“Bu gün Qələbə Günündə azərbaycanlı qardaşlarımızla birlikdə olmaqdan xoşbəxtik. 30 illik ağrıya son qoyan qəhrəman Azərbaycan ordusuna eşq olsun! Bu gün Qarabağın rəmzi olan gül -Xarı bülbül yenidən öz əhəmiyyətini qazanır”, – Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Qələbə Paradındakı çıxışında bildirib.
“Əziz Azərbaycan xalqı, bütün Türkiyə müharibənin ilk günlərindən sizin yanınızda olub. Biz heç zaman “bir millət, iki dövlət” şüarını və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir” məşhur kəlamını unutmadıq”, – o qeyd edib.
Bu gün bir milyon qaçqın öz torpaqlarına qayıtmağa hazırlaşır, hərçənd o torpaqlarda hər şey dağıdılıb. Amma hamısını birlikdə bərpa edəcəyik.
“Qoy, Ermənistan hakimiyyəti öz zəhərli ideologiyasından, xarici dairələrin təsirindən azad olsun. Ermənistan xalqı baş verənlərdən nəticə çıxarmalıdır və bu, regiondakı vəziyyəti köklü şəkildə dəyişməyə kömək edəcək”, – Türkiyə prezidenti vurğulayıb.
“Mahnıda oxunduğu kimi: Şuşa üzərində dumanlar bundan sonra dərdli olmayacaq, Laçın haqqında mahnı isə belə kədərli olmayacaq”, – Ərdoğan deyib.
“Bu gün Qarabağ şəhidlərinin, Ənvər Paşanın və bütün türk dünyası qəhrəmanlarının ruhunun dinclik tapdığı gündür! Bu qələbə münasibətilə bütün Azərbaycan xalqını və onun şanlı ordusunu və Türkiyə ordusunu təbrik edirəm!”, – Ərdoğan vurğulayıb.
Turan