Əlilliyinə görə lağa qoyulan qız, məzlum, zəif keşiş

Əlilliyinə görə lağa qoyulan qız, məzlum, zəif keşiş

Kulis.az Orxan Adıgözəlin “Paris Notre-Dam” adlı yazısını təqdim edir.

Bu yaxında “Paris Notre-Dama ithaf” tamaşasını üçüncü dəfə izlədim. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında əsl bayram yaşanırdı. Şişirtmədən bildirirəm ki, teatra getmək mənim üçün bayram, şənlik kimidir. Özümü çoxdan ziyarətini gözlədiyim müqəddəs torpaqlara ayaq basan abid kimi hiss edirdim. Tamaşa zalını dolduran adamlara baxdıqca, düşünürdüm, görəsən, onlar da hazırda mənim hiss etdiklərimi hiss edirlər?!

Tamaşanı izləməyin coşğusu ilə, birgə özümü sükunət içində hiss edirdim. Bu təzadlı, qarışıq duyğu bütün gücü ilə məni ağuşuna almışdı. Elə bil kosmosda idim. Səmanı dəlib, yerdən ayrılmış, hüdudsuz kainatın parlaq ulduzlarının işığı altında çəkisizliyi duyur, bu haldan ləzzət alırdım. Bəli, mən bu əsəri, tamaşanı belə ehtirasla sevirəm. Viktor Hüqonun qələmə aldığı bu əsərdə İlahi bir nəfəs, qənirsiz doğmalıq, sevginin ən isti rəngləri yer alıb. Ona görə də qəlbləri belə riqqətə gətirməyi, oxucu və izləyiciyə çoxsaylı duyğular ötürməyi bacarır.

“Paris Notre-Dama ithaf” tamaşasının quruluşçu rejissoru Samir Qulamovdur. Cənab Qulamova belə əsrarəngiz işə, zəhmətə görə təşəkkür edirəm. Layihə müvəffəqiyyətli alınıb.

Tamaşanın fasiləsində gənc bir qadınla tanış olmuşdum. O, tamaşanı beşinci dəfə izləməyə gəldiyini demişdi. Görünür, məndə də elə olacaq. Növbəti ayı, biletlərin satışa çıxacağı vaxtı gözləyirəm.

Əsərdən, yəqin, çox adamın xəbəri var. Hüqo təkcə tarixi romanın zirvəsini yox, həm də güclü məhəbbət dastanını yaratmağı bacarıb. Əslində, romanda hansısa konkret tarixi olay sərgilənmir. Müəllif Paris və Notre-Dam kilsəsi ətrafındakı hərəkətliliyi, qəlblərdəki ehtirasları canlandırır.

Tamaşada da bu olaylar gözəl şəkildə göstərilir və tamaşaçıları kütləvi emosiyalar atəşinə məruz qoyur. Bu atəşlər, qəlbə tuşlanır və dəqiq hədəfalma ilə seçilir. Esmeraldanın, Klod Frollonun, Kvazimodanın, Qrequarın sevgi təlatümləri, qabarıq duyğuları, hərəkətləri, nitqləri və ən əsası musiqi ifaları – həssas qəlblərə həyəcan, hərarət, gözəllik və iztirab notları ötürməyi bacarır.

Müzikl janrının həvəskarı deyiləm, ancaq bu tamaşadakı musiqilər, əlvan ifalar ürəyimi yumşaltmağa, gözlərimi yaşartmağa müvəffəq olublar. İnternetdə dünyanın müxtəlif yerlərində sərgilənən “Paris Notre-Dam kilsəsi” tamaşalarının müxtəlif ifalarını dinləmişəm. Ən xoşuma gələnlər isə Azərbaycan Dövlət Musiqili Teatrında ifa olunan musiqilər olub. Bilmirəm, bəlkə də, bu illüziyadır. Canlı musiqinin təsiridir ya nədirsə, axırı odur ki, mənə olduqca doğma gələn ifaları böyük şövqlə dinləmişəm.

Hüqonun əsərində ən xoşladığım obraz keşiş Klod Frollodur. Bəli, o mənfi obraz kimi qələmə alınıb, ancaq keşişin platonik məhəbbəti yeri-göyü titrədəcək qədər qüvvətli, aləmi yandırıb, külə çevirəcək qədər dağıdıcı, həm də İlahi eşq qədər ehtiraslıdır.

Klod Frollonu canlandıran aktyor Pərviz Məmmədrzayev keşişin yanğılı və nakam məhəbbətini ehtirasın çoxsaylı çalarları ilə göstərib, ötürməyi bacarıb. Frollonun ağrıları, ümidsizliyi, coşqun sevgisi hər jestdə, hər baxışda, hər kəlmədə – cənab Məmmədrzayevin əyninə yaraşan libas kimi oturmuşdu. Kitabı oxuyarkən keşişi necə təsəvvür etmişdimsə, tamaşada da onu o cür gördüm. Bu, çox ləzzət elədi. Aktyor abbat Frollonun bədbəxtliyini tamaşaçılara çox gözəl şəkildə ötürə bilir. Gücün, avtoritetin, qəddarlığın əks tərəfi də nümayiş olunur: Frollo sevgi qarşısında aciz, məzlum, kövrək, zəifdən də zəifdir…

Kvazimoda da parıldayırdı. O, əzab daşıyıcısı idi. Görünüşünə, əlilliyinə görə onu vəhşicəsinə diskriminasiya edir, hər fürsətdə əzməyə çalışırdılar. Kvazimodanı yaşadan məhəbbət idi. İri zınqırovların cingiltisi ətrafı lərzəyə salan səsi necə ötürürdüsə, onun qəlbini titrədən sevgi də elə güclü idi. Aktyor da rolunu əla canlandırır, tamaşaçıları ağladırdı.

Qrequar – bu rolu canlandıran aktyorun məlahətli səsi, ifaları bütün zalı cuşa gətirirdi. Gənc adamın görünüşü də roluna çox uyğun gəlirdi. Sevgisi, emosiyaları, plastikası da yerli-yerində idi. Çox bəyəndim.

Esmeraldanı canlandıran aktrisa “Ave Mariya” mahnısını oxuyanda, mən sanki uçurdum. Bu şərqini hələ heç kim belə füsunkar şəkildə ifa etməmişdi. O, oxuyanda sandım ki, səhnəyə mələk enib və səsi ilə məni asimana tərəf dartır. Təkcə o ifaya görə aktrisanın nümayiş zamanı görülən boşluqlarını bağışlamaq olar.

Tamaşada bəzi personajlar ixtisara salınmış, süjetdə müəyyən dəyişiklik olmuşdu. Bu, əsərin ecazına xələl gətirməmiş, xoşagəlməz görünüşə səbəb olmamışdı.

Xoşuma gəlməyən yeganə şey – tamaşanın sonunda Fransa hökumətinə verilən aşkar siyasi-tənqidi mesaj idi. İncəsənət – siyasət meydanı deyil ki, oradan elə psevdopatriotik gileyli və açıq mesajlar tirajlayasan.

Sevgilər!

Share: