Ermənistanın müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zoqrab Mnatsakanyan dünən Naxşıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən hərbi bölmələrə baş çəkiblər.
Müstəqil.az “Lragir” nəşrinə istinadən xəbər verir ki, bu haqda Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib.
Onun sözlərinə görə, nazirlər sərhədyanı ərazilərdə operativ vəziyyətlə tanış olublar və vəziyyəti sərhəd xidmətinin komandanlığı ilə müzakirə ediblər.
“David Tonoyan ayıq olmağa, təxribatlara təslim olmamağa, rəqibin istənilən irəliləyişini sərt şəkildə dayandırmağa tapşırıb”, – Ovannisyan deyib.
Erməni nazirlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfərindən iki gün sonra Naxçıvanla sərhəddə yerləşən bölmələrə baş çəkməsi İrəvanın təşvişə düşdüyündən xəbər verir. Dövlət başçımızın Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında söylədiyi fikirlər ermənilərdə ciddi qorxuya səbəb olub.
Dövlət başçımız açılış mərasimində çıxışı zamanı Naxçıvanın təhlükəsizliyi məsələləri ilə bağlı çox böyük işlərin görüldüyünü bildirdi:
“Siz burada düşmənlə üz-üzə yaşayırsınız, yaradırsınız. Əlbəttə ki, ilk növbədə, Naxçıvan Muxtar Respublikasının uğurlu inkişafı üçün təhlükəsizlik tədbirləri ön planda və prioritet məsələ olmalıdır. Biz bunu belə də qəbul edirik. Naxçıvanın hərbi potensialının gücləndirilməsində böyük işlər görülüb. Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Naxçıvan Ordusu ən müasir silahlar, texnika ilə təchiz edilmişdir. Biz son illər ərzində Azərbaycan Ordusunu böyük dərəcədə gücləndirə bilmişik. Alınan müasir texnikanın demək olar ki, bütün növləri, yaxud da ki, əksər növləri Naxçıvana göndərilir. Naxçıvanın yerləşməsinə, coğrafi relyefinə uyğun şəkildə bütün müasir texnikalar göndərilir”.
İlham Əliyev vurğulayıb ki, bu gün Naxçıvan Ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə bilər: “Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Yəni, təhlükəsizlik məsələləri tam təmin olunub. Bu məsələ daim diqqət mərkəzindədir”.
“Sputnik” agentliyinin erməni xidmətinin yazdığına görə, söhbət çox güman ki, Türkiyə istehsalı olan “Qasırğa” artilleriya kompleksləri və Rusiya istehsalı olan “Toçka U” komplekslərindən gedir.
“Sputnik Ermənistan” saytına şərhində erməni hərbi ekspert David Arutyunov da Azərbaycan Ordusunun gücünü etiraf edib.
Əliyevin bu sözləri erməniləri TƏŞVİŞƏ SALDI – İrəvan türk silahları ilə MƏHV EDİLƏCƏK – VİDEO
Ömər Dağlı