Aynur CAMAQIZI
İstanbuldayam. Bir azdan səhər açılacaq və mən cərrahi əməliyyata girəcəm…
Yuxum gəlmir. Hərdən olur belə. Ya çox maraqlı bir filmə baxanda, ya gözəl bir kitab oxuyanda dopdolu olursan.
Həmin əhval-ruhiyyədir. İfadəsi həddən ziyadə çətin olan, eyni zamanda həddən ziyadə gözəl, çox gözəl hiss… Sevgi kimi… Bəzən olur, sevirsən, özün bilirsən ki, sevirsən, ancaq desələr ki, bunu sözə çevir, anlat, ifadə et, söz tapa bilməzsən…
Bu gecə mən sanki çox möhtəşəm bir Sevgi filminə tamaşa etdim. Hə, bu məhz Sevgi kadrlarıydı. Sevginin izharıydı. O, Qarabağa növbəti dəfə ona görə getmişdi ki, sevgisini göstərsin, eşqini elan etsin…
İlahi, uzun illər niyə bizə – çoxumuza elə gəlib ki, bu adam kosmopolitdir: özü rusdilli, rusdilli insanların çevrəsində böyümüş, yetişmiş, hətta ali təhsilini Moskvada almış, Moskvada yaşamış bu adam necə daşıyıb içində bütöv Azərbaycanı?! Necə gözəl daşıyıb! Qabartmadan, elan, bəyan etmədən, sakitcə-səssiz sevib Vətəni! Həm də Vətənin ən ağrıyan, ən yaralı yerini – yağmalanmış torpaqları!..
Bu gecə Cəbrayıl və Zəngilana səfər zamanı Mehriban xanımın telefonla çəkdiyi kadrlarda gördüyümüz İlham Əliyev necə fərqliydi; necə könül, necə ürək adamıydı!
Hər dəfəsində sanki ilk dəfə görürmüş, tanıyırmış, kəşf edirmiş kimi seyr edirəm. İlahi, bu adam ruhən, mənən, qəlbən necə də vətəncanlıdır!
Vətəni, onun daşını, torpağını, mamırını, tikanını, gülünü, ətrini, havasını… sevmək nümunəsini şair göstərər, yazar nümayiş etdirər;
Bir siyasi xadim bütün xalqa Vətəni sevməyin necə örnəyi ola bilərmiş!
Vətənin sərhədlərini mənəvi, təxəyyül aləmində şair-yazıçı bütövləşdirər!
Bir siyasi xadim bunu öz varlığında necə birləşdirib, bu ağır siyasi reallıqda bu təxəyyülü necə reallaşdırmağı bacararmış!
İlahi, bu Adam Qarabağı bizim hamımızdan, hər birimizdən necə çox sevirmiş, necə çox istəyirmiş!
O kadrlarda görünən Adam sadəcə, bir Prezident, sadəcə, bir Ali Baş Komandan deyil, o, bir Vətən Sevdalısıdır. Anlada bilirəmmmi? Bir var İş, yəni dövlət başçısısan, ordunun komandanısan və bu işləri görmək sənin görəvindir. Bir də var Eşq, Vətən sevgisi. 30 il işğalda inləyən bir Vətənin daşını, torpağını, qum dənəsini, çınqılını, çiçəyini, otunu, ağacını sevmək, onlarla canlıylarmış kimi, duyurlarmış kimi söhbət etmək, dərdləşmək, onlara xitab etmək, Bəsit çayla danışmaq, Xan Çinarla qucaqlaşmaq, sevgi göndərib sevgi almaq… soruşmaqdan özümü saxlaya bilmirəm, Cənab Prezident, bu nə Ürəkdir belə?!
Mən hər şeyi – bu dahi adamın bütün fəaliyyətini dərindən izləyən biri kimi, təəccüb içindəyəm. Fəxr, fəxarət içindəyəm. Bu, necə gözəl hisslərdir?! Niyə bizim hər birimizdən öncə Siz – məhz Siz anladınız ki, Ağacların ruhu var, qəlbi var, onlar da sevə bilir, sevinə bilir, ölə bilir, dirilə bilir, qanadlana, qollana-budaqlana bilir?! Alqış edə bilir, qarğış edə bilir!
Necə bildiniz ki, Xan Çinarla qucaqlaşmaq Qarabağda köklərinə od vurulmuş bütün Ağaclarımızın könlünü almaqdır.
O Ağaclardan qalan bir ovuc Kül var ha, o küllərdən bir Qarabağ doğulur. O Qarabağ üçün o yanmış, o öldürülmüş Ağacların Ruhundan xeyir-dua almaq lazımdır. Necə bildiniz ki, o Ağaclar da Şəhid olub, Qazi olub, Əsir olub, Girov olub?! Necə bildiniz ki, 30 illik işğalın, təcavüzün, kinin-nifrətin ağrı-acısı var o köklərdə, o budaqlarda, o yarpaqlarda?!
Necə bildiniz bunu, gözəl qəlbli Çinar Adam, necə hiss etdiniz ki, o bəziləri gözlə, bəziləri fəhmlə, bəsirətlə görünən o yaraları məhz bağrımızla sağalda, sarıya-sarmalaya bilərik?!
Siz bu ölkənin Ağaclarını da bu ölkənin Adamlarını sevdiyiniz kimi necə sevdiniz, Vətən Adam?!
Siz hardan bildiniz ki, Xan Çinarın o sevgiyə, o sığala, o təmasa ehtiyacı var? Ona görəmi o qollara, o budaqlara elə sığal çəkdiniz?
Rəhmətlik Heydər Əliyev deyirdi ki, o Ağaclar mənim qollarımdır… Bu, nə qəribə İşıqdır, ya Rəbb! Mən İlham Əliyevə baxanda İşıq görürəm, Günəş görürəm, Od görürəm.
Qarabağ külündən doğulur, yenidən Ocaq olur! Bu Ocağın odunu öz Sevgisi, öz Odu ilə, Qəlbi ilə alışdıran isə Odur!
Mistikdir, yoldur, xəttdir, xəritədir! 100 il öncəni xatırlayaq: Azərbaycan Demokratik Cümhuriyyətinin baniləri – qurucu atalarımız bir Bayraq ucaltdılar. 70 il sonra o Bayrağı məhz Böyük Heydər Əliyev təkrar göylərə yüksəltdi. Naxçıvanda bir Ocaq qaladı!
Heydər Əliyev dərin dövlətçilik dühasıyla anladı ki, bu Bayrağı yalnız İlham Əliyev saxlaya bilər ucalıqlarda. Və o Bayrağı məhz İlham Əliyevə əmanət etdi. Çünki bilirdi ki, İlham Əliyev bu ölkədə hamıdan və hər kəsdən irəlidədir, birincidir, liderdir. Bu bayrağı, bu Vətəni qoruyacaq qədər, sevəcək qədər, böyüdəcək qədər, yüksəldəcək qədər ərdəmlidir.
Planetar siyasətçidir, düşündüyü hər şey qlobaldır, öncəgörüdür. Quruculuq işləri gedən bölgələrə məmurları da göndərə bilər, onlara həvalə edə bilər hər şeyi. Amma özü gedir. Təkrar-təkrar gedir. Vətənlə görüşdən yorulmur. “Ağıllı kənd” layihəsinin bünövrəsinə qumu, sementi özü tökür, suvağı özü çəkir, daşı özü qoyur. Vətəni daş-daş, kərpic-kərpic, ovuc-ovuc özü tikir, özü qurmaq istəyir.
Mehriban xanım elə nüansları, elə məqamları görür, lentə alır ki, şok olursan.
Yox, bu, bir məmurun, bir dövlət başçısının mərtəbəsindən qat-qat yuxarıdır. Ürək-könül məsələsidir bu. Könül olmasa, bu ərazilərin tarixini bu dərəcədə dəqiqliklə, incəliklə öyrənməzdi, bilə bilməzdi.
Qubadlıya səfəri yadınızdadır? Bərgüşad çayının sahilində Bazarçaydan danışırdı. Sonra sosial şəbəkələrdə əksər insanlar, xüsusən də o bölgədə doğulmuş-yaşamış qubadlılar heyrətlə bir-birlərindən soruşurdular ki, Prezident Bərgüşadın bu köhnə adını – Bazar çayını hardan bilir, görəsən?! Çünki artıq uzun illərdir ki, yaddaşlarda Bərgüşad adıyla qalıb.
İlham Əliyevin Qarabağ səfərləri həm də Qarabağ dərsləridi bizimçün. Sevgi dərsidir, Vətən dərsidir, Tarix dərsidir, Coğrafiya dərsidir, Ədəbiyyat dərsidir…
Siz zəkanın gücünə, fəhmin, şövqün qüdrətinə fikir verirsinizmi? Adam maksimum sürətlə, kosmik enerjiylə Qarabağa can vermək, həyat vermək üçün çalışır. Ona görə hər dəfə Qarabağa özü gedir ki, görülən işlərə nəzarət etsin, görülməyənləri hərəkətə gətirsin…
Çox heyrətamiz, çox ibrətamiz vəziyyət və davranış…
Çox qəribə…
Çox gözəl…
Dünən Feysbukda bir türk filmindən epizodik kadr izlədim. Təxminən beləydi: gənc qadın arxasınca gələn adamdan qorxur. O isə qadını ürəkləndirsin deyə, cibindən bir kitabça çıxarır ki, “qorxma”: “Bax, cibimdə Nazim Hikməti gəzdirirəm. Cibində Nazim Hikmətin şeir kitabını daşıyan adamdan qorxarlarmı heç?”
Adını bilmədiyim filmdəki bu nüans məni elə etkilədi ki, sanki filmə də axıradək baxdım, Nazim Hikmətin bütün şeirlərini də təkrar oxudum.
Mənim yazdıqlarımla o film arasında nə əlaqə var? Yoxdur əslində. Yalnız bir nüansdan savayı… Vətəni sevən, çox sevən, hər şeydən, hər kəsdən daha çox sevən adamdan yalnız düşmən qorxmalıdır, həm də lap çox qorxmalıdır.
Vətənin daşına-çiçəyinə, ağacına baş qoyan Adamdan düşmən it kimi qorxmalıdır!
Əsirlikdən qurtardığı Yurd yerləriylə, Şuşayla sanki canlıymış kimi söhbət edən, Xan Çinarla danışan, getdiyi hər bölgəyə bayraq aparan, bayraq ucaldan Adam bu Vətən üçün hər şeyi etməyə, mümkünsüzü mümkünə çevirməyə qadirdir!..
Bu günlərdə həbsdə olan bir məmurun vəkiliylə təsadüfən rastlaşdım. Soruşdum ki, müvəkkiliniz günahsız olduğunu bildirir, həbsini qərəzli, ədalətsiz sayır. Həbsdə olduğuna görə incikdirmi, narazıdırmı Prezidentdən?
“Qəti şəkildə yox” dedi, qətiyyətlə davam etdi: “Müvəkkilimlə bu barədə dəfələrlə söhbətimiz olub. Deyir ki, mən Şuşanı alan Adamdan narazı qala bilərəmmi? 30 il yolunu həsrətlə gözlədiyimiz Kəlbəcəri azad edən Adamdan inciməkmi olar?!.”
Bax belə…
Bir ömür qəlbimizdə taxt quran Adam!
Bir ömür sığınacağımız Vətən Adam!
Bir ömür söykənəcəyimiz Dövlət Adam!
Bir ömür dualarımızın ünvanı Haqq Adam!
Güvəncimiz Adam, Əmin Adam, Dayaq Adam…