“Əli və Nino” filmi Macarıstanın paytaxtı Budapeştdə nümayiş edilib.
Müstəqil.az xəbər verir ki, film Azərbaycanın Macarıstandakı səfirliyinin təşkilatçılığı ilə təqdim olunub.
Ekran əsərinin təqdimat mərasimində mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti, Macarıstanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, mədəniyyət və kino sahəsində fəaliyyət göstərən tanınmış şəxslər, ictimaiyyət nümayəndələri, Azərbaycan diasporasının üzvləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak edib.
Macarıstandakı səfirimiz Vilayət Quliyev filmin süjet xətti barədə danışıb və əsərin müəllifi Qurban Səidin həyat və yaradıcılığı haqqında məlumat verib. Səfir filmin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və prodüserliyi, “Oskar” mükafatı laureatı Asif Kapadianın rejissorluğu ilə çəkildiyini qeyd edib, ekran əsərinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından süqutunadək baş verən əsas hadisələri də obyektiv şəkildə işıqlandırdığını bildirib. Səfir deyib ki, filmdə Birinci Dünya müharibəsi fonunda Cənubi Qafqazda multikultural cəmiyyətdə gedən proseslər, Şərq və Qərb arasında kəsişmə nöqtəsi olan Bakının portreti, eləcə də 1918-1920-ci ildə Azərbaycanda baş vermiş real hadisələr öz bədii təsvirini tapıb.
Film izləyicilər tərəfindən maraqla qarşılanıb.(publika.az)