ƏLİ SALAHLI  -75

ƏLİ SALAHLI  -75

Əli Məmməd oğlu Salahlı 1946-cı ildə Masallı rayonunun Yeddioymaq kəndində anadan olub. Teatr sənətinə marağı orta məktəb illərində yaranıb, əvvəlcə mədəni-maarif texnikumunda təhsil alıb, sonra Lənkaranda xalq teatrının tamaşalarında iştirak edib.

 

1973–dən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlayır. 1977–1982-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində qiyabi təhsil alıb. Səhnədə 80 – ə yaxın tamaşada oynadığı bir-birindən maraqlı rollarla sənətsevərlərin hörmət və ehtiramını qazanmışdı. Bir çox yubiley tamaşalarına quruluş və bədii tərtibat vermiş, 1991-ci ildə 20 Yanvar hadisələrinin ildönümünə həsr edilmiş “Şəhidlər” tamaşa-kompazasiyasının ssenari müəllifi olmuşdu.

1993-cı ildə Lənkəranda “Muğam” teatrı yaradan Əli Salahlının gözəl qiraətçılık rəssamlıq qabiliyyəti var idi. Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə 28 oktyabr 2000-ci ildə “Azərbaycan Respublikasının əməkdar artisti” fəxri adına layiq görülmüşdür.

Əli Salahlı Masallıda 12-13 yaşlarında ilk dəfə çıxdığı səhnədə –  23 aprel 2005-ci ildə 59 yaşında  monoloq söyləyərkən dünyasını dəyişdi. Məzarı Masallının Yeddioymaq kəndindədir. Lənkəran şəhərində yaşadığı binaya xatirə lövhəsi vurulub.

Yaşasaydı, Əli Salahlının bu il 75 yaşı tamam olacaqdı…

 Haşiyə: 2007 -ci ildə N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Əli Salahlının xatirə gecəsi keçirildi. Gecədə teatrın baş rejissoru, əməkdar incəsənət xadimi, Baba Rzayev (Allah rəhmət eləsin), teatrın  o vaxtkı direktoru İslam Həsənov, Əlinin səhnə dostları  və mən  xatirələr danışıb, onun görkəmli səhnə ustası olması ilə yanaşı, rəssamlıq qabiliyyətindən də söz açdıq. O gün teatrın foyesində Əli Salahlının rəsm əsərlərindən ibarət sərgisi təşkil olundu.

… İndi koronavirusa görə mədəni tədbirlərin çoxu təxirə salınır. Bu günlərdə məşhur sovet kinorejissoru, ssenaristi və artisti Vasili Şukşinin qızı Mariya Şukşina  baş  nazir Mixayil Mişustinin ona  medal təqdim edərkən çox cəsarətli, məntiqli çıxışı ilə  bildirdi ki, “mədəniyyətsizlik  virusu  indi dəbdə olan  koronavirusdan da çox  təhlükəlidir.”  (Bax: youtube -“От правды Шукшиной Мишустин обалдел!)

…Qəribədir, bu gün kafeyə, bara, restorana, toya və s. yerlərə  getmək olar, amma  teatra yox… Bəyəm 400 nəfərlik geniş salonda  100 -150 nəfər teatrsevərin hər hansı tamaşaya baxması və ya  görkəmli aktyorların yubiley mərasimində iştirakı bu qədər təhlükəlidir?

Nə isə… Bu gün ölməz şairimiz Xəlil Rza Ulutürk  demişkən, Əli Salahlı -sözü silahlını xatırlamağı  özümə mənəvi borc bildim. Onun səhnədə qəfil ölümündən bir neçə gün sonra  yazdığım “Bir qəmli musiqi tək” essesi “Söz” jurnalının 2-ci sayında (2005-ci il) dərc olundu. Və bu essenin əsasında 2006-cı ildə  Əli Salahlının fədakar həyat yoldaşı Elmira xanımın təşəbbüsü və təşkilatçılığı ilə unudulmaz sənətkarın anadan olmasının 60 illiyinə  həsr olunmuş “Sonuncu monoloq”  kitabı işıq üzü gördü.  Səhnədə SON monoloqu həm də  “Kəfən geymiş KİŞİ”nin – Əli Salahlının  SON nəğməsi idi…

 

                               SONUNCU MONOLOQ

 

…Demə qəfil ölümün dünyanı da gözdən salacaqmış, Əli müəllim! Bir yaz günü əlahəzrət ölüm gəlib səni səhnədə haqlayanda inanmaq istəmədik, oyundur – dedik. Zalım fələyin qurduğu bu oyunda  demə əbədi ayrılıq gözlə – qaşın  məsafəsi qədər yaxınmış… Əli müəllim, yenə o gün səhnədə “Gilənar çiçəklərinə dediklərim” əsərindəki yetim Əlabbasın monoloqunu söyləyəndə sanki içində illər boyu bəslədiyin dərdlərin çiçəyi çırtlamışdı. Səhnədə dönüb olmuşdun yetim Əlabbasın ruh qardaşı! Mərhum şair, müəllim Novruz Xoşbəxtin portreti önündə qəmli duruşundan sezdim bunu, bəlkə, elə Əylislinin canlı qəhrəmanıydı səhnəyə gələn?! Axı sən monoloq söyləmirdin, Əli Salahlı! Yetim kişinin “məzarı başında” ağı deyirdin, Səməndər quşu tək odlara tutuşurdun, Dədə Kərəm kimi yanırdın o gün… “Axı mən səndən sonra bu ömrü neyləyəcəyəm, müəllim?!”- deyə haray çəkirdin… Yoxsa, əsl sənət fədailiyi deyilən şey bu idi; Əziz, sevimli bir müəllimin ruhu ilə qol-boyun olmuşdun səhnədə. Elə ruha da qovuşub getdin o gün… Getdin! Yolunu gözləsək də, bir də geri dönmədin.

Sənə bir dəfə demişdim axı, Əli müəllim, amandır, o monoloqu söyləmə!.. Masallının görkəmli maarif xadimi Hüseynbala Əhədovun xatirə gecəsində, – “Ömür yarımçıq qalmır” kitabının təqdimat mərasimində və mənim doğma Xırmandalı kəndimdə şair, müəllim Xudakərim Məftunun məktəblə vida mərasimində söyləmişdin o monoloqu… O monoloq sənin ömrünü gəmirirdi axı. Yoxsa ömür yolunda mənzil başına çatdığını duymuşdun, beşiyinin yırğalandığı Masallıya məzarını qazdırmağa gəlmişdin?!

 

Doğma ana diyarımdı Masallı,

                             Səadətim, baharımdı Masallı.

                              İlk məskənim, son mənzilim bu yerdi,

                              Beşiyimdi, məzarımdı Masallı

 

Yetim kişi, gözəl kişi, o gün dərd-kədər səndə güzgülənmişdi: axı sən dərdə ürəyində “fəxri” yer ayırmışdın. Heç vaxt ondan gileyləndiyini eşitmədim. Həmişə ona gülürdün. Sən dərdi dərk elədiyinə görə o səni tərk etmirdi. Dərd sənin içində yelkənli qayıq kimi üzürdü, elə bil ömrünün dolanbac yollarında sən onu qəsdən başını qatmışdın; zarafatlarınla,  bir də Xəlil Rzanın, Məmməd Arazın, Vaqif Hüseynovun, Ramiz Rövşənin, Ağacəfər Həsənlinin… Arif Fərzəlinin şeirləri ilə!  Ağacəfərin “Özünü dərd ağacından asmaqdan gözəl şey yoxdur” misrasını tez-tez deyərdin. Üzüyola uşaq kimi  dərd  əllərindən  tutub  səni gəzdirirdi. Bakı, Lənkəran, Masallı arasında o dərdlərlə “samovar canın qaynadı, damarda qanın qaynadı”. Gedib nəvələrinin əllərindən tutmasın –  deyə sən dərdin əlindən bərk yapışmışdın, fədakar kişi! Dərd sənə öyrəşmişdi, sən də ona…

İçində vurnuxurdu dərd-qəmli musiqi tək. Bir qurtum şərabla bəzən məst etdiyin dərd  o gün Novruz Xoşbəxtin portireti önündə dayananda ayıq idi. Bəlkə də, məktəbli uşaqkən çıxdığın o səhnədə 59 yaşlı əməkdar artistlə haqq-hesab aparmaqdan həzz alırdı dərd. Təhvil-təslim aktına niyə imza atdın, Əli müəllim?! Xəfif bir kədər yaz mehi kimi ağ saçlarını tumarladı, ruhuna sığal çəkdi. Səhnəyə gözlənilmədən bayırdan qaranquş uçub gəldi. İlahi, o qaranquş niyə gəlib sənin başının üstündə cəh-cəh vurub, sonra getdi! Bəlkə, müqəddəs Quranda bəhs olunan əbabil quşunun-qaranquşun dilindən nəsə eşitdin?!

…Və sonra özündən, sözündən, dərdindən böyük bir kişi var-gəl elədi səhnədə. Əzab və iztirablarının zirvəsini fəth etmiş bir kişi. Bu, sən idin, Əli müəllim. Ölümün pişvazına çıxıb, ona xoş gəldin deyirdin. Bəlkə, o qaranquş axirət dünyasının müjdəsindən sənə soraq gətirmişdi. Elə isə niyə bizimlə vidalaşmadın?! Bəs o an sən nə düşünürdün, Əli müəllim? Bir azdan qazılacaq məzarının önündə boynubükük bənövşələrtək dayanacaq qızlarını, nəvələrini , “dibçək-dibçək” pərişan dostlarını, sənət yoldaşlarını, yoxsa Lənkəran Dövlət Dram Teatrında yarımçıq qalmış səhnə dekarasiyasını, “Ləyaqət” pyesində oynayacağın baş rolu…

Bəlkə, ayaq tutduğun andan yaxanı tanıyan DƏRDin kəmfürsətliyini düşünürdün?! Bəlkə, ölümün nimdaş sifətini görəndə o gün:

 

Mən öləndə ağlamağa

                            Bütün dostlar sağ ola kaş!..

 

– deyə Ramiz Rövşənnin misralarınımı xatırladın?!

Səndən sonra adına dərd dediyimiz həzin pıçıltıya, ağıya döndü. Göz yaşlarımıza qarışdı. İndi də kədərli musiqitək dərd sənsiz darıxan dostlarının başını qatır, Əli müəllim! Allah sənə rəhmət eləsin, yaxşı kişi, yetim kişi!

P.S: “Kəfən geymiş Kişinin” –   Əlinin  son nəğməsini Vaqif Yusifli də eşitdi,Əli ölümə də  nəğmə ilə getdi”-dedi, – “Biz get-gedə, addımbaddım,saatbasaat Əliyə doğru gedirik!”  Şair Arif Fərzəli isə bu misraları pıçıldadı:

 

Daha alqışlardan  uzaqdı əlim,

            Əliyə heç gül də göndərmədilər.

            Bu dəfə yalançı olmadı  ÖLÜM,

            Bu dəfə pərdəni endirmədilər…                                                                                           

 

Ruhuna böyük ehtiramla

Nurəddin ƏDİLOĞLU

Share: