“Prezident Rəcəb Tayyib Ərdoğanla faydalı və möhtəşəm görüşümüz baş tutdu”.
Bunu ABŞ prezidenti Donal Tramp deyib.
FETÖ-çü olduğu iddia edilən NASA əməkdaşı Sərkan Gölgənin azadlığa buraxılması münasibətilə türk həmkarına təşəkkür etməklə nitqinə başlayan Tramp bildirib ki, Türkiyə NATO müttəfiqi və eyni zamanda, ABŞ-ın əhəmiyyətli tərəfdaşıdır: “İki ölkə arasında diplomatiya, sülh və rifahın olması gələcək üçün önəmlidir. Ötən ay Pompeo və Pensi Türkiyəyə göndərmişdim. Obrayn da Ərdoğanla görüşüb. Buradakı görüşlər də faydalı keçdi. Prezidentə əməkdaşlıq üçün təşəkkür edirəm. Türkiyə lazımi tədbirləri görməyə davam edəcək. Atəşkəs nə qədər qarışıq olsa da, irəliyə doğru gedir. Türkiyə ABŞ-dan sonra NATO-da ən böyük ikinci orduya sahibdir. Əfqanıstanda və İŞİD-lə mübarizəyə görə türk xalqı və prezidentinə minnətdarıq”.
F-35 VƏ S-400 AÇIQLAMASI
“Əməkdaşlıq, ticarət, müdafiə sənayesi, hərbi proqramlarımız davam edir. Milyardlarla dollar dəyərində satış müzakirəsi gedir. F-35 qırıcıları üçün hissələr istehsal edirlər. Türkiyənin S-400 alması bizim üçün çətinliklər yaradır. Ümid edirəm ki, həll etməyi bacaracağıq. Bu gün bu haqda danışdıq, gələcəkdə də danışacağıq. Xarici İşlər nazirləri və təhlükəsizlik üzrə məsləhətçilər S-400 məsələsini görüşməyə davam edəcəklər”.
Liderlər bildirib ki, iki ölkə arasında ticarət həcmini 100 milyard dollara çatdırmaq üçün tədbirlər görüləcək.
Ərdoğan isə məsələ ilə bağlı bu sözləri deyib: “S-400 sistemi və F-35 proqramı başda olmaqla bu sahədə qarşılaşdığımız sınaqların öhdəsindən yalnız dialoqla gələ bilərik. Türkiyənin “Patriot” sistemləri məsələsində məruz qaldığı haqsızlıqları Osakada birbaşa Tramp özü bəyan edib. Ona şərtlər uyğun gəlsə, “Patriot” ala biləcəyimizi demişəm və yenə də deyirəm. Türkiyə olaraq ABŞ Konqresi ilə dialoqa girməyə hazır olduğumuzu prezidentlə bölüşdüm”.
Türkiyə Prezidenti həmçinin, Donald Trampın təhqiredici məktubunu özünə qaytarıb. Ərdoğan birgə mətbuat konfransında “Bu məktubu hörmətli prezidentə qaytardım” deyib.
Xatırladaq ki, oktyabrın 16-da D.Tramp türkiyəli həmkarı R.T.Ərdoğana sərt ifadələrlə dolu məktub göndərib. O, məktubunda rəsmi Ankaranın Suriyada əməliyyatları dayandırmayacağı təqdirdə Türkiyə iqtisadiyyatını çökdürəcəyini bildirmişdi./publika.az
Müstəqil.Az