Əntiqə Qonaq Xətai rayon kitabxanasında keçirilən Aprel döyüşlərinə həsr olunmuş “Böyük qələbəyə yol” adlı tədbir haqqında yazır…

EHEYYYYYVƏTƏN OĞLU!!!

Aprel döyüşlərinin 3-cü ildönümüdür. Əslində mənim düşüncəmə görə nə müharibənin ayrı-ayrı mərhələləri, nə də ki, şəhidlərin bölümü var. Vətən birdirsə, uğrunda vuruşanlar və şəhid olanlar var. Və onlar həm xalqın, həm dövlətin, həm hər birimizin, həm də Tanrının dərgahında ən yüksək mövqe tutanlardı. Onlar Vətəni Vətən olaraq bütöv görmək üçün sinələrini düşmən səmtə sipər edən cəngavərlərdi. Onlar Vətənsiz hər bir fərdin heç olduğunu, anlamsız bir varlıq olduğunu hamıdan artıq dərk edərək bu müqəddəslik uğrunda cihada gedənlərdi. Aprel ayının ilk 5 günündə Lələtəpə istiqamətindəki döyüşlərdə şəhid olan igidlərimizin rəsmi statistikası belədir: Azərbaycan Silahlı Qüvvələrinin 93 hərbi qulluqçusu həlak olub, 33 nəfər yaralanıb. Şəhid olanlardan 52 nəfəri əsgər, 10 nəfəri müddətdən artıq Hərbi Xidmət Qulluqçusu, 10 nəfəri gizir, 21 nəfəri isə zabitdir…

Bunların quruca rəqəm olmadığını hamımız yaxşı bilirik. Əksəriyyəti də xüsusi təyinatlılar olub. Və bu xüsusi təyinatlıların kiçik bir dəstəsi ilə Yerevana qədər zəfərlə getməyin mümkünlüyü də hamımıza bəllidir. Biri 10-a, 10-u 100-ə bərabər olan bu oğullar Azərbaycanımızın qəhrəmanlıq tarixinin yeni səhifəsini açaraq ora öz adlarını əbədilik həkk etdirə bildilər. Canları, qanları bahasına. Qəlblərindəki məşəl kimi Vətən sevgisi, torpaq məhəbbəti naminə.

Lövhədə “Aprel şəhidləri” slaydı nümayiş etdirilərkən beynimi döyəcləyən fikirlər yığınının bir hissəsi idi yazdıqlarım. Şəhidlərin şəkilləri bir-birini əvəzlədikcə ürəyimin necə sıxıldığının, havasızlığımın, qəhərdən boğulduğumun, göz yaşlarıma hakim kəsilə bilmədiyimin fərqində belə deyildim. Gözlərim önündə yenə də düz bir qərinəyədək dövrün biri-birindən ağır və dəhşətli səhnələriydi. O ağrılar ki, o təəssüflər ki, gecə də, gündüz də, yatanda da, duranda da məni heç tərk etmirlər, mənimlə bərabər doğulmuş kimi yanımda, yönümdə deyil, canımda, vücudumda, varlığımda, dünyamda oturuşmuşlar. Mən müharibənin şahidi olduğum səhnələrini bu gün baş veribmiş kimi bütün detallarınadək xatırlamaqdayam. İstəsəm də unuda bilmərəm. Amma unutmağı istəmirəm də. Sanki bu acılar məni bütövləşdirmiş, tamamlamış kimi. Bunlarsız içi boş müqəvva kimi olacağımın fərqindəyəm. Bunlar mənim yaşam tərzimə çevrilmiş, yaşadığım müddətdəcə mənimlə bərabər olacaqlar-müharibənin dəhşətləri, gözlərim önündə dağıdılan ev-eşeiklər, viran qoyulan yurd yerləri, gözlərimin qarşısında canlarından  keçən yüzlərlə igidimiz. İçimdən qopan fırtınanı, etirazı gizləyə bilmirəm sanki. Var gücümlə, səsim yetdikcə bağırmaq, hayqırmaq istəyirəm:

Eheyyyyyy… sən ey Vətən oğlu! Mən sənin nigaran, narahat ruhunun təmasını hər an üzərimdə hiss edirəm. Tək mən deyil, bu hissi yaşayanlar lap çoxdu, lap. Bunu duymamış deyilsən yəqin ki. Biz Sizlərə nə qədər borclu olduğumuzun, qarşınızdakı öhdəliyimizi yerinə yetirmədiyimizin də fərqindəyik. Amma bunun müvəqqəti olduğunu bilməyinizi istəyirəm. Əmin olun, bilin ki, qisas qiyamətə qalmayacaq, qanınız yerdə qalmayacaq. Uğrunda düşünmədən belə canınızı qurban verdiyiniz o müqəddəs torpaqlar yağı tapdağından təmizlənəcək, Vətənimizin o yaralı parçası azad olacaq. Bunu hiss edəcəksiz. Bunu görəcəksiz… Fikirlərimin burulğanından çıxmaq o qədər asan olmadı… Amma kitabxananın zalı insanla doluydu… Tədbirə yığışmışdıq, şəhidlərimizi anmağa gəlmişdik…

****

Xətai rayon kitabxanasında keçirilən 2016-cı ilin aprel döyüşlərinə həsr olunmuş “Böyük qələbəyə yol” adlı tədbirin iştirakşıları Dövlət Himni səsləndirildikdən sonra Qarabağın dağlıq hissəsində və ətraf rayonlarında gedən döyüşlər zamanı şəhid olmuş döyüşçülərin xatirəsini sükutla yad etdilər. Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin baş kitabxanaçısı Ağgül Mərdanova tədbiri açaraq xalqımızın vətənpərvər oğullarının Qarabağ müharibəsində göstərdikləri şücaətdən, bu müqəddəs yolda şəhidlik zirvəsinə ucalmalarından, adlarını Azərbaycanın qan yaddaşına yazmalarından, aprel döyüşlərində qazandıqları zəfərlə mübarizə əzmlərinin ölmədiyini bir daha sübut etmələrindən geniş və əhatəli danışdı.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Xətai rayon şöbəsinin üzvü, müharibə veteranı Elçin Manafov aprel döyüşlərinin müharibə tariximizdəki şanlı və şərəfli yolundan, xüsusi təyinatlıların göstərdikləri şücaətlərdən və qəhrəmanlıqlardan nümunələr gətirərək ordumuzun sarsılmaz gücündən və hər an torpaqlarımızı azad etmək qüdrətində olduğuna inamından bəhs etdi.

Qarabağ qaziləri və əlil döyüşçülərin futbol federasiyasının vitse prezidenti, müharibə veteran, ehtiyatda olan polkovnik Elmar Hüseynov qazilərə, əlil və şəhid ailələrinə dövlət qayğısından söz aşaraq bildirdi ki, biz müsəlləh əsgər kimi hər zaman torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hazırıq. Bunu futbol komandasının üzvləri qazandıqları qələbələrlə bir daha sübut edirlər.

Qarabağ müharibəsi zamanı cəbhənin bütün qaynar nöqtələrinə dəfələrlə ezam olunmuş, könüllü olaraq  döyüşlərin qızğın getdiyi bölgələrdə əsgər və zabitlərimizin hünər və şücaətlərini qələmə alan müharibə veteranı, hərbi jurnalist Əntiqə Qonaq cəbhə xatirələrindən ürək yanğısıyla söz açdı. Bildirdi ki, baxmayaraq kiçik oğlu Şəhriyar aprel döyüşlərinin iştirakşısı olub, həmin günlərdə orda odun-alovun içində olan bütün döyüşçülər üçün eyni narahatlıq hissini keçirib. Elə bilirdim hamı mənim oğlumdu, hamı mənim vücudumdan bir parçadı.

Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Həmidə Məmmədova çıxışında əlamətdar və hüzn günləri, görkəmli ictimai xadimlərin yubileyləri, bayram və tarixi günlər, diğər rəsmi təntənələrlə bağlı rayon kitabxanasında müntəzəm olaraq tədbirlərin keçirildiyini vurğuladı. Bu tədbirlərlə biz tarixi kökümüzə bağlılığımızı göstərməklə yanaşı, gənc nəslə vətənpərvərlik hissləri də aşılamağa nail oluruq.

Şair Surxay Hatəm vətənpərlik ruhlu şeirlərini səsləndirdi.

Aprel şəhidi Rəşad Niftəliyevin oxuduğu 64 saylı məktəbin uşaq birliyinin rəhbəri Sevda Quliyeva çalışdığı kollektivdə şəhidlərin ruhuna göstərilən böyük ehtiramdan söz açdı. Həmin məktəbin şagirdi Aysun Məmmədovanın yanıqlı səslə və ürəkdən söylədiyi “Dualı dillərdə yaşar şəhidlər” şeiri tədbir iştirakşılarına kövrək hisslər yaşatdı.

Aprel şəhidi, üç uşaq atası gizir Baba Yusifovun həyat yoldaşı Yeganə Yusifovanın ürəkləri parçalayan çıxışı hamının həyəcanını artırdı, kövrəltdi. Babanın şəhidliyindən 3 il ötsə də mən onun yoxluğunu qəbul edə bilmirəm və heç vaxt da buna inanmayacağam. Uşaqlarıma da bu yoxluğu hiss etdirməməyə çalışıram. Amma buna nə qədər nail olduğumu təəssüf ki, bilmirəm. Elə Babanın bizi necə onsuz qoyub getdiyinə inana bilmədiyim kimi…

****

 

… Səndən qeyri biz hər şeyi bölə billik

                                                             Səndən qeyri biz hamımız ölə billik!

                                                                                              Məmməd Araz

Səni bölə bilmədiyimiz üçün gözümüzü qırpmadan belə ölümün düz gözünün içinə baxa bildik. Ölsək də, cansız vücudumuzun torpağı qucaqladığı qədər Vətənin bir parçasını azad etmiş olduq. Qanımızla gömüldüyümüz torpağı suladıq ki, sabah ordan yeni fidanlar göyərsin və onlar qisasımızı alsınlar. Qisas qiyamətə qalmaz,-demişlər. Qalmayacaq da. Narahat ruhlarınız rahatlıq tapana qədər qisasınızın alınması üçün mübarizə aparacağıq. Biz hamımız SİZLƏR olacağıq. Özümüzü Sizin sıranızda hiss edəcəyik. Sizlər bizlərdən hər birimizin bir parçası, bir hissəsisiniz. Biz də Sizik. Şəhid olsanız da, bizim üçün həmişə varsınız, qəlbimizdə daim yaşayacaqsınız. Eheyyyyy….Vətən oğlu! Var olduğunuzca qələbəyə inamımız kənd-kənd, şəhər-şəhər artır. Fərqi yoxdu yarınız şəhidsiniz, yarınız əli tətikdə müsəlləh əsgər. Siz Vətənə bir tanrı bəxşişisiniz! Tanrı sizləri hifz etsin: ruhunuz şad, biləyiniz möhkəm, diziniz bükülməz, əzminiz qəti  olsun!

Əntiqə QONAQ

 əməkdar jurnalist

Share: