Oktyabrın 31-də Əməkdar artist, S.Vurğun adına Akademik Rus Dram Teatrının aktrisası Mələk Abbaszadə doğum gününü qeyd edib.
“Qafqazinfo” xəbər verir ki, 53 yaşı tamam olan aktrisa doğum günü münasibətilə instaqramda paylaşım edib.
O, izləyiciləri ilə Venesiyada San-Marko meydanında rəqs etdiyi anın görüntülərini bölüşüb.
Abbaszadə geridə qoyduğu ilin onun üçün çox çətin olduğunu bildirib. Aktrisa səhhəti ilə bağlı yaşadığı problemləri xatırlayıb: “Mən özümdə hər şeyi itirdim, hətta özümü də. Və indi yenidən yaşamağı öyrənirəm…”
Əməkdar artist, həmçinin onu təbrik edən, xoş sözlər yazan hər kəsə təşəkkürünü bildirib.
Xatırladaq ki, 2021-ci ilin dekabrında M. Abbaszadənin qarışıq birləşdirici toxuma xəstəliyindən əziyyət çəkdiyi məlum olmuşdu. Mart ayında səhhəti haqda danışan aktrisa müalicəsinin yekunlaşmaq üzrə olduğunu demişdi.