Əliyevin bu sözündən sonra Polozkovun nitqi tutuldu – “Admiral Naximov” gəmisinin faciəvi sonluğu Foto

1986-cı il avqustun 31-də SSRİ-nin ən dəbdəbəli kruiz layneri olan “Admiral Naximov” teploxodu Qara dənizdə, Novorossiysk yaxınlığında qəzaya uğradı. Qəza nəticəsində teploxodun 1243 sərnişinindən 423-ü həlak oldu. Qəzanın səbəblərinin araşdırılması üzrə dövlət komissiyasına Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin sədr müavini Heydər Əliyev rəhbərlik edirdi…

O dövrün rəsmi məlumatında belə deyilirdi.

Hadisədən 31 ildən çox vaxt keçib. Hadisənin necə baş verməsini bu günlərdə araşdırmaq istədim. O dövrün və sonrakı vaxtların rəsmi və qeyri-rəsmi məlumatlarına, Azərbaycanda və Rusiyada dərc olunan materiallara göz gəzdirdim. Mətbuatda bu faciə ilə bağlı gedən yazılardan biri diqqətimi daha çox çəkdi.

“Arqumenti i Faktı” həftəliyinin tanınmış fotoreportyoru Vladimir Svartseviç SSRİ-ni sarsıdan həmin hadisənin araşdırılması üzrə işləyən dövlət komissiyasının işinin şahidi olub. Və o vaxt çəkdiyi fotoları ilk dəfə hadisədən düz 31 il ötdükdən sonra dərc edib. Fotoqraf həmin hadisə ilə bağlı xatirələrində yazır ki, əgər Heydər Əliyev olmasaydı, həmin fotoları çəkə bilməzdi. Beləliklə də SSRİ-də baş vermiş ən dəhşətli gəmi qəzalarından biri barədə bu gün bəzi bilgiləri əldə etdiyimiz reportaj da dərc edilməyəcəkdi.

Bəs, hadisə necə baş verib, bu nəhəng layner necə qəzaya uğrayıb?

SSRİ-də baş verən müdhiş qəzadan bəhs edən reportajda qeyd olunur ki,
“Admiral Naximov” səyahət teploxodu kimi tanınmışdı və təyinatı üzrə də səfərə çıxardı.

Vladimir Svartseviçin xatirə dolu reportajından məlum olur ki, gəmi 1986-cı ilin avqustun sonuncu axşamı Novorossiysk limanından yola çıxaraq, Soçi istiqamətində hərəkətə başlayır, bu da laynerin sonuncu səyahəti olur. Qeyd edildiyi kimi, “Admiral Naximov” artıq köhnəlmişdi, 1925-ci ildə inşa edilən gəmini çoxdan istismardan çıxarmaq lazım gəlsə də, gəmiçiliyin rəhbərliyi teploxodun hələ bir müddət də işləyə biləcəyi qənaətində idi. Elə buna görə də gəmi hələ də səyahətə çıxırdı. Bütün dövrlərdə teploxodda dəniz səyahəti prestij hesab edilirdi. “Admiral Naximov”un göyərtəsinə bilet almaq isə hər adamın işi deyildi. Sovet İttifaqının dağılmasına 5 il qalmış bu gəmiyə biletin qiyməti 150 rubl idi, bu da o dövrlər sovet mühəndisinin və ya yüksək ixtisaslı fəhlənin bir aylıq maaşı sayılırdı.

Reportajdan o da məlum olur ki, sərnişinlər gəminin göyərtəsində o vaxtkı standartlara görə misli görünməyən komfort, diskotekalar, hovuzda çimmək, açıq dənizdə günəş vannası qəbul etmək, spirtli içkilərin geniş çeşidi haqda danışırdılar. Bu gəmidə bir səfər bir ömür yaşanacaq, yaddaşlarda qalacaq xatirələrə bəs edərdi.

Gəmi sonuncu reysə çıxmağa heç də “tələsməyib”. Sanki ölümünün, dəhşətli qəzanın ondan uzaq olması üçün körpüdən gec aralanıb. Gəminin göyərtəsində olan mindən çox sərnişin reysə gecikən hansısa vacib personanı gözləməli olub. Bu gecikən persona sanki baş verəcək faciə ilə işbirliyi qurmuşdu. Bəs bu “fövqəlinsan” kimi idi? Gəminin yola düşməsi üçün ayrılmış vaxtdan təxminən 10 dəqiqə keçmiş göyərtəyə Odessa vilayəti üzrə DTK idarəsinin rəisi, general-mayor Kirkunov qalxıb.

Qəzadan xilas olan sərnişinlər sonralar fəlakətə görə onu günahkar sayacaqdılar; axı, general gecikməsəydi, gəmi vaxtında yola çıxardı və qəzadan yayınardı.

Dövlət Komissiyasının araşdırmasından məlum olur ki, “Admiral Naximov” limandan aralanıb, eni 9 kilometr olan Tsemessk buxtasından keçərkən qarşıdan limana tərəf 1981-ci ildə inşa edilmiş “Petr Vasev” quru yük gəmisi gəlirmiş. Gəmi Kanadadan taxıl gətirirmiş. Yüksək davamlılığa malik olan quru yük gəmisinin sualtı hissəsi güclü “bulba” ilə təchiz edilmişdi. Bu, gəmiyə daha sürətlə üzməyə imkan verən və burun hissəsində quraşdırılan xüsusi qatdır.

Böyük sürətlə buxtaya daxil olan yük gəmisi “Admiral Naximov”la toqquşur. Sonradan xüsusi komissiya müəyyən edəcəkdi ki, toqquşma hər iki gəminin kapitanının səhlənkarlığı ucbatından baş verib, onlar gəmilərin necə aralanacaqlarını razılaşdırmayıblar və nəticədə altı göyərtəli “Admiral Naximov” sahildən 4 kilometr məsafədə cəmi 8 dəqiqə ərzində suyun dibinə gedib. Çünki “Petr Vasev”in burun hissəsi teploxodun yan hissəsini darmadağın etmişdi. Sonradan mütəxəssislər hesablamışdılar ki, gəmilərin aralanması üçün cəmi 6 saniyə çatmayıb.

“Arqumenti i Faktı” həftəliyinin fotoreportyoru hadisənin ertəsi gün Novorossiyskə gedir. Jurnalist xatirələrində yazır ki, şəhərdə sakitlik idi, restoran və kafelərdə musiqi səsi eşidilmirdi, sakinlər pıçıltı ilə bir-birinə ötən gün baş vermiş hadisədən danışırdılar. Rəsmən matəm elan edilməmişdi, həmin vaxt Krasnodar diyarında səfərdə olan Sov.İKP MK birinci katibi Mixail Qorbaçov Novorossiyskə gəlib həlak olanların yaxınlarına başsağlığı verməyə vaxt tapmamışdı. Ya da ömrünün sonunu yaşayan epoxanın sonuncu lideri özünün rahatlığını pozmaq istəməmişdi.

Jurnalist yazır ki, Novorossiysk Gəmi Təmiri zavoduna 150 sink tabutun hazırlanması üçün təcili sifariş daxil oldu. Xilas olanları xəstəxanalara və mehmanxanalara yerləşdirirdilər. Qeydiyyat aparılırdı. Lakin xilas olanların çoxunun uşaqları, yaxınları dənizdə, batan teploxodda qalmışdı.

V.Svartseviç o günləri belə xatırlayır:

“Dənizdən çıxarılan meyitlərin fotoları çəkilirdi, geyimlərinin necə olduğu, digər əlamətləri qeyd olunurdu ki, sonradan onları tanımaq mümkün olsun. Zərərçəkənlərə dəyən zərər ödənilirdi. Sov.İKP MK-nın Siyasi Bürosunun qüdrətli üzvü Heydər Əliyev məhz belə sərəncam vermişdi. Hökumət komissiyasına o başçılıq edirdi.

Həlak olanların fotolarını xüsusi alboma yığıb, qohumlarına göstərirdilər. Limanda hər tərəf dərman qoxuyurdu. Cəsədlərin tanınması zamanı bir çoxu dözməyib huşunu itirirdi, həkimlər onların köməyinə qaçırdı”.

Fotoqraf da özünün peşə fəaliyyəti ilə məşğul olur, gördüklərini çəkməyə, qeydlər aparmağa başlayır. Lakin bu arada baş verən bir olay onun həyatının qara günlərini yaşayacağından xəbər verir. Jurnalist yazır:

“Gözlənilmədən zala alçaqboy, gözündə iri eynək olan və pencəkli adamların əhatəsində bir nəfər daxil oldu. Həmin şəxs mənim əlimdə fotoaparat görən kimi qışqırdı: “Bu kimdir? Jurnalist? İnsanlar acı içindədir, sən isə burada kameranla sülənirsən?! Rədd ol burdan!”

Vladimir Svartseviç yazır ki, həmin vaxt o da əsəbi vəziyyətdə olub və bu alçaqboy, eynəkli adama cavab qaytarıb:

“Dərhal iki milis əməkdaşı qollarımdan tutub küçəyə çıxardı. Sonradan bildim ki, söydüyüm və cavab qaytardığım adam Sov.İKP MK üzvü, Krasnodar vilayət partiya komitəsinin birinci katibi İvan Kuzmiç Polozkov imiş. Əlbəttə, həmin şəxsin kimliyini bilsəydim, yəqin ki, özümü yığışdırardım. Artıq məlum idi ki, mənim məsələmə Moskvada baxılacaq, ən azından partiya biletimi əlimdən alacaqdılar”.

Həmin gün Novorossiysk şəhər partiya komitəsinin üzvləri jurnalistə Moskvaya təcili bilet alır, o, ertəsi gün uçmalı idi.

Axşam yola düşməzdən əvvəl jurnalist Dənizçilər Sarayına gedir. Orada Heydər Əliyevin başçılığı ilə hökumət komissiyası teploxodun sərnişinlərinin yaxınları ilə görüşürmüş. Polozkov fotoreportyoru zalda görən kimi Əliyevə şikayət edir. Və bu vaxt Əliyevin dilindən çıxan sözləri eşidən Polozkovun nitqi tutulur. Heydər Əliyev deyir:

“İvan Kuzmiç, hesab edirəm ki, müxbirlər səhlənkarlığın hansı acıya səbəb olduğunu sovet xalqına çatdırmalıdır! Mən jurnalistə necə kömək edə bilərəm?”

Bu sözlərdən ürəklənən Vladimir Svartseviç zalın o başından qışqırır:

“Yoldaş Siyasi Büro üzvü, vertolyot lazımdır, kater lazımdır fəlakət yerinə getməyə, maşın lazımdır. Göstərmək lazımdır ki, dalğıclar necə işləyir. Və ən başlıcası, senzura ilə bağlı məsələni həll etmək lazımdır! Əks halda onlar hər şeyi kəsib doğrayacaqlar!”

Əliyev başını yelləyir və öz köməkçilərinə yüksək səslə deyir: “Jurnalistə kömək edin! Mənim adımdan! Senzura ilə bağlı məsələni də həll edin”.

Jurnalist yazır ki, Siyasi Büro üzvü sözünün üstündə durdu, məni Moskvaya deportasiya etməyə hazırlaşan məmurlar Əliyevin dediklərinin hamısına bir-bir əməl etdi. Tezliklə fəlakət barədə fotolenti sink tabutların yükləndiyi təyyarə ilə Moskvaya, redaksiyaya yola saldım.

Vladimir Svartseviç daha sonra “Gepard” xilasetmə gəmisində olduğunu, dalğıclarla söhbətləşdiyini yazır:

“Onlar sutkada bir neçə dəfə dənizin dibinə enib teploxodun göyərtəsindən meyitləri çıxarırdılar, hər reysdə də 10-15 meyit. Gəminin içərisində işləmək çox dəhşətli idi. Hər tərəfdə mebellər üzürdü, dəhlizlər meyitlə dolu idi. Kayutların qapılarını linglə sındırıb meyitləri çıxarırdılar.

Dalğıclardan biri danışırdı ki, su ilə dolu kayuta girəndə ölü matrosun sualtı axının təsiri ilə ona əl yellədiyini, sanki içəridəki təhlükə barədə xəbərdarlıq etdiyini görüb. Dalğıcın əsəbləri davam gətirməyib. Qəzadan sonrakı 18 gün ərzində xilasedicilər suyun altından 280 cəsəd çıxarıblar”.

Bəs gəminin 10 dəqiqə gec səfərə çıxmağına səbəb olmuş DTK generalının taleyi necə olur? Jurnalist qeyd edir ki, reysə gecikən DTK generalının meyitini nəvəsini qucağında sıxmış vəziyyətdə tapıblar.

Gəminin içərisində işləmək getdikcə təhlükəli olduğundan xilasetmə əməliyyatı zamanı iki dalğıc həlak olub və bundan sonra cəsədlərin çıxarılmasını dayandırmaq qərara alınıb.

“Admiral Naximov” hələ də Tsemessk buxtasında, 47 metr dərinlikdə qalmaqdadır..ş

    Share: