Əli Nağıyev Şuşada açılış etdi – Video

Əli Nağıyev Şuşada açılış etdi – Video

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şuşa rayon idarəsinin (Rİ) yeni inzibati binasının təntənəli açılışı olub.

Müstəqil.Az DTX-nin saytına istinadən xəbər verir i, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin kollegiya üzvləri, Şuşa Rİ-nin əməkdaşları, digər hüquq mühafizə orqanlarının və ərazi üzrə qarnizonun yüksək rütbəli zabitləri iştirak ediblər.

Əvvəlcə binanın qarşısında 1993-cü ildə düşmən işğalı nəticəsində üç yaşında ikən ailəsi ilə birlikdə Şuşa şəhərini tərk etməyə məcbur qalmış, hazırda DTX-də xidmət edən leytenant U.Bəylərov Dövlət bayrağını qaldırmışdır. Dövlət himni səsləndirilmişdir.

Binanın açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları foyedə müstəqil Azərbaycanın qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ehtiramlarını bildirərək abidəsi önünə gül dəstələri qoymuşlar. Həmçinin Ulu Öndərin və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dövlətçilik fəaliyyətini, Azərbaycan təhlükəsizlik orqanlarının tarixini əks etdirən fotostendlərə baxmışlar.

Tədbir iştirakçıları Azərbaycan Respublikasının hüquq mühafizə siyasətinin Dağlıq Qarabağ ərazisində uğurla həyata keçirilməsinin növbəti təcəssümü olaraq DTX Şuşa Rİ-nin müasir üslubda təmir edilmiş yeni inzibati binasının otaqları və əməliyyatçıların iş şəraiti ilə tanış olmuşlar.

DTX-nin kollegiya üzvlərinin və Şuşa Rİ-nin rəhbərliyinin iştirakı ilə keçirilmiş xidməti müşavirədə çıxış edən general-polkovnik Əli Nağıyev bildirmişdir ki, Ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycan bütün sahələrdə durmadan inkişaf edir, günbəgün daha da qüdrətlənir. Bunun parlaq nümunəsi kimi 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın Müzəffər sərkərdəliyi altında xalqın və dövlətin sarsılmaz birliyi nəticəsində rəşadətli Ordumuz torpaqlarımızı düşmən işğalından azad etmiş, Azərbaycanın çoxəsrlik tarixinin və hərbi uğurlarının yeni şanlı və şərəfli səhifələrini yazmışdır.

Dövlət başçısı tərəfindən hüquq mühafizə orqanlarının inkişafına daim diqqət göstərildiyini vurğulayan general-polkovnik Əli Nağıyev, DTX Şuşa Rİ-nin yeni inzibati binasının istifadəyə verilməsinin də məhz bu qayğının bariz göstəricisi olduğunu qeyd etmişdir. DTX-nin rəisi əməkdaşların məsuliyyətli, eyni zamanda böyük etimad olaraq Şuşa şəhərində öz xidmətlərini daha səmərəli və peşəkar təşkil etmələri üçün yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirmişdir. Xidməti müşavirədə DTX Şuşa Rİ-nin şəxsi heyəti qarşısında konkret vəzifələr qoyulmuşdur.

General-polkovnik Əli Nağıyev Şuşa Rİ-nin əməkdaşlarını bu əlamətdar hadisə münasibətilə bir daha təbrik etmiş və uğurlar arzulamışdır.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Şuşa qarnizonunda xidmət edən hərbi qulluqçular ilə görüşmüş, onlara DTX-nin bayram sovqatları təqdim edilmişdir. Sonra tədbir iştirakçıları Şuşa şəhərində qulluq keçən hərbçilər üçün DTX-nin Mədəniyyət mərkəzi tərəfindən məşhur Cıdır düzündə 30 ildən sonra ilk dəfə təşkil olunmuş konsert proqramına tamaşa etmişlər.

Share: