“Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə dünyaya ədalətin və beynəlxalq hüququn mövcudluğunu və bunun tətbiqi üçün vahid mexanizmin gərəkliyini çatdırdı. Artıq tarixə qovuşan Qarabağ münaqişəsi ilə bağlı dünyanın ikili standartlara əsaslanan siyasətinin hansı problemlərə gətirib çıxardığı göz qabağındadır. 30 il danışıqlar prosesinə imitasiya naminə qatılan Ermənistan havadarlarının dəstəyindən ərköyünləşərək daha böyük iddialarla yaşamağa başladı, yeni ərazilər uğrunda müharibə planları hazırladı. Dövlət başçısı İlham Əliyev həmin ərəfədə BMT Baş Assambleyasının sessiyasında bu reallığı diqqətə çatdırsa da dünya gücləri bunu eşitməzdən gələrək laqeyd yanaşmaları ilə erməni sevgilərini nümayiş etdirdilər. 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmaları bunun təsdiqi oldu. Artıq Azərbaycan dövlətinin, xalqının səbir kasası dolmuşdur. Bu tarixdən başlanan İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Düşünmək olardı ki, 30 il işğalçı dövlətə dəstək verən, ikili standartlara əsaslanan siyasətlərini hər an nümayiş etdirən bəzi dünya gücləri Azərbaycanın bu qələbəsindən sonra artıq ədaləti, beynəlxalq hüququ maraqlarının arxasında gizlətməz, ikili yanaşmalara son qoyub həqiqətə həqiqət gözü ilə baxarlar. Amma təəssüflər olsun ki, Fransa kimi dünyanın iri dövləti bu siyasətinə nəinki son qoydu, əksinə müharibə başa çatsa da onun “həll olunmadığı” barədə əsassız, qərəzli fikirlər səsləndirməklə Ermənistana xoş gəlsin deyə ümidlər verməyə, vəziyyəti gərginləşdirməyə, ən əsası Azərbaycanın təklif etdiyi sülh müqaviləsinin imzalanmasına mane olmağa başladı. Bir tərəfdən belə sərsəm bəyanatları ilə diqqətdə olan Fransa Prezidenti Emmanuel Makron digər tərəfdən ölkəsinin vasitəçiliyinin bərpası istiqamətində səylər göstərir, tərəf kimi danışıqlar prosesində iştirak edir. İkrah doğuran yanaşma deyilmi?”
Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.
Əliabbas Salahzadə qeyd edib ki, Fransa ilə Ermənistanı birləşdirən dəyərlər dünyaya bəllidir. Bu günlərdə ölkə Prezdienti İlham Əliyev Əlcəzairə səfəri zamanı Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı zamanı da diqqəti bu məsələyə yönəldərək belə bir çağırış etdi ki, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik.
Millət vəkili vurğulayıb ki, Fransa Senatında noyabrın 15-də qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə ermənipərəst mövqeyi ilə daim diqqətdə olan Fransanın ölkəmizə qarşı növbəti qərəzli yanaşmasının göstəricisi oldu: “Qətnamə yalnız və yalnız Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə xələl gətirməyə yönəlib. Qətnamənin adından da görundüyü kimi, tarix tamamilə saxtalaşdırılıb, eyni zamanda, bu sənədin müəllifləri heç bir araşdırma aparmadan, tarixi həqiqətlərə müraciət etmədən Ermənistana xoş olan, özlərinin isə maraqlarına uyğun qətnamə hazırlayıblar. Belə qərəzli, həqiqəti əks etdirməyən sənədlər Azərbaycan üçün adi kağız parçasıdır. Tarixi faktları saxtalaşdırmaq qeyri-mümkündür. Azərbaycan tarixi Zəfəri ilə bu reallığı təsdiqlədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu öz əksini tapıb. Bu qətnamənin hazırlanması və qəbulu prosesinin iştirakçılarından biri məhz Fransadır. Artıq geniş şərhə ehtiyac yoxdur.”