Müəllif: Eynulla Fətullayev
Prezident İlham Əliyevin gənclərlə görüşü dövlətlə cəmiyyətin qarşılıqlı münasibətlərində yeni sistemi üzə çıxardı. Azərbaycanın liderinin yeni obrazı, onun istənilən cəmiyyətdə nihilist mədəniyyətin daşıyıcısı kimi qəbul olunan gənclərlə parlaq və cəsarətli, bərabər və birbaşa dialoqu paternalist dövlətin qanunauyğun demontajının təsdiqidir. Siyasi islahatların ali nöqtəsi isə özünü prezidentin cəmiyyətin bütün kəsimləri ilə dialoqunda göstərən birbaşa demokratiyaya keçiddir.
Hakimiyyət və prezident vətəndaş üçün əlçatan olub. Onlar bir-birinin yanında dayanır. Bir-birinə əlləri çatır…
Hakimiyyət əlçatan olub…və ona hətta əllə toxunmaq olar
Əliyev ölkədə dövlətin, hakimiyyətin və siyasi rejimin keyfiyyət transformasiyasını yekunlaşdırır. Siyasi hakimiyyətin fəaliyyətinin vasitə və metodları dəyişir.
Postsovet məkanında ilk dəfədir hakimiyyət piramidasının zirvəsində dayanan və hakimiyyətin bütün səlahiyyətlərini əlində cəmləyən siyasətçi özü icraedici hakimiyyət vertikalının təkmilləşdirilməsi ideyasını təklif edir.
Əliyev cəmiyyətə yeni idarəçilik modeli təklif etdi – mərkəzləşmənin üstünlük təşkil etdiyi hakimiyyət horizontalı.
Məzmunca, bu, yeni dövrün sərt tələbidir, baxmayaraq ki, əvvəlki konseptual modelə də Azərbaycana doğru yeriyən və bütöv dövlətləri sonu görünməyən vətəndaş müharibələrinə qərq edən “narıncı inqilablar” dövründə obyektiv tələbat vardı… Şübhəsiz ki, vaxtından əvvəl mərkəzsizləşdirmə və oliqarxiyadan yaxa qurtarmaq Azərbaycan dövlətinin immun sistemini məhv edə bilərdi.
Ancaq sonunda Əliyev təkcə bu mürtəce-ehkamçı qanaddan deyil, həm də həmin totalitar-partokratik, tənqiddən kənar düşüncə daşıyıcılarının ideya konsepsiyasından imtina etdi.
Hakimiyyət sisteminin əsl islahatı, hakimiyyət horizontalına keçid ikinci Qarabağ müharibəsindən bir il əvvəl başladı. Əslində, Əliyev yeni ictimai müqavilə təklif etdi. Bu müqavilədə dövlət təkcə vətəndaş institutlarını canlandırmır, həm də həmin institutlara suveren hüquqlarını qaytarır. Son 15 ildə ilk dəfə Azərbaycanda demokratik sifəti olan parlament formalaşdı – qanunverici orqanın divarlarına qanunvericilik ruhu ilə yanaşı azadfikirlilik və ifadə azadlığı qayıtdı. Tənqidi düşüncədən ruhlanan deputatlar hökumətin məsuliyyətindən və cavabdehliyindən danışmağa başladı. Uzun illərdən sonra ilk dəfə ölkənin siyasi həyatı dəyişiklik dinamikası və hadisələrlə zənginləşdi. Kütləvi informasiya vasitələrinin səhifələrinə isə hökumətin, yüksək mənsəbli məmurların, ölkənin daxili və xarici siyasətinin tənqidi döndü. Neft dövrünün yekunu və prezidentin gənclərlə görüş zamanı həvəslə danışdığı dördüncü sənaye inqilabının ərəfəsində Əliyev cəmiyyətə dövlət idarəçiliyinin yeni prinsip və qaydalarını təklif etdi.
Prezident etatizmdən imtina etməklə Azərbaycan hakimiyyətinin yeni ideya-dəyər bünövrəsini təklif etdi. O bünövrə isə iki sütuna söykənir: meritokratiya və eqalitarizmə.
Ziyalılar hakimiyyətə gəldi
Və hakimiyyət özü ziyalı siması aldı
Tarixə qovuşan suveren demokratiya ilə yanaşı traybokratik icra vertikalının qalıqları üzərində britaniyalı sosioloq Maykl Yanqın əsərlərində olduğu kimi, yeni meritokratik elita yüksəlməyə başlayır: Yeni iqtisadi siyasət və iqtisadiyyatın dirçəldilməsi intellektual elitanın liderlərindən biri olan Mikayıl Cabbarova, təhsildəki Mərdanov zülməti ilə mübarizə özü-özünü yetişdirmiş və tamahdan uzaq Emin Əmrullayevə, ənənəvi korrupsioner qurum olan sosial müdafiənin Avgi tövlələrinin təmizlənməsi texnokrat Sahil Babayevə tapşırılıb… Xarici siyasətin sükanı yeni elitanın daha bir parlaq nümayəndəsi olan Ceyhun Bayramovun əlindədir… Hakim komandanın yeni üzvlərinin arasında layiqli nazir Fərid Qəribovun ziyalı simasını görməmək çətindir. Və hakimiyyət özü də ziyalı siması alır…
Hakimiyyət kabinetlərinə yeni insanların gəlişi ilə traybobürokratiyanın yetişdirdiyi nepotizm və favoritizm də dağıldı – hakimiyyətin yeni ideya-dəyər əsası prezidentin seçdiyi qabiliyyətli insanların idarəçiliyi prinsipini şərtləndirdi. Qohumluq əlaqələri, yerlibazlıq, rüşvətxorluq dünənki günün bürokratiyasının inkar olunması tonqallarında yandı. Prezident dövlət hakimiyyətinin sosial məzmununu ikinci sistemli yanaşma – eqalitarizm konsepsiyası hesabına dəyişdirdi. Bu isə bərabər sosial və vətəndaş hüquqlarının bərqərar olduğu yeni cəmiyyətin qurulmasını nəzərdə tutur. Məhz buna görə dövlət sisteminin islahatı siyasəti hakimiyyətin üçüncü qoluna – istənilən cəmiyyətdə sosial ədaləti təmin edən məhkəmə sisteminə də yaxınlaşdı.
Nə qədər paradoksal da olsa, hakimiyyətin yeni sistemi prezidentə özünün siyasi missiyasının nəhəng vəzifəsini uğurla yerinə yetirməyə imkan verdi – Azərbaycan ərazilərinin bütövlüyü uğrunda iki əsrlik mübarizədə parlaq qələbə qazandı. Əliyev arxa cəbhədən də, ölkənin sosial-siyasi inkişafından da, iqtisadiyyatdan da arxayındır, çünki idarəçilik aparatını bacarıqlı və istedadlı həmfikirlərinə tapşırıb. Onlar isə zavodlar, qəzetlər və gəmilər uğrunda yox, hüquqi dövlət və liberal cəmiyyət qurmaq üçün mübarizə aparırlar.
Postsovet məkanında dünya siyasətindəki konyunkturu İlham Əliyev qədər sistemli analiz etməyi bacaran və dəqiq hiss edən ikinci siyasətçi yoxdur. Siyasi sentimentalizmdən uzaq olan Əliyev praqmatik və realistdir, regional fövqəldövlətin yox, qlobal və regional təhlükəsizlik sisteminin kövrək stabilliyi şəraitində balaca bir dövlətin başında dayandığının fərqindədir. Elə buna görə də prezident Azərbaycan hakimiyyətinin mənbəyinə yox, ekspansionizm ideologiyasına yönlənmiş potensial “beşinci kolon”u tərksilah edir. Fərqi yoxdur, onlar Şimala, yoxsa Cənuba, Qərbə, yoxsa Şərqə meyilləniblər, qərbçidirlər, yoxsa slavyanofil…
Azərbaycan prezidenti son vaxtlar, xüsusən də gənclərlə görüşdə həm onun, həm də çoxları üçün bəlli olan həyəcanlı reallığı tez-tez səsləndirir – dünya dəyişib, artıq əvvəlki deyil, bu transformasiya Azərbaycan üçün də qaçılmazdır. Əliyevin ülvi arzusu təkcə özünün duruş gətirməsi deyil, axı ondan sonra lənətlənmiş boşluq gəlir, həm də özü ilə birlikdə ölkəni də qoruyub saxlamaqdır. O, 2005 və 2013-cü illərdə ölkəni qorudu… Quruluşun dəyişməsinə yox, cəmiyyətin və dövlətin dağılmasına aparan inqilab və sarsıntılardan qorudu. Belə ki, tarixin xəyali sonunda postliberal dünya cəmiyyətin inkişafının ən yüksək pilləsinə çatıb.
Əliyev gənclərə çoxbaşlı əjdaha ilə mübarizəsindən danışdı…
Postliberal inqilablar keyfiyyət dəyişikliyinə qabil olmayan elitanın dəyişməsinin zərurəti və cəmiyyət tərəfindən bunun tələbi səbəbindən yaranır. Əliyev isə cəmiyyətə təkamül dəyişikliyi təklif edir. Bu barədə gənclərlə görüşündə də müfəssəl danışdı. Və müasir milli liderlərin əksəriyyətindən fərqli olaraq, Əliyev Qarabağdakı tarixi qələbədən sonra cəmiyyətin bütün kəsimləri tərəfindən dəstəklənir.
Və təbii siyasi inkişaf səbəbindən bu gün ölkədə miqyas və bacarıqlarına görə idarəçiliyinin 17 ili ərzində qlobal güclərə və əzəmətli plutokratiyaya, neobolşevizmə və yeni dünya təhdidlərinə qarşı davamlı və uğurla dayanan prezidentlə müqayisə oluna biləcək siyasətçi və şəxsiyyət yoxdur. Milli liderin dəyişməzliyi konsepsiyası ilə hakimiyyətin yeni liberal-dəyər sisteminin eyni vaxtda mövcudluğu məhz bununla izah olunur.
Əliyev Cənubi Qafqazda tarixi prosesin ssenariçisidir… O, hətta tarixi qanunauyğunluqlara qarşı getməyi bacaran liderlərdəndir. Əliyev parlaq strateqdir, inkişafın meyllərini görür və hiss edir.
Əliyev yeni müharibələrə hazırdır…
Qarabağdakı tarixi qələbədən sonra ilk dəfə gənclərlə görüşündə Əliyev açıq etiraf etdi ki, Qərb plutokratiyasının bir qismi və aqressiv dövlətlər vəziyyəti silkələməkdə davam edirlər. Əliyev “dibə enmək yarışı”nı – iqtisadi və sosial-mədəni ekspansiya və qərbləşdirmə üzərində dayanan qloballaşmanı inkar edir. O, əlində geosiyasi liderləri məhv etmək silahı olan qloballaşmanın manipulyatorunun adını açıq-aşkar çəkir: Corc Soros.
Əliyev qlobalizasiyaya qarşı milli-mədəni identiklik konsepsiyasını qoyur. Məhz o, yeni nəslin sosial həyatında əsas motivasiya və davranış olmalıdır. İdeologiyaların çöküşü və onların yerini geosiyasətin tutduğu dövrdə Əliyev üç ideya-dəyər kateqoriyasını həyata keçirir: tarixi türk mirası, Heydər Əliyev dövlətçiliyi, Qarabağ və Zəngəzur əmanəti. Milli ideyanın dövlətin milli təhlükəsizliyinin əsası kimi tətbiqi demokratizm və plüralizmlə ziddiyyətdə deyil. Ancaq ekspansionizmin yaxınlaşa biləcəyi sərhədləri əyani göstərir…
Və Əliyev ehtimal olunan təhlükə və çağırışlara, düşmənçilik siyasətinə qarşı yeni ictimai müqaviləni və onun idarəçiliyi dövründə tərbiyə olunmuş gəncliyi qoyur. Həmin gəncliyi ki, Əliyev tərəfindən milli məbədə çevrilən Şuşanı yalın əllə qaytarıb. Əliyev bu gəncliyə layiqli həyat, layiqli təhsil və layiqli gələcək vəd edir…