər irəli çəkdiyinin şahidi olduq. İndi bir güllə atılmadan sərhədlər bərpa edilir.

Bu Bəyanatla Naxçıvana dəhliz əldə edildi.

Bu Bəyanatla faktiki olaraq Azərbaycanın apardığı müharibədə Zəfərini beynəlxalq müstəvidə qəbul etdirmək fürsəti yarandı.

Bu Bəyanatla Azərbaycana qarşı Avropada hazırlanan sanksiyaların qarşısı alındı!

Bilirsinizmi Xankəndiyə girsək, nələr olacaqdı? Avropada necə sanksiyalar hazırlanmışdı və bunun ardınca Kəlbəcər və Laçın kimi çətin coğrafi relyefdə savaş aparmaq necə ağır, necə itkilərlə müşayiət olunacaqdı? Ermənilərdən irəli çəkdikləri sərhədi geri tələb etdikdə, KTMT prosesə müdaxilə etməyəcəkdimi? Ermənistan hay salmayacaqdımı ki, Azərbaycan ərazimizə müdaxilə edir?

Üstəlik, Ermənistan sərhəddəki bu əraziləri – Laçın və Kəlbəcəri – öz ərazisindən vurmaq imkanını qazanmayacaqdımı? O aldığımız ərazilərdə məskunlaşma mümkün olacaqdımı?

Müharibə bitib, amma sülh müqaviləsi yoxdur. Bu Bəyanat sülh müqaviləsinin təməli deyilmi?

Bəyanat Azərbaycanın ərazi bütövlüyünün qəbuludur; Bəyanat Ermənistanın işğalçılıq siyasətinin etirafı və sona çatmasını qəbullanması deməkdir.

Yəni bunlar aydın deyilmi?

Əlbəttə, daha çoxunu və daha artığını arzu edirik, ancaq reallıqlar var. Hələ indiki halda Fransa, Niderland, Belçika parlamentlərinin ədalətsiz qətnamələri ilə üzləşirik. Rusiya ilə birgə Bəyanat olmasa və o sıraya daha aqressiv şəkildə Rusiya da qoşulsa, nəticə necə olardı?

Əli İnsanov bu suallara cavab vermək üçün ən yaxşı halda bir də doğulub yaşamalıdır – həm də 1920-ci ildən. Çünki tarixi də görsə yaxşıdır – oxumaqla anlasaydı, indiyə qədər bilərdi. Hərgah, gördüyünü də anladığına böyük şübhəm var. Yoxsa “Fədakar Rəhim Qazıyev 60 faizi aldı, sən nə etmisən” deməzdi.

Füzuli-Şuşa yolu ermənilərə verilir?

Müsahibə zamanı Əli İnsanovun bu qədər yalanlarına baxıb, heyrətlənməyə bilmirsən və düşünürsən ki, yalnız erməni bu yalanları uydura və öz yalanlarına inana bilər. Ancaq…

Əli İnsanov Füzuli-Şuşa yolu və Ərdoğanla birgə Əliyevin Şuşa səfərinin gələn il olacağı barədə müxbirin sualına cavabında “o yolu da ruslar ermənilərə vermək istəyir. Ya da öz nəzarətlərinə götürmək istəyirlər, bilirdinizmi” deyəndə gözünün içinə qədər qızardı.

Şükür etdim, şükür etdim ki, Əli İnsanov erməni deyil və erməni qanı daşımır. Yoxsa bu yalanı deyəndə gözünün içinə qədər qızarmazdı.

Şübhə edən varsa, o kadra baxa bilər: görün qara adamın qızarması necə olur.

Demək, yalan danışdığını özü də bilir və bu yalanlarına görə xəcalət də çəkir. Ancaq inadından, hikkəsindən, kinindən dönmür…

Tarixi Zəfərə “şərh”

Əli İnsanov qələbədə bir dəfə də İlham Əliyevin adını çəkib, haqqını tanımadı: Bu prosesi “Ərdoğanın planı”, “Ordumuzun nail olduğu zəfər” adlandırdı.

Ordumuzu bu səviyyəyə kim gətirib? O Orduya ən müasir silahları kim alıb? O Ordunun yüksək səviyyəli kadrlarını, zabitlərini, xüsusi təyinatlılarını kim yetişdirib? Ordunu 17 il müharibəyə kim hazırlayıb?

Rusiyanı 44 gün neytral mövqe tutmağa kim razılaşdırıb? Ərdoğanın dəstəyinə kim nail olub?

İlham Əliyevin siyasəti deyilmi Türkiyə ilə qardaşlığımızı daha da gücləndirən? “Türkiyə burda yoxdur, mən burdayam” deyən İlham Əliyevin tarixi çıxışı indi də Türkiyədə dillər əzbəri, iftixar yeridir. Bu əsasları, bu qardaşlığı böyüdən kimdir? Türkiyəyə son bir neçə ildə 15 milyarddan artıq investisiya yatıran kimdir?

Birdirmi, ikidirmi sayıb bitirəsən… Bunları görməmək üçün yalnız Əli İnsanov olmaq lazımdır…

Deyir, bir gecədə xalqın razılığı olmadan Bəyanata niyə imza atır? Gərək Ərdoğanla məsləhətləşəydi…

27 sentyabrda “Vur” əmri verəndə referendum keçirmişdi? Yoxsa Milli Məclisdə müzakirə təşkil etmişdi? Ümumiyyətlə, ani qərarlarla milli hədəflərin müəyyənləşdirilməsi lazım gələndə, səninləmi məsləhətləşməlidir?

Azərbaycan prezident respublikasıdır və xalq bu səlahiyyətləri 2018-ci ildə İlham Əliyevi seçməklə ona verib. Və o, yaxşı bilir nəyi, nə vaxt, necə etmək lazımdır.

Bunu dəfələrlə sübut edib!

Əli İnsanovun son biabırçılığı

Əli İnsanovun bu müsahibədəki rüsvayçılıqlarının kuliminasiyası Prezident İlham Əliyevə rus qoşunlarını çıxartmaqla bağlı məsləhətidir. Deyir: “Qorxma”, bunu et, şəxsən mən arxandayam!”

Lətifədir, vallah! Arxada olana bax da! İlham Əliyevin lütfü ilə 14 ildən sonra türmədən çıxıb, dünyanın gərdişindən xəbəri olmayan qoca kişi…

 

 

Share: