Əməkdar müəllim prezidentə müraciət etdi

Əməkdar müəllim prezidentə müraciət etdi
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevə
 
Surəti: Azərbaycan Respublikasının Baş naziri cənab
Əli Əsədova
 
Surəti Azərbaycan Respublikası Təhlükəsizlik Xidmətinin rəisi
cənab Əli Nağıyevə.
 
29-cu müraciət.
Çox hörmətli cənab Prezident!
Yazıb sizə bildirirəm ki, ənənəvi olaraq 28-ci müraciətim də cavabsız qaldı. Sizin nəzərinizə çatdırmaq istəyirəm ki, bu gün Azərbaycan Təhsil Nazirliyində sağlam düşüncəli, sağlam əqidəli, əsl təhsil işçiləri demək olar ki, yoxdur. Başda Emin Əmrullayev olmaqla nazirliyin bir qrup rəsmiləri o cümlədən, nazir müavini Muxtar Məmmədov, Orxan Abbasov, Rəşad Xanlarov, Səbuhi Rzayev, Eşqi Bağırov və Rəşad Musayev mənəvi cəhətdən xəstədirlər. Həmin adamlar ona görə özləri kimi Azərbaycan təhsilini də xəstə salıblar. Bu baxımdan təhsilimiz 21-ci əsrin 20-ci illərində belə bərbad vəziyyətə düşüb. Bütün bunlar reallıqdır. Biz ömür boyu görmüşük ki, “Sağlam bədəndə sağlam ruh olar!” Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev demişdir ki, “Təhsil millətin gələcəyidir” və birdə onu demişdir ki, “Mən müəllimdən yüksək və şərəfli ad tanımıram”. İndi siz görün ki, Emin Əmrullayev Təhsil Naziri olandan bəri bu sözlərin əksinə olaraq, düşünülmüş formada öz komandası ilə birgə Azərbaycan təhsilini məhvə aparırlar. Bilmək olmur ki, təhsildən uzaq olan bu adamlar kimlərə və haraya işləyirlər. Etdikləri çirkin hərəkətləri ilə dövlətimizin ayağının altını qazır və bununla da sabatajlıq edirlər. Ona görə də əsl təhsil işçilərini həm direktorları, həm də savadlı müəllimləri bilərəkdən təhsildən uzaqlaşdırırlar. Bunların öz əməlləri ilə sözləri bir-birinə uyğun gəlmir. Bunu bütün xalq görür. İndi mənə bircə maraqlı gələn odur ki, bu gün Prezident Aparatının, Nazirlər Kabinetinin və digər nüfuzlu təşkilatların nümayəndələri bütün bu çirkinlikləri görür, amma cənab Prezidentdən əsl həqiqətləri gizlədirlər. Mən onda belə fikirləşirəm bu gün ölkədə ayrı-ayrı nazirlər, nazirlər kabineti, digər dövlət qurumları kimə və nəyə lazımdır? Əgər bütün işləri cənab prezident özü görəcək idisə, həmin adamların maaşlarını da cənab prezident özü alardı. Ayıbdır axı, bu biabırçılıqdır. Bütün ölkə ictimaiyyəti Azərbaycan təhsilinin uçuruma getməsindən danışır. Amma bu adamların vecinə deyil. Çünki, utanıb xəcalət çəkmirlər. Artıq təhsildə rüşvət tüğyan edir. Uzağa getməyək, mən 28 dəfə sizə müraciət edib bildirirəm ki, Gəncə şəhər Təhsil idarəsinin müdiri ixtisasca kənd təsərrüfat işçisidir. SOROS-un adamıdır. Vətən borcunu yerinə yetirməmək məqsədilə əsgəri xidmətdən yayınmaq üçün 71-ci maddə ilə mütəmadi olaraq dayanmadan yerini islatmaq adı altında xəstəlik vərəqəsi alaraq faktiki olaraq, öz əsgərlik borcunu yerinə yetirməmişdir. Belə bir adam necə olur ki, təhsildə müdir saxlanılır. Gəldiyi 1 il yarım müddətində də Gəncə təhsilini bərbad günə salıb. Çünki, niyə? Məktəbdən, təhsildən şagirddən, pedaqogikadan, psixologiyadan anlayışı yoxdur. Bu nə deməkdir? Nə üçün bu məsələləri cənab prezidentdən gizlədirlər. Hələ mən düşünürəm ki, burada düşmən əli var. Bəlkə də mənim nöqteyi nəzərimdən bu adamlar bir il Amerikada kurs keçməklə elə Amerikanın cəsuslarıdır. Bu məsələlərə siyasi qiymət vermək lazımdır. Hətta bu adamlar müxtəlif islahatlar adı altında Azərbaycan müəlliminin şərəf və ləyaqətini alçaldaraq hansı ki, indi də sertifikatlaşdırma siyasətini ortaya atıblar. Bir onu bilirlər ki, müəllimləri mənəvi cəhətdən öldürsünlər. Əvəzində bunlar külli miqdarda rüşvət toplasınlar. 30-35 il stajı olan müəllimləri imtahan götürməklə onları sındırmaq olmaz. Əgər elədirsə birinci özlərini elə imtahan etmək lazımdır.
Cənab Prezident! Baxın bütün bu Təhsil Nazirliyinin iyrəncliklərini, biabırçı əməllərini açıb ortaya qoyduğumuz üçün məni, görkəmli ictimai xadimi, tanınmış şairi, əməkdar müəllimi və mənim kimi eyni qayda da digər əməkdar müəllim Valeh müəllimi 65 yaşı bəhanə edib işdən uzaqlaşdırdılar. İndi bir sualımıza heçkim cavab vermir. Niyə məhz bizi 65 yaşdan çıxardıb, 67 yaşlı bizdən hörmətsiz, bizdən savadsız, bizdən təcrübəsiz Bəhram İmranovu niyə bu gündə saxlayırsınız? Hansı ki, onun rəhbərlik etdiyi məktəbdə bütün göstəricilər bizdən aşağıdır, məktəbdə dedi-qodu, şikayət baş alıb gedir. Kollektivdə isə bu adamın heç bir nüfuz və hörməti yoxdur. Sadəcə olaraq pulu və adamı var. Budur Emin Əmrullayevin, Anar Qədiməliyevin iş üslubu. Bu adamlar bizim yerimizi vakanta yox, satışa çıxarıb hərraca qoydular. Eləcə də yazıq müəllimlər kimin pulu var işdə qalır, kimin pulu yoxdu işdən çıxardılar. Anar Qədiməliyev isə çəkinmədən, qorxmadan hər yerdə deyir ki, mənim arxamda nazir durur. Bu adam gör nə qədər harınlayıb ki, bizə deyir ki, sizin aldığınız təhsil əlaçısı medalları və əməkdar müəllim fəxri adı almağınıza mən inanmıram. Çünki, bununla bağlı Mikayıl Cabbarovla və Ceyhun Bayramova pul verib almısınız. Bu adam hər şeyi öz arşını ilə ölçür.
Emin Əmrullayev, o gün fevral ayının 2-də cənab prezidentin gənclərlə görüşündə eşitdiniz ki, cənab prezident öz dəyərli sözləri ilə qızıl xırdalayırdı. O, qeyd etdi ki, “ Artıq SOROS-çulardan qurtulmaq lazımdı. Çünki, SOROS həmişə anti-azərbaycan təbliğatı aparıb. Məqsədləri isə ilk növbədə gənclərdir.” Belə olan tərzdə sorosun ən fəal üzvü Anar Qədiməliyevi nə məqsədlə təhsildə müdir saxlayırsınız? Niyə onu və onun əsas məsləhət və ideya verəni Bəhram İmranovu nə üçün işdən çıxartmırsınız? Gözləyirsiniz ki, təhsilimizi və ölkəni dağıtsınlar? Üzümü tutub sizə deyirəm, cənab prezidentin hər bir sözündən və hər bir tövsiyəsindən ciddi nəticə çıxarın. Əks təqdirdə sizi yaxşı günlər gözləmir. Bu sözlərinə görə isə onu susduran yoxdur. Qeyd etmək istəyirəm ki, mən və Valeh müəllim 45 ildir gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuşuq, 45 ildir bu dövlətə , xalqa bir xidmət etmişik. 30 ildə ulu öndər Heydər Əliyevin yolunda çarpışmışıq. Budur bizim zəhmətimizin axırı, bəhrəsi? Anar Qədiməliyev kimi rüşvətxorlar bizi hörmətsiz etsinlər? Bu mümkün deyil. Biz hər ikimiz öz yerimizə bərpa olunmalıyıq. Ya da qanun hamı üçün qanundur. Bəhram İmranovun müqaviləsinə gecikmədən, təcili olaraq xitam verilməlidir. Mən onda deyərəm ki, haqq yerini tapdı. Yoxsa əks təqdirdə mən və Valeh müəllim öz haqlı tələbimizdən əl çəkməyəcəyik, gec-tez cənab Prezidentlə görüşüb, bu xəstə təhsil işçilərini qanunla ifşa edəcəyik. Necə ola bilər ki, öz Vətən borcunu yerinə yetirməyən əsgəri xidmətdən boyun qaçıran Anar Qədiməliyev kimiləri müstəqil Azərbaycan dövlətində şagirdlər qarşısında hansı vətənpərvərlik tərbiyəsini aşılada bilər? Hansı vətənpərvərlik ruhunda danışa bilər?
Cənab Prezident yuxarıdakıları nəzərə alaraq sizdən xahiş edirəm ki, artıq bu adamlar ağ ediblər. Məni və Valeh müəllimi milli təhsilimizin inkişafı naminə əsl pedaqoq, ictimai xadim və əməkdar müəllim kimi ya özünüz ya sizə sədaqətli səlahiyyət sahibləri bizi qəbul edib, ətraflı şəkildə bizi dinləsinlər. Bu adamlar bilsinlər ki, biz ulu öndər Heydər Əliyevin sınanılmış silahdaşlarıyıq. Bu məqsədlə də kişi kimi bizi yaşatsınlar. Öpürük sizi, bağrımıza basırıq.
 
Hörmətlə: Həsənov İlham Musa oğlu
 
Azərbaycan Respublikasının Əməkdar müəllimi, 1995-ci ildən YAP-ın üzvü,
8 şeir kitabının müəllifi, Prezident mükafatçısı, “Qızıl Qələm” mükafatı laureatı,
Gəncə şəhər Veteranlar Şurasının üzvü, Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar birliyinin üzvü
Heydər Əliyevin yaxın dostu və silahdaşı
 
Əlaqə nömrəsi: 050-333-40-27
Share: