Neftin qiymətlərinin dünya bazarlarında 15-16 dollar olduğu bir dönəmdə Azərbaycanın dünya iqtisadi bazarına çıxışını təmin edən “Əsrin müqaviləsi”nin imzalanması inqilabı bir dönüşün başlanğıcı idi.
Müstəqil. Az bildiri ki bu sözləri Axar.az-a “Əsrin müqaviləsi”nin 25 illiyi barədə danışan professor Fikrət Yusifov deyib. O bildirib ki, “Əsrin müqaviləsi”nin imzalanmasında Heydər Əliyevin müstəsna rolu olub:
“Heydər Əliyev 1993-cü ilin sonları və 1994-cü ilin əvvəllərindən etibarən dünyada gedən siyasi və iqtisadi proseslərə peşəkar baxışları ilə Azərbaycanda zamanla səsləşən yeni iqtisadi strategiyanın əsasını qoydu. Ölkə daxilindəki siyasi çəkişmələrin məharətlə nizamlanması, iqtisadiyyatın hiperinfilyasiya səviyyəsinin ram edilməsi və onun sonrakı inkişafını təmin edə biləcək qətiyyətli qərarların qəbulu Heydər Əliyev dühasının uğurları idi. Azərbaycanın dünya iqtisadi bazarına çıxışını təmin edən “Əsrin müqaviləsi” ölkə iqtisadiyyatımızın sonrakı illər ərzindəki bənzərsiz uğurlarının təməl daşı hesab olunmalıdır. Məhz “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan iqtisadiyyatına xarici investisiyaların axınına yol açılıb. Bu müqavilə ciddi iqtisadi tənəzzül yaşayan bir ölkənin iqtisadiyyatına xarici yatırımların cəlb edilməsinin ən uğurlu bir vasitəsinə çevrildi. Əgər 1993-cü ildə Azərbaycan iqtisadiyyatına heç bir xarici investisiya qoyulmamışdısa, artıq 1994- 2000-ci illər ərzində bu yatırımların ümumi həcmi 5,5 milyard dollara bərabər idi. Ən maraqlısı isə bu idi ki, edilən yatırımların 2,2 milyard dolları neftdənkənar sahələrə yönəldilmişdi. Heydər Əliyevin bilavasitə rəhbərliyi altında aparılan islahatlar 1994-cü ildə artıq iqtisadi tənəzzülün qarşısını almağa, sabitliyin əldə edilməsinə gətirib çıxardı. Ölkə iqtisadiyyatına böyük həcmlərdə investisiya axını hesabına Azərbaycanda sənaye, tikinti, nəqliyyat-kommunikasiya və digər xidmət sahələri dirçəlməyə başladı. Artıq 1996-cı ildən etibarən ümumi daxili məhsul istehsalı hər il sürətlə artmağa başladı”.
Qeyd edək ki, 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 mlrd. dollar olan “məhsulun pay bölgüsü” tipli müqavilə imzalanıb. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlanıb və təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapıb.
Nərmin Ə.