İyulun 3-ü axşam saatlarından metronun “Koroğlu” stansiyası ətrafından sərnişinlərin gediş-gəlişini təmin etmək üçün Bakıətrafı qəsəbələrə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tapşırığı ilə əlavə avtonəqliyyat vasitələri cəlb edilib.
Müstəqil.az-ın məlumatına görə, bu barədə modern.az-a DANX-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.
N.Allahyarova bildirib ki, hazırda 24 əlavə avtonəqliyyat vasitəsi “20 yanvar” m/st – “Avtovağzal” m/st üzrə sərnişin axınını nizamlamaq üçün Bakı Nəqliyyat Agentliyi ilə birgə gücləndirilmiş qaydada sərnişinlərin daşınmasını təşkil edir.:
“Bakı Beynəlxalq Avtovağzal kompleksi öz növbəsində regionlara daşımaları həyata keçirən daşıyıcı şirkətlərə müraciət edərək 12 avtonəqliyyat vasitəsini əlavə olaraq xidmətə təqdim edib.
DANX-ın xüsusi təyinatlı nəqliyyat vasitələri sərnişinlərin daşınması üçün BNA və DYP ilə birgə sıxlığın müşahidə olunduğu ərazilərdə xidmət edirlər”.
O qeyd edib ki, ümumilikdə şəhərlərarası daşımada iştirak edən daşıyıcıların iştirakı ilə DANX tərəfindən bu saata qədər 60 avtonəqliyyat vasitəsi əlavə olaraq xidmət üçün səfərbər edilib:
“Ehtiyac olarsa avtonəqliyyat vasitələrinin sayı artırılacaq. Xüsusi olaraq qeyd edək ki, sıxlığın ən çox müşahidə olunduğu ərazilər “Neftçilər”, “Əhmədli”, “20 Yanvar” metrostansiyalarının önüdür. Həmin istiqamətlərdə əlavə nəqliyyat vasitələri xidmət edir”.