Əlvida, Geoliberalizm! – Aqşin Yenisey yazdı

Əlvida, Geoliberalizm! – Aqşin Yenisey yazdı
1948-ci ildə BMT-nin qəbul etdiyi otuz maddədən ibarət Dünya İnsan Haqları Bəyannaməsi – Tomas Morun “Utopiya”sının səsverməyə çıxarılmış və “olmayan ölkə”ni deyil, “olmayacaq dünya”nı kapsayan modern epiqramı; iki nəfərlik cənnətdən fərqli olaraq, milyonların, milyardların yaşaya biləcəyi cənnət doktrini; modern dünyanın “dekaloq”u; müharibədən qalib çıxıb dünyanı yenidən bölüşdürmək üçün masaya oturan güclərin dünyanın yerdə qalanı üçün danışacağı “Min bir gecə” nağıllarının ecazkar müqəddiməsi.
Tomas Mor “Utopiya”sının bədəlini London körpüsündə tək qalmış qanlı və məyus başı ilə ödədi, bizim Dünya İnsan Haqları Bəyannaməsinə görə qoparılan başların sayı-hesabı yox. “Utopiya”nın qurbanı öz müəllifi oldu; Dünya İnsan Haqları Bəyannaməsinın qurbangahında isə öz oxucuları kütləvi şəkildə fəda edilir.
İnsanlıq anlayışı hər yerdə insan öldürür! Eynən bir vaxtlar müqəddəs təktanrıçılıq anlayışı dünyanı qan gölündə boğduğu kimi…
Humanizm bülbülü yuvasından qanadlanınca quzğuna çevrilir. Cənnət insan üçün həm də bir məhbəs tələsi idi, oradakı rifah parıltısı azadlıq duyğusunu unutdurmaq üçün düşünülmüşdü. İlk günah ilk insan azadlığının köməyinə gəldi; onu cənnətin “ev heyvanı” olmaq rəzalətindən qurtardı.
İnsan dünyaya qovulduğu gündən öz azadlığının bədəlini ödəyir.
Ancaq sonra məlum oldu ki, heç insan haqları da haqqa ehtiyacı olan insanlar üçün deyilmiş. Bütöv xalqları orientalist, communist, neoliberalist, canım sənə desin, qlobalist hegemonluğun “insan haqları” tələsində çapalayan yerdə görmək bəşəri ümidsizliyə yol açdı. “Söz və fikir azadlığı”nın balaca deyil, böyük padşahlara tutuquşuluq etmək üçün “icad olduğunu” görəndə dünya dərin bir sükuta qərq oldu. İnsanlıq adına danışanlar hər kəsi susdurdu; pulla, şöhrətlə, qətllə.
İlahi güc kimi, insani güc də insanlığı insana qarşı qoymuşdu. İnsanlıq zənginləşdirkcə, insan yoxsullaşırdı; insanlıq dünyanı fəth etdikcə, insanlar evsiz qalırdı. Minlərlə uşaq, eynən milyon illər əvvəl ildırımın nə olduğunu bilməyib onu qurban istəyən qorxunc tanrı zənn edən və ən sağlam övladlarını guruldayan cansız buludlara qurban kəsən məsum ataların qucağındakı körpələri kimi heç bir şey anlamadıqları insanlığın dəhşətdən gözü bərəlmiş qurbanı oldular.
Güc, o qorxunc tanrı bu dəfə öz adını “İnsanlıq” qoymuşdu. Məsələn, qədim səhrada “dəvəsi olmüş” bir ərəbə (müsəlmana) diqtə olunan demokratiya, insan haqları, söz və fikir azadlığı orientalizmin yeni, daha mütəşəkkil müstəmləkəçilik şərtləri idi: buyur, azad seçki, amma onların istədiyini seçəcəksən; söz və fikir azadlığı, amma onların eşitmək istədiyi sözləri və fikirlərin azadlığı! Vay anasını… Bu dəfə azad insanlar kölə olacaqdılar.
Yeni orientalizmdə demokratiya Şərq üçün dekorasiya kimi nəzərdə tutulmuşdu. Müsəlmana, az qala, əmr olunan neoliberal dəyərlər, əslində, geoliberal dəyərlər idilər; insan haqları, söz azadlığı və s. daha çox onlara, keçmiş kölə tacirlərinə lazım idi. Müsəlmanın özünə lazım olan kimi bu haqlar gözəgörünməz bir əl tərəfindən tısbağa kimi ağzı üstə çevrilirdi.
Dünən də belə idi, bu gün də belədir.
Bu nöqtədə, nəhayət, “insan” və “biz” anlayışları Cəbəllütariq boğazının şirin və duzlu suları kimi bir-birilərindən ayrılır. Bizi bu ayrılığa başımıza ballistik raket kimi düşən “insan haqları”, sözlərimizi və fikirlərimizi eşitməzdən gələn “söz və fikir azadlığı” məcbur edir. Kor-kor, gör-gör, insan üçün olanın bizim üçün olmadığı gün kimi aydındır. İnsanlıq bizə gələndə özünü insanın düşməni, ən yaxşı halda rəqibi kimi ortaya qoyur və “insan” olan “biz” olana hücum edən tərəf kimi peyda olur. Və biz istər-istəməz özümüzü insan olandan seçməyə, ayırmağa, ən qəribəsi, qorumağa məhkum ki, bu humanist qarşıdurmadan sağ çıxaq. Əslində, biz insan olana nə qalib, nə məğlub olmaq istəyirik, biz, sadəcə, Kutzeenin Maykl K-sı kimi sağ qalmaq, yaşamaq istəyirik. Yəni ən ali dəyərlərə, haqlara ümid etdiyimiz halda, ən təbii, ən ibtidai haqq uğruna döyüşməli, çox vaxt da ölməli oluruq.
“Biz”im “İnsan”dan ayrılmaqdan başqa yolumuz qalmadı artıq; Biz təhlükələrlə dolu qaranlıq bir meşədə öz sürüsü tərəfindən ölümə tərk edilən xəstə bizon, yaxud öz icmasından yad bir cəmiyyətin insafına qovulan Spinoza, ya da, nə bilim, demokratik diktatiranın özgələşdirdiyi, dışladığı Sokrat kimi tək qalacağıq, amma buna məcburuq. Çünki “Biz” artıq “İnsan” üçün başqasıyıq. “Biz” nasist qələbəliyin qarşısında tək qalmış yəhudinin vəziyyətindəyik. Humanizm bizə göydələnlərin güruhundan ibarət nəhəng meqapolisin ucqar bir küncdə gizlənmiş yalqız bir gecəqonduya baxdığı kimi baxır. Təhqir və təhdid dolu cansız gözlərlə… Artur Rembonun “odun”undan fərqli olaraq biz özümüzü skripka kimi hiss etmək istəmirik, biz öztəbii “odunluğumuzda” mutluyuq. Bir skripka odundan yarandığını unutduğu kimi, insan da bizdən yarandığını, bizə ehtiyacı olduğunu unudub. Yox, unutmayıb, biz nəhəng insan ideyası üçün qurban seçilmiş insanlarıq; Munkun çığıran tənha insanı kimi fəryadımızı özümüzdən başqa eşidən yoxdur. İnsan deyilən məfhum naməlum bir “ağa”, biz isə onun kəndliləri və nökələriyik. Kafkanın qəhrəmanı K.-ın vəziyyətinə düşmüşük. Sirli bir hüdudsuz bir güc bizi həyatımızdan qoparıb lazımsız, əhəmiyyətsiz bir öhdəliyin məhkumuna çevirib; özümüzə belə lazım olmayan biriyik. Françeskanın “İsası” kimi onlardan biri olmadığımız üçün neoliberalist inkivizitorlar bizi dirəyə bağlayıb qırmançlayırlar. Əlbəttə, öz “yalançı peyğəmbərlərini” yox.
İnsandan ayrılmaq kədərli olacaq, amma özümüzü “Biz olan” özümüzü qorumaq üçün ayrılmalıydıq, özgələşməliydik.
Onsuz da, “Biz” çoxdan “İnsanın” özgəsi, ötəkisiydik.
BİZ dedikdə kimi, nəyi nəzərdə tuturuq, BİZ-in tarixinə də ötəri bir nəzər salsaq, yəqin ki, İNSANLIQ BİZ-dən inciməz.
İslam tarixçiləri Aişəni, güclü yaddaşına və qavrama bacarığına güvənərək Məhəmmədin danışıq və davranışlarındakı məqsədləri Qurana nəzərən, görə və dəyərləndirə bilən müstəsna bir şəxsiyyət hesab edirlər. Əsl həqiqətin ortaya çıxması üçün göstərdiyi cəsarətinə görə onun müsəlman tənqid ruhunun formalaşmasında vacib rol oynadığını düşünürlər.
Hz. Aişə islamın BİZ-i idi; hər kəs helmə sarıldığı bir dövrdə Aişə elmdən yana idi; hər kəs allah və din hegemonluğu altında birləşdirildiyi, eyniləşdirildiyi bir zamanda Aişə bu vəziyyətin özgəsi, ötəkisi olan sosial və mədəni fərqliliklərin carçısı idi. Hər kəs şəriət qadağalarına itaəti allah sevgisinə bağlayanda, Aişə insan azadlığını müdafiə edirdi. Ən əsası hamı inananda, o, şühbə edirdi.
Qədim Yunanstanda bu ruh allahlar dövrünün eyş-işrət məclislərinin prodüsseri Dionisdən başladı və Aristofanın komediyalarına keçdi. Qərbdə Orta əsrlərdə təlxəklər və karnavallara çevrilən bu sorğulayan, şübhə edən BİZ kimliyi modern satiranın atası Cefri Çoserdə, Renessansın müjdəçisi Boccaçonun “Dekameron”unda, daha sonra Rabledə, Şekspirdə, Servantesdə, XVII əsrdə Molyer və XIX əsrin sonlarına doğru Dikkens, Şou, Çexov, Qoqol və Uayld kimi müəlliflərdə yaşadı. Bekket və İonesco kimi absurdistlərdə, Mane, Pikasso, Kirhner və başqa ekspressionist, futurist, dadaistlərin əsərlərində özünün ən kəskin şəklini aldı.
Renessansdan başlayaraq Barokko, Rokoko, romantizm, realizm, surrealizm, modernizm, postmodernizm kimi sənət tarixini əhatə edən bütün mərhələlərdə hamılaşdırmanın bir heçkimləşdirmə olduğu sənətin əsas mövzularından birinə çevirildi və sənət həmişə “hamı olan”ın hegemonluğundan “mən olan”, “biz olan”ı qorumağa çalışdı.
Şərqdə bu missiya Molla Nəsrəddin və Bektaşi lətifələrinin şifahi sarkazmında gizlənmişdi; Molla Nəsrəddin ilk baxışda sadəlövh görünən, əslində isə düzən adı altında hər kəsi hamılaşdıraraq heçkimləşdirən bünövrəni hədəf alan yumoru ilə “mən olan”ın keşiyini çəkirdi. Bektaşi lətifələri isə qrotesk və karnavalist tərzi ilə din və inanc hegemonluğunun basqısı altında olan BİZ-I, “biz olanı” təmsil edirdi.
Azərbaycanda bu mübarizə maarifçilik dövründə ənənəvi, dini, əxlaqi anlayışların yerinə, bu anlayışların əzdiyi, istismar etdiyi BİZ-lərin keçməsi ilə özünün ən kəskin mərhələsinə qədəm qoydu. Axundov, Hacıbəyli, Məmmədquluzadə, BİZ olanı, hamı olandan ayırmağa cəhd etdi. “Ölülər” pyesində “biz olan” kefli İsgəndər İrəvan qureniyasının şəhərlərinin birində ölülərin dirilməsinə inanan “hamı olan”a qarşı qoyulmaqla islam sosializminin bünövrəsini hədəf aldı. Ancaq bu qarşıdurma birdən-birə “od tutub qırmızı atəşlə” parlasa da, Marks sosializminin (kommunizm) Məhəmmədin sosilaizmi (islam) üzərindəki qələbəsindən sonra sovet senzurasının dəstəyi ilə öləziyərək ancaq öz əllərini qızdıracaq bir sönüklüyə həsləndi. “Biz olan” yenə “hamı olana” yenildi.
“…roman yaradılışın fərqli görünüşlərini öz tərzində, özünəməxsus məntiqlə bir-bir kəşf etdi: Servantes və müasirləri ilə birlikdə özünə “macəra nədir” deyə sualını verdi; Samuel Riçardsonla, “Daxili aləmdə baş verənləri” araşdırmağa, duyğuların gizli həyatını üzə çıxarmağa başladı; Balzakla insanın tarixə kök atmasını kəşf etdi; Floberlə o vaxta qədər gündəlik həyat üçün “igcognita” (kəşf edilməmiş) olan “terra”nı (torpaqları) axtarmağa yollandı; Tolstoyla insanın qərar və hərəkətlərində ağlasığmazlığın təsiri üzərində baş sındırdı. Zamanı təhlil etdi: Marsel Prustla yaxalanmayan keçmiş anı; Ceyms Coysla yaxalanmayan indiki anı “yaxaladı”. Tomas Mannla zamanın dərinliklərindən gələrək uzaqdan addımlarımıza istiqamət verən miflərin rolunu mühakimə etdi. Və sair və sair…” deyən Milan Kundera bu sözlərlə nəcib bir şəkildə ədəbiyyatı Avropa tarixinə qarşı qoyur və böyük bir nəzakətlə iddia edir ki, dörd əsrlik Avropa tarixi ədəbiyyatın, xüsusilə romanın arxasınca yürüyüb.
Azərbaycan insanın tarixən yenilənməsi hadisəsi də az-çox ədəbiyyatda baş verib. Axundov Azərbaycan insanına ictimai-tarixi gülüşün növlərini öyrətdi; onun əynindən taleyin yamaqlı libasını çıxarıb tarixin uniformasını geyindirdi, Cəfər Cabbarlıda BİZ-im insan yaşamağa məcbur və məhkum olduğu dünyanı mühakimə edirdi, (sovet ədəbiyyatında o, heç bir milli məqsədi və siması olmayan idxal insan maketi kimi təqdim olunduğu üçün ondan yan keçirik) müstəqillik dövrünün Həmid Herisçi qələmi ilə yazılan bulanıq nəsrində isə o, yaxasını özünə aid olmayan tarixin əlindən qoparıb, ona tale kimi sırınan “itkin düşən zamanının” Prustsayağı axtarışına başladı. Yəni ədəbiyyatımızdakıbizimkilər həyatımızdakı bizimkilərdən bir addım öndə oldular həmişə. Novruzəli poçt qutusuna məktub atmağı ilk dəfə bədii hekayədə öyrəndi.
İnsanı ilk dəfə tarixin və cəmiyyətin içində öyrənən Marks deyirdi ki, filosoflar həmişə dünyanı izah edirlər, halbuki vacib olan dünyanı dəyişdirməkdir. Marksın filosofların boynuna qoyduğu bu günahı mən bütünlüklə öz mədəniyyətimizin üstünə atıram. Çünki ədəbiyyatımızdan fərqli olaraq, mədəniyyətimizin digər sahələri Azərbaycan insanını dəyişdirməyə yox, uyğunlaşdırmağa can atıb həmişə; “biz olanı” “hamı olanın” içində əritməyə çalışıb. Bu bəşərilik hamballığı ona gətirib çıxarıb ki, BİZ mədəni kimliyimizi milli kimliyimizdən uca tutmuşuq çox vaxt. Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesindəki üç qardaş bir evin (bir vətənin) içində üç ayrı-ayrı mədəni kimliyi – rus-xristian, fars-şiə, Osmanlı-sünni – təmsil etdikləri və buna görə öyündükləri üçün dil tapa bilmirlər; çünki bu qardaşlar milli kimliyini mədəni kimliklərinə qurban vermis BİZ-ik!
Bu yerdə vaxtıdır ki, yuxarıda “biz olan”la “insan olan” arasında xəyali çəkdiyimiz səddi Çin səddi kimi keçilməz edək. “Biz”i və “İnsan”ı bir-birindən ayıran elə ideyalar var ki, “insan”a aid olanı “biz”ə tətbiq etsək çox şey itirərik. Məsələn, kommunizm “insan”a aid humanist bir düşüncədir: kasta sistemi yox, vətən və vətən uğruna ölən yox, bərabərlik, ortaq mülkiyyət və s. bir sözlə, inkişaf etdirilmiş ibtidai icma sistemi. Amma o bir çinliyə aid olanda Mao şəklini alır və çinlini, çinliyə aid olan hər şeyi məhv etməyə başlayır. Beləliklə, çinli insana aid olanı özünün qənimi kimi görür. Eləcə də kosmopolitizim “insan”a aid mükəmməl düşüncədir, di gəl, durub onu “biz”ə aid etsək, olan-qalan torpaqlarımızı da itirərik. Odur ki bütün dünyada “biz olan” “insan olan”dan özünə lazım olanları götürür.
XVIII əsrdən başlayaraq Qərb düşüncəsində tanrının yerini tutmuş insanın XX əsrin əvvəllərində nə qədər axmaq olduğuna iki dünya müharibəsində şahid olan Avropa aydınları ağlın şizofrenik oyanıqlığını yatırtmaq üçün onu yuxu ilə qarışdırmağa can atdılar (sürrealistlər). Oskar Şlemmer, Vasiliy Kandinskiy, Herman Hesse, Cozef Albers kimi sənət adamlarının əlimyandıda reallığı inkar edən utopiya axtarışları onları Şərq mistitizminə aparıb çıxardı. “Biz”i burada, Şərqdə məhv edən mistitizm Avropa insanını orada, Qərbdə xilas edəcəkdi. Bu axtarışları ilə Avropa öz “biz”ini “insan”dan ayırmaq istəyirdi. Çünki “insanlaşmaq” ona fəlakət gətirmişdi. Tanrının Avropadakı “ölümündən” (Nitsşe) ən çox ziyan görən alman xalqı olduğu üçün, ən çox bu xalqı təmsil edən sənət adamları reallıqdan qaçmağa cəhd edirdilər. Çünki Avropa düşüncəsinin “insan” tələsinə düşənlərin ən fatalistləri alman millətçiləri idilər ki, nəinki “insanın”, hətta uydurduqları “üstinsanın” adından çıxış edir, Avropanın “biz olanlarını” əzib yox etməyə çırmalanmışdılar. Alman ekspressionistlərinin reallıqdan qaçış əndişəsini onların ortaq baxışı kimi izah edən Donald Kuspit yazırdı: “Ekspressionist üslub hər cür reallığın ucaldılmasına qarşı çıxır, onu toxunulmaz edən tabunu yıxaraq, yenidən özünə uyğunlaşdırır”.
Biz də bundan sonra özümüzü taleyüklü məsələlərdə İNSAN və BİZ kontekstində nəzərdən keçirməliyik. Məsələn, Ermənistanın işğal etdiyi və bizə öz evlərimizi qayıtmaq üçün müharibədən başqa bir yol qoymadığı Qarabağ münaqişəsində hər şey tutacağımız mövqeyə bağlıdır. Əlbəttə, insanı öldürmək olmaz, bəs bizi öz evimizdən qovub meşədə gizləndiyimiz yarğana da atəş açan erməni əsgərini necə? Biz bu suala insan və insanlıq kontekstində cavab axtarmağa başlasaq, erməni əsgəri bizi meşədə sığındığımız qarlı yarğanda da öldürəcək. Ona görə də, sadəcə, təbii haqqımız olan sağ qalmaq naminə məcburuq bu suala “insan” kontekstində yox, “biz” kontekstində cavab axtaraq. Çünki hər hansı müharibədə “Biz” var, “insan” yoxdur; Müharibədə öldürülən “Biz”ik, “İnsan” deyil.
İNSAN olmağa gedən yol BİZ olmaqdan keçir; Əslində, dünyanın bugünkü şəklini də “biz olanla” “insan olanın” arasında baş vermiş bir konflikt yaradıb. Musa peyğəmbər Misirdə yəhudi bir köləyə işgəncə verən misirlini öldürməsəydi və buna görə firon bütün yəhudi xalqını yox etmək fikrinə düşməsəydi, ində bəlkə, biz ayrı, təsəvvür belə edə bilmədiyimiz bir sivilizasiyada yaşayacaqdıq. Buna görə bütün yəhudi peyğəmbərlər tanrının adından İsrailoğullarını digər qövmlərdən ayırdı və üstün tutdu: “Yer üzündəki bütün qövmlərin arasından yalnız sizi seçdim…” (Amos 3:12) Məhəmməd peyğəmbər ərəbləri ərəb olmayanlardan ayırdı; “Biz sənə ərəbcə bir Quran vəhy etdik ki, sən paytaxt Məkkə və bütün ətrafını xəbərdar edəsən” (Şura, 42/7). Makedoniyalı İsgəndər ellinizmi bütün dünyaya qarşı qoydu. Sezara görə, Roma vətəndaşı dünyadakı bütün insanlardan üstün idi. Atatürk “nə mutlu türkəm deyənə” çağırışı ilə türkləri ucaltdı və s. Tarixin özü də “biz olanı” “insan” olandan” ayıranların tərəfində deyilmi?
Bu gün azərbaycanlının “biz” yox, “insan” olmağı bizdən başqa hamının işinə yarayır. Ona görə də Azərbaycanda “biz olana” yox, “insan olana” kənardan dəstək var. “İnsan olan” azərbaycanlı da “biz olanın” düşmənidir, onu belə təlimatlandırıblar.
Tarix dediyimiz gerçəklik İNSAN-la BİZ-in konfliktidir. Burada yazdıqlarımız qoy BİZİM, üstümüzə sui-qəsdçi, muzdlu qatil kimi gələn İNSAN-la vidalaşama nitqimiz olsun.
Və son olaraq deyirik: ƏLVİDA, GEOLİBERALİZM!!!
Share: