Kulis.az Şahbaz Xuduoğlunun “Hindistan mənzərələri” adlı reportajını təqdim edir.
Dubaydan qalxan beş yüz yerlik sərnişini olan uçaq 4 saatdan sonra, səhərə yaxın Chennaiyə endi. Hava limanı basabasdır, adam əlindən yerimək mümkün deyil. Baqaj alınan salona qədər bir neçə dəfə yoxlayırlar. Diqqətimi silahlı əsgərlər çəkdi. Geyimləri boz rəngdədir, çiyinlərindən “Kalaşnikov” avtomatı asılıb.
Baqajların gətirildiyi yerdə də basabasdır. Çamadanlar fasilələrlə buraxılır.
Çamadanların gecikmə səbəbi insan faktoru ilə bağlıdır. Relsə qoyulmadan skan edilib, diqqətlə yoxlanılır. Şübhəli çamadan açılıb yoxlanılır.
Pasport nəzarətinə girmədən qarşılandım, VİP keçiddən keçdim, uzun növbələrin heç birini görmədim, amma çamadana görə iki saat gözləməli oldum.
Hava limanından çıxanda daha üç nəfər yaxınlaşdı, çiçək hədiyyə edib, boynuma sarıldılar. Bu, qonağa hörmət əlamətdir.
Hava limanından çıxan kimi burnumu yanıq qoxusu vurdu, gözlərim tüstüdən acışdı. Sanki hardasa ocaq çatılıb.
Yollar tıxac deyil, amma oturduğum CİP durmadan siqnal verir.
Burda sükan sağda yerləşir, hərəkət soldan başlayır. Elə bilirəm maşınlar üstümə gəlir.
Bələdçidən aramsız siqnal verilməsinin səbəbini soruşdum, “öyrəncəliyik” dedi.
Foyedə başqa ölkələrdən gələn naşirlərlə görüşdük. İsrail, Banqladeş, Uganda, Malayziya, Keniya, Ermənistan və s.
Əsasən, sabah səhərdən sərgi başlayacaq, iki gün fasiləsiz görüşlərim olacaq.
Sərginin əsas yükünü Santil daşıyır. Çox mehriban, alicənab insandır. Tarixi yerlərə aparmaq üçün maşın təşkil elədi. Maşın yaraşıqlı, müasir binaya gətirdi və dedi ki, bura “Mall”dır. Dedim yox, tarixi yerləri görmək istəyirəm, “Mall”a yox.
Elə bizdə də, deyəsən, belədir, qonaqları ilk “Mall”lara aparırıq…
Məbəd insanları
Chennai həm də məbədlər vətənidir. İlk qədim məbədlər burada tikilib.
Partasapati məbədi
Vl əsrə aiddir. Yerə döşənən daşlar ayaq altında qalmaqdan nazilib, yeyilib.
Sütunlar, tavanlarda filbaşlı əzələli bədənlər həkk olunub. Bu, hindu tanrısı Ganeşanın rəsmidir.
Ziyarətçilər içəri bəlli saatlarda buraxılır. Uzun geyimləri və alına çəkilən rəngli işarə ilə fərqlənən kahinələr istisnadır.
Sütuna kürəyini söykəyib bir nöqtəyə baxan, yarıçılpaq, bir dəri, bir sümük olan şəxs diqqətimi çəkdi. Çox dərin fikrə gedib, bədənin bir hissəsi belə tərpənmir. Burada ona bənzər adamlar çoxdur, amma onun kimisi yoxdur. Saçları qum rəngində, əlləri qırışlanıb, bədəni günəşdən şabalıd rəngini alıb. Dırnaqlarının ətrafı tərtəmizdir. Yalnız ayaqların altında toz-torpaq var.
Söykəndiyi sütunda filbaşlı tanrının rəsmi oyulub.
Dəhşətli dərəcədə onunla danışmaq ehtiyacı hiss etdim.
Kimsə arxadan barmağını kürəyimə toxunurdu. Haradan olduğumu soruşdu. İnancımla maraqlandı, dedim buranı abidə kimi görməyə gəlmişəm.
Bir başqası da söhbətə müdaxilə edib “Chennaini bəyəndinmi?” – deyə soruşdu. Dedim, çox bəyəndim, xüsusən, insanları, çox sakit və mehribandırlar.
Məbədin qapısını açdılar. Hamı növbə ilə içəri daxil oldu.
İçəridən qoxular külək kimi əsir; hər yanan şamın öz qoxusu. Tam ortalıqda kiçik abidə var. Qapısına isə yekə qıfıllar vurulub. Ora yalnız inanan şəxslər buraxılır. Kənar şəxsin girişi düzgün hesab edilmir. İçəridə şəkil çəkmək olmaz.
Mən də məbədin tüstülü dəhlizindən içəri keçib divarboyu dövrə vurdum. Ağır ab-havası var idi. Sütunlara əllərini sürtüb dua edənlərə qoşulub məbədi tam dolanıram. Hərə öz mantrasını oxuyur…
Filbaşlı tanrı sütununa söykənib fikrə getmiş zahid ağlımdan çıxmır. Hansısa güc məni ona doğru aparır. Qaranlıqları görən, bilinməyənləri bilən, duyulmuyanları duyan, sükunəti eşidən həqiqi zahidə doğru su kimi axdım.
Yaxınlaşıb yanında diz üstə çökdüm. “Hello, sir” dedim, özümü təqdim etdim. Göz qapaqlarını qaldırıb mənə baxdı. Nəmli gözləri çox işıqlı görünürdü.
Haradan olduğumu soruşdu. Azərbaycan adına reaksiya vermədi. Mən suallar verməyə başladım… Bəlli oldu ki, astma xəstəsidir. Bu məbədə inanır, həm də buranın daimi sakinidir. Bayramlarda bura gəlib sədəqə yığır. Dedim, sənə necə kömək edə bilərəm? Dedi, tək adama heç nə lazım olmur. Mən də əlinə pul qoydum…
İçəriyə yalnız ayaqyalın girmək mümkündür. Məbədin önündə çoxlu ayaqqabılar var.
Çıxanda ayağımın tozunu almaq istəyərkən kənardan baxan dedi “elə etmə…” Demək istədi ki, o toz müqəddəsdir, qoy səninlə getsin…
Sonra öyrəndim ki, hind arxetipinə görə ayaq murdardır, ona toxunmaq olmaz.
Kapaleşvara məbədi
Şiva tanrısının şərəfinə inşa edilib. Tarixi bəlli deyil. Daş kitabəsində 1250-ci il yazılıb.
Bu məbəd daha bəzəklidir. Həm də aurası ağır deyil. Yəqin, bu xoş mühit Tanrının xislətindən gəlir. Şiva tanrısı Hinduizmdə Braxma ilə yanaşı dayanır, mərhəməti simvolizə edir.
Burada da uzun növbədir. Turistlər gözümə dəymir. Cavan bir oğlan dizlərin yerə qoyub üzü üstə yerə düşdü, qollarını geniş açıb qucaqladı, öpməyə başladı. Mən oradan çıxanda o hələ də uzanıq vəziyyətdə qalmışdı.
Məbədin üstünü tanrıların, hind miflərini əks etdirən heykəllər bəzəyib. Günbatan tərəfində, damda bəzəkli inək heykəli ucaldılıb. Məbədin divarının dibində isə balalı inək bağlanıb, qabağında yem qoyulub. Bəziləri yaxınlaşıb ona təzim edir, şəkil çəkdirir, sığallayırlar.
Məhərrəm ayında müsəlmanlar da bu məbədi ziyarətə gəlirlər. Qədimdən belə qəbul olunub, hələ də əməl olunur. Birdən bayramlar üst-üstə düşsə, müsəlmanlara üstünlük verilir.
Məbədin önündə çiçəklər, şirniyyatlar satılan çoxlu piştaxtalar düzülüb. Açıq-bazara bənzəyir. Könlümdən banan keçdi. Yalnız bir piştaxtanın üstündə vardı, orada da satıcı yoxdur. Maşınlara baxan polis dedi ki, satıcı gedib artıq.
Yaxınlıqda başqa birisinə yaxınlaşdım, satıcı xanımda yemişə bənzər nəsə vardı. 100 rupi verdim, doğrayıb paketə yığdı. Eynən manqo dadı verirdi…
***
Məbədlərin ətrafında yalnız sədəqə yığan insanlar deyil, itlər, inəklər də çox olur. İnəklər burada toxunulmazdır. Harada istəsələr, yata bilər, nə istəsə, yeyə bilərlər. Onlara kimsə mane ola bilməz.
Chennai bulvarı
Hava qaralanda sahilə gəldik. Bura ən böyük çimərliklərdən biri hesab olunur. Şəkər tozu kimi narın qumu var, qızılı rəngdədir. Havada 26 dərəcə istilik olsa da, çimmək olmaz. Bayram günləri adam çox olduğundan dənizin qarşısına sədd çəkilib, polis nəzarət edir ki, suya girən olmasın.
Bulvar böyük bir piknik ərazisinə çevrilib, hər yanda yekə qazanlar asılıb, piştaxtalar düzülüb. Piştaxtalar evciklər kimi, şarlar, rəngli işıqlarla bəzədilib. Əsasən, tərəvəz yeməkləri anında bişirilib satılır. Bibər, gül kələmi, kakos və başqa tərəvəzlər – qarğıdalı, buğda, mərcimək unuda yağda qovrulur. Yağın içinə zəfəran tökülüb, içinə nə atsan zəfəranın rəngini alır.
Ətrafa dadlı qoxular yayılır. Ən çox qarğıdalı bişir.
Qarğıdalı aldığım piştaxtanı bir ailə işlədir. Qız qarğıdalının saçaqların təmizləyir, ana bişirir oğul isə satır. Kömür sobasına fenlə hava üfürülür, alovunda qarğıdalı ütülür, üstünə ədviyyatlar vurulur. Çox dadlıdır. Buranın qarğıdalısı daha çox sulu və şəkərlidir, diş altına baldırğan kimi xırçıldayır.
Ağatlı oğlanlar atlarını kirayə verməyi təklif edirlər. Uşaqlar üçün fırfıraları, yelləncəkləri əllə itələyirlər.
Ailələr qumun üstündə süfrə açıb şam edirlər. Uşaqlar qumdan evciklər düzəldir, dalğalar, təpələr yaradır, quyular qazırlar.
Bulvarının kənarında mapedlər, rikşalar, maşınlar “tamaşaçı” kimidir. Bir neçə nəzarətçi səsgücləndirici ilə tez-tez nəsə elan edir. Polis bir qıraqda durmadan fit verir. Bələdçi deyir ki, dini bayramlarda adətən belə olur.
***
Rajesh mətbəəçidir. Əsasən qutu hazırlayır. Son gün məni iş şəraitini göstərmək üçün mətbəəsinə apardı. Yolda, hansı xüsusiyyətinizlə fəxr edirsiniz, deyə soruşdum.
“Biz hər şeyə qane olan xalqıq. Heç zaman şikayət etmirik. Bir də bu vaxta qədər heç bir əraziyə iddiamız olmayıb”.
Narazı olduğu tərəfi də soruşdum. Korrupsiya, dedi.
Mətbəədən geri dönəndə oğlu gətirdi. Adı Ganeşadı. Deyirəm, burda polislər az görünür, deyir, onlar hər yerdədir, siz tanımırsız.
Burda şirin su problemi var. Hər bir evin damında yağış sularının yığılması sistemi qurulub. Damcı suyu borularla evin yanında qazılan quyuya toplanır, ordan süzülərək evə vurulur. Bu qaydaya əməl etməyən ciddi cəzalandırılır. Eləcə də elektriklə təminatda ciddi nöqsanlar var, saatlarla işıq kəsilə bilər.
Ganeşa deyir ki, mətbəə onun babasından qalıb, babası letapres işlədirdi, atası isə ofset çapı makinası gətirdi. O da mətbəənin işini inkişaf etdirəcək. Əsas hədəfi digital mətbəə yaratmaqdır.
Hindistan qəribəlikləri
* Yerli adamlar yeməyi əllə yeyirlər. Qaşıq, ya çəngəl qonaq olanda, yaxud əl çirkli olanda istifadə olunur.
* Hörmətli insanın qarşısında əyilib ayağına toxunurlar.
* Çox tez-tez küçədə, yolda üzünü çevirib divardibinə yüngül bayıra gedən görmək olur. Ölkədə tualet problemi var.
* Hər yandan ya masala, ya da sidik iyi gəlir.
* Qadınların alnında olan nöqtə evliliyi bildirir.
* Zibillik onları narahat etmir.
* Küçələrdə yatanlar çoxdur.
* Əyyaş, kefli kimsəni görmədim.
* Avtomobillər daim siqnal verir.
* Çox insan ayaqyalın gəzir.
* Stalin, Marks adları çoxdur.
* Hindu düşüncəsinə görə evlərdə tualet olmalı deyil, çünki şeytanlar orda yaşayır.