“Əlli qəpik və doğum günü hədiyyəsi olan on qəpiklik qələm barmağındakı brilyant qaşlı nişan üzüyünü tərpədirdi…”-Təranə Musayeva…

 

DOĞUM GÜNÜ

(Təranə Musayeva)

 

İlk dəfə ad gününü nə zaman qeyd etmişdi, yadında deyil. Məktəb illərində bir yerə yığışmaq bəhanəsi ilə qeyd olunan doğum günlərinin arasında onunku olmazdı. Çox güman ki, kimsə onun doğum günü ilə  maraqlanmamışdı ki, bu gün sakit, təbriksiz və hədiyyəsiz ötüşüb keçmişdi. Bəzən ürəyini tərifsiz bir acı bürüyürdü – dogum günü ləzzətini duymalı olduğu illərdə bunun üzərindən sükutla keçdiyinə görə.  Bir nüans da var ki əvvəllər doğum günləri son illərdə qeyd olunan qədər keçirilmirdi. Bəlkə də bu “yuxarı”,  imkanlı ailələr üçün keçərli deyildi; amma öz “havasında”, məhdud imkanlar çərçivəsində yaşayan insanlar üçün bu izafi xərcdən başqa bir şey deyildi.

 

***

İllərlə əhəmiyyət vermədiyi doğum gününün iyirmi dördüncüsünü nişanlısı ilə ikilikdə qeyd etmək arzusuna düşmüşdü. Həmin gün rayonda işi olduğu səbəbindən şəhərdə olmayacağını bildirən Caviddən onu da özü ilə götürməsini xahiş etmişdi. “Əzizim, axı mən işlə əlaqədar gedirəm, sənə darıxdırıcı olacaq – orda gözlə, burda gözlə. Gedim gəlim sonra hansı gün istəsən doğum gününü qeyd edərik” – deyən nişanlısına təkid edərkən – “Söz vermirəm, amma çalışaram səni də aparım” cavabını almışdı.

Bir qədər incisə, sınsa da üz vurmamış səhər gedib-axşam düşməmiş qayıdacağı yola hazırlığını görməyə başlamışdı.

İçi-içinə sığmırdı. Yaxınlarının belə yadına düşəyən ad gününü Cavidlə qeyd etmək xoşbəxtliyi ona  sabahkı gün üçün xəyallar qurdurur, gözünə azacıq yaxın düşən yuxusunu qaçırırdı. Artıq gecənin gec saatları olduğunu, səhər sübhdən yola düşəcəyini xatırladan anasına pəncərədən süzülən ay işığının yuxusunu qaçırdığını, yatmağa çalışacağını söyləyib içindən günəş boylanan gözlərini yumdu.

Gecə gözlərindən boylanan günəş pəncərədən düşüb gözlərini qamaşdıranda yerindən sıçradı. Divardakı saata baxanda heyrətdən böyüyən gözləri ilə telefonunu axtardı. Gecə yatanda əlində olan telefon sürüşüb çarpayının altına düşmüşdü. İyirmi səkkiz cavabsız zəngləri, çox sayda votsapp mesajlarını gördükdə bədəni uçundu. Əlləri əsə-əsə telefonda Cavidin adını tapdı…

Dayanacağa çatanda yadına düşən o oldu ki, yalnız nazık yay paltarını başından keçirib çantasını əlinə alıb qapının azında ayağına ilk dəyən ayaqqabını ayağına keçirib bura qaçdığından yol üçün, daha doğrusu doğum günü üçün hazırladığı çantası evdə qalıb.

Cavidin qoyduğu on beş dəqiqənin beşi artıq keçmişdi. Ardıcıl şütüyən maşınların arasında bircə dənə taksi gözə dəymirdi. Ürəyinin ağrı-acısından qopub gözlərinə yığılmış göz yaşları bircə kiprik qırpımına bənd idi…

Yaxınlaşıb yanında dayanan taksiyə əyləşəndə sumkasındakı pulunu miqdarını xatırlamağa çalışdı. Anasının axşamdan gətirib pul qoyduğu pul qabı kamodun üzərində qalmışdı.

 

***

Acığından etdiyi zənglərdən onundan birinə cavab verən Cavid artıq şəhərdən çıxmaq üzrə olduğunu, onu gözləyə bilməyəcəyini, gözləsə yayın cır istisinə düşüb yanacağını üyüdüb tökürdü. Titrəyən əllərinin biri telefonda, o biri alnından, gözlərindən axan suyu silə-silə nişanlısına – dünyalar qədər sevdiyi insana yalvarır, onu gözləməsini xahiş edirdi. Taksi şütüyür, şəhərdən çıxmaqda olan Cavidin maşınına çatmağa çalışırdı. Cavid son cümləsini belə qurmuşdu – “Günah özündədi, yatıb qalmazdın, telefona cavab verərdin! Aparardım səni də; bu günü sənin istədiyin kimi bir yerdə olardıq. Doğum gününü qeyd edərdik.  Mən yola düşdüm artıq. Taksi səni çatdıra bilsə yenə apararam”. Artıq ağlamaqdan boğulmuş səsi ilə  bunu deyə bildi: “Nə olar, heç olmasa maşını aşağı sürətlə sür, sənə çata bilim…”

Gizləməyə çalışsa da boğa bilmədiyi hıçqırığı maşının içini doldurmuşdu.

“Nə olur-olsun, radarlara düşsəm də, Qai işçiləri saxlamağa cəhd etsələr də səni sevdiyinə çatdıracam”, deyən taksi sürücüsü bir müddət sonra yüz iyirmi ilə gedən köhnə maşınını yolun kənarında saxlayıb sözünə əməl edə bilmədiyi üçün üzr istədi.

Bayaqdan on zəngdən birinə cavab verən Cavidin telefonu söndürmüşdü…

***

 

Ucsuz-bucaqsız boşluğun içərisinə düşmüşdü taksidən ovucunda əlli qəpik pulla düşəndə. Taksi sürücüsünün onu evə aparmaq istəyinə qarşı təkidlə qarşı çıxandan sonra avtobus dayanacaqlarının birində düşəndə sürücünün ovcuna qoyduğu əlli qəpiklə…

 

***

Dünyanı yaradan Tanrı gündə bir naxış vurmuş yaratdığı məkana – bir gün bitkilər-çiçəklər, bir gün heyvanlar, başqa bir gün insanlarla süsləmiş, daha sonra yaratdığı  canlılara vaxtları tamam olub dünyanı tərk etdikləri zamanadək məşğul olmaqları üçün müxtəlif əyləncələr vermişdi. Maraqlı olsun deyə bütün yaratdıqlarını bir-biri ilə əlaqəli yaratmış həm də. Və beləcə ən önəmli hesab eləsək belə məşğul olduqlarımızın – təhsil, iş, dost, xobbilər, davalar, sevgilər, ağız ləzzətləri, bədən həzləri, küsüb-barışmaqlar, prinsiplər, siyasət, elm – hamısının və hamısının boş, mənasız əyləncələr olduğunu anlayanda dünya, yaşam gözündə dəyərini itirir, ölüm dəyər qazanır.

 

***

Sumkası ciynində, əlləri paltarının ciblərində anlamsız, məqsədsiz yeriyir, heç nə düşünmürdü. Addımlarına, yerişinə, baxışına nəzarət etmir, yeriyir, yeriyir, yeriyirdi. Yanından keçən adamlar, maşınlar sabun köpüyü kimi idi. Ayağını basdığı yerin torpaq, göy, hava, su olduğunu kəsdirə bilmir, buna cəhd də etmirdi. Yeriyirdi…

Gözləri qarşısında doğum gününü qeyd edəcəyi süfrə açılmışdı ­– gedəcəkləri rayonun yol kənarında tənha ağacın altındakı yam-yaşıl otların üzərindəki saralmış qəzet parçasının ortasına düzülmüş baton çörəyi, iki pamidor, iki xiyar, duz qabı, dilimlənmiş holland pendiri, yağlı kolbasa, iki şüşə su. Bu onun həyatında ilk dəfə qeyd edəcəyi doğum günü süfrəsi olacaqdı…

Anlamsız baxan gözləri yol kənarındakı otluqda boy göstərən ağ göbələklərə sataşanda canlandı. Əyilib bu zərifliyə, gözəlliyə toxunmaq istəsə də qıymayıb dikəldi. Nəzərləri orda-burda bitən göbələklərdə qala-qala yoluna davam etdi.

Artıq həyata qayıtmış, qulaqları açılmışdı. Yolda şütüyən maşınların, ardınca gələn, yanından ötən insanların səslərini eşidirdi. Və bu an ardınca gələn bir ayaq səsinin çoxdan onu təqib etdiyinin fərqinə vardı. Geriyə baxmadan ayaq saxladı. Addım səsləri nəfəsinin duyulacağı yaxınlıqda idi.

– Qızım, nişanlın ilə danışığından başa düşdüm ki, bu gün sənin ad günündü. Ad günündə mütləq hədiyyə olmalıdı. Bunu doğum günü hədiyyəsi olaraq qəbul et, – deyib yaşlı gözlərini onun üzünə dikən taksi sürücüsü mazutlu əlində tutduğu ucuz qələmi əlli qəpiklik olan ovcuna basıb iti addımlarla  uzaqlaşdı…

Əlli qəpik və doğum günü hədiyyəsi olan on qəpiklik qələm barmağındakı brilyant qaşlı nişan üzüyünü tərpədirdi…

Share: