Əliyevə qarşı xüsusi kampaniya: sifarişi kimlər verib?

Əliyevə qarşı xüsusi kampaniya: sifarişi kimlər verib?

Erməni politoloqlarının bir müddət öncə Brüssel görüşünə hazırlıqla bağlı açıqlamalarını yaymışdıq. İddia edirdilər ki, Şərq Tərəfdaşlığı çərçivəsində 15 dekabrda Brüsseldə baş tutacaq görüşdə Azərbaycana təzyiq imkanı yaradılmasına xüsusi hazırlıq yaydan başlayıb. Əlbəttə ki, burda əsas məqam kimi “demokratiya”, “insan haqları”, “daxili narazılıq”, “ölkədə müxalifətə zorakılıq” imkanları dəyərləndirilir.

Erməni diasporunun bu məsələdə külli miqdarda vəsait xərclədiyi də bildirilmişdi və Soçi görüşünün (26 noyabr) bu planlara ciddi zərbə vurduğu qeyd edilmişdi.

Bunun səbəbləri barədə də xarici mənbələrdən məlumatlar sızdırılmışdı.

Ancaq görünən odur ki, proses daha sürətlə davam edir və bu prosesdə “azərbaycanlı mühacir” adlı ünsürlərdən istifadə edilir:

1. Dekabrın 1-də Tofiq Yaqublunun timsalında “insan haqları” pozulur və həmin gün bu olay tez-tələsik Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin Vətəndaş Cəmiyyəti Forumunun 13-cü Assambleyasında gündəmə gətirilir. İlqar Hüseynli adlı şəxs bu tədbirdə, Qubad İbadoğlu isə digər beynəlxalq tədbirdə Bakıya bu mövzu üzərindən ittihamlar yağdırır;

2. Qrant maxinasiyalarına görə Bakıdan qaçan Emin Hüseynov məhz indi AŞPA-ya Azərbaycan Ordusunu şikayət edir. O şikayətdə nələr var və niyə məhz Ordumuz hədəf alınıb – bəlli deyil. Ancaq Azərbaycan Ordusunun hədəf alınmasının olduqca məkrli səbəbləri mövcuddur;

3. Yay aylarından başlayaraq 2017-ci ildə baş verən və doğrudan da üzqarası sayılan “Tərtər işi” ilə bağlı xüsusilə Avropada sığınacaq tapan bəziləri böyük kampaniyalara başlayıblar. Vaxtaşırı olaraq o cinayət işində baş verən pozuntular ən dəhşətli çalarları ilə gündəmə daşınır, təhqirə və işgəncələrə məruz qalanlar danışdırılır və onların çıxışları bütün sosial platformalarda böyük pullar hesabına reklam edilir;

4. Məhz bu kampaniyanın nəticəsi olaraq və məhz 15 dekabr Brüssel görüşü öncəsi o işgəncələrdə həlak olan hərbçilərin valideynlərinin aksiyası keçirilir və bu aksiyada səsləndirilən sözlər sosial şəbəkələrdə trendə çevrilir;

5. Bu proseslər fonunda radikal müxalifətin “Tereza anası” və “media qapısı” S.Osmanqızı N.Paşinyana sevgisini hardan qaynaqlandığı bilinməyən “böyük cəsarətlə” ortaya qoyur…

Bütün bunlar kortəbii, daxili problemlərdən qaynaqlanan proses deyil: sistemlidir, kompleks tədbirlərdir və bir ideya mərkəzindən idarə olunur. Yoxsa durub-durub qəfildən Azərbaycan Ordusuna qarşı iddia qaldırmaq Emin Hüseynovun hardan ağlına gəlsin ki? Onu buna sövq edən səbəb (maliyyə) nədir və hardan gəlir?

Hələ yay aylarında erməni politoloqlar diasporun Avropadakı hamiləri ilə müzakirələri haqda ilginc fakt açıqlamışdılar. Onlar bildirirdilər ki, 44 günlük savaşdan sonra Azərbaycanda İlham Əliyevin reytinqi 98% üzərindədir və belə şəxsə hər hansı təzyiq etmək mümkünsüzdür. Mütləq İlham Əliyevin reytinqi salınmalı, bu ölkənin ən güvənilən qurumlarına qarşı ictimai və beynəlxalq etiraz təşkil olunmalı, azərbaycanlıların “etiraz səsləri” yüksəlməlidir ki, ermənilərin istəkləri reallaşsın.

Bir neçə ay öncə açıq şəkildə ifadə edilən bu fikirlərlə hazırda aparılan kampaniyaları müqayisə edəndə gizli şəkildə koordinasiyalı bir prosesin getdiyi şübhəsi reallıq kimi görünür.

Ən maraqlı məqam isə burda dövlətin bəzi qurumlarının bilərəkdən və yaxud bilməyərəkdən yer almasıdır:

1. Vaxtaşırı olaraq şəhid ailəsi və yaxud müharibə qazisinin pensiyasının kəsilməsi və yaxud pensiya hüququnun təmin edilmədiyi haqda şikayətlər yayılır. Araşdıranda bəlli olur ki, bunun bir səbəbi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bütün səlahiyyəti maşınlara, robotlara verməsidirsə, digər səbəbi həmin “robotların” tələb etdiyi sənədləri təqdim edəsi şəxslərin, məxsusən həkimlərin həssas təbəqəyə qeyri-həssas yanaşmasıdır.

Bu nazirliyin “dövlət büdcəsinə qənaət etmək üçün” və yaxud Səlim Müslümovun zamanında rüşvət hesabına alınan yalançı əlillik probleminə qarşı kampaniyasının həddən artıq genişləndiyi və əlillərin də haqqına girildiyi vaxtaşırı olaraq gündəmə gəlir. Doğrumu-yanlışmı – bu, ayrı söhbətin mövzusudur. Ancaq fakt odur ki, hazırda qlobal iqtisadi sistemdəki krizis və bundan doğan bahalaşma fonunda bir tərəfdən də haqlı və yaxud haqsız olmasından asılı olmayaraq, pensiyaların kəsilməsi daxili narazılığı körükləyə bilər.

Digər tərəfdən, qazilərə, müharibə iştirakçılarına, şəhid ailələrinə yanaşma mütləq və mütləq “robotlardan” alınmalı – yəni proqramlaşdırılmadan çıxarılmalı və bu şəxslərə fərqli münasibət sərgilənməlidir. Orduya xalq sevgisinə toz qonduracaq heç bir addım atılmamalıdır, döyüşən gənclərə həssaslıq ən yüksək səviyyəyə qaldırılmalıdır.

Həssaslıq budur – ya pensiya ilə təmin edilməli, əgər pensiyaya həqiqətən düşmürsə, onda onun yaşayışına uyğun təkliflər verilməli, hansısa layihələrə cəlb edilməlidir. Bunu maşın-proqram-robot edə bilməz, proqram-sistem yalnız onun pensiyaya haqqı çatıb-çatmadığını “müəyyən” edir. Ona həssaslıq, əlavə təklif, layihələrə cəlbi üçün mütləq yerli qurumlarda bu şəxslərin müraciətlərinə fərdi yanaşılması vacibdir.

Digər mühüm məqam: Tofiq Yaqublunun simasında və yaxud Saleh Rüstəmlinin şəxsində Azərbaycana hansısa problem lazımdırmı? Əgər düşmən sənin haqlı addımını belə (Saleh Rüstəmlinin həbsi məsələsində) haqsız müstəviyə (Tofiq Yaqublunun döyülməsi məsələsində) çəkməyi və bunun üzərində qara piar qurmağı bacarıbsa, adamı əfv edib, ölkə xaricindəki işinin başına göndərmək ən doğru seçimdir.

Azərbaycanın hədəfi, dövlət siyasətinin məqsəd və məramı tamamilə fərqlidir: milli hədəflərimiz o qədər ideal seçilib ki, ondan bu ölkəni yayındıra biləcək ən xırda məsələlərə baş qatmaq və vaxt ayırmaq olmaz.

Min il yata, kimsənin Saleh və yaxud Yaqublu yadına düşəsi deyil. Bunları yaddaşlara və Avropa parlamentarilərinə “yazmaq” kimə və nəyə lazımdır? Bu məsələlərə niyə enerji sərf edilməlidir? Bu məsələlərdən “müdafiə olunmaq” üçün niyə zəhmət çəkilməlidir?

Azərbaycan Haaqa Məhkəməsində ermənilərin iddialarından imtina edilməsi üçün 10 erməni əsiri 4 dekabrda geri qaytardı və 7 dekabrda ən yüksək nəticə əldə etdi. Ermənistana qarşı irəli sürülən iddialarımız təmin edildi. Ermənilər bundan ciddi narahat olurlar və rəsmi Bakının bu qətnaməni presedentə çevirəcəyi və daha irəli gedəcəyini düşünürlər.

Bu məqamda Rüstəmli-Yaqublu kəndirinin, lap olsun sapının, tükünün ayağına dolaşmağına və yaxud kimlərinsə dilində hansısa beynəlxalq tribunada bunun “vızıltıya” çevrilib, ürək bulandırmasına nə ehtiyac var? Niyə bu “ürəkbulanmaya” razı olunmalıdır ki?

Ərdoğana qarşı sosial şəbəkələrin Türkiyə seqmentində olduğu kimi, İlham Əliyevə qarşı da Azərbaycan seqmentində nə qədər kompleks, yekdil prosesin aparıldığını görürük – buna imkan vermək olmaz və dövlət qurumları mütləq bu barədə ölçü götürməlidir.

Enerji hədəfə yönəldilməlidir, İlham Əliyevin reytinqinə qarşı kampaniyalar anında boğulmalıdır!

Kuznetsovun təbirincə desək, İlham Əliyev bir sözü ilə regionda siyasi gündəmi dəyişməyi bacaran yeganə liderdir.

Onun bu statusuna hamı paxıllıq edir. Dövlət məmurlarının və hakim siyasi komandanın görəvi bu statusa toz qondurmağa çalışanların arzusunu ürəyində qoymaqdır.

Bu, həm də milli məsələdir, dövlətin gələcəyidir!

Anar N.

Share: